• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

Bağlar massivinin xətalı yolu - REPORTAJ

11.06.22 05:00 2737
Bağlar massivinin xətalı yolu - REPORTAJ

“Buradan hərəkət edən avtomobillər nə uşaq bilir, nə yaşlı, nə də əlil. Üstəgəl, “Rabitəçi” sağlamlıq düşərgəsində Şuşa 9 saylı tam orta məktəb fəaliyyət göstərir. Dəfələrlə Bakı Nəqliyyat Agentliyinə, “Siqnal” idarəsinə müraciət etmişik. Hamısı “hə” deyir, nəticə isə göz qabağındadır, sıfır”.

“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, dövlətin aidiyyəti  qurumları heç bir addım atmırlar. Biz indi şikayətimizi kimə edək, haradan köməklik umaq?” Bu fikirləri “Kaspi” qəzetinə ünvanlanan şikayət məktubunda Binəqədi rayonu, Goradil bağlar massivinin “Rabitəçi” sağlamlıq düşərgəsində yaşayan  işğaldan azad olunmuş rayonların sakinləri qeyd ediblər. Sakinlərin şikayətində bildirilir ki, yaşadıqları ünvanda mərkəzi yol təhlükə mənbəyinə çevrilib: “Əvvəllər mərkəzi yol bərbad idi, lakin uzun müddətdən sonra əsaslı təmir olundu. Bu, Goradil bağlarında yaşayanlarla bərabər bizi də sevindirdi. Lakin sevincimiz çox uzun çəkmədi. Çünki bu yol dənizkənarı magistral yola birləşdiyi üçün ətraf ərazilərin yox, Sumqayıtdan və ya Sabunçudan gələn avtomobil sahiblərinin də ənənəvi marşrutuna çevrildi. Amma sürücülərin böyük əksəriyyəti bu yoldan istifadə edərkən yaşayış massivi olmasını nəzərə almır, sürət həddinə diqqət yetirmirlər. Bunun da nəticəsində avtoqəzalar durmadan artdı”.

Müşahidələr şikayətçilərin haqlı olduğunu göstərdi

Məsələni araşdırmaq üçün Goradil bağlar massivində olduq. İlkin müşahidələr şikayətçilərin haqlı olduğunu göstərdi. Avtomobillər yolun yaşayış məntəqəsinə düşən hissəsində sürətlə hərəkət edir, hətta hansısa maneələri tez keçmək üçün təhlükəli manevrlərdən belə çəkinmirlər. Sakinlərlə söhbət zamanı bildirdilər ki, hər gün vəziyyət belədir, dəfələrlə sürücülərə xəbərdarlıq etsələr də, heç bir nəticəsi yoxdur.

“Nə uşaq bilirlər, nə yaşlı, nə də əlil”

Bizimlə söhbəti zamanı Eldəniz Yusubov bildirdi ki, yolun təhlükəli olması səbəbi ilə ehtiyatla davranırlar: “Buradan hərəkət edən avtomobillər nə uşaq bilir, nə yaşlı, nə də əlil. Üstəgəl, “Rabitəçi” sağlamlıq düşərgəsində Şuşa 9 saylı tam orta məktəb fəaliyyət göstərir. Burada təhsil alan şagirdlərin heç də hamısı Şuşadan, Laçından, Ağdamdan və digər işğaldan azad edilmiş ərazilərdən deyil. Uşaqlar bağlardan və eləcə də 134 saylı marşrutla “Muğan” sanatoriyasından gəlirlər. Yəni bu ərazidə yeganə təhsil ocağı bu məktəbdir. Biz dəfələrlə Bakı Nəqliyyat Agentliyinə, “Siqnal” idarəsinə avtomobil yolundakı təhlükəni azaltmaq üçün sürət radarı və tramplin qoyulması üçün müraciət etmişik. Lakin hamısı “hə” deyir, nəticə isə göz qabağındadır, sıfır”.

“Şikayətimizə bir ildir baxan yoxdur”

Digər sakin Coşqun Abbasov vurğuladı ki, bu yolda nişanlanma düzgün aparılmayıb: “Fatmayı kəndindən bağlara enən yolun kənarına avtomobillər üçün müəyyən nişanlar qoyulub. Hətta yoldan mal-qaranın keçdiyini bildirən nişan var, amma insanların keçdiyini bildirən bir nişana belə rast gəlinmir. Xüsusilə, “Rabitəçi” sağlamlıq düşərgəsinin qarşısı mərkəz hesab olunur, burada məktəb, dükanlar, müxtəlif iaşə obyektləri var. Lakin yolun kənarında insanların keçid etdiyini və ya sürət həddinin aşağı olduğunu bildirən yol nişanı yoxdur. Hətta keçən il orta məktəbdən evə gedən şagirdi yüksək sürətlə hərəkət edən avtomobil vuraraq öldürdü. Bu hadisədən başqa daha hansı olmalıdır ki, aidiyyəti  dövlət qurumları hərəkətə keçsinlər? Baş verən bu hadisəni telekanallar işıqlandırdı, amma yenə də nəticəsi olmadı. “Siqnal” idarəsinə etdiyimiz şikayətə cavab olaraq, məsələyə baxılacağı da deyilmişdi. Amma bir ilə yaxın vaxt keçir, heç nəyə baxan yoxdur. Çünki bura paytaxtdan kənardır, gözdən uzaqdır”.  

“Özümüzü göz görə-görə təhlükəyə ata bilmərik”

Bərbərxana sahibi olan Rövşən Hacıyev isə qeyd etdi ki, yaşadığı ərazinin problemlərini sadalamaqla bitməz: “Lakin faktiki olaraq bu yol ölüm saçır. Bir sürücü azyaşlı məktəblinin həyatına son qoydu. Qarşıdan yay ayları gəlir, çimərlik mövsümü başlayır, indi baxın görün burada nə qədər avtoqəza olacaq. Özümüz deyib, özümüz eşitməliyik? Belə olmaz. Pirşağı kəndində problemi həll etmək üçün avtomobillərin sürətinə nəzarət edən radarlar quraşdırılıb. Təklif edirik ki, bu yolda da radarlar quraşdırılsın, yol kənarına xəbərdaredici nişanlar qoyulsun. Ötən il bizim şikayətimizdən sonra “Siqnal” idarəsi gətirib yolun ortasına “məktəb” sözü yazdı. Həmin yazıdan əsər-əlamət qalmayıb, tamamilə silinib. Vətəndaşa qarşı belə münasibət doğru deyil. Övladlarımızı, özümüzü göz görə-görə təhlükəyə ata bilmərik”.

“Məcburetmə tədbirləri görülsün”

Orta məktəbin müəllim kollektivi isə bildirdi ki, yaranmış problemlə bağlı şagirdlərin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkirlər: “Biz hər gün dərs bitdikdən sonra şagirdləri bu təhlükəli yoldan keçirməli oluruq. Hətta dəfələrlə avtomobillər bizə təhlükə yaradıb. Dəfələrlə tələb etmişik ki, yolda keçidlər qoyulsun, xəbərdaredici nişanlar yerləşdirilsin. Eləcə də müxtəlif mexanizmlərdən istifadə etməklə sürücülərin sürət həddini aşmaması üçün məcburetmə tədbirləri görülsün. Bu problemin həlli yolu bundan ibarətdir. Çünki şagirdlərin təhlükəsizliyi biz müəllimlər üçün birinci məsələdir”. 

Məsələ ilə bağlı "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, həmin ərazi Binəqədi rayonuna aid olduğu üçün sakinlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin Mais Ağayev isə “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, sakinlər yolun təhlükəli olması ilə bağlı agentliyə ərizə ilə müraciət etməlidir: “Bundan sonra tərəfimizdən əraziyə baxış keçirilib, müvafiq qərar verilməlidir”.

Bəxtiyar Məmmədli 

banner

Oxşar Xəbərlər