• cümə axşamı, 25 aprel, 01:18
  • Baku Bakı 19°C

Azərbaycanla Xorvatiya arasında birbaşa reyslər açılacaq? 

26.05.23 12:41 626
Azərbaycanla Xorvatiya arasında birbaşa reyslər açılacaq? 

Bakıda Xorvatiya Milli Turizm Şurasına aid mərkəz açıla bilər. Bunu Xorvatiya turizminin tanıtımına həsr olunan təqdimatda Xorvatiya Milli Turizm Şurasının Regional Nümayəndəliyinin direktoru Rayko Rujiçka bildirib.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç təqdimatda çıxış edərək ölkəsinin Azərbaycanla turizm əlaqələrini inkişaf etdirməyin prioritet istiqamət olduğunu deyib: “Ölkələrimiz arasında turizm imkanlarını inkişaf etdirmək istəyirik. Mümkün qədər çox azərbaycanlı Xorvatiyanı və xorvatlar Azərbaycanı ziyarət etsinlər. Bu səfərlərin həyata keçməsi üçün ölkələrimiz arasında birbaşa hava reyslərinin olmasına ehtiyac var”. 

Regional direktor Rayko Rujiçka diqqətə çatdırıb ki, Xorvatiya Azərbaycandan və Mərkəzi Asiyadan çoxlu sayda turist cəlb etmək niyyətindədir: “Xorvatiya uzun illərdir ki,  Avropanın əsas turizm mərkəzlərindən biri sayılır. Artıq ölkə öz turizm prioritetlərini yeniləyir və fərqli regionlardan turistləri qəbul etməyi planlaşdırır. Xüsusilə bu proses Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb.

Çünki həm Rusiya, həm də Ukraynadan gələn turistlərin sayı obyektiv səbəbdən azalıb. Hazırda Xorvatiyanın dövlət və özəl turizm şirkətləri məhz Azərbaycandan və Mərkəzi Asiyadan çoxlu sayda turist cəlb etmək niyyətindədir: “Bu istiqamətdə Bakının regional əhəmiyyəti böyükdür. Yaxın vaxtlarda Bakıda Xorvatiya Milli Turizm Şurasına aid mərkəzin açılacağını düşünürük. Hazırda bu istiqamətdə Azərbaycanda müxtəlif turizm şirkətləri, dövlət qurumları və aviaşirkətlərlə danışıqlar aparılır”. Regional direktor Azərbaycanla Xorvatiya arasında birbaşa reyslərin turizm əlaqələrinin inkişafında böyük rol oynadığını bildirdi: “Bu səbəbdən reyslərin açılması və tədricən sayının artırılmasında da maraqlıyıq”.

Qonaq qeyd etdi ki, Xorvatiya 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olub: “Artıq Aİ-yə üzv ölkələr arasında səyahət zamanı sərhəd nəzarəti yoxdur. Gələn turistlərin siyahısında çoxlu sayda azərbaycanlıları da görməyi arzulayırıq”.  

banner

Oxşar Xəbərlər