• cümə, 19 Aprel, 06:17
  • Baku Bakı 13°C

Azərbaycanla ABŞ arasında münasibətlərin 30 illiyi qeyd olunub

06.07.22 12:45 801
Azərbaycanla ABŞ arasında münasibətlərin 30 illiyi qeyd olunub

Lənkəran şəhərində Azərbaycanla ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin 30 illiyi qeyd olunub.

ABŞ-ın Müstəqillik günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəranda işgüzar səfərdə olan qardaşlaşmış şəhər-Kaliforniyanın Monterey şəhərinin nümayəndələri ilə bayram tədbiri keçirib. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin musiqi ixtisasının müəllim və tələbələri tərəfindən hazırlanan konsertlə başlanan tədbirdə Azərbaycan milli və klassik musiqi nümunələri ifa olunub. Konsert proqramı xalqımızın tarixi Zəfərini tərənnüm edən “Qarabağ Şikəstəsi” ilə yekunlaşıb. Daha sonra Amerikalı qonaqlar Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında çay yarpağı yığımı, emalı və istehsalı prosesində iştirak ediblər. Milli geyimdə təsərrüfat əməkdaşlarına qoşulan Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric çay yarpağı yığımı prosesinin göründüyündən daha çətin olduğunu etiraf edib: “Mən, Lənkəran bölgəsinin zəngin kənd təsərrüfatı sektorunda işləyən bütün insanları salamlayıram. Qonaq olduğumuz ləziz təamların necə təbii və qatqısız yolla hazırlandığının şahidi olmaq maraqlı təcrübə idi”.

Qardaşlaşmış şəhərlərin nümayəndələri bayram tədbirini usta aşpaz Araz Yaqubovun mətbəxində cənub bölgəsinə məxsus yeməklərin hazırlanmasını izləməklə davam etdiriblər. Süfrə arxasında yekunlaşan bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyəti adından Monterey şəhərinə yerli ustaların əl işi olan xatirə yazılı teşt hədiyyə olunub. Tədbirdə Separadi kənd folklor evinin “Nənələr” qrupu amerikalı qonaqları talış musiqi mədəniyyətinin nümunələri ilə də tanış ediblər.

2011-ci ildən yaradılan Monterey-Lənkəran qardaşlaşmış şəhərlər münasibətləri Amerika ilə Azərbaycan arasında ictimai diplomatiyaya töhfə verərək xalqlarımızın mənafelərinə uyğun əməkdaşlıq qurmağa xidmət edir. “Yaşıl çay” fermer təsərrüfatında “Monterey Tea” brendi altında Lənkəran çayı istehsal olunur.

banner

Oxşar Xəbərlər