• cümə axşamı, 25 aprel, 06:05
  • Baku Bakı 14°C

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib

07.05.23 17:00 775
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, Milli Qəhrəmanın ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, tələbələr, məktəblilər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid zabitin şərəfli ömür və həyat yolundan, həmçinin 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq və şüacət nümunələrindən danışıblar. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə İ.Mirzəyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Sonra şəhid polkovnik İ.Mirzəyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Şəhid zabitin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri ifa olunub.

banner

Oxşar Xəbərlər