• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlığın daha da güclənməsi prosesi gedir

27.05.23 06:45 462
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlığın daha da güclənməsi prosesi gedir

Azərbaycan Prezidentinin Litvaya səfəri çərçivəsində ölkələrimiz arasında sayca ikinci biznes forumu keçirildi. İlk belə tədbir ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri baş tutmuşdu. Həmin səfər zamanı, eyni zamanda, ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı sənədlər imzalanmışdı. Baş tutan görüşlərin nəticəsi olaraq Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlığın daha da güclənməsi prosesinin getdiyini deyə bilərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri politoloq Samir Hümbətov söyləyib.

Politoloq qeyd edib ki, Azərbaycanla Litva siyasi, iqtisadi və digər sahələrdə də əməkdaşlıq edir.

Bu gün azərbaycanlı tələblərin Litvanın universitetlərində təhsil aldığını qeyd edən S.Hümbətov bildirib: “Həmin tələbələr arasında IT sahəsində təhsil alanların da olması xüsusi əhəmiyyət kəsb edir.

Bundan əlavə, Azərbaycanla Litva həm də Avropa İttifaqı (Aİ) səviyyəsində əməkdaşlıqlarını davam etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən tvininq layihələrində Litva fəal rol oynayır. Bu da Aİ ilə Azərbaycanın əlaqələrinin daha da genişlənməsinə imkan yaradır. Hesab edirəm ki, görüşün yekunu olaraq iqtisadi sahədə ölkələrin əlaqələri daha da genişlənəcək”.

O bildirib ki, 2022-ci ilin statistik göstəricilərinə əsasən, ölkələr arasında hazırda təqribən 33 milyon dollar olan ticarət dövriyyəsi gələcək zamanlarda bir neçə dəfə arta bilər. Çünki buna geniş imkanlar və potensial var.

“Azərbaycanın yerləşdiyi coğrafi mövqe və zəngin enerji resursları digər Avropa dövlətləri kimi, Litvanın da marağındadır. Eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi Litvaya qədər uzandığı üçün bu ölkə dəhlizin üstünlüklərindən yararlana bilər. Həmçinin Qarabağda yenidənqurma və bərpa işlərində Litva şirkətlərinin fəaliyyətinin şahidi ola bilərik. Bu istiqamətdə də əməli addımların atılacağı gözlənilir. Əlaqələrin genişləndiriməsi ilə Litva Azərbaycandan qaz idxal edən ölkələr sırasına qoşula bilər. Bundan əlavə, dövlətlərimiz arasında alternativ və bərpaolunan enerji sahəsində də müəyyən işlərin görülməsi üçün potensial mövcuddur”,-deyə politoloq vurğulayıb.

banner

Oxşar Xəbərlər