• bazar, 08 Sentyabr, 03:32
  • Baku Bakı 18°C

Azad edilən rayonların xəritələri hazırlanıb

20.07.24 00:20 2391
Azad edilən rayonların xəritələri hazırlanıb

Ağdərə rayonunun yenidən yaradılması ilə əlaqədar işlər yekunlaşdırılıb. Kəlbəcər rayonu üzrə 23 yaşayış məntəqəsinin, Ağdam rayonu üzrə 10 yaşayış məntəqəsinin və Tərtər rayonu üzrə 26 yaşayış məntəqəsinin inzibati sərhədləri kameral şəraitdə müəyyənləşdirilib.

Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. "Report" xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Ağdam, Füzuli və Xocavənd rayonlarında, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Şuşa, Laçın, Kəlbəcər rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.

Bir milyon hektarda ölçmə işləri yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işləri çərçivəsində 2022-2024-cü illər ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı və Ağdərə rayonlarında ümumilikdə 1 001 779,10 hektar ərazidə yerquruluşu üzrə çöl ölçmə işləri yekunlaşıb. Onun sözlərinə görə, hazırda Xocavənd və Ağdərə rayonlarında çöl ölçmə işləri davam etdirilir: "Bu günə kimi 764 421,25 hektar (Zəngilan rayonu üzrə 70 860.27 ha, Qubadlı rayonu üzrə 79 875.7 ha, Kəlbəcər rayonu üzrə 195406.3 ha, Cəbrayıl rayonu üzrə 104 936,53 ha, Laçın rayonu üzrə 183 107,44, Ağdam rayonu üzrə 73 281.35 ha və Füzuli rayonu üzrə 56 953.66) ərazinin elektron kadastr uçot məlumatları Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sisteminə (TEKUIS) miqrasiya edilərək bu rayonlar üzrə yerquruluşu işləri başa çatdırılıb. Hazırda kameral şəraitdə emal işləri yekunlaşmış Xocalı rayonu üzrə kadastr məlumatları TEKUIS-ə miqrasiya edilməsi üçün hazırlanır".

Xocalı, Xocavənd və Şuşa...

Ç.Tanrıverdiyevin sözlərinə görə, bərpa edilən Ağdərə rayonunun sərhədlərində hazırda mərz nişanları basdırılır. "Naturada sərhədlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və qonşu həmsərhəd rayonların nümayəndələrinə tanıdılır", - deyə o qeyd edib.

Ağdərə rayonunun yenidən yaradılması ilə əlaqədar Kəlbəcər rayonu üzrə 23 yaşayış məntəqəsinin, Ağdam rayonu üzrə 10 yaşayış məntəqəsinin və Tərtər rayonu üzrə 26 yaşayış məntəqəsinin inzibati sərhədləri kameral şəraitdə arxiv və ortofoto (PUA-dan çəkilən fotolar) məlumatları əsasında müəyyənləşdirilib. Həmin sərhədlərə əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı xəritələr hazırlanıb Prezident Administrasiyasına təqdim edilib: "Xocalı, Xocavənd və Şuşa rayonları üzrə xəritələr də hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib".

 

banner

Oxşar Xəbərlər