Zəfər yolunun yolçuları - BİZİMKİLƏR

Qəhrəmanlıq,
qürur və şərəf tarixi
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi altında Silahlı Qüvvələrimizin Azərbaycan ərazilərini işğaldan azad
etməsinin bir ili tamam olur. Bir il bundan öncə 44 günlük Vətən Müharibəsində əsgər,
çavuş, gizir və zabitlərimiz Ermənistan ordusunu darmadağın etdi, düşmənin
belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu. Şəhidlərimizin canı,
qazilərimizin qanı bahasına ərazi bütövlüyümüz təmin olundu, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd və Şuşada Azərbaycan
bayrağı dalğalandı. Ordumuzun sayəsində Azərbaycan xalqı şərəfli tarixi anlar
yaşadı, vətənpərvərliyini, böyüklüyünü, bütövlüyünü, gücünü bütün dünyaya
nümayiş etdirdi.

"Biz
gec-tez intiqam almalıydıq...”
Torpaqlarımızın işğaldan azad edilməsi prosesində əvvəldən
sona qədər iştirakçı olan, Şuşaya qədər çətin döyüş yolu keçən qazilərimizdən
ikisi ilə Zəfər Günü ərəfəsində həmsöhbət olub fikirlərini öyrəndik, hisslərini
bölüşdük. Vətən Müharibəsində Silahlı Qüvvələrimizin keçdiyi yola yenidən nəzər
saldıq. Vaxtilə "Kaspi” kollektivinin
üzvü olan, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində
çalışan qazi baş leytenant Araz Ağayev 44 günlük müharibə barədə danışmağın
həm ağır, həm də qürurverici olduğunu dilə gətirdi. Onun sözlərinə görə, Vətən
Müharibəsi qan, itkilər, məhrumiyyətlər, ailələr üçün stress yaşatsa da, haqq
savaşı, Azərbaycan xalqının yaralarına məlhəm olması baxımından gərəkli, Zəfərlə
bitdiyi üçün qürurlu müharibə idi: "Biz gec-tez intiqam almalı idik və məhz 44
günlük müharibə bizim intiqamımızın gerçəkləşdiyi, haqq-ədalətin zəfər çaldığı
bir müharibə oldu. Düzü, 1 il əvvələ boylandıqda sanki hər şeyi yenidən
yaşayıram. Döyüş yolumuz Füzulidən Şuşayadək ağır bir marşrutu əhatə edir. Bu
yol boyunca çiyin-çiyinə addımladığımız dostları-qardaşları itirmişik, təkcə
xidmət etdiyim bölük onlarla şəhid verib, onlarla əsgər, çavuş, MAXE, gizir və
zabitimiz yaralanıb. Oradakı atəş, partlayış səsləri, gurultu hələ də
qulaqlarımdan getmir. Amma bu ağır xatirələrlə yanaşı, döyüş yoldaşlarımızın mərdliyini,
çətinliklərə mətanətlə sinə gərmələrini, ac-susuz qaldıqda belə əzmkarlıqlarını
itirməmələrini yaxşı xatırlayıram”.

Bu qələbə ona görə möhtəşəmdir ki...
Qazi A.Ağayev söylədi ki, illərlə istehkamlar
quran, hazırlıq görən, hər qarışı minalayan düşmən bu müharibədə sarsıdıcı zərbə
alaraq məhv edildi: "Dövlətimiz ağır informasiya savaşında nə qədər dəyanətlə
mübarizə aparırdısa, erməni faşizminə qarşı müharibə meydanında da ordumuz bu dəyanəti
nümayiş etdirdi. Qələbəmiz haqqında danışmaq üçün bir ömür bəs etməz. Bu qələbə
ona görə möhtəşəmdir ki, şanlı ordumuz mənfur düşmənin illərlə yaratdığı məğlubedilməzlik
mifini 44 günə darmadağın etdi. Çox maraqlıdır ki, müharibə boyunca bir nəfərdə
belə ruh düşkünlüyü görmədim. Məncə, ordumuzun gücü həm də bu ruh yüksəkliyində
idi.

Heyrətamiz dərəcədə peşəkarlıq və çevikliklə
Başqa sözlə, bu müharibədə qazandığımız qələbə
geniş mənada xalqımızın qüdrətinin, Ali Baş Komandan İlham Əliyev ətrafında sıx
birləşməsinin nümunəsi idi. Silahlı Qüvvələrimizin ruhundakı bu güc də məhz bu
birlikdən irəli gəlirdi. Üstəlik, ordu ciddi mənəvi-psixoloji və döyüş
hazırlığına malik idi. Yeganə məqsəd torpaqları işğaldan azad etmək idi ki, bu
məqsədə də heyrətamiz dərəcədə peşəkarlıq və çevikliklə nail olundu. Düşünürəm
ki, bu müharibə bizim tariximizdə ən şərəfli səhifələrdən biridir və qazanılmış
Zəfər xalqımızın bundan sonrakı dövr üçün inkişafında daha gözəl səhifələr
açacaq. 44 günlük tarix min illər boyu xalqımızın qan yaddaşında yaşayacaq.
Çünki bu, xalqımızın minlərlə qəhrəman övladının qanı ilə yazılmış zəfər, qəhrəmanlıq,
qürur və şərəf tarixidir”.

Komandanlığın düzgün plan qurması...
Hazırda "Kaspi”
qəzetində dizayner işləyən qazi Əşrəf Quliyevin müharibə xatirələrində Şuşa döyüşləri xüsusi yer
tutur. Ömründə bir dəfə olsa belə Şuşada olmayan, bu şəhəri görməyən gənc əsgərin
Şuşanın azadlığı uğrunda fədakarlığı, ölümə belə hazır olması yalnız Vətənə
bağlılıqdan, vətənpərvərlikdən qaynaqlana bilər. O, Şuşa döyüşlərinin çətinliyini
belə xatırlayır: "İşğaldan azad olunan bütün yaşayış məntəqələrinin, o cümlədən
Şuşanın hər bir kəndi uğrunda ağır döyüşlər gedib. Əsgər kimi mən də bu döyüşlərin
iştirakçısı olmuşam. Şuşa yüksəklikdə yerləşdiyi üçün düşmənin mövqeləri bizim
mövqelərimizlə müqayisədə daha əlverişli idi. Onlar bu imkandan istifadə edib
bizə çoxsaylı itkilər yaşada, hətta hücumlarımızın qarşısını ala bilərdilər.
Amma komandanlığın düzgün plan qurması, Şuşaya doğru əsas yolla deyil, meşələrdən,
çətin aşırımlardan, qayalardan, dağlardan keçməklə irəliləməyimiz, düşmən üzərinə
gözləmədiyi yerdən qəflətən hücuma keçməyimiz bizə üstünlük yaratdı.

Geri
çəkilməyi kimsə ağlından keçirmirdi
Sıx meşədə irəliləmək üçün özümüzə və texnikaya yol
açırdıq. Bəzən elə olurdu ki, dağdan, yaxud sərt döngədən hansısa texnika, yük
avtomobili sürüşüb dərəyə aşır, itkiyə məruz qalırdıq. Amma bu, bizi sarsıtmır,
yolumuzdan çəkindirmirdi. Bir an da olsa geri çəkilməyi kimsə ağlından
keçirmirdi. Füsunkar təbiəti olan Şuşa strateji yüksəklik olmaqla bərabər,
xalqımız üçün xüsusi mənəvi əhəmiyyəti olan qədim şəhər idi. Ordumuz onu
işğaldan azad etməklə müharibənin taleyini həll etdi, düşmən üzərində mənəvi qələbə
qazandıq. Bu hadisədən cəmi 1 gün sonra Ermənistan təslim oldu, Zəfər
qazandıq”.
Rufik
İSMAYILOV


