• şənbə, 03 Oktyabr, 03:11
  • Baku Bakı 16°C

Səssiz təhlükənin sistemli həlli 

03.10.26 01:59 25
Səssiz təhlükənin sistemli həlli 

Yollarda avtomobillərin vurduğu heyvanların cəsədlərinin təmizlənməsi ilə bağlı yeni mexanizmin formalaşdırılması nəzərdə tutulur. Gələcəkdə heyvan cəsədlərinin və bioloji tullantıların idarə olunması üçün ayrıca sistem qurulacaq. 

Yollarda avtomobillərin vurduğu heyvanların cəsədlərinə rast gəlmək Azərbaycanda nadir mənzərə deyil. Bəzən saatlarla, hətta daha uzun müddət yol kənarında qalan cəsədlər yalnız görüntü baxımından narahatedici olmur. Xüsusilə havaların isti keçdiyi dövrlərdə cəsədlərin çürüməsi ətrafa kəskin və xoşagəlməz qoxunun yayılmasına, antisanitar vəziyyətin yaranmasına da səbəb olur. Bu isə məsələyə sadəcə heyvanların taleyi kimi deyil, həm də sanitariya və ictimai sağlamlıq məsələsi kimi yanaşmağı zəruri edir.

Bu problemin həlli üçün Azərbaycanda yeni mexanizmin formalaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə xüsusi müəssisələrin yaradılmasının təşviq edilməsi planlaşdırılır. Sənədə əsasən, ilk növbədə beynəlxalq təcrübə öyrəniləcək, fermer və sahibkarlar müxtəlif utilizasiya modelləri barədə məlumatlandırılacaq. Növbəti mərhələdə isə belə müəssisələrin yaradılması və layihələndirilməsi ilə bağlı sahibkarlıq subyektlərinin müraciətləri qiymətləndiriləcək.

Beləliklə, qarşıdakı illərdə Azərbaycanda heyvan cəsədlərinin və bioloji tullantıların idarə olunması üçün ayrıca sistemin qurulması gözlənilir. Bəs, görəsən, bu məsələ hazırda necə tənzimlənir? 

Utilizasiya üzrə beynəlxalq təcrübə öyrəniləcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev “Kaspi”yə açıqlamasında bildirib ki, ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılmasının təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu istiqamətdə tədbirlərin görülməsi biotəhlükəsizliyin təmin olunması, xüsusilə zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

AQTA rəsmisi deyib ki, dünyada bu sahədə qabaqcıl təcrübələr mövcuddur. Müxtəlif səbəblərdən tələf olmuş heyvanların cəmdəkləri araşdırılır və təhlükəsiz şəkildə utilizasiya olunur. Bu yanaşma ətraf mühitin çirklənməsinin qarşısının alınmasına imkan verir.

Q.Əbdüləliyev qeyd edib ki, heyvanın tələf olma səbəbindən asılı olaraq, bu proses iqtisadi baxımdan da səmərəli ola bilər. Belə ki, təhlükəsizlik və baytarlıq tələblərinə riayət edilməklə, tələf olmuş heyvanlardan müəyyən xammal kimi istifadə edilməsi mümkündür.

O bildirib ki, ilkin mərhələdə əsas məqsəd ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir. Növbəti mərhələdə isə Azərbaycan üçün ən uyğun və səmərəli modelin müəyyənləşdirilərək tətbiqi nəzərdə tutulur.

Qurumlar arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var

Baytar həkim Təyyub Səfərovun sözlərinə görə, hazırda bu məsələ ilə əsasən yerli icra qurumları, bələdiyyələr və kommunal təsərrüfat xidmətləri məşğul olur. Lakin bəzi hallarda vaxtında tədbir görülməməsi səbəbindən heyvan cəsədləri yollarda və yol kənarlarında qalır.

“Bu sahədə vəziyyət ürəkaçan deyil. Hazırda məsələyə yerli icra qurumları, bələdiyyələr və kommunal təsərrüfat xidmətləri baxır. Amma bəzi hallarda vaxtında tədbir görülmür. Nəticədə antisanitar vəziyyəti yaranır”, – deyə baytar həkim bildirib.
T.Səfərov hesab edir ki, heyvan cəsədlərinin toplanması, daşınması və utilizasiyası ilə bağlı vahid sistemin yaradılması vacibdir. Onun fikrincə, məsul qurumlar arasında koordinasiyanın gücləndirilməsi və prosesin konkret qaydalar əsasında təşkil edilməsi mövcud çatışmazlıqların aradan qaldırılmasına kömək edə bilər.

Ekspert qeyd edib ki, yalnız cəsədlərin yoldan götürülməsi deyil, onların daha sonra haraya aparılması və hansı üsulla zərərsizləşdirilməsi də sistemli şəkildə tənzimlənməlidir. Bunun üçün xüsusi infrastrukturun yaradılması və aidiyyəti qurumların məsuliyyətinin dəqiq müəyyənləşdirilməsi əhəmiyyət daşıyır.

Vahid çağrı mərkəzi yaradılmalıdır

Ekoloq İradə Həsənova da hesab edir ki, Azərbaycanda avtomobil qəzası nəticəsində tələf olan heyvanların cəsədlərinin yollardan götürülməsi ilə bağlı vahid mexanizmin yaradılması zəruridir: “Bizdə bu istiqamətdə vahid sistem formalaşmayıb. Halbuki insanlar belə hadisələrlə qarşılaşdıqda hara müraciət etməli olduqlarını dəqiq bilməlidirlər. Bunun üçün vahid çağrı mexanizminin yaradılması vacibdir. Məsələn, Litvada bir maralın avtomobil tərəfindən vurulduğu hadisənin şahidi olmuşdum. Orada müşahidə etdim ki, ətrafdakılar dərhal vahid çağrı sisteminə məlumat verdilər və heyvanın cəsədi aidiyyəti qurumlar tərəfindən qısa müddətdə ərazidən götürüldü”.

Onun fikrincə, tələf olmuş heyvanların cəsədlərinin yollarda qalması yalnız antisanitariya yaratmır, həm də yeni yol-nəqliyyat hadisələri üçün təhlükə formalaşdırır.

“Heyvanın cəsədi ərazidən vaxtında götürülmədikdə, xüsusilə yolun hərəkət hissəsində qaldıqda, sürücülər üçün əlavə təhlükə yaranır. Bu səbəbdən belə hallara operativ müdaxilə edilməli, hadisə barədə məlumat daxil olduqdan sonra ərazi qısa müddətdə təmizlənməlidir”, – İ.Həsənova vurğulayıb.

Ekoloq qeyd edib ki, yaradılacaq mexanizm yalnız Bakı ilə məhdudlaşmamalı, ölkənin bütün bölgələrini əhatə etməlidir. 
“Bu məsələ Azərbaycanın bütün yaşayış məntəqələrinə aiddir. Vətəndaşlar hadisə baş verdikdə hansı quruma müraciət etməli olduqları barədə məlumatlandırılmalıdırlar”, – deyə ekoloq bildirib.

İ.Həsənova heyvan cəsədlərinin və bioloji tullantıların utilizasiyası üçün xüsusi müəssisələrin yaradılması təşəbbüsünü də müsbət qiymətləndirib. O hesab edir ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər mövcud çatışmazlıqların aradan qaldırılmasına və daha sistemli fəaliyyətin qurulmasına şərait yarada bilər.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər