Apteklərdə yerli dərman dövrü başlayır
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda yerli dərman istehsalında 59 faizlik artım qeydə alınıb.
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25,7 milyon manatlıq farmasevtik məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib – səkkiz ayda 16 milyon 303,2 min manatlıq dərman hazırlanıb və bu istiqamətdə illik artım 59 faizə çatıb. Rəqəmlər yerli əczaçılıq sənayesində ciddi canlanmadan xəbər verir. Bəs bu artımın arxasında hansı amillər dayanır? Artım daha çox yeni istehsal güclərinin istifadəyə verilməsi, yoxsa artıq fəaliyyət göstərən müəssisələrin istehsalını genişləndirməsi ilə bağlıdır? Yerli istehsal olunan dərmanların çeşidi nə qədər genişlənib? İstehsal artımı ölkənin dərman təminatında hansı dəyişiklikləri yarada bilər?
“Artımın arxasında investisiya siyasəti dayanır”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında əczaçılıq sənayesindəki artım müsbət tendensiyadır: “Burada son illərdə həyata keçirilən ardıcıl sənaye və investisiya siyasətinin, yeni istehsal müəssisələrinin yaradılmasının, Pirallahı Sənaye Parkında əczaçılıq klasterinin formalaşdırılmasının və özəl investisiyaların cəlb edilməsinin mühüm rolu var. Xüsusilə yeni istehsal güclərinin istifadəyə verilməsi artıq real istehsal göstəricilərində özünü göstərməyə başlayır. Dövlətin strateji məqsədi də ölkənin dərman təminatında idxaldan asılılığını mərhələli şəkildə azaltmaq, keyfiyyətli dərmanların bir hissəsini Azərbaycanda istehsal etmək, əczaçılıq sahəsində yeni texnologiyaları tətbiq etmək və peşəkar kadr potensialı formalaşdırmaqdır. 48,4 faizlik artıma baxmayaraq, qarşıda mühüm vəzifələr qalır. Əsas məsələlərdən biri dərman istehsalında istifadə olunan xammal və aktiv farmasevtik inqrediyentlər üzrə xarici asılılığın azaldılmasıdır. Eyni zamanda, istehsalın yalnız son məhsul və qablaşdırma mərhələsi ilə məhdudlaşmaması, daha yüksək əlavə dəyər yaradan istehsal zəncirinin ölkə daxilində qurulması vacibdir”.
M.Məmmədlinin fikrincə, növbəti mərhələdə yerli istehsalçılar üçün uzunmüddətli bazar təminatı, dövlət satınalmalarında keyfiyyət standartlarına cavab verən yerli məhsulların imkanlarının genişləndirilməsi, GMP standartlarının daha geniş tətbiqi, elmi-tədqiqat və istehsal əməkdaşlığının gücləndirilməsi, həmçinin ixrac bazarlarına çıxış xüsusi əhəmiyyət daşıyır: “Strateji hədəf Azərbaycan vətəndaşının keyfiyyətli, təhlükəsiz və münasib qiymətli dərman vasitələrinə davamlı çıxışını təmin edən, fövqəladə vəziyyətlərdə ölkənin dərman təhlükəsizliyini qoruyan və gələcəkdə regional bazarlara məhsul ixrac edə bilən milli əczaçılıq sənayesinin formalaşdırılması olmalıdır”.
“Məhsul çeşidinin artması əsas amillərdəndir”
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyevin fikrincə, 2026-cı ilin ilk səkkiz ayında əczaçılıq istehsalında müşahidə olunan artımın iki mühüm səbəbi var: “Birincisi, Azərbaycanda yerli istehsalçıların və istehsal olunan məhsulların sayı tədricən artır. İkincisi isə artıq fəaliyyət göstərən yerli istehsalçılar həm istehsal həcmlərini genişləndirir, həm məhsul portfellərini artırır, həm də daxili bazarda daha böyük pay əldə etməyə başlayırlar. Burada digər mühüm məqam istehsalın yalnız kəmiyyət baxımından deyil, texnoloji baxımdan da inkişaf etməsidir. Artıq Azərbaycanda daha yüksək texnologiya tələb edən və bazar dəyəri nisbətən yüksək olan dərman vasitələri də istehsal olunur. Bu məhsulların istehsalı ümumi əczaçılıq istehsalının pul ifadəsində artımına əhəmiyyətli təsir göstərir”.
Azər Xudiyevin sözlərinə görə, ən vacib amil insanların yerli istehsala artan etimadıdır: “Əgər həkim, pasiyent və ümumilikdə cəmiyyət yerli istehsal olunan dərmanların keyfiyyətinə inanırsa, bu, sektorun uzunmüddətli inkişafı üçün ən güclü təməldir. Bu etimadı qorumaq üçün isə yerli istehsalçılar keyfiyyət standartlarını daim yüksəltməli və beynəlxalq tələblərə uyğun istehsalı prioritet hesab etməlidirlər. Qarşıdakı illərdə yerli istehsal olan dərmanların bazarımızdakı payının daha da artacağı gözlənilir. Yaxın dövrdə yeni molekulların və daha mürəkkəb dərman vasitələrinin yerli istehsalının başlanması və bazara çıxması gözlənilir. Buna görə də hazırkı artımı yalnız bir ilin statistik göstəricisi kimi deyil, daha uzunmüddətli sənaye inkişafının ilkin nəticələrindən biri kimi qiymətləndirmək olar”.
“Məhsulların apteklərdə əlçatanlığı əsas problem olaraq qalır”
Azər Xudiyevin fikrincə, sektorun inkişafını sürətləndirmək üçün həll edilməli məsələlər də qalır: “Əsas problemlərdən biri distribusiya və yerli məhsulların apteklərdə əlçatanlığıdır. Yerli dərman istehsal etmək kifayət deyil - həmin məhsul ölkə üzrə apteklərdə pasiyent üçün real şəkildə əlçatan olmalıdır. Bu baxımdan, böyük distribusiya şirkətlərinin yerli istehsala daha fəal dəstək verməsi vacibdir. İstehsal olunan məhsulların bir qisminin anbarlarda qalması və reallaşdırılmaması müəyyən bürokratik səbəblərlə də bağlıdır. Digər mühüm istiqamət dövlət satınalmaları və tenderlərdir. Yerli istehsalın inkişafı ölkənin dərman təminatında idxaldan asılılığın tədricən azalmasına, təchizat təhlükəsizliyinin güclənməsinə, ölkə daxilində əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasına xidmət edə bilər. Buna görə dövlət satınalmalarında keyfiyyət, qiymət və təchizat imkanları nəzərə alınmaqla yerli istehsalın inkişafını təşviq edən mexanizmlərin daha da gücləndirilməsi faydalı olardı”.
Zərif Salmanlı