• şənbə, 19 Sentyabr, 03:24
  • Baku Bakı 23°C

Həkimlər üçün iki seçim

19.09.26 02:22 20
Həkimlər üçün iki seçim

Həkimlərin sertifikasiyası ilə bağlı tətbiqi nəzərdə tutulan yeni model ümumilikdə müsbət qarşılanır. Lakin mütəxəssislər nəzərə alınmalı olan bir sıra ciddi məqamların olduğunu da deyirlər.

Azərbaycanda tibb işçilərinin sertifikasiyası sistemi yenilənir. Yeni mexanizmə əsasən, həkimlər peşə fəaliyyətlərini davam etdirmək üçün iki alternativdən birini seçə biləcəklər. Onlar ya hər beş ildən bir sertifikasiya imtahanında iştirak edəcək, ya da həmin müddət ərzində Davamlı Peşəkar İnkişaf proqramı çərçivəsində 250 kredit balı toplayaraq sertifikasiyadan keçmiş hesab olunacaqlar. Dəyişiklik tibb ictimaiyyətində maraqla qarşılanıb. Bir tərəfdən bu addım həkimlərin bilik və bacarıqlarının mütəmadi yenilənməsinə xidmət edən müasir yanaşma kimi qiymətləndirilir, digər tərəfdən isə ölkədə həkim çatışmazlığının davam etdiyi bir dövrdə yeni mexanizmin hansı nəticələr doğuracağı suallar yaradır.

“Məqsəd həkimləri cəzalandırmaq deyil”

Səhiyyə naziri Teymur Musayev bildirib ki, sertifikasiya prosesinin əsas məqsədi həkimləri cəzalandırmaq və ya onların fəaliyyətini məhdudlaşdırmaq deyil. Onun sözlərinə görə, məqsəd tibb işçilərinin peşəkar biliklərinin daim yenilənməsini təmin etmək, onların müasir tibbin tələblərinə uyğun fəaliyyət göstərməsinə nail olmaqdır. Nazir qeyd edib ki, indiyədək keçirilən sertifikasiya imtahanlarında uğur göstəricisi təxminən 97 faiz təşkil edib. Bu da həkimlərin böyük əksəriyyətinin qiymətləndirmə mərhələsini uğurla başa vurduğunu göstərir.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda istifadəyə veriləcək yeni rəqəmsal platforma da bu prosesi daha şəffaf və əlçatan edəcək. Platformada sertifikasiya imtahanlarına aid bütün suallar, düzgün cavablar və onların elmi əsaslandırılması yerləşdiriləcək. Bu isə həkimlərə imtahana hazırlaşmaq üçün daha geniş imkan yaradacaq və qiymətləndirmə mexanizmi ilə bağlı sualları minimuma endirəcək.

Bununla belə, yeni mexanizmin tətbiqi ilə bağlı müəyyən narahatlıqlar da səsləndirilir. Son illər Azərbaycanda, xüsusilə regionlarda müxtəlif ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur. Belə bir şəraitdə sertifikasiya tələblərini yerinə yetirə bilməyən və ya qiymətləndirmədən keçə bilməyən mütəxəssislərin fəaliyyətinin məhdudlaşdırılması bəzi ərazilərdə tibbi xidmətin əlçatanlığına təsir göstərə bilər. Digər mühüm məsələ isə regionlarda çalışan həkimlərin davamlı peşəkar inkişaf proqramlarına çıxış imkanları ilə bağlıdır. Əgər bütün həkimlər üçün kredit toplamaq baxımından bərabər şərait yaradılmasa, yeni sistem paytaxt və regionlar arasında mövcud fərqləri daha da dərinləşdirə bilər.

Beynəlxalq təcrübəyə uyğun model

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Kaspi”yə açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası ilə bağlı təklif etdiyi yeni model Azərbaycan səhiyyəsində peşəkarlığın və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımdır. Onun sözlərinə görə, tibb elmi sürətlə inkişaf edir, müalicə protokolları və klinik yanaşmalar daim yenilənir. Bu səbəbdən həkimin yalnız ali təhsil zamanı əldə etdiyi biliklərlə bütün peşə fəaliyyəti boyunca çalışması müasir dövrün tələblərinə cavab vermir.

Deputat deyib ki, sertifikasiya sistemi həkimlərin bilik və bacarıqlarını mütəmadi olaraq yeniləməsini təşviq edən mühüm mexanizmdir. O vurğulayıb ki, əsas hədəf həkimlərin davamlı peşəkar inkişafını stimullaşdırmaq və nəticədə vətəndaşlara daha təhlükəsiz, müasir standartlara cavab verən keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

R. Mahmudovun sözlərinə görə, imtahanla yanaşı Davamlı Peşəkar İnkişaf proqramı üzrə kredit toplamaq mexanizmi beynəlxalq təcrübəyə tam uyğundur. ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Türkiyə və bir çox digər ölkələrdə həkimlərin peşə fəaliyyətinin davam etdirilməsi təkcə imtahan nəticələri ilə deyil, həm də davamlı təhsil proqramlarında iştirak, elmi fəaliyyət, konfranslar, təlimlər və onlayn kurslar vasitəsilə qiymətləndirilir. Onun fikrincə, bu model həkimləri ömürboyu öyrənməyə həvəsləndirir və tibbin sürətlə dəyişən tələblərinə uyğunlaşmağa imkan verir.

250 kredit balı əlçatan hədəf sayılır 

Deputat hesab edir ki, beş il ərzində 250 kredit balının toplanması düzgün təşkil olunmuş sistem şəraitində tam real göstəricidir. O qeyd edib ki, bu, ildə orta hesabla 50 kredit deməkdir və əgər ölkənin bütün bölgələrində akkreditə olunmuş təlimlər, ixtisasartırma kursları, elmi tədbirlər və məsafədən təhsil imkanları yaradılarsa, həkimlərin böyük əksəriyyəti üçün ciddi problem yaratmayacaq. Onun sözlərinə görə, əsas məqsəd həkimlərin qarşısına əlavə maneələr qoymaq deyil, onların peşəkar inkişafı üçün daha geniş imkanlar formalaşdırmaqdır.

R. Mahmudov sertifikasiya imtahanlarının sual bazasının açıq şəkildə təqdim edilməsini də müsbət qiymətləndirib. O bildirib ki, bu addım qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini artıracaq, müxtəlif narahatlıqları aradan qaldıracaq. Həkimlər əvvəlcədən hansı biliklərin qiymətləndiriləcəyini bildikləri üçün hazırlıqlarını daha məqsədyönlü qura biləcəklər. Beləliklə, imtahan sadəcə sualları əzbərləmək vasitəsi deyil, peşəkar biliklərin sistemli şəkildə yenilənməsinə xidmət edən mexanizmə çevriləcək.

Regionlara həssas yanaşma

Deputat həmçinin deyib ki, ölkədə bəzi ixtisaslar üzrə həkim çatışmazlığının mövcudluğu fonunda islahatların həyata keçirilməsi daha həssas yanaşma tələb edir. Bununla belə, yeni mexanizm düzgün tətbiq olunarsa, həkim qıtlığını dərinləşdirməyəcək. Əksinə, məqsəd mövcud kadrların peşə hazırlığını yüksəltməkdir. Onun fikrincə, bunun üçün keçid dövrü nəzərdə tutulmalı, xüsusilə regionlarda çalışan həkimlər üçün əlavə dəstək mexanizmləri, məsafədən təhsil imkanları və kredit toplamaq baxımından bərabər şərait təmin edilməlidir. İslahatların mərhələli və çevik şəkildə tətbiqi həm tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də insan resursları ilə bağlı risklərin minimuma endirilməsinə imkan verəcək.

Sertifikasiya kadr siyasəti ilə uzlaşdırılmalıdır

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin fikrincə isə hazırda tətbiq olunan və Səhiyyə Nazirliyinin təklif etdiyi sertifikasiya modelini tam mükəmməl hesab etmək doğru deyil. Onun sözlərinə görə, həkimlərin qiymətləndirilməsi yalnız test imtahanı ilə məhdudlaşmamalı, bu prosesdə onların yaşı, praktik təcrübəsi, peşə fəaliyyəti ərzində yol verdikləri nöqsanlar, pasiyentlərlə münasibətləri və etik davranışları da nəzərə alınmalıdır.
Ekspert hesab edir ki, sertifikasiya prosesi çərçivəsində könüllü əsaslarla ixtisas dəyişmək istəyən həkimlər üçün də imkan yaradılmalıdır. Onun sözlərinə görə, belə həkimlər müvafiq klinikalarda altı aylıq hazırlıq kursu keçdikdən sonra yeni ixtisas üzrə sertifikasiya imtahanı verə və sertifikat əldə edə bilərlər. Bu yanaşma həm həkimlərin peşə inkişafına töhfə verər, həm də ölkədə çatışmayan ixtisaslar üzrə kadr təminatını gücləndirər.

Ekspert hesab edir ki, sertifikasiya prosesi həkim çatışmazlığının səbəbi deyil. Onun fikrincə, hər bir həkim peşəsini davam etdirmək üçün zəruri nəzəri biliklərə malik olmalıdır. Sertifikasiya imtahanında təqdim olunan test sualları və klinik situasiyalar hər bir mütəxəssisin bilməli olduğu əsas bilikləri əhatə edir.

İ. Hüseynli vurğulayıb ki, bu biliklərə yiyələnməyən şəxsin həkim kimi fəaliyyət göstərməsi cəmiyyət üçün daha ciddi risk yarada bilər. 

Sevinc Abbasova

banner

Oxşar Xəbərlər