• şənbə, 12 Sentyabr, 03:21
  • Baku Bakı 21°C

Əllər dayanacaq, beyinlər işləyəcək

12.09.26 02:10 26
Əllər dayanacaq, beyinlər işləyəcək

Süni intellektin imkanlarının genişlənməsi xüsusilə fiziki və təkrarlanan əməyin gələcəyi barədə sualları aktuallaşdırıb. Fiziki əməyin yaxın 2-5 il ərzində demək olar ki, bütün sahələrdə robotlar tərəfindən yerinə yetirilə biləcəyi barədə proqnozlar verilir. 

Yeni texnologiyaların sürətli inkişafı əmək bazarının gələcəyi ilə bağlı təsəvvürləri də dəyişir. Son illər süni intellektin imkanlarının genişlənməsi xüsusilə fiziki və təkrarlanan əməyin gələcəyi barədə sualları aktuallaşdırıb. 

Almaniyanın robototexnika şirkəti “Neura Robotics”in təsisçisi Devid Reger iddialı proqnoz irəli sürüb. O, “Bloomberg”ə müsahibəsində fiziki əməyin yaxın 2-5 il ərzində demək olar ki, bütün sahələrdə robotlar tərəfindən yerinə yetirilə biləcəyini bildirib. Bəs, bu proqnoz nə dərəcədə real görünür? Gələcəkdə insan əməyinin rolu tamamilə aradan qalxacaq, yoxsa əmək bazarında yeni tələblər formalaşacaq?

Əmək bazarı ölkələrə görə fərqli dəyişəcək

Əmək bazarı üzrə ekspert İlkin Mirzəzadənin fikrincə, süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri ölkələrin inkişaf səviyyəsindən asılı olaraq dəyişəcək. Onun sözlərinə görə, hazırda bu texnologiyalardan inkişaf etmiş ölkələrdə daha geniş istifadə olunur. Postsovet və inkişaf etməkdə olan ölkələrdə isə prosesin daha gec sürətlənəcəyi gözlənilir.
“İnkişaf etmiş ölkələrdə bu texnologiyalara keçid 5-8 il ərzində baş verə bilərsə, bizdə bu proses 10 il və daha çox müddətə uzana bilər. Bununla belə, düşünmürəm ki, əl əməyi və fiziki güc tələb edən peşələr tamamilə sıradan çıxacaq. Bu sahələr həmişə olacaq. Lakin müəyyən istehsalat proseslərində və digər funksiyaların yerinə yetirilməsində əl əməyinin payı azala bilər”, - deyə mütəxəssis bildirib.

İ.Mirzəzadənin sözlərinə görə, inkişaf etmiş ölkələrdə əhalinin, o cümlədən gənc nəslin sayının azalması avtomatlaşdırmanı onlar üçün daha zəruri edir. Belə ölkələrdə əl əməyinin texnologiyalarla əvəzlənməsi gələcəkdə əmək resurslarına olan tələbatın qarşılanmasına imkan verə bilər.

Hansı peşələr sıradan çıxacaq?

Ekspert hesab edir ki, ilk növbədə avtomatlaşdırılması daha asan olan və təkrarlanan işlər süni intellekt və robot texnologiyalarının təsiri ilə dəyişəcək. Buraya müəyyən qablaşdırma işləri, məlumatların daxil edilməsi, kassir və operator fəaliyyəti kimi sahələr daxildir. Daha çox analitik düşüncə, qərarvermə və proseslərə nəzarət tələb edən peşələrə isə ehtiyac qalmaqda davam edəcək. Onun fikrincə, bu dəyişikliklər çalışan insanların yeni bacarıqlar qazanmasını zəruri edəcək. Xüsusilə analitik istiqamətlərə, süni intellektlə işləməyi tələb edən vəzifələrə yönəlmək, bilik və bacarıqları davamlı şəkildə təkmilləşdirmək vacibdir. “Ümumiyyətlə, gələcək əmək bazarını iki əsas kateqoriyaya bölmək olar: süni intellekti yaradanlar və onunla işləməyi bacaranlar. Bu texnologiyalarla işləməyi bacarmayanlar isə tədricən əmək bazarından çıxacaqlar. Bununla artıq razılaşmalı və gələcək üçün hazırlaşmalıyıq”, – deyə ekspert əlavə edib.

Süni intellektə keçid mərhələli olacaq

İqtisadçı-ekspert Emin Qəribli isə hesab edir ki, yeni sənaye inqilabı, rəqəmsallaşma və süni intellekt əmək bazarında ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, müxtəlif sahələrdə ixtisarların və robotların insan əməyini əvəz etməsinin sürəti ölkələrə və sahələrə görə fərqlənəcək: “90-cı illərin əvvəlində internetin yaranması ilə dünyada qısa müddətdə sıçrayışlı dəyişikliklərin baş verəcəyi gözlənilirdi. Amma həmin dövrdən 30 ildən çox vaxt keçib və onlayn satış, nağdsız ödəniş kimi dəyişikliklər yalnız son illərdə daha geniş yayılıb. Bu baxımdan, süni intellektə keçid üçün də müəyyən mərhələ lazımdır. Ola bilər ki, bəzi sahələr bu prosesə 2-3 ilə, digərləri isə 10-15 ilə keçsin və ixtisarlar başlasın”.

Ekspertə görə, gələcəkdə əsas tələbat süni intellektlə işləməyi bacaran insanlara olacaq: “Təxminən 20 ildən sonra bəzi sahələrdə fiziki əmək tamamilə süni intellekt və robot texnologiyaları ilə əvəz oluna bilər. Bu prosesdən qorxmaq lazım deyil. Əksinə, buna maksimal biliklərlə silahlanaraq hazırlaşmaq lazımdır. Kim daha çox bilik və bacarıq əldə edəcəksə, daha uğurlu olacaq”.

Robotların üç əsas məhdudiyyəti 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov hesab edir ki, yaxın gələcəkdə fiziki əməyin tamamilə sıradan çıxması ehtimalı real görünmür: “Əməyin xarakteri əhəmiyyətli dərəcədə dəyişəcək, təkrarlanan, ağır və təhlükəli fiziki işlər avtomatlaşdırılacaq. Lakin fiziki əməyin tamamilə yoxa çıxması əvəzinə insan və robotların birgə fəaliyyət göstərdiyi yeni bir model formalaşacaq”.

E.Abbasovun sözlərinə görə, hazırkı texnologiyanın fiziki əməyi tam əvəz edə bilməməsinin arxasında ilk növbədə Moravek paradoksu və incə motorika məhdudiyyəti dayanır: “Süni intellekt mürəkkəb data bazalarını analiz etmək kimi zehni tapşırıqları insanlardan daha yaxşı yerinə yetirsə də, obyekti zədələmədən tutmaq, çeşidləmək və ya qeyri-düzgün formalı əşyalara uyğun güc tətbiq etmək kimi fiziki hərəkətlərdə çətinlik çəkir. İnsanın toxunma hissiyyatı və əl əzələlərinin çevikliyi hazırda robot sensorları tərəfindən tam imitasiya edilə bilmir.

Digər əsas məhdudiyyət robotların dəyişkən və qeyri-müəyyən mühitlərə adaptasiya ola bilməməsidir. Robotlar zavod və ya anbar kimi tam strukturlaşdırılmış mühitlərdə çox effektiv olsa da, tikinti meydançası, kənd təsərrüfatı sahəsi və ya yaşayış evləri kimi hər an dəyişən, gözlənilməz maneələrin olduğu yerlərdə real vaxt rejimində çevik qərar qəbul edə bilmirlər. Eyni zamanda, robotların enerji effektivliyi və batareya ömrü hələ də məhduddur”.

Ekspert qeyd edib ki, insanlar fiziki iş görərkən materialların xassələrini intuitiv olaraq nəzərə aldıqları halda, süni intellekt yalnız təlim keçdiyi datalar çərçivəsində fəaliyyət göstərir və gözlənilməz fiziki şəraitlə qarşılaşdıqda adekvat reaksiya verə bilmir: “Ona görə də, texnologiya fiziki əməyi tam ləğv etməyəcək, sadəcə insanı ağır fiziki yükdən azad edərək daha çox tənzimləyici və nəzarətçi roluna yönəldəcək”.

Sevinc Abbasova

banner

Oxşar Xəbərlər