Betonun üstündə yaşıllıq axtarışı
2040-cı ildə Bakıda adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması və əlavə 1000 hektara yaxın yaşıl ərazinin yaradılması nəzərdə tutulur. Ekoloqlar planı dəstəkləsələr də, həllinin o qədər asan olmadığı fikrindədirlər.
Bakının daha yaşıl və ekoloji cəhətdən dayanıqlı şəhərə çevrilməsi planlaşdırılır. Şəhərin Baş Planına əsasən, adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması və əlavə 1000 hektara yaxın yaşıl ərazinin yaradılması nəzərdə tutulur.
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev hədəfin həmçinin hibrid yaşıl dəhlizlər vasitəsilə iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən bir-biri ilə əlaqəli sistemlər yaratmaq olduğunu bildirib.
2040-cı ilə qədər nəzərdə tutulan bu dəyişikliklərin şəhər mühitinə və sakinlərin həyat keyfiyyətinə necə təsir edəcəyi isə maraq doğurur.
Ekoloqlar planı dəstəkləsələr də, həllinin o qədər asan olmadığı fikrindədirlər.
Bakıda adambaşına düşən yaşıllıq dünya standartlarının altında qalır
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva bildirir ki, hazırda Bakıda adambaşına düşən yaşıl sahələr dünya standartlarının altında qalır, bu da şəhərdə ekoloji gərginlik yaradır: “Yeni yaşıl ərazilər əlavə edilməsi və yaşıllıq miqdarının artırılması şəhərin “istilik adası” effektini azaltmağa, yağış sularının udma qabiliyyətini və biomüxtəlifliyi artırmağa, sakinlərin sağlamlığına müsbət təsir etməyə kömək edə bilər. Lakin yalnız yaşıllığın miqdarı deyil, onun keyfiyyəti və yerləşməsi də önəmlidir. Yeni parklar salmaq, bulvarı uzatmaq və şəhərdaxili yaşıllıq dəhlizləri yaratmaq planın uğurlu icrası üçün vacibdir”.
Yeni yaşıllıq dəhlizləri ekoloji yükü yüngülləşdirə bilər
Ekoloq bildirir ki, yaşıl sahələr toz, azot oksidləri və digər çirkləndiriciləri filtrasiya edir, karbon qazını udur və oksigen verir. Eyni zamanda, parklar hava axınını tənzimləyərək çirklənmiş havanın şəhərdəki dayanmalarını azaldır və mikroiqlimi yaxşılaşdırır: “Bakıdakı nəqliyyat və sənaye fəaliyyətləri havanın keyfiyyətini aşağı salır. Yeni yaşıl sahələr və yaşıllıq dəhlizləri bu yükü yüngülləşdirə bilər. Amma yaşıllıq da kifayət etmir. Elektrikli nəqliyyat, ictimai nəqliyyatın inkişafı və sənaye emissiyalarının azaldılması mütləqdir ki, hava keyfiyyəti yaxşılaşsın”. A.Miriyevanın sözlərinə görə, Baş Planın uğurla həyata keçirilməsi üçün mövcud yaşıllıqların qorunması, yeni yaşıl zonaların yaradılması və göllərin ekoloji reabilitasiyası olması mühümdür: “Bakı gölləri ətrafında parklar, yaşıl istirahət zonaları, bulvarların uzadılması və hibrid yaşıllıq dəhlizləri planın konkret addımlarıdır. Buna əlavə olaraq, su mühafizəsi, yerli bitki növlərinin seçilməsi, piyada və velosiped yollarının yaradılması, ictimai nəqliyyatın inkişafı kimi tədbirlər də vacibdir. Planın həyata keçirilməsi üçün sakinlərin iştirakı və monitorinq təmin olunmalıdır”. Ekoloq bildirir ki, bu plan Bakını 2040-cı ilə qədər daha yaşıl və dayanıqlı bir şəhərə çevirmək üçün yaxşı fürsətdir.
“Bakıda bir ağac yetişdirmək bir uşağı böyütməkdən daha çətindir”
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hesab edir ki, yaşıllıqlar bizim ağciyərlərimizdir: “Oksigen təminatı yaşıllıqların hesabınadır. Əgər havada oksigen konsentrasiyası 1 faiz aşağı düşsə, insanın faydalı iş əmsalı 5-6 faizə qədər aşağı enər. Buna görə yaşıllıqlara qayğı vacib şərtdir ki, biz nəfəs alaq. Adambaşına düşən yaşıllıq sahəsinin artırılması şəhər mühitinin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaşıllıqlar havanın keyfiyyətinin yaxşılaşmasına, toz və bəzi çirkləndiricilərin azalmasına, temperaturun tənzimlənməsinə və kölgəliklərin yaranmasına kömək edir”. Ekoloq bildirir ki, Bakı şəhərində zəhərli tullantılar insanların əleyhinə olan amillərdəndir: “Bu qədər avtomobil var, bu qədər rezin yanır, havaya zərərli tullantılar atılır. Bakıda bir dənə orta səviyyəli ağac yetişdirmək bir uşağı böyüdüb başa çatdırmaqdan daha çətindir. Bu baxımdan məcburuq ki, qalan yaşıllıqları qoruyaq. Elə ağaclar da əkək ki, uzunmüddətli olsun”.
Alim bildirir ki, yayda şəhər mühitində asfalt 70-80 dərəcəyə qədər qızır, üstəlik, havanın temperaturu da yüksək olur. Belə vəziyyətdə ağacların kölgəsi insanların köməyinə çatır: “Buna görə də yaşıllıq sahələrinin artırılması yalnız ekoloji deyil, həm də insanların sağlamlığı və həyat keyfiyyəti baxımından vacibdir. Xüsusilə yay aylarında ağaclar şəhər ərazisində istilik təsirini azaltmaqla insanların daha rahat şəraitdə yaşamasına imkan yaradır. Yaşıllıqların artırılması planını necə həyata keçirəcəklər maraqlıdır. Bu, bir az çətin məsələdir”. Ə.Əliyev ən vacib məsələlərdən birinin də söküntü və tikinti işləri zamanı yaşıllıqların qorunması olduğunu bildirir: “Ən vacib məsələlərdən biri odur ki, Bakıda köhnə tikililərin sökülüb yeniləri salınarkən yaşıllıqlar qorunsun. Yaxşı olardı ki, bu proses zamanı normativ aktlar yerinə yetirilsin. Binanın ətrafında yaşıllıqlar qorunub saxlanılsın”.
Təranə Məhərrəmova