Rayonlara gedən yol niyə rahat deyil?
Rayonlara işləyən avtobus parkının yenilənməsi davam edir. Bununla belə, uzunməsafəli marşrutlarda köhnə nəqliyyat vasitələrindən istifadə sərnişinlərin rahatlığı və xidmət keyfiyyəti ilə bağlı suallar yaradır.
Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyədə deyil. Bəzi istiqamətlərdə müasir standartlara uyğun avtobusların sayı artırıldığı halda, intensiv sərnişin axını olan digər bölgələrdə köhnə avtobus və mikroavtobuslarla bağlı şikayətlər davam edir. Məsələn, hazırda Lənkərana işıqlı və kondisionerli rahat avtobusda səyahət etmək mümkün deyil. Bu marşruta təyin olunan nəqliyyat vasitəsiköhnə “Mercedes” mikroavtobuslarıdır.
İsmayıllı və Astara istiqamətində səfər edən bəzi sərnişinlər də komfortlu avtobusların çatışmazlığından şikayətlənirlər. Xüsusilə uzunməsafəli marşrutlarda köhnə nəqliyyat vasitələrindən istifadə sərnişinlərin rahatlığı və xidmət keyfiyyəti ilə bağlı suallar yaradır.
Məlumat üçün bildirək ki, ictimai nəqliyyatda sərnişindaşıma keyfiyyətinin yüksəldilməsi məqsədilə xəttə müasir və komfortlu avtobusların buraxılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müəyyən edilən normativ və texniki şərtlər əsasında tənzimlənir. Rayonlararası marşrut xətləri daşıyıcılara müsabiqə yolu ilə verilir. Nəqliyyat vasitələrinin yaşı, ekoloji norması və ümumi texniki sazlığı nəzərə alınır.
AYNA nə deyir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Kaspi” qəzetinə verilən məlumata görə, qurum tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2026-cı illər ərzində keçirilən müsabiqələr nəticəsində bütün istiqamətlər üzrə marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin bu gününədək isə 147-dən çox marşrut reysi üzrə müsabiqə keçirilib.
Bu dövr ərzində şimal və cənub istiqamətləri də daxil olmaqla, 174 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərarası daşıma üzrə avtobus parkının 47 faizi yenilənib.
AYNA-nın məlumatına görə, təkcə paytaxtdan Quba istiqamətində bu il beş, Qusar istiqamətində üç, Xaçmaz istiqamətində isə bir ədəd 2026-cı il istehsalı olan nəqliyyat vasitəsi cəlb olunub. Beləliklə, Bakı-Quba istiqaməti üzrə avtobusların orta yaşı səkkiz il, Bakı-Qusar istiqaməti üzrə altı il, Bakı-Xaçmaz istiqaməti üzrə 10 il, Bakı-Xudat istiqaməti üzrə isə yeddi il təşkil edir.
Hazırda paytaxtdan şimal istiqaməti üzrə fəaliyyət göstərən avtobusların 65 faizi buraxılış ili 2019-cu il və sonrakı illər olan nəqliyyat vasitələridir.
Cənub bölgəsinə gəldikdə isə, qurumdan bildirilib ki, Bakı-Lənkəran istiqaməti üzrə buraxılış ili 2020-ci ildən sonrakı olan üç, Bakı-Astara istiqamətində isə bir nəqliyyat vasitəsi daşımalara cəlb olunub. Bu istiqamətlər üzrə avtobusların orta yaşı doqquz il təşkil edir. Hazırda paytaxtdan cənub istiqaməti üzrə fəaliyyət göstərən avtobusların 60 faizi buraxılış ili 2018-ci il və sonrakı olan nəqliyyat vasitələridir.
Rəqəmlər avtobus parkının yenilənməsi istiqamətində işlərin görüldüyünü göstərir. Bununla belə, bəzi istiqamətlərdə komfortlu avtobusların sayının niyə hələ də məhdud qalması sual doğurur.
Komfortlu avtobuslar niyə azdır?
Adının çəkilməsini istəməyən sahibkar deyir ki, cənub bölgəsində komfortlu avtobusların azlığı şəhərlərarası nəqliyyat sistemində mövcud iqtisadi problemlərlə əlaqədardır: “Bu gün müasir, komfortlu bir şəhərlərarası avtobusun qiyməti 250-300 min avro civarındadır. Hazırkı bilet tarifləri və amortizasiya xərcləri fonunda sahibkarın bu sərmayəni çıxarması riyazi olaraq mümkünsüzdür. Daşıyıcı hesablayır ki, 50 nəfərlik böyük avtobusu Lənkəran xəttinə salmaqdansa, həmin məbləğə 10 ədəd işlənmiş mikroavtobus alıb riski azaltmaq daha əlverişlidir. Bu səbəbdən müsabiqədə iştirak etməkdə maraqlı olmur”.
Böyük avtobusların sərnişin axınına təsir edən amillərdən biri də avtovağzaldan kənarda fəaliyyət göstərən və sərnişinləri birbaşa ünvandan götürüb mənzil başına çatdıran taksi xidmətləridir. Sərnişin üçün daha çevik görünən bu xidmətlər bəzi hallarda avtobuslara alternativ yaradır.
“Avtobus parkında yenilənmə prosesi sürətlənib”
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, son illər Bakıdan digər şəhərlərə sərnişindaşıma həyata keçirən avtobus parkında yenilənmə prosesi sürətlənib, marşrutlara daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub: “Şəxsən özüm də bu yay mövsümündə bəzi rayonlarımıza avtobusla səfər etdim və həm qiymət siyasətindən, həm də mövcud rahatlıqdan çox razı qaldım. AYNA-nın elan etdiyi regional marşrut müsabiqələrinə böyük avtobus mülkiyyətçiləri tərəfindən maraq göstərilir”.
“Daşıyıcıların özləri buna maraqlı olmalıdır”
Ekspert bildirir ki, bütün istiqamətlər üzrə vəziyyəti ideallaşdırmaq asan deyil və bəzi bölgələrdə müəyyən çatışmazlıqların olması mümkündür: “Bu məsələ daha çox sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərdən asılıdır. Düzdür, dövlət tərəfindən istismarda olan avtobuslara ciddi nəzarət olunur. Lakin komfort yaratmaq və müştərini cəlb etmək baxımından daşıyıcıların özləri maraqlı olmalıdırlar ki, daha keyfiyyətli xidmət təklif edib sərnişin sayını artırsınlar”.
“Sahibkarlara dəstək mexanizmlərinə ehtiyac var”
Sərnişinlərin taksi xidmətlərinə üstünlük verməsinə toxunan E.Cəfərov qeyd edib ki, avtobusların müəyyən olunmuş dayanacaqlarda saxlaması və mənzil başına daha gec çatması səbəbindən taksi bəzi sərnişinlər üçün daha əlverişli görünə bilər. Bununla yanaşı, qiymət fərqi kifayət qədər böyükdür. Təhlükəsizlik amili baxımından da iri avtobuslar sərnişinlər üçün daha üstün seçimdir: “Bu sahə həm daşıyıcı şirkətlər, həm də sahibkarlar üçün rentabelli olmalıdır”.
Aygün Əziz