Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb

Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb

Cəmiyyət
13 Dekabr 2019, 15:57 396
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına ("Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.
Tarix İnstitutundan verilən məlumata görə, Elmi şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova fəxri professor diplomu və mantiyasını Yaqub Mahmudova təqdim edib.
Tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən "Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb. Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.
Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən "Elmdə ad” ("The Name in Science”) fəxri tituluna, "Ən yaxşı baş menecer” fəxri adına və "Kraliça Viktoriya” beynəlxalq mükafatına layiq görülüb. O, dünya elminin inkişafına verdiyi töhfəyə görə XXI əsrin ən görkəmli elm adamlarının siyahısına daxil edilib. Tarix İnstitutu isə Beynəlxalq Sokrat Komitəsi tərəfindən "2012-ci ilin ən yaxşı müəssisəsi” ("Best Enterprises - 2012”) diplomu ilə təltif olunub.