Xalqımızın qonaq qarşılama mədəniyyəti

Qonaq getmək, qonaq qarşılamaq xalqımızın ən qədim, gözəl və
yaşadılması vacib olan adət-ənənələrindən biridir. Təsadüfi deyil ki, qonaqdan söz düşəndə
xalqımız həmişə "Qonaq Allah qonağıdır”, "Qapımız qonağa hər
zaman açıqdır”, "Qonağın gözüm üstə yeri var”
demişdir. İnsanlar bir-birinə qonaq
gedib-gəldikcə, bir-birini daha yaxşı tanıyır, dərd-sərlərini bölüşərək çətinlikləri,
problemləri yoluna qoymağa çalışır. Bunun nəticəsində də qohumluq bağlarının
möhkəmlənməsinə zəmin hazırlanır. İslam dini müsəlmanların bir-birinə baş çəkməsinə
xüsusi əhəmiyyət vermişdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində "Kim Allah rizası üçün bir
xəstəni və ya bir din qardaşını ziyarət edərsə, bir carçı ona nida edib:
Dünyada da, axirətdə də səadətə çatasan, axirət səfərin gözəl olsun, bu əməlinlə
Cənnətdə özünə bir ev hazırladın deyər” müjdəsini vermişdir. "Qabusnamə”də, "Kitabi-Dədə
Qorqud”da, nağıl və dastanlarımızda, rəvayət və əfsanələrdə, bir çox tarixi mənbələrdə
və qaynaqlarda xalqımızın qonaq qarşılaması barədə olduqca qiymətli məlumatlar
var.Xalq ədəbiyyatında hər zaman qonaq haqqında xoş sözlər
deyilmiş, qonaqpərvərlik təbliğ olunmuşdur. Məsələn:
Qəflətən
qapıdöyülür.Evsahibisoruşur:
-Kimdir?
-Allahqonağı.
-Allahadaqurbanolum,qonağınada...
Azərbaycanlılar dünyanın o
xalqlarındandır ki, hər bir mövsümdə qonaq qarşılama mədəniyyətinə
malikdir.Qonaqpərvər elimizdə qonağa o qədər
dəyər verilmişdir ki, qonaq gələndə həyətdə saxlanılan yeganə heyvan kəsilmiş,
evdə xüsusi qonaq otağında onun qayğısına qalınmış, ən yumşaq, rahat döşək və
mütəkkələr qonaq üçün saxlanılmış, ən ləziz və dadlı yeməklər qonağa
hazırlanmışdır. Evinə gələn, qapısını açan qonağa şirin sözlə, gülər üzlə
davranaraq, xoş münasibət göstərmək, qonağı qapıda qarşılayaraq əzizləmək, gedəndə
həyət qapısından yola salmaq, qonağa ayrılan otaq və əşyaların təmiz, səliqəli
olmasına diqqət etmək, "xoş gəldiniz” kimi sözlərlə qarşılamaq xalqımızın
keçmişdən bu günədək qoruyub saxladığı qonaq qarşılama adət-ənənəsinin ən gözəl
nümunələrindəndir. Ata-babalarımız, ağsaqqallarımız ev tikərkən qonağı
da nəzərə alaraq hər bir evdə mütləq "qonaq otağı” da tikmiş, ağbirçək nənələrimiz, analarımız evdə qonaq
üçün ilin bütün fəsillərində xüsusi yorğan-döşək, qab-qacaq, gözlənilmədən gələ
biləcək qonağın qarşısına əliboş çıxmamaq üçün ehtiyat ərzaq tədarük etmişlər.
Qonağın yorğan-döşəyinin, qab-qaşıq və digər əşyalarının təzə və təmiz olmasına
hər zaman xüsusi diqqət göstərilmişdir. Bu gün də rayonlardA, kənd yerlərində
bu adət yaşamaqdadır. Günümüzdə ən darısqal, kiçik evlərdə belə mütləq "qonaq
otağı” deyilən bir otaq vardır. Ora həmişə təmiz və səliqəli saxlanılır ki, qəfil
gələn qonağı qarşılamaq, rahatlamaq asan olsun. Kənd yerlərində gözlənilmədən gələn
qonaq üçün həyətdə toyuq-cücə, qoyun-quzu bəslənilir. Hamı qonağı layiqincə
qarşılayıb, yola salmağı özünə borc bilir. Bu, xalqımızın dədə-baba qanunudur.
O qanunu pozanlara el tənə vurar, qınayar.
Xalqımızın milli-mənəvi
sərvəti olan "Kitabi-Dədə Qorqud” dastanında da qonaq qarşılama mədəniyyəti
Oğuz igidlərinin qonağa münasibətində daha aydın görünür. Dastanda qeyd olunur
ki, oğuzlarda qonağa ehtiram, hörmət həmişə qutsal adət-ənənələrdən sayılıb.
Kimliyindən, haçan və haradan gəlməsindən asılı olmayaraq, qonaq qapısını
döydüyü evin əziz kimsəsi bilinib. Ev sahibi özü ac qalmağa razı olub, amma son
tikəsini qonaqdan əsirgəməyib. "Kitabi-Dədə Qorqud” dastanında "qonağı gəlməyən
qara evlər yığılsa yeg!” (müqəddimə) – deyə qarğış söylənilib. Dastanda göstərilir
ki, Bayandır xan ildə bir dəfə xüsusi mərasim keçirir. Atdan ayğır, dəvədən
buğra, qoyundan qoç kəsdirib Oğuz bəylərinə böyük qonaqlıq verir. Dastanda
qonağa etinasızlıq göstərən, onun qarşısına ədəb-ərkanla çıxmayan, layiqli süfrə
açmayan qadın "bayağı” adlandırılır, beləsi haqqında "bəbəkləri (övladları)
doğulmasın” söylənilir. O qadın "evin dayağı” bilinir ki, "yazıdan-yabandan evə
bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər- içirər, ağırlar – əzizlər
göndərər”. Burada aydın görünür ki, oğuzlar qonağa çox dəyər vermiş, hörmət
etmiş, onu əziz tutmuşlar.
Xalqımızın
yaddaşında uzun illərdir ki, qonaqla birlikdə əyləşərkən və qonağı yola salarkən
bəzi ənənələr də formalaşmışdır:
*Qonaqla
birlikdə oturarkən tez-tez saata baxmaq doğru deyil. Bu, qonağın tezliklə getməsini
istəmək mənasına gələ bilər.
*Qonağın
yanında pıçıltı ilə danışmaq və xısın-xısın gülmək olmaz. Qonaq elə bilər ki,
onun hansısa qüsuru var.
*Qonaq gedərkən
palto, pencək kimi geyimlərini geyinməsinə kömək etməli və gəldiyinə məmnunluq
bildirilməlidir. Əks
halda qonaq düşünər ki, gəlişindən ev sahibi narahat olub.
*Qapıdan çıxarkən
bir az gözləməli, çıxan kimi dərhal qapı bağlanılmamalıdır. Qonaq bunu görüb,
ev sahibinin onun tez çıxıb getməsini istədiyini düşünər.
*Əgər qonaq gecə
qalacaqsa, təmiz yataq hazırlanmalı və təmiz dəsmal verilməlidir.
*Qonaqdan haçan
gedəcəyini soruşmaq olmaz.
Bir çox atalarsözləri
vəelməsəllərimizdə də qonaq haqqında ibrətamiz,müdrikfikirlərözəksini
tapmışdır:
- Qonağın ruzisi özündən qabaq gələr.
-
Qonaqsız ev- susuz dəyirman kimidir.
-
Qonaq sevənin süfrəsi boş olmaz.
-
Qonağı olmayan evlər yıxılsa yaxşıdır.
- Qonağa "çörək
yeyirsən?” deməzlər.
- Qonaq bərəkət gətirər.
- Qonaq süfrənin
yaraşığıdır.
- Qonağa hörmət edərlər, əyərçi kafər
ola.
Müşahidələrimizdən aydın olur ki,
xalqımızın qonaq qarşılama mədəniyyəti əsrlər boyu inkişaf edərəkbu günümüzədək gəlib çıxmış misilsiz bir xəzinədir. Bu xəzinəni qorumaq və gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur.
Əpoş İslam oğlu Vəliyev
AMEA
Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”
şöbəsinin
aparıcı elmi işçisi,Filologiya
üzrə fəlsəfə doktoru
