AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətən dərdi təbibsizdir

Vətən dərdi təbibsizdir

Təfsilat
26 Noyabr 2019, 09:30 1720
Xətrini dağlar qədər istədiyim Çimnaz Əliyevanın adı çəkilən kimi ürəyimdən süzülərək məni yandıra-yandıra ovqatımı viran qoyan bir bayatım köz kimi qələmimdən yapışır:
 
                        Əzəlimiz qara bağdı,
                        Güllü yazım qara bağdı.
                        Gəl  ki,verək əl-ələ biz
                        Gedək, Vətən Qarabağdı...
 
        Əməkdar Mədəniyyət işçisi Çimnaz xanım Əliyevanı nəinki doğulduğu, uzun müddət yaşadığı Ağdam rayonunda, külli Qarabağda, eləcə də respublikamızda yaxşı tanıyırlar. O, 1995-2000 –ci illərdə Birinci Çağırış Milli məclisin deputatı olub. Ona müraciət edən məcburi köçkünlərin problemlərinin həlli ilə ciddi məşğul olaraq neçə-neçə ailədən köməyini əsirgəməyib. Çarəsizlərin həmsöhbətinə çevrilməyi, yardım göstərməyi bacarıb. Yadımdadır, Xöşməramlı səfir adına layiq görüləndə sevinmək əvəzinə ağlamışdı. Çünki bütün varlığı, ruhu Qarabağa bağlıdır. İndi Azərbaycan Yaradıcılıq Fondunun Qarabağ filialının sədridir.
        Bu yaxınlarda eşitdiyim bir xəbər məni titrətdi: bu ilin sonunda yubileyidir. Ürəyimdən keçdi çox yaxşı tanıdığım, sevdiyim, isti münasibətimiz olan köhnə dostum haqqında ürək sözlərimi qələmə alım. İstəyirəm ki, bu qeyrətli, fədakar, sədaqətli, təmkinli, həssas xanımın duyduğum, müşahidə etdiyim məziyyətlərindən söz açım. Çimnaz Əliyeva həqiqətən bizim cavanlarımıza örnək olan  vətənpərvər və ailəcanlı xanımdır. O, 4 dekabr 1949-cu ildə Ağdamda ziyalı ailəsində dünyaya göz açıb. Anası Dilbər xanım, atası Rizvan kişi Ağdamın rabitə sahəsində uzun müddət səmərəli fəaliyyət göstəriblər. Hətta hər ikisi də Respublikanın Əməkdar Rabitəçisi  fəxri adına layiq görülmüş  sayılıb-seçilən, sevilən, tanınan ziyalılarından və ailə başçılarından olublar. Millət və cəmiyyət üçün 5 uşaq tərbiyə edib böyüdüblər. Özündən eşitmişdim: "Mən 5 rəqəmini çox sevmişəm. Hətta ailədə də 5 uşaq olmuşuq. Dərslərimdən də mütləq əla alardım”. Təbii ki, orta təhsilini doğma Ağdamda başa vurub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə gənc yaşlarından başlayan Çimnaz Əliyeva rayonda müxtəlif vəzifələrdə çalışıb. Mənim üçün ən maraqlısı isə onun uzun müddət Ağdam rayon Partiya Komitəsinin Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışması olub. 1982-ci ildən 1996-cı ilə kimi. Bu illər ərzində böyük quruculuğun sevincini  yaşayıb və canından artıq sevdiyi gözəl Ağdamın işğalı ilə üzləşib. Sevimli müəllimim Cahangir Məmmədli söyləyir ki, Çimnaz xanımın çalışdığı dövrdə Ağdam rayonun mədəniyyət və incəsənət sahəsində gözəl yeniliklər olmuşdu və o, bir yaradıcı şəxsiyyət kimi neçə-neçə ilklərə imza atmışdı. Məsələn, "Natəvan” qızlar bayramı, "Xarı Bülbül” musiqi festivalı, dünyada ikinci olan "Çörək muzeyi”, "Şur” ansamblı, "Aşıq qadınlar” cəmiyyəti, "Qarabağın səsi” ədəbi birliyi, "Xan Şuşinski adına Muğam Musiqi məktəbi”, özfəaliyyət ansamblları, kitabxana və digərləri onun fəaliyyətinin bir qismidir. İctimai işlərdə də fəal olan Çimnaz Əliyeva Ağdam rayon Qadınlar Şurasının sədri kimi də səmərəli işlər görürdü. Səsi Respublika Qadınlar Şurasının müxtəlif tədbirlərindən gəlirdi. Amma deyir, sən saydığını bir kənara qoy, gör fələk nə sayır. Qapılarımızda yallanan, nökərçilik edən ermənilərin torpaq iştahası, qəddarlığı qızılgül ətirli Ağdamımızı xarabazara çevirdi, əzəli sakinlərini qətlə yetirdi, salamat qalanları da köçkünə, qaçqına döndü. Özünün sözüdür: "Bütün bəxtəvərliyimizə 1993-cü ildə - Ağdamın işğalından sonra son qoyuldu”. Haqlıdır. Bütün yaraların sağalacağı mümkündür, Vətən dərdi təbibsizdir. Yeganə çarə Vətənin özü və ona qovuşmaqdır. Çimnaz Əliyeva bütün ağrılarını içinə çəkərək əhalinin məskunlaşması, ehtiyaclarının qarşılanması üçün Bakıda Ağdam qərargahını yaradır. Amma bir yerdə tablaşa bilmirdi. Tez-tez əsgərlərə baş çəkir, şəhid ailələri ilə görüşür, Qarabağ qazilərini soraqlayırdı... Və nəhayət deputatlıq fəaliyyəti...
        Yadımdadır, 1996-cı ildə mən də bir qrup deputat xanımla Türkiyəyə səfərə getmişdik. Yol yoldaşı olmaq həqiqətən bir çox mətləblərə aynadır. Nəzakətli davranışına, danışığına, Qarabağla bağlı söhbətlərinə görə rəğbət bəslədiyim Çimnaz Əliyevanı bir insan kimi daha yaxından tanıdım və adını qəlbimə əbədi yazdım. Çoxlarının fikri bazarda-dükanda olsa da, Çimnaz xanım əsil vətəndaşlıq mövqeyi və milli təəssübkeşlik göstərir, bütün görüş və müsahibələrdə üzləşdiyimiz bəlalardan danışır, fakt və rəqəmlərlə, təsirli şəkildə ermənilərin başımıza gətirdikləri faciələrdən, torpaqlarımızın işğalından, Ermənistan adlandırılan, əslində qədim türk torpağı olan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın ağır taleyindən həm türkiyəlilərə, həmdə bu ölkəyə işgüzar səfərə  gələn əcnəbilərə məlumatlar verirdi.
        Səfərimiz 15 günlük idi. Türkiyənin müxtəlif bölgələrində olurduq. Bir həftə idi getmişdik. Bir axşam onu çox pərişan gördüm. "Nə olub” soruşanda, "sizə yaxşı görüşlər və uğurlu saatlar arzulayıram” dedi. "Bizə?” - deyə təəccüblə soruşanda dedi: "Mən Bakıya qayıtmalıyam, Ağdamın işğal günüdür, mütləq getməliyəm”. Cavab tapa bilmədim. Ürəyimdən keçəni sözə də çevirə bilmədim: "Ey düşmən əlində yuvası qalan, mənim də ellərim, obam dağılıb...” Dilim kilidləndi. Onu bağrıma sıxıb hönkürdüm. Özü minbir dərd çəksə də, bizi kədərlənməyə qoymazdı. Bəzən ən qəmli, bəzən də ən gülməli vəziyyətlərdə bu sözü işlədərdi, elə indi də uzun müddətdən sonra rastlaşan da deyər: "adam kişi olar!” Bu sözün ahəngindəki mətləb və məna da budur: "adam iradəli və qeyrətli olar!”
        Şair Hüseyn Kürdoğlunun misralarıdır. Tez-tez özüm üçün pıçıldayıram:
                        Doyunca baxasan ağ dama gərək,
                        Qarqarın suları Ağdama gərək,
                        Ağdamın qədrini bilməyənlərin
                        Qara gözlərinə ağ dama gərək.
        Çimnaz xanım da bu şeiri sevməmiş olmaz. Zəngin daxili dünyası var. Ədəbiyyatı, poeziyanı dərindən bilir. Yaddaşı da əladır. Hansı mövzu da desən şeir söyləyər. Çimnaz xanımdan sonra bir gün bələdçimiz bizə bildirdi ki, otelin qarşısına iki istiqamətə gedəcək maşınlar gələcək. Biri çarşıya, digəri İstanbulun tarixi yerlərini görməyə. Abidələrə baxmağa cəmi 3 nəfər getdik və yol boyu öz-özümə həm deyindim, həmdə təəssüfləndim: "Hardasan, Çimnaz xanım?” Niyə xatırladım bunları? İstədim ki, Çimnaz Əliyevanın necə böyük qəlbə, düşüncəyə, geniş dünyagörüşünə malik olduğunu oxucuya çatdıra bilim.
        Xalq artisti Fatma Mahmudov söyləyir ki, Ağdamın işğalı elə bir qarışıqlıq yarat ki, o ağır günlərdə bizim simsarımız Çimnaz xanım oldu. Müdriklərin sözüdür: "Arxalıya dayaq olma desinlər ki, yamaqdır. Arxasıza dayaq ol ki, desinlər ki,  dayaqdır. " Çimnaz Əliyeva sözün əsil mənasında dayaq olmağı bacardı. Onun üçün Ağdam həm də unudulmaz şəxsiyyətləri ilə əzizdir. Söhbətlərimizdə tez-tez onları xatırlayar və göz yaşlarını saxlaya bilməz ki, ruhları narahatdır:  Xudu Məmmədov, Sadıq Murtuzayev, Famil Mehdi, Şahmar Əkbərzadə, Zeynal Məmmədov.... Xüsusilə də Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovadan kövrələ-kövrələ danışar. "Sözün əsil mənasında igid və torpaqsevər qadın idi. 1998-ci ildə, 70 yaşında dünyasını dəyişdi. Ağdamdan, ümumiyyətlə Qarabağdan çox nigaran  getdi...”deyir. İkimizin də sevdiyimiz şair Şahmar Əkbərzadənin misraları içimizin şəkilini çəkir:
                        Utanım yerinə, ay bulud sənin,
                        Allahın altında ağ eləyirsən,
                        Alışır ciyəri çölün-çəmənin
                        Yağışı dənizə səpələyirsən.
        Əlbəttə, hər şeydən öncə, Çimnaz xanım gözəl ana, sevimli nənə və etibarlı dostdur. Həyat yoldaşı Sabir Hüseynov müxtəlif məsul vəzifələrdə çalışıb. Ağdamın sayılan-seçilən ziyalılarından biri olub. Müharibə dövründə özünümüdafiə batalyonunda vuruşub. İgidliyi, qorxmazlığı haqqında döyüş yoldaşları maraqlı xatirələr söyləyirlər. Heyif ki, o da Ağdamdan nigaran getdi. 2010-cu ildə dünyasını dəyişdi. Yas mərasimində Çimnaz xanımın ağlar səslə dediyi sözləri heç unuda bilmirəm. "Ay Allah, axı Ağdamı neçə dəfə itirmək olar?!” Həqiqətən də indiki vəziyyətdə hər intizarlı ağdamlı Ağdamın bir parçası deməkdir. Bu da onun Ağdama olan sonsuz məhəbbətindən irəli gəlir ki, təkcə söhbətlərimizin deyil, elə yazımın da nəqəratı Ağdam olur. Axı ailəsindən danışırdım. Çimnazın üç övladı var. Böyük qızı Günel Sabirqızı ingilis dili müəllimidir. Azərbaycan Dövlət Pedaqoji Kollecində çalışır. İctimai fəaliyyəti də genişdir. Günel həm də anasının ən yaxın köməkçisidir. O, Azərbaycan Yaradıcılıq Fondu Qarabağ filialının sədr müavinidir. Çimnazımızın oğlu Xəyyam Hüseynov Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsində sektor müdiri vəzifəsində işləyir. Sonbeşik Aysel  Hüseynzadə isə Uludağ Univesitetinin doktorantıdır.  Üç sevimli balanın nənəsi Çimnaz Əliyevanın ən şən günü nəvələri ilə bir yerdə olduğu gündür. "Bütün nisgillərimi unuduram. Onlara eləcə Ağdamla bağlı nağıllar danışıram” deyir. (Baxın! Yenədə Ağdam- F.X.).
        Ağdam günəşin qeyri-adi işıq saldığı yurd yerimiz idi. İndi namərd ermənilər o nuru söndürüblər. Hələ sovet dövründə gözəlliyi ilə seçilən bu şəhərin xarabazara döndərilməsi sızlayan yaramız olsa da, mütləq bu ədalətsizliyə son qoyulacaq. Biz üçrəngli bayrağımızı Qarabağdan asacağıq. O günün müjdəsini sənə verə biləydim, Çimnaz xanım, vallah başqa dərdim olmazdı. Doğrudur, Məmməd Araz demişkən " kimə gülzar, kimə xəzəl dünyadır”... Amma küsməyə dəyməz ki... Çünki:
                       
İndi bizim ölümlə,
                        Çarpışan çağımızdı,
                        Ölümün boğazından,
                        Yapışan çağımızdı.
                        Ölümlə tərcümansız
                        Danışan çağımızdı.
                        Qılınc çap, Vətən oğlu,
                        Bizi Vətən çağır.
 
        Bilirsənmi, nə arzu edirəm, Çimnaz xanım, bu çağırışlar cavabsız qalmasın! Bir də sənin növbəti şad gününü Ağdamımızda qeyd edək, böyük bir izdihamla Şuşaya yürüş edək, Cıdır düzündə əyləşək və ürəkdən deyək: "əşi, adam kişi olar”. Və sən bir də yarı könül, yox ürəkdən gülümsəyəsən!
       
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist