Uzun illərin dəyişməz duyğuları

Ulu Tanrı hər birimizin taleyinə bir qərib
yolçuluq qədəri yazıb. Bu yolun böyüyü ölüm yoludur ki, damarlarını biləyimizə
dolayıb birər-birər dolaşırıq Yer üzünü. Şəhd-şərbətini, ağrı-acısını
dada-dada, sevincini, zillətini çəkə-çəkə, səadət payını, qəm yükünü
paylaşa-paylaşa. Və şərt uzun ömür yaşamaqda deyil, əsla! Hələ qədim Roma
filosofu Seneka demişdir ki, həyat da təmsil kimi uzunluğuna görə deyil, məzmununa
görə qiymətləndirilməlidir. Bəli, xoşbəxt o kəsdir ki, bu məzmunu, onu
yaşamağa, işləməyə, yaratdığından həzz almağa sövq edən bu mənanı əvvəlcədən fəhmin,
intuisiyanın gücü ilə duyub gerçəkləşdirə bilsin.
Maestronun
bir telefon zəngi kifayət edərdi
Qədim Naxçıvan torpağının Çuxur məhəlləsində
dünyaya göz açmışdı. Atası Əli kişi Böyük Vətən müharibəsi veteranı, əczaçı
(Naxçıvanda hamı onu "aptekar Əli” kimi tanıyırdı), anası Pakizə xanım isə
evdar qadın kimi beş övlad böyütmüşdü. Həsənağanın özündən böyük bacıları Həzimə,
Flora və qardaşı Hüseynağa Tibb Universitetini, kiçik qardaşı Əzizağa isə Həsənağadan
sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Hamısı ilk təhsilini
Naxçıvan şəhərinin ən nüfuzlu orta məktəblərindən biri hesab olunan Üzeyir
Hacıbəyov adına 1№-li orta məktəbdə almışdır. Hər üç qardaşın musiqi təhsili
olmaqla, uşaqlıqdan bu sahədə öz istedadlarını nümayiş etdirmişlər, el-obada,
xeyir işlərdə (toy, şənlik, tədbir və s.) təmənnasız iştirakları onların
Respublikada qısa müddətdə tanınmasına gətirib çıxarmışdı.
Lakin Həsənağanın istedadı, üstəgəl
harmoniyası onun sonrakı həyatının incəsənət aləminə bağlanmasının əsas amilinə
çevrilmişdir. Nahaq yerə E.S Stanislavski deməmişdir ki, istedad, üstəgəl savad
və zəhmət dahiliyi yaradan əsas amillərdəndir.
İnsan həyatını incəsənətsiz təsəvvür etmək
qeyri-mümkündür. İnsanı həyatı boyu incəsənət müşayiət edir. Onu əyləndirir,
düşündürür, sevindirir, kədərləndirir, tərbiyə edir, dünyanı, adamları, özünü dərk
etməkdə ona yardım edir, zamanın, tarixin qarşıya qoyduğu suallara cavab
tapmaqda köməkçi olur.
Məhz Həsənağa da sənətin elə bir növü ilə
məşğul olmuşdur ki, bütün sevgisini, sevincini, acısını, kədərini musiqi ilə
dilə gətirmişdir.
Həsənağa Allah adamı idi. Onun
fortepianonun dillərində çıxardığı səs ilahi bir qüvvəyə çağırış idi. Yerişi,
duruşu, danışığı, fiziki görkəmi hər bir insanı özünə cəlb etdirirdi.
Allah-taala onu fəzilətli yaratmışdır ki, öz sənəti ilə insanları feyziyab
etsin. Uzun müddət S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında aparıcı dirijor, Azərbaycan Televiziyasının "Dan Ulduzu” instrumental
ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı və
böyük sənətkarın vəfatından sonra
ansamblının bədii rəhbəri, S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili
Komediya Teatrında dirijor işlədiyi zaman bütün bunların canlı şahidi olmuşuq.
Müdriklərin belə bir mötəbər fikri var:
"Allah öz kimliyini göstərmək üçün təbiəti, insan öz kimliyini göstərmək üçün mədəniyyəti
yaradıb”. Maestro Həsənağa həddindən artıq mədəniyyətli idi. Onun ən fərqli cəhətlərindən
biri sənət adamı olaraq Azərbaycanın ən
böyük və nüfuzlu sənətkarlarına olan münasibəti idi. Niyazi, Rəşid Behbudov,
Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Gülarə Əliyeva,
Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, Hacıbaba Bağırov, Səyavuş Aslan
və başqa incəsənət xadimləri ilə dostluğu ona həyatda və sənətdə çox şey
qazandırmışdı. Bu sətirlərin müəllifi dəfələrlə yuxarıda adı çəkilən mədəniyyət
adamlarının Həsənağaya qarşı olan hədsiz məhəbbət və vurğunluğunun şahidi
olmuşdu.
Keçən əsrin 80-ci illərinin ortalarında Həsənağa
Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunun direktoru işlədiyi zaman
(1984-1985-ci illərdə) Muxtar Respublikada keçirilən dövlət tədbirlərində
onların əksəriyyətinin iştirakına Maestronun bir telefon zəngi kifayət edərdi.
Respublikamızın xalq artisti tükənməz
enerji sahibi Mirzə Babayevin Naxçıvana növbəti səfərlərinin birində Həsənağaya
dediyi sözlər hələ də qulağımda cingildəyir: "Sənə qurban olum, Maestro, (Mirzə
müəllim ona Maestro deyə müraciət edərdi. F.Z.) sən məni tez-tez çağır, az-az
çağıranda yalqızlayıram sənin üçün, 73 yaşım var, söz vermişəm ki, 100 yaşınadək
səninlə birlikdə çalışıb-oxuyacağam. Sonrakı Allahın verdiyi ömrü isə sənə
qurban verəcəyəm. Çünki, sən yaşamalısan və yaratmalısan!”
Deyərdi
ki, taleyin qismətinə inanıram
İnsan üçün musiqi həmişə estetik və mənəvi
zövq mənbəyi olmuşdur. Bu barədə Homerin, Platonun, Aristotelin və digər qədim
filosofların əsərlərində də rast gəlinir. İ.M.Dogel "Musiqinin insana təsiri”
adlı xüsusi əsərində belə bir fikir irəli sürmüşdür ki, musiqi insana təsir
edir, onun əsəb sisteminin fəaliyyətini gah zəiflədir, gah da yüksəldir. Hətta
insanın təkcə əhval-ruhiyyəsinə deyil, əzələlərinə, mədəsinə, qan dövranına da
təsir göstərir. Tədqiqatçılar qeyd edirlər ki, səslərin müxtəlif dərəcəsi,
onların gücü və tembri qan dövranı orqanlarına cürbəcür təsir edir ki, bu da ürək-damar
sisteminin fəaliyyətində müəyyən dəyişikliklər törətməklə, insanın əsəb
sistemində təlatümlü duyğular dənizini sakitləşdirir, gah da əsl ehtiraslar və
həvəslər fırtınası yaranır. Bütün bu deyilənləri nəzərə alaraq, mən indi belə qənaətə
gəlirəm ki, Həsənağanın həyatdan vaxtsız köçməsinin bir səbəbi də bəlkə də
görünür onun bütün varlığı və harmoniyası ilə həddindən ziyadə musiqiyə
bağlılığı idi. Çünki, musiqiyə qulaq asandan daha çox onu ürəkdən ifa edən
musiqiçi ikiqat yuxarıda deyilənlərdən zərbə alır.
Həsənağa təbiəti, xüsusilə dağları çox
sevirdi. Deyirdi ki, incəsənət insanların gözünü açıb gözəllikləri görməkdə, gözəl
duyğular yaşamaqda adama kömək edir. İncəsənət könüllərin qara buludlarını
dağıdıb duyğu və düşüncələri təmizləyir, insanın iç aləmini aydınlaşdırır. İncəsənətin
nuru ilə ürəklərə sevgi gəlir, ümid və coşqunluq gəlir, pas atmış duyğular təmizlənir,
insan sanki təzələnir.
Ürəkdən danışaraq deyirdi ki, incəsənət
min səs, min bir rəng, min bir rayihə ilə dolu olan dünyamızın sirlərini
insanlara açır, elə məqamlarla, guşələrə, aləmlərə nur saçır ki, insan oğlu
bunlara heyran olmaya bilmir.
Bəlkə elə buna görə də, Həsənağa təbiətin
əsrarəngiz gözəlliyinə hədsiz vurğun idi. Bilmirəm. Ancaq onu bilirəm ki, o
dağları, o kövşənləri, o bulaqları seyr etməkdən doymur, o yerləri imkan
tapdıqca qarış-qarış dolaşırdı. Soruşanda deyirdi ki, musiqi ilə təbiət birləşəndə
insan mavi-mavi dünyalara, xəyal, ümid dünyasına qapılır. Muğamatın,
Bethovenin, Baxın, Motsartın, Çaykovskinin, Üzeyirin sehri ilə yanaşı, kədəri də,
ağrı-acını da unudur.
Həsənağanın qısa ömür sürməsinin (cəmi 52
il) əsas səbəbi mən deyərdim ki, öz sağlamlığına biganə qalması idi. Əlbəttə, fəal
və yaradıcı, sağlam həyat tərzi ilə təmin edilmiş həyat hər bir adamın çox
yaşamasına əsas verir. Lakin sağlamlığın mühüm vasitələri (hava, su, günəş),
gigiyena (yuxu, qida, ciddi rejim) qaydalarına düzgün əməl edilməsi nəticəsində
buna çoxları nail olubdur. Maestro Həsənağa ikinci qaydaları həmişə qulaqardına
vurardı. Deyəndə ki, qoca Şərqin ən gözəl müğənnilərindən biri Cabbar
Qaryağdıoğlu öz sağlamlığını qoruyaraq 83 il yaşayıb-yaradıb və 72 yaşında
"Heyratı”nın zilinə, yəni "Üzzal” pərdəsinə qalxıb coşqun zəngulələrlə "Üzzal”
üstündə gəzişib. Rəhmətlik deyərdi ki, bu, onun qismətidir, mən C.Qaryağdıoğlu
deyiləm, taleyin qismətinə inanıram. Deyəndə ki, xalq artistimiz, pianoçu
Çingiz Sadıqov indi də 80-dən yuxarı yaşı olsa da, Amerikada yaşayaraq
ifaçılığını davam etdirir, deyərdi ki, bu da onun ömür taleyidir, min yaşasın.
Onu
"fitri istedad sahibi” adlandırırdılar
Həsənağa kimi, xalq içərisində
tanınmış, sayıb seçilən sənətkarı təqdim etməyə bəlkə də ehtiyac yoxdur. Lakin
onu daha yaxından tanımaq üçün dost kimi sədaqətinə, insan kimi kamilliyinə,
ziyalı kimi alicənablığına, vətəndaş kimi xalqına, torpağına bağlılığına şahid
olmaq kifayətdir. Bu sətirlərin müəllifi uzun müddət bütün bu keyfiyyətləri
Maestronun şəxsi nümunəsində görmüşdür. Mehribanlıq, başqasının dərdinə şərik
olmaq, sevincinə ikiqat sevinmək, dövlətçilik, azərbaycançılıq onun qanında
idi.
...1993-cü ilin may ayının əvvəlləri...
Ümummilli Lider Heydər Əliyevin 70 illik yubileyinin yaxınlaşdığı günlər ...
Naxçıvan torpağı... Xalqın ən ağır və faciəli taleyinin həll edildiyi tarixi
hadisələrin gedişində həlledici məqam...
Bir tərəfdə Heydər Əliyevə qarşı yönəldilmiş
qüvvələrin irticaçı fəaliyyəti, bir tərəfdə də xalqın və millətin Heydər Əliyevə
ümid çırağı kimi baxması... 70 illik yubiley belə yada düşmürdü... Bəziləri isə
hakimiyyətdən qorxur və çəkinirdilər. Heydər Əliyev özü də bunun tərəfdarı
deyildi. Belə bir mürəkkəb və çətin vəziyyətdə Həsənağa öz kiçik dəstəsi ilə
Naxçıvan torpağına gəldi və 10 may tarixində H.Əliyevə yaxın bir neçə nəfərin
iştirakı ilə keçirilən ziyafətdə
(Naxçıvanın qonaq evində) öz musiqi töhfəsini verdi.
...2001-ci il. Qardaş Türkiyə Respublikasının
Ankara şəhəri. Günhanə - Azərbaycan Prezidenti Heydər Əliyevin müalicə aldığı xəstəxana.
Həsənağa xəstəxananın foyesində pianino
arxasında oturaraq, Ümummilli lider üçün həzin, lirik musiqi səsləndirirdi...
"Küçələrə su səpmişəm”...
Həsənağa bu musiqi parçaları ilə Ümummilli Lider Heydər Əliyevə qarşı olan məhəbbətini
nümayiş etdirməklə, müstəqil-müasir Azərbaycanın banisinə taleyüklü məsələlərinin
həllində yeni stimul verir və özünün dövlətçiliyə olan münasibətini bildirirdi.
Məhz 2001-ci ildən ömrünün sonunadək
(2007-ci il, 06 noyabr) Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində
işləyərkən də o, bu funksiyanı layiqincə yerinə yetirmişdir.
1998-ci ildə Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə Respublikanın "Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülən Həsənağa Qurbanov Azərbaycan musiqi mədəniyyətinin tanınmış
simalarından birinə çevrilmiş, Azərbaycan milli musiqisinin Azərbaycanda və
respublikamızın hüdudlarından kənarda tanınmasında və təbliğində böyük xidmətləri
olmuşdur. Həsənağa Qurbanov həm də istedadlı gənc musiqiçilərə böyük diqqət və
qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişməsi üçün gərgin əmək sərf
etmişdir.
Həsənağa qayğıkeş ailə başçısı idi.
Qızları Mehri və Meray onun üçün müqəddəslik rəmzi sayılırdı. Bu gün nəvəsi Həsənağa
artıq öz babasının ruhu qarşısında borcunu yerinə yetirməyə hazırlaşır, böyüyür
və "babama oxşamaq istəyirəm” deyərək, genetik olaraq baba harmoniyasını dərk
etməyə başlayır...
Onda heyrət edilə biləcək bir
ziyalı səbri, səliqəsi var idi. Bu səliqə-sahman onun xarici görkəmi ilə tam çulğalaşırdı. Mən deyərdim ki, Həsənağa
anadangəlmə musiqiçi, mədəniyyət adamı kimi doğulmuşdur.
Yerişi, duruşu, geyimi, baxışı, danışığı, təmkini, yumşaq rəftarı, dözümü, qayğıkeşliyi, özünü
duymaq qabiliyyəti, bütün yaxşılıqlara vərdişi dolub-boşalan ağır zamanlarda da
sozalmadı.
Yaxın dost kimi maraqlı və dəyərli həmsöhbət
olduğuna görə, onun həyat yolundan, iç dünyasından, yaradıcılığından az-çox xəbərdar
olmuşam. Adamlarla ünsiyyətinin, nadir idarəçilik və təşkilatçılıq bacarığının
şahidi olmuşam. Həsənağanı tanıyanlar onu "fitri istedad sahibi”
adlandırırdılar.
Vaxtsız itirdiyimiz insanlar haqqında
yaddaqalan xatirələr sanki onların ömürlərinin davamıdır. Xatirələr bizim
ağrımız-acımız, sevincimiz-fərəhimiz, ötənlərin əks-sədasıdır. İlahi, nə yaxşı
ki, xatirələr var! Ən nəhayət, nə yaxşı ki bu xatirələri yaşadan – insan
yaddaşı var! Axı yaddaş da körpüdür – dünənimizdən bu günümüzə, bu günümüzdən gələcəyə
uzanan körpü!
Qoy o xatirələr Sizi də unudulası mümkün olmayan bir insanın
kəşf olunmamış dünyasına aparsın.
Fizuli İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent
