Unudulmayan səsin şöləsi

Mədəniyyət
tariximizdə özünəməxsus yer tutmuş elə sənətkarlar olub ki, onlar yaddaşlarda
ən çox məhz səsləri ilə qalıblar. Mənim düşüncəmə görə, ahəngində təsiredici
məqamlar, həyəcanlar, titrəyişlər,
düşündürmək bacarığı yaşadan səsin özü bir mənəvi xəzinədir. Səs bəzən də
xalqın müdrikliyini, tarixini, iç dünyasını, mənəvi gözəlliyini əks etdirən misilsiz
qüvvəyə malik olur. Onun təsiredici gücünü heç bir şeylə əvəz etmək mümkün
deyil. Bu baxımdan, haqqında söz açacağım Kazım Ziya da Səs adlı sərvətin ən
qiymətli bir incisi idi.
Azərbaycan teatrının inkişafında
cəfakeşlik göstərən, biz nəslin görmədiyi, amma adını tez-tez eşitdiyimiz Kazım
Ziya! Xüsusilə də bədii qiraətlə məşğul olanlar onu həmişə yad etdiyindən bizə
elə gəlirdi ki, Kazım Ziya yalnız bədii qiraət ustası olub. Nədənsə sözə
tapınan, onu xüsusi məharətlə, ifadəli, təsirli şəkildə tamaşaçıya, dinləyiciyə
çatdıran qiraət ustaları həmişə Kazım Ziya ilə müqayisə edər, ən yaxşılarını
məhz bu sənətkarın davamçısı olduğunu qiymətləndirərlər. Bu meyar neçə ildir
ki, yaşamaqdadır. Arxiv materialları, müasirlərinin qələmə aldığı xatirələr və
aktyorun yaradıcılıq yolu ilə tanış olduqca azman bir sənətkarın keşməkeşli
həyat yolu göz önündə dayandı. Adı teatr
tariximizə solmayan naxışlarla həkk edilən Kazım Ziya əslində
ziddiyyətli münasibətlərə, repressiyalara məruz qalmış başıbəlalı bir şəxsiyyət
olub.
Tofiq Kazımov onun haqqında yazırdı:
"Təbiət etibarı ilə mədəni, sağlam düşüncə və dərin zəka sahibi olan Kazım Ziya
ömrü boyu yalnız adi aktyor kimi qalmamış - gənc teatr kadrlarına müəllim,
mədəniyyət dünyamıza əsgər, səhnə dili, xalq dili, klassik şeir dilimiz üçün
müəllim, nitq sənətimizin mütəxəssisi kimi böyük şöhrət qazanmışdır”. Bu fikrin
işığı ilə Kazım Ziya yaradıcılığını araşdırarkən bir məsələnin üstündə
qətiyyətlə dayandım ki, böyük aktyorun obrazlar üzərində apardığı iş üslubu
bugünkü gənclərə bir örnək ola bilər. Əsl aktyor məktəbinin məzunu olmaq və
realist aktyor oyunun sirlərinə yiyələnmək üçün Kazım Ziya yaradıcılığından
müntəzəm istifadə etmək səmərəli nəticə verə bilər.
Kazım Ziya (Kazımzadə) 1896-cı ildə
Naxçıvanın Ordubad rayonunun Əylis kəndində anadan olub. Körpə ikən atasını
itirən Kazım əmisi Hüseynin himayəsində yaşayıb. Qardaşının yadigarını oxutmaq
üçün Hüseyn kişi Kazımı Naxçıvandakı şəhər məktəbinə qoyur. Kazım burada ərəb,
fars dillərini mükəmməl öyrənərək klassik ədəbiyyatın mütaliəsi ilə məşğul
olur. Füzulinin, Hafizin, Sədinin şeirlərini əzbərdən söyləmək xoşuna gəlir.
Baxmayaraq ki, o zaman Naxçıvanda müəyyən mənada gerilik, dini fanatizm hökm
sürürdü. Amma şeir məclisləri də yox deyildi. Hüseyn kişi qardaşı oğlunu həmişə
belə məclislərə aparar, 15 yaşlı gəncin məharətlə söylədiyi şeirlərə qulaq
asardılar. Tale elə gətirib ki, Hüseyn kişi ailəsi ilə birlikdə Bakıya köçüb. Kazım burada gimnaziyada
oxuyaraq ədəbiyyat dərnəyinin üzvü olub. Tezliklə dərnəyin üzvləri Kazım Ziyanı
özlərinə rəhbər seçiblər. Kazım Bakıda Hüseyn Ərəblinski ilə tanış olub.
Ədəbiyyata, xüsusilə də xarici ölkə yazıçılarının əsərlərinə olan dərin maraq
Kazım Ziyanı tərcüməçiliyə sövq edib. O, 1914-cü ildə Molyerin "Zorən təbib”
komediyasını fransızcadan dilimizə tərcümə edib. Hüseyn Ərəblinski gənc teatr
həvəskarlarının xahişi ilə bu əsərin rejissoru olub. Tamaşa 1914-cü ildə
oynanılıb. Kazım Ziyanın böyük səhnəyə gəlişi məhz bu tamaşadakı Sqanarel rolu
ilə başlayıb. Gəncin ilk işi Ərəblinskinin çox xoşuna gəlib.
O ildən başlayaraq Kazım Ziya peşəkar
aktyorlarla dostluq edib, onların oynadığı tamaşalarda epizodik rollar yaradıb.
Kazım Ziyanın uğurlarından biri də "Nadir şah” tamaşasındakı Rzaqulu xan obrazı
olub. Tədqiqatçılar yazırlar ki, tamaşada Nadir şah rolunu Hüseyn Ərəblinski özü
oynayırmış. Tamaşadan sonra böyük aktyor bildirib ki, Kazım Ziya təkcə əli,
qolu, səsi ilə deyil, həm də gözləri ilə oynamağı, başqalaşmağı, obrazın
keçirdiyi dəhşətləri, həyəcanları, ağrıları əks etdirməyi bacarıb. Beləliklə,
1916-cı ildən Kazım Ziya Müsəlman Aktyorları truppasının üzvü kimi gərgin
fəaliyyətə başlayıb. O dövrdə Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi
Ruhulla kimi aktyorlar yeni bir təşkilatın - Bakı Teatr Artistləri İttifaqının
yaranmasının təşəbbüskarı oldular. Maraqlıdır ki, yeni yaradılmış ittifaqın
sədri Abbas Mirzə Şərifzadə, katibi isə Kazım Ziya idi.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra yeni həyatın tərənnümü səhnədə bəzi hallarda süni abı-hava
yaradırdı. Məsələn, qolçomaqları, bəyləri, varlıları tənqid etmək üçün bu
obrazların zahiri görkəmlərini çox qorxunc, eybəcər şəkildə tamaşaçıya təqdim
etməklə onlara qarşı nifrət oyatmaq istəyirdilər. Quruluşun bu qanunlarına bəzi
aktyorlar tabe olsa da, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb kimi
sənətkarlar həyat gerçəkliklərinə bağlı olduqlarından elə tamaşalarda iştirak
edirdilər ki, aktyor kimi öz qüdrətlərini göstərə bilirdilər. Bu mənada Cəfər
Cabbarlının "Oqtay Eloğlu”, Hüseyn Cavidin "Şeyx Sənan”, "İblis”, Səməd
Vurğunun "Vaqif” pyesləri Kazım Ziyanın ruhuna daha çox uyğun gəlirdi. Onun
səhnədə yaratdığı İblis, İnsan, Xaspolad, Vaqif rolları rəğbətlə qarşılandı.
Kazım Ziya dövrün ziddiyyətləri ilə barışa bilmədiyindən bəzən səhnədən
uzaqlaşmaq qərarına da gəlib. Lakin onun sənətə bağlılığı hər şeydən idi. 30-cu
illərin mənəvi-psixoloji sarsıntıları söylədiyi şeirlər, haqsızlığa, cəhalətə
olan nifrəti onun özünə qarşı bir ittihama çevrilmişdir. Kasıb bir aktyor ömrü
yaşayan Kazım Ziya 1932-ci ildə həbs edilib. Aparılan müəyyən araşdırmalardan
sonra azadlığa buraxılsa da, "qara gözlər”in nəzərindən yayınmayıb. NKVD
adlanan qurum bu aktyor haqqında yeni-yeni sənədlər, faktlar toplamağı davam
etmişdir. Nəhayət, 1938-ci ildə Kazım Ziya əksinqilabçı, millətçi, üsyançı
təşkilatın üzvü kimi təqsirli bilinərək yenidən həbs edildi. Sənədlər göstərir
ki, həmin vaxt Kazım Ziyanın mənzilində axtarışlar aparılıb, müxtəlif
sənədləri, fotoşəkilləri, məktubları götürülərək məhv edilib. Kazım Ziyanın
məhkəməsi ikinci bir səhnə idi. Burada da həqiqətlə yalan, işıqla qaranlıq
üz-üzə dayanmışdı. Tamaşaçı müstəntiq, aktyor Kazım Ziya idi. Bu səhnənin bir
fərqi var idi ki, aktyorun oynadığı
"ssenari”dən xəbəri yox idi. Zamanın, rejimin təzyiqi, işgəncələri,
mənəvi iztirabları məcbur edirdi ki, Kazım Ziya boynuna qoyulanları təsdiq
etsin. O, bu təqlidə məcbur olurdu. Müxtəlif sənət dostlarından, aktyorlardan,
rejissorlardan rəylər toplanmışdı. Dindirilən şahidlərin hamısı Kazım Ziyanı ən
yaxşı aktyor kimi səciyyələndirir, onun heç bir millətçi təşkilatla əlaqəsi
olmadığını dilə gətirirdilər. Uzun çək-çevirdən sonra -1939-cu ildə məhkəmə
Kazım Ziyanın bəraət alması haqqında hökm çıxarsa da, baş verənlər aktyorun
mənəviyyatına ağır zərbə vurdu. O, arada müxtəlif teatrlarda calışsa da, bütün
yaradıcılığı Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlı olub. Əslində,
dövrün rüzgarlarından çox əziyyət çəkib, şeirlərinin birində (o, həm də şair
idi-F.X.) dediyi kimi, "gəncliyi solmuşdu, ümidi sönmüşdü”. Səhnəni bir xitabət
kürsüsü seçən Kazım Ziya bəzən özünün içindəkini, etirazlarını, üsyanını,
gileyini obrazların acı qəh-qəhələri ilə büruzə verirdi.
Azərbaycan mədəniyyətinin inkişafında
göstərdiyi xidmətlərə görə müxtəlif orden və medallara, fəxri adlara layiq
görülmüş xalq artisti Kazım Ziya ədəbiyyatı, incəsənəti bütün varlığı ilə sevirdi.
Onun son vəsiyyəti belə olub: "... Nizaminin, Füzulinin külliyyatını tabutuma
qoyun. Çiyinlərinizdə də onlarla olun, qəbir evində də...” Ölümündən bir qədər
əvvəl dərs dediyi Azərbaycan Dövlət Teatr İnstitutunda tələbələrlə görüşündə
belə bir söz də işlətmişdi: "Biz qocalar növbəni verdik sizə”. Həqiqətən Kazım
Ziya özündən sonra bir məktəb qoyub getdi. O, sağlığında tələbələrini – gələcək
aktyorları klassiklərin şeirləri ilə tərbiyə edərdi. Onun pedaqoji
təcrübəsindən bu gün də bəhrələnmək mümkündür. Azərbaycan dilinin zənginliyini,
gözəlliyini Kazım Ziya öz səsi, ifadəli nitqi, təsirli avazı ilə qəlblərə
yeridirdi.
Teatr tariximizdə müqtədir aktyorlar çox
olub. Amma bütün tədqiqatçıların bir fikri var ki, Kazım Ziya obraza həssas
təfəkkürlə yanaşardı. Daxili dünyası o qədər zəngin, emosiyalı bir aktyor idi
ki, onun təqdimindəki mənfi obrazlar da tamaşaçı tərəfindən sevilirdi. O, öz
mənəviyyatı ilə obraz arasında elə bir vəhdət yaradarmış ki, zamanın bütün
haqsızlıqları və bu dövrə aid olan etirazlar çox qəribə şəkildə təsdiqlənərmiş.
Hətta ən sərt kommunistlər də, ən mərhəmətli insanlar da Kazım Ziyanın
nəfəsindən qopan bütün sözləri eyni ahəngdə qəbul edərdilər. Həqiqəti
çatdırmağın ustalığı budur! Bu ecazkar səsin, mənalı sözlərin təsiri sonra üzə
çıxırdı. Deyirlər ki, Kazım Ziya səhnəni xitabət kürsüsünə çevirərək ondan elə
məharətlə istifadə edib ki, söylədiyi həqiqətdən, bəslədiyi nifrətdən bir kimsə
boyun qaçıra bilməyib. Elə bu əhvalla da 1956-cı ildə dünyasını dəyişən
qüdrətli aktyorun ədəbi irsi bu gün də yaşamaqdadır. Səsinin şöləsi mənəvi
həyatımızdan çəkilmir. Sanki böyük Cavidin haqlı nidası bu avazın harayında
bizi bir daha düşünməyə, ayıqlığa və dərindən fikirləşməyə çağırır:
- İblis nədir?
-
Cümlə
xəyanətlərə bais...
-
Ya
hər kəsə xain olan insan nədir?
-
İblis!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist