Unudulan sənət fədaisi

(İkinci yazı)
Hər zaman
Ulu Şeyx Nizami yurdu olan qədim
Gəncə Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları, əvəzsiz şəxsiyyətlər bəxş
edən bir diyar olub. Bu gün Gəncənin adı çəkiləndə bir çox korifeylər, sənət
adamları, incəsənət xadimləri gözlərim önündən keçir. Bəşəri ideyaları özündə cəmləyə
bilən necə-necə klassik və müasir Azərbaycan ədəbiyyatının nəhəng simaları
olan, öz sözünü zaman-zaman təsdiqləmiş dühalar - Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Əbul-ula Gəncəvi, Mirzə Şəfi Vazeh kimi
fikri və ideyası hər an müasir olan şəxsiyyətlər göz önünə gəlir. Danılmaz faktdır
ki, məhz Azərbaycanda ilk ədəbi məclis
olan "Divani-hikmət” də Mirzə Şəfi Vazeh tərəfindən Gəncədə təşkil olunub.
Maraqlı faktlardan biri də bundan ibarətdir ki, tarixi mənbələrə görə, bu ədəbi
məclis sonralar Mirzə Şəfi Vazeh Tiflisə köçsə də, öz fəaliyyətini dayandırmayıb. Tiflisdə fəaliyyət
göstərən ədəbi məclisdə hər zaman Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli
Axundzadə, Fazil xan Şeyda, Qriqoryev, Rozen, Budaqov, şərqşünas Fridrix
Bodenştedt də mütəmadi olaraq yaxından
iştirak ediblər. Məhz bu şəxsiyyətlərin zəngin söz xəzinəsinə baş
vurduqca, istər-istəməz onların yazdığı əsərlərdəki obrazların müasiri olmaqla
yanaşı, sözün əsl mənasında fikir xəzinəsinin əsirinə çevrilirsən. Bu əvəzsiz şəxsiyyətlər
dövrünün və zamanın bəşəri ideyalarını bir araya cəmləməklə bütün zamanlarda
hikmətli söz xəzinələri ilə var olublar. Gəncənin ədəbi-ictimai mühiti, xüsusilə
ədəbiyyatının, incəsənətinin tarixi şöhrəti bütün zamanlarda ölkə daxilində, həmçinin
ölkə hüdudlarından kənarda da hörmət və ehtiramla qarşılanıb.
Danılmazdır ki, Gəncə ədəbi mühiti öz qaynarlığı ilə
daima seçilib. Bunun bir səbəbi qədim ənənələrlə üzvi surətdə sıx
bağlılıqdırsa, digər səbəbi isə qədim Gəncənin XX əsrdə Bakıdan sonra ikinci ədəbi-mədəni
paytaxta çevrilməsidir. Bütün bunlar sözsüz ki, Ulu Gəncənin XVII əsr qan
yaddaşı kimi tarix-memarlıq abidəsi sayılan "Şah Abbas” və "Uğurlu xan” karvansaralarının,
eləcə də İmamzadə kompleksinin, Gəncə şəhərinin
mühüm tarixi və etnoqrafik abidəsi olan "Köhnə Səbiskar” qəbiristanlığının, həmçinin
"Qızıl Hacılı” tarix-memarlıq abidəsinin, Dövlət Dram Teatrı, Filarmoniya və
Pedaqoji Universitetin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin digər
institut və texnikumların, Nizami məqbərəsinin və şəhərin özünün qədimliyinin ədəbi-mədəni
həyata böyük təsiri ilə üzvi şəkildə bağlılığından qaynaqlanır. Gəncə yetirdiyi
böyük elm adamları, teatr xadimləri və ümumən incəsənət ustaları ilə fəxr edə
bilər, amma söhbət ədəbi mühitdən gedirsə, son əlli ildə burada görkəmli nasir
və dramaturq kimi yaşayıb-yaradan Altay Məmmədovun, şairə-dramaturq
Fəridə Əliyarbəylinin, şair Məmməd Alimin və hal-hazırda 80 yaşına çatıb Gəncədən
kənara çıxmasa belə, Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış yazıçı Qərib
Mehdinin, Xəzəngülün, Sahib İbrahimlinin, Aləmzər Əlizadənin, Nüşabə Məmmədlinin,
bu yaxınlarda dünyalarını dəyişən mərhum şairlərimiz Bahadur Fərmanın, Rübailin
xidmətlərini unutmaq olmaz. Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, Gəncə ədəbi
mühiti bütün Azərbaycan üçün hər zaman cəlbedici olub.
Gəncədə ədəbi mühitdən
danışarkən, şairə-dramaturq Fəridə Əliyarbəyli yaradıcılığından danışmamaq,
ondan yan ötmək mümkün deyil.
Fəridə Həsən qızı Əliyarbəyli
1924-cü il iyul ayının 2-də Gəncədə anadan olub. Burada orta məktəbi bitirdikdən
sonra 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olub. 1947-ci ildə təhsilini tamamlayan Fəridə Əliyarbəyli, 1948-ci ildə
Azərbaycan Elmlər Akademiyasının Gəncə Bazasında kiçik elmi işçi kimi fəaliyyətə
başlayıb. Mətbuatda dərc edilən bir sıra tarixi faktları vərəqlədikcə məlum
olur ki, 1950-1952-ci illərdə Azərbaycan Yazıcılar Birliyi Gəncə filialının işi
bir qədər zəifləyib, hətta fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Bu
zaman Bakıda yazıçılar bir araya gələrək Gəncə filialının fəaliyyətini
canlandırmaq üçün tədbirlər planı hazırlayıblar. Səməd Vurğun, Süleyman Rüstəm,
Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə
keçirilən iclasda Gəncə filialının Fəridə Əliyarbəyli, Nazim Axundov və Nəriman
Həsənzadədən ibarət bürosu təsdiq edilib. Fəridə Əliyarbəyli həmin iclasda
filialın məsul katibi seçilib. Arada iki il bu quruma Müzəffər Piriyev rəhbərlik
edib. Fəridə Əliyarbəyli isə yenidən qurumun rəhbərliyinə qayıdaraq Yazıçılar
Birliyinin Gəncə şöbəsinin məsul katibi olub. O, 1953-1989-cu illərdə Azərbaycan
Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi də fəaliyyət göstərib.
Fəridə Əliyarbəyli ədəbi
fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki” qəzetində çap olunan "A dağlar”
adlı şeri ilə başlayıb. Elə həmin vaxtdan da mətbuatda bədii yazıları ilə
çıxışlar edib. O, XX əsrin əvvəllərində Gəncədə yaşayıb-yaratmış Əkbərşah Ruhi
barədə möhtəşəm bir monoqrafiyanın müəllifidir. 1955-ci ildə "Uşaqgəncnəşr” tərəfindən
Fəridə Əlyarbəylinin "Arzular” adlı ilk kitabı çapdan çıxıb. Müxtəlif vaxtlarda
"Yasəmən”, "Gəncəli qız”, "Qayğı”, "Sərv ağacı”, "Dünyaya insan gəlir”, "Novruz
bayramı”, "Könül çırpıntıları”, "Cavad xan türbəsi”, "Ona xanım dedilər”, "Pürrəng
çay”, "Sular bulananda”, "Dünya nə qəmlisən” və başqa kitabları nəşr olunub.
"Damlardan uca çinar” şerlər toplusu Moskvada "Sovetski pisatel” nəşriyyatında
rus dilində çapdan çıxıb. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Fəridə Əlyarbəylinin
nəşr olunan hər bir kitabı geniş oxucu kütləsi və ədəbi ictimaiyyəti tərəfindən
hər zaman maraqla qarşılanıb. Filologiya elmləri namizədi Ruziyə Quliyeva
"Dünya nə qəmlisən” kitabı haqqında yazır: ""Dünya nə qəmlisən ” kitabında
toplanmış müxtəlif səpkili şerlər və poemalar bugünkü həyatımızın dolğun mənzərəsini
verir, babalarımızın keçdiyi şərəfli həyat yolunu bir daha yada salır. Bu
poetik lövhələr korşalmış yaddaşlarımızı təzələyir, ruhumuza sevinc nuru bəxş
edir. Qəmli dünyanın qəmləri içərisində məhv olmuruq, aydınlığa, işığa doğru
can atırıq”.
Bu gün xüsusi olaraq
qeyd etməliyəm ki, Fəridə Əliyarbəylinin ayrı-ayrı kitablarında toplanmış şerləri
və poemaları onu həm lirik, həm də ictimai məzmunlu əsərlər müəllifi kimi
tanıda bilib. Xüsusi ilə Fəridə Əliyarbəyli, yaradıcılığının son illərində əsasən
"səkkizliklər”in yazılmasına böyük əhəmiyyət verirdi. Bu "səkkizliklər”
çox böyük maraqla qarşılanırdı. Onun
"səkkizliklər”i hər zaman ümumbəşəri fikir və duyğularla əhatə olunmaqla səciyyəvi,
dolğun idi. Şairə Aləmzər Əlizadə Fəridə Əliyarbəyli haqqında öz xatirələrində
yazır: "Mən Fəridə xanımın bütün yaradıcılığına bələdəm. O, sonradan şair
olmamışdı. O, şair doğulmuşdu, şair yaranmışdı. Bütün varlığı ilə yaradıcılığa
bağlı bir xanım heç vaxt sənətinə biganə qalıb onu arxa plana keçirmədi. Onu hər
yerdə, hər zaman hər şeydən uca tutdu”. Filologiya üzrə fəlsəfə doktoru, əməkdar
mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli isə Fəridə Əliyarbəylini
xatırlayarkən onu "Gəncə yazarlarının anası” deyərək yad edir.
Fəridə Əliyarbəyli həmçinin
bir neçə dram əsərlərinin də müəllifidir. "Xan qızı”, "Qonşular”, "Günahkar
qız”, "Özgə yeri” pyesləri onun yaradıcılığının əsasını təşkil edirdi. "Xan
qızı” tarixi dramı 1972-ci ildə qələmə alınmış və elə həmin ildə də Gəncə Dövlət
Dram teatrının səhnəsində xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda
tamaşaya hazırlanıb. Qeyd etməliyəm ki, müəllif Fəridə Əliyarbəyli ilk dəfə olaraq Azərbaycan
teatrında xan qızı Xurşidbanu Natavan haqqında tarixi bir dram əsərinin
yazılmasına müvəffəq olub. Səhnədə hadisələr cərəyan etdikcə, XIX əsrdə Şuşada
yazıb yaradan xan qızı Xurşidbanu Natavanı görür, onun həyatına və o illərdə
bir insan olaraq gördüyü xoşməramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada Natavan
obrazını xalq artisti Sədayə Mustafayeva ifa edib. Aktrisanın ifasında
Xurşidbanu Natavan həssas qəlbli ana, lirik, romantik təbiətli şairə, həm də
mürtəce qüvvələrə qarşı sərt və barışmazdır. Pyesin müəllifi Fəridə Əliyarbəyli "Xan qızı” tarixi dramının yaranması haqqında
öz xatirələrində yazırdı: "70-ci illərin əvvəllərində xalq artisti Məhəmməd
Bürcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç
zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət
edirdik ki, o, mənə Xurşidbanu Natavan haqqında pyes yazmağımı məsləhət gördü.
Elə bu söhbətdən sonra mən Natavan haqqında axtarışlar etdim və "Xan qızı”nı - ilk
pyesimi yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti Sədayə
Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı
haqqında düşünərkən elə səhnədə artıq Sədayə
xanımı görürdüm. Xan qızı obrazını məhz xalq artisti Sədayə xanım Mustafayeva
üçün yazdım. Teatra təqdim etdim və bədii şurada oxuyub bəyəndilər. Tamaşanı
hazırlamağı gənc rejissor Vaqif Şərifova həvalə etdilər. Rejissor rol bölgüsündə
elə bil ki, qəlbimdən keçənləri, duyğularımı oxumuşdu. O, ilk olaraq Xan qızı
rolunu Sədayə Mustafayevaya verməyi planlaşdırırdı. Bundan sonra qəlbimdə heç də
narahatçılıq qalmadı. Həm aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd
idim. Əsərin uğurlu səhnə taleyi olacağına inanırdım və belə də oldu”.
Fəridə Əliyarbəylinin
80-ci illərdə qələmə aldığı "Qonşular” pyesi də maraqlı detalları ilə diqqət mərkəzinə
düşən səhnə əsərlərindən biridir. Belə ki, sovet ideologiyasının tüğyan etdiyi
bir zamanda guya rüşvətxorluqla mübarizə pərdəsi altında, əslində bir çox məsələlərin
elə korrupsiya ilə həll olunduğunu göstərmək
o zamanlar yazardan böyük iradə və mərdlik, qorxmazlıq tələb edirdi. Fəridə Əliyarbəylinin
"Qonşular” pyesi haqqında xalq artisti, rejissor Vaqif Şərifov öz müsahibələrinin
birində deyirdi: "Yadınıza gəlirsə, 1988-1990-cı illərdə meydanlarda mitinqlər
gedirdi. O zamanlar sanki teatrın bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli
söz o dövr üçün kifayət idi. O dövrlərdə senzura vardı. Xatırlayıram, Fəridə Əliyarbəylinin
"Qonşular” pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlmişdi.
Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatıb, indi polis rəisidir və
ya rüşvət alan təhsil şöbəsinin müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə
senzura bizə qan uddururdu”.
Bütün bunlarla yanaşı
xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə Əliyarbəyli poeziyada olduğu kimi,
bütün səhnə əsərlərində də öz mövzularına daima sadiq qalır, insanın daxili aləmi
ilə yanaşı cəmiyyətdə, ictimai həyatda mövqeyinə də bir sənətkar münasibəti
göstərirdi. Onun son illərdə qələmə aldığı əsərlərində xüsusi olaraq Qarabağ
hadisələri, baş verən olaylardakı faciələr, işğal altında olan yaralı
torpaqlarımızda tökülən günahsız insan qanı, erməni vəhşilikləri bütün incəlikləri
ilə göstərilməklə, xatırlanır, yad edilirdi.
"Əzəldən qəm üstündə
köklənmiş bu dünya, kimsəni sona qədər sevmədi, ani, ötəri sevinclər qəmlə əvəzləndi.
Gələn də, gedən də qəm odunda qovuruldu” deyən Fəridə Əliyarbəyli 2011-ci ilin
dekabr ayında Gəncədə əbədiyyətə qovuşdu. Öz misralarında deyildiyi kim:
Dünya nə qəmlisən yaranışından,
Gələn də peşman, gedən peşman.
Dünya,
nə qəmlisən,
Nə qəmlisən
sən.
Anar Bürcəliyev
Teatrşünas


