Təzad dolu aktyor ömrü

Flora XƏLİLZADƏ.
əməkdar
jurnalist
Təzadlarla dolu bir ömür yaşayıb Rza Əfqanlı.
Hələ uşaqlıq illərindən üzləşdiyi itkilər, ağır dərdlər ahıl çağlarında belə,
varlığından çəkilmirdi. Kədərli gözlərinini dərinliyində bu görkəmli sənətkarın
nələr çəkdiyi sezilirdi. Rza Əfqanlının mədəniyyət tariximizdəki xidmətlərini
araşdırarkən, bir fikrin təsdiqinə varırsan ki, o, son dərəcə istedadlı, sənətinə
bağlı, cəfakeş aktyor olub. İstər mütəxəssislərin rəyinə görə, istərsə də
müasirlərinin xatirələrində Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun
bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında əks olunardı. Səhnəni
çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı
üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və
təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına
çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var
idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini
təbii yarada bilirdi. Sənətşünas İnqilab Kərimov söyləyirdi ki, Rza Əfqanlı bütün
problemlərini, dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən də həyatda nə qədər
dərdli, qəmli hadisələrlə üzləşsə də, səhnədə hər bir obrazın öz geyimində,
formasında, dəyərində olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış, baş qəhrəmana
kimi bütün rollarını cani-dildən yaradırdı.
O,
1899-cu ilin mayında Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. İki
yaşında atası Rüstəmi itirən Rza yetimliyin çox ağır ovqatı ilə üzləşib. Onun
yaşıdları valideynləri ilə birlikdə xoşbəxt həyat sürərkən, Rza 9 yaşında
qapılarda işləməyə, qoyun-quzu otarmağa məcbur olub. Dolanışığın çətinliyi
1912-ci ilin baharında Rzanın Bakıya gəlməsinə səbəb olub. O vaxtlar neft şəhəri
kimi məşhurlaşan paytaxta bir parça çörək dalınca üz tutanlar çox olurdu. Bu səfərlərin
də uğurlu və uğursuzu olurdu. Kimisi həqiqətən də xoş gün-güzəran sahibi olur,
bir başqası isə yenə də işsizlik girdabında əziyyət çəkirdi. Bəlkə də elə bu səbəbə
görə, dörd il sonra Rza Əfqanlı Pyatiqorsk şəhərinə gedib. Burada da həyat onun
üzünə gülməyib. Gah çəkməçi şagirdi işləyib, gah vağzallarda yük daşıyaraq, çörəkpulu
qazanıb. Sonra isə rus ordusunda hərbi xidmətə gedib.

Rzanın hələ
uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub
"teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir
həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkərdi. Bəlkə də elə buna
görə yenidən Bakıya qayıdıb, neft mədənlərində iş axtaran Rza Əfqanlı, ilk növbədə
Sabunçu qəsəbəsindəki dram dərnəyinə yazılıb. Gənc oğlandakı aktyorluq
istedadını ilk dəfə akademik teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən
də yaxşı adamlardan xali olmur. Bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına
çıxması, onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı.
Beləliklə, Rza Əfqanlı Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başladı. Mətn əzbərləmək
qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri
artıq rejissorların da diqqətini çəkirdi. 1923-cü ildə Milli Dram Teatrın
truppasında işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur, 1926-ci
ildə Bakı Teatr Məktəbini bitirir.
Həmin dövrdə azərbaycanlıların sıx
yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir
sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor
və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət
Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılırdı.
1933-34-cü il teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı
Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra
yenidən Bakıya qayıdıb. Milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə
tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli
dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr
əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Bir müddət Sumqayıt Dövlət Dram
Teatrında da aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən,
maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Həyatı kimi səhnə taleyi də
hamar deyildi. Amma bütün bunlara baxmayaraq, Rza Əfqanlının Azərbaycan
teatrına bəxş etdiyi obrazlar cazibədarlığı ilə yaddaşlarda iz salıb. Mütəxəssislərin
fikrincə, hətta eyni tamaşada bir neçə surəti oynayan Rza Əfqanlı, onları elə səpkidə,
məharətlə təqdim edirmiş ki, tamaşaçılar yalnız proqramdakı adların siyahısına
görə onun üç rol yaratdığından xəbər tuturmuşlar.

Səhnədəki
səmərəli fəaliyyətilə əlaqədar 39 yaşında əməkdar, 44 yaşında isə xalq artisti
fəxri adlarına layiq görülən Rza Əfqanlı, 1948-ci ildə Ənvər Məmmədxanlının
"Şərqin səhəri" tamaşasında yaratdığı Fərhad roluna görə Stalin
mükafatı almışdır. O, 1973-cü ildə dünyasını dəyişmişdir.
Azərbaycan
kino sənətinin inkişafında da Rza Əfqanlının özünəməxsus xidməti var. O, həm də
görkəmli kino xadimi sayılırdı. Rza Əfqanlı "Bakılılar", "Kəndlilər",
"Yeni horizont", "O olmasın, bu olsun", "Aygün",
"26-lar", "Dağlarda döyüş", "Qanun naminə",
"Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı obrazları ilə
tamaşaçı rəğbətini qazanıb. Yaxşı ki, aktyorun sənət dünyasından yadigar qalan
bu filmlər var. Yoxsa, teatrda yaratdığı rolları lentə alınmayan Rza Əfqanlı
haqqında müasir tamaşaçılar heç bir təsəvvürə malik olmazdılar. Bu da aktyor taleyidir.
Rza Əfqanlı
həm də ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin inkişafına kömək edirdi. Həyat
yoldaşı Bədurə Əfqanlı (ötən saylarımızın birində bu xanım barəsində geniş yazı təqdim etmişik-F.X.) uzun illər müxtəlif
teatrlarda geyim rəssamı olub. Onun bədii tərtibat verdiyi tamaşalar
orijinallığı və milliliyi ilə seçilirdi. Övladı Ofeliya Aslan uzun illər həm teatrın, həm də kino sənətinin
inkişafında özünəməxsus fədakarlıq göstərib. Ofeliya Aslanın Musiqili Komediya
Teatrında yaratdığı obrazlar bir-birindən duzlu və məzəli olub. Unudulmaz Rza Əfqanlının arzu və düşüncələrini
səhnədə təcəssüm etdirən Ofeliya Aslan görkəmli səhnə ustalarından biri kimi,
tamaşaçılar tərəfindən böyük məhəbbətlə
sevilirdi.
