Ötən yayın əlvan rəngləri uşaqların düşüncəsində - Fotolar
Onlar müstəqil Azərbaycanın
inkişafını yaxşı görür, bununla qürur duyurlar
Oktyabrın 25-26-da paytaxtın Xətai Sənət Mərkəzində "Mənim yay
tətilim-2019" Respublika Uşaq Rəsm Müsabiqəsinə yekun vuruldu. Bəlli
həqiqətdir ki, hər bir istedadın üzə çıxması, inkişafı, böyük uğur qazanması
üçün zəhmətlə yanaşı, münbit şərait və qayğı olmalıdır. Sənət dərnəkləri, uşaq
incəsənət məktəbləri, müxtəlif sənət yarışları və sərgilər də bu işdə böyük rol
oynayır. Müstəqillik illərində ölkəmizdə belə sənət ocaqlarının sayı da xeyli
artıb. On ildir ki, fəaliyyət göstərən Xətai Sənət Mərkəzi belə arzulanan
məkanlardandır. Daha çox gənc və yeniyetmələrinin yaradıcılıq imkanlarının üzə
çıxarılmasına diqqət yetirən Mərkəzdə ötən cümə və şənbə günlərində qələbəlik
yaşanırdı. Xətai Sənət Mərkəzini direktoru Zahid Əvəzov bununla bağlı ürək
sözlərini belə ifadə etdi: "Biz belə sənət yarışlarına ev sahibliyi etməyə
alışmışıq və hər bir sərginin sənətsevərlər üçün yaddaqalan olması üçün
çalışırıq. Məlumat üçün deyim ki, bu il ərzində bir neçə yaddaqalan sərgi
təşkil etmişik. Mayın ortalarında qədim Şamaxı şəhərində "Mənim
Şamaxım", ayın sonlarında - 28 May Respublika Günü ərəfəsində
"Azərbaycanım" II Respublika Rəsm Müsabiqələrinin yekun sərgilərini
sənətsevərlərə təqdim etdik. İyun ayının 1-də tamaşaçılar Xətai Uşaq
Yaradıcılıq Studiyasının üzvü Fatimə Mahmudovanın, 20-də isə 5 yaşlı rəssam
Mədinə İsgəndərovanın rənglər dünyası ilə tanış olublar. Bundan əlavə, bu ayın
əvvəlində böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı "Məndə
sığar iki cahan..." adlı internet müsabiqəsini yekunlaşdırdıq. Əlavə edim
ki, internet müsabiqə-sərgiyə MDB üzvü olan respublikaların gənc rəssamları
tərəfindən 2000 mindən çox əsər göndərilmişdi və həmin rəsmlərdən 100 əsər
yekun sərgiyə buraxılmışdı. "Nəsimi ili" çərçivəsində daha bir
sərgiyə hazırlaşırıq. Həmin sərgi ilin sonlarına yaxın baş tutacaq. Sərgi
"Real həyat- Real incəsənət" adlanır. Adından göründüyü kimi, həmin sərgidə
yaş fərqi qoyulmadan realist üslubda işləyən rəssamların əsərləri yer alacaq.
Bu gün isə gördüyünüz kimi, "arena" yenə gənc rəssamlarındır. Bu
ümiddəyik ki, bu yekun müsabiqə-sərgi də yaddaqalan olacaq”.
Məlumat üçün deyək ki,
məktəblilərin yay istirahətlərinin maraqlı keçməsi və tətil ərzində diqqətini
çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf
etdirmək məqsədi ilə Mədəniyyət Nazirliyi, Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi 3
saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Rəssamlar İttifaqı, Naxçıvan
Rəssamlar Birliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində may ayında "Mənim
yay tətilim-2019" Respublika Uşaq Rəsm Müsabiqəsi elan etmişdi. Bu
tədbirin yaddaqalan keçməsi üçün Bakı şəhəri 1 saylı Uşaq-Gənclər İncəsənət
Məktəbi (UGİM), Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzi, Lənkəran şəhər Uşaq
Rəssamlıq Məktəbi, Buzovna qəsəbəsi 4 saylı UİM, Fikrət Əmirov adına 6 saylı
onbirillik İM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 saylı UİM, Naxçıvan
şəhər Uşaq Musiqi və İncəsənət məktəbi, Gəncə şəhəri UİM, "Vusala's school”,
"Yeni Nəsil" Tədris Mərkəzi, "Bilik yolu" Tədris Mərkəzi,
Biləsuvar rayonu Xırmandalı kənd UİM, "Art School by Rufana”, Əhməd Bakıxanov
adına UİM, Şəki şəhər UİM, Abşeron İdman klubu, "GunXan" Art Studiya,
Şirvan Dövlət Rəsm Qalereyası, Kürdəmir UİM, Bakü Çoçuk Universitesi, 3 saylı
UGİM, Naxçıvan şəhər Qızlar Liseyi kimi tədris mərkəzləri məktəblilərinin,
həmçinin paytaxt və bölgələrimizdən olan ayrı-ayrı uşaqların əsərləri
sərgilənmək üçün seçilib. Seçim zamanı müəllifin yaşı, duyğu və düşüncələri
nəzərə alınmaqla, düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülüb və
imkan daxilində az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən)
əsərlərə yer verilib.
Oktyabrın 25-də (12 yaşa
qədər) və 26-da (12-17 yaş arası uşaqlar üçün) Xətai Sənət Mərkəzində sərgi
üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək,
incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.
Biz salonu gəzərkən, sərgi məkanına
əvvəlcə müsabiqə iştirakçısı olan uşaqlar buraxılmışdılar. Uşaqların çoxu
ekspozisiyada yer alan rəsmləri qarşısında durub narahat-narahat tədbirin
başlanmasını gözləyirdilər. Salona baxdıqca hər bir rəsmdə sanki yayın qızmar
günləri, tətilin unudulmaz anları yada düşürdü. Bir rəsmdə dənizin sahili,
ləpədöyəndə qumdan qala düzəldən uşaqlar, digər rəsmdə ağac altında valideynləri
ilə nahar edənlər uşaqlar, digərində isə bostandan məhsul toplamaqda böyüklərə
kömək edən yeniyetmələr təsvir edilib.
Rəsmlərdə daha çox güllər, çiçəklər əksini tapıb. Bu rəsmlərdə qırmızı çiçəkli
nar ağacları, balalarına yem daşıyan quşlar, süfrələrimizin ən qiymətli neməti
olan taxılın biçilməsi, dağların qoynuna səyahətə çıxan uşaqlar da dönə-dönə
təsvir olunub. Milli naxış və elementlərlə bəzədilmiş xalça və kilimlərimiz də
uşaqların yadından çıxmayıb. Məktəblilərin əl işlərinə baxdıqca, sanki Vətəni
səyahətə çıxırsan, bölgələrimizin gözəl yerlərini gəzirsən. Bu, onu göstərir
ki, yetişməkdə olan nəslin doğma yurda və torpağa bağlılığı güclüdür. Onlar
müstəqil Azərbaycanın inkişafını yaxşı görür, bununla qürur duyurlar. Məsələn,
Bakının 58 saylı məktəbinin şagirdi Səma Əsədovanın yağlı boya ilə işlədiyi
rəsm, ilk baxışda tamaşaçıda xoş ovqat yaradır. Bir kənd həyətinin təsviri
rənglərlə çox duyumlu hala gətirilib. Uca ağacların əhatə etdiyi evin həyətində
yaşıl otlar boy verib. Bir qadın o kölgəliyin altında ocaq qalayıb... Biləsuvar məktəblisi Gülnar Rüstəmli heyva
və nar dolu xurcunun fonunda gözəl gəbəni ustalıqla işləyib. Hiss olunur ki,
Gülnar milli naxışlarımıza yaxşı bələddir. Onun rəsmindəki əlvan boyalar
tamaşaçını heyran edir. Biləsuvarın Xırmandalı kəndindən olan digər gənc rəssam
Şəbnəm Əzimovanın işlədiyi bir kənd həyətinin təsviri də heyranlıq yaradır.
Fikrimizcə, hər iki məktəblinin rəsmləri daha geniş sərgi salonlarını bəzəməyə
layiqdir.
Bakı şəhərindəki 258 saylı
məktəbin səkkizinci sinif şagirdi Ayxan İsazadə təsviri sənət dərnəyinə getmir.
Amma gözəl rəsmlər çəkir. Onun müsabiqə-sərgiyə təqdim etdiyi rəsmi
"Dincəliş" adlandırmaq olar. Əsərin kompozisiya və rəng həlli
uğurludur. Bu, onun yaxşı müşahidə qabiliyyətinə malik olduğunu göstərir.
Ayxanla söhbətimizdə, bildirdi ki, indiyədək bir neçə müsabiqədə iştirak edib
və qalib olub. Ulduz Bəkirovanın (Ucar rayonu) "Laləli güldan", Namiq
Məmmədlinin (Biləsuvar rayonu) təbiət mənzərəsi, Əli Əzizovun (Lənkəran rayonu)
"Torpağın nemətləri", Zəhra Bəşirovanın (Lənkəran rayonu) "Vətən
sevgisi", Zəhra Yusibovanın (Abşeron rayonu) "Təbiətin
qoynunda", Lalə Qəmbərlinin (Fikrət Əmirov adına 6 saylı onbirillik İM)
"Çiçəklər arasında" rəsmləri də uğurlu əl işləri idi.
Xətai Sənət Mərkəzində təşkil
edilən sərgidə yaxşı cəhətlərdən biri, təcrübəli fırça və tişə ustaları ilə
yeniyetmə və gənclər arasında canlı ünsiyyətin yaradılmasıdır. Bu, gənc rəssamların,
belə demək olarsa, ustadlardan məsləhət almaları və təsviri sənətdə yeni yollar
axtarmaları üçün şərait yaradır, onları daha yaxşı işləməyə ruhlandırır.
Xeyli vaxtdır ki, hər səhər
məktəb zəngi uşaq və yeniyetmələri sinif otaqlarına səsləyir. Lakin onların
çoxu hələ də ötən yay tətilinin xoş təəssüratları ilə yaşayır, o aylarda
gördüklərini, oxuduqlarını xatirə dəftərinə köçürür, rəngi-rəngə calayaraq
unudulmaz edirlər - "Mənim yay tətilim-2019" Respublika Uşaq Rəsm
Müsabiqəsində tanış olduğumuz rəsmlər kimi.
Səməd Məlikzadə