Tələbəyə kredit?
Ekspertlər deyirlər ki, kreditlə təhsil haqqını ödəyəcək şəxslər
problemli kreditora çevrilməməlidirlər
Bir
neçə il əvvəl tələbələrə kömək məqsədi ilə Maarifçi Tələbə Kredit Fondu
yarananda, təhsil haqqını ödəməkdə çətinlik çəkən, oxumaq arzusu olan imkansız
tələbələr dərindən nəfəs aldılar. "Problemin həlli çözüldü” - deyə kasıb
ailələrin ali təhsil almaq istəyən övladları özəl də olsa, yaranan Fondun
onlara dəstəyini sevinclə qarşıladılar. Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali
təhsil müəssisələri tərəfindən təsis edilən Fondun missiyası aztəminatlı ailələrdən olan
tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər
imkanların yaradılması idi. Pilot layihə kimi yaradılan Fondun fəaliyyətindən yararlananlar da
oldu, şərtlərə uyğun gəlməyərək əli quruma çatmayanlar da. Qeyd edək ki,
”Maarifçi” fəaliyyətini bu gün də davam etdirir.
Bu
günlərdə ölkə başçısının Fərmanı ilə "Təhsil Tələbə Krediti Fondu”nin yaradılması isə
imkansız ailələrin öləziyən ümidlərinə yenidən işıq yandırdı. Təhsil naziri Emin Əmrullayev ötən
həftə mövzu ilə bağlı keçirdiyi brifinqdə Fond ətrafında yaranan suallara
aydınlıq gətirdi. Kredit Fondunun ali təhsildə mühüm dəyişikliklərə gətirib
çıxaracağını qeyd edən təhsil naziri, tələbə kreditlərinin öz hesabına təhsil
alan tələbələri əhatə edəcəyini, daha çox
bakalavr və magistr səviyyəsi üzrə kredit olacağını, təhsil kreditinin tədris
ili üzrə veriləcəyini, yalnız Azərbaycandakı
universitetlər üçün nəzərdə tutulduğunu, tələbənin təhsil haqqının tam və ya qismən ödənilə biləcəyini, şəhid ailələri,
əlilliyi olan şəxslərlə bağlı şərtlərin dəyişmədiyini, amma ödənişli şərtlərlə
oxuyanların kredit ala biləcəyini, o cümlədən, kreditin, böyük ehtimalla,
Azərbaycanda təhsil alan xarici tələbələrə şamil ediləcəyini qeyd etdi.
Ümumilikdə, əsas məqsədin ali təhsildə əlçatanlığın təmin olunması, təhsildə
bərabər imkanların yaradılması olduğu vurğulanıb. Əlbəttə, Fondun fəaliyyəti
ilə bağlı konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və
Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bununla belə, təhsil
ictimaiyyəti, sıravi vətəndaşlar, ali təhsil almağı düşünən gənclər üçün açıq
qalan suallar var. Məsələn, Kanadanın
Vaterloo Universitetinin professoru İlham Axundov "Təhsil Tələbə Kredit
Fondu”nun yaradılmasını təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədi
daşıdığını qeyd edib və onu narahat edən məsələləri önə çəkib: "Tələbələrimizin
neçə faizinin kreditə ehtiyacı olduğu və kredit şərtlərini ödədiyi ilə bağlı
hər hansı bir araşdırma-sorğu aparıldımı? Kanadada bu, 51% təşkil edir.
Tələbələrin bir çoxları bu krediti götürəndə geri ödəmə zamanı nə etməli olduğuna
çox fikir vermirlər. Geri ödənişlər necə olacaq? Və daha da əhəmiyyətlisi,
ödəyə bilməzsinizsə nə baş verəcək? Bu sualların cavabları indi verilməlidir.
Əks halda, qorxuram ki, kredit borcları və qeyri stabil iş bazarı şəraitində
məzun olan tələbələrimiz daha da ağır vəziyyətə düşsünlər. Ümid edirəm ki, bu,
belə olmayacaq və Təhsil Nazirliyi bu suallara aydınlıq gətirəcək”.
ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə
professoru Fariz Hüseynli "Facebook” hesabında Kredit Fondunun
yaradılmasına toxunaraq Amerikada 1
trilyondan çox tələbə borcunun yığılması fonunda məsələyə ehtiyatla yanaşdığını
qeyd edib. Onun fikrincə, kreditin olması ali məktəbləri təhsil haqlarını
artırmağa sövq edəcək: " Təhsil haqqının əsaslandırılması və təhsilin
keyfiyyəti, iqtisadi təsirlə əlaqələndirilməsi vacibdir. Ümid edirəm, kredit
imkanı, təhsil haqlarına görə orta bacarıqlı şagirdlərin həvəsdən düşməsinin
qarşısını alar. Kreditlərin yığılma mexanizmi, ödənməmə riskləri və s. də məni
maraqlandırır. Şəffaf əmək bazarı və maliyyə sistemi olmalıdır, həm də.
Bankların "moral hazard” problemini də idarə etmək və faizləri müəyyən edən
mexanizmləri də qurmaq vacibdir”.
Rusiyada
hesab edirlər ki, dövlət dəstəyi ilə təhsil kreditləri, yüksək keyfiyyətli ali
təhsil və yaxşı bir iş əldə etməyə kömək edir. Tələbələr arasında keçirilən
sorğuda bütün respondentlər təhsil kreditlərini digər kredit növləri ilə
müqayisə edərək şərtlər baxımından üstünlüklərini qeyd ediblər. Anket iştirakçılarının fikrincə, təhsil kreditlərinin ruslar arasında
populyar olmamağının əsas səbəbi əhalinin bu fürsət barədə məlumatlarının az
olmasıdır. Digər tərəfdən, bu, övladlarının təhsili üçün son qəpiklərini ödəyən
valideynlərin və onların hər hansı bir kreditə qərəzli yanaşmalarının
nəticəsidir: "Bir insanın öz təhsili üçün məsul olması fikri cəmiyyətimizdə
hələ də populyar deyil. Gənclər təhsilləri üçün kredit əldə etməli və onun
qaytarılmasına məsuliyyətlə yanaşmalıdırlar” - deyə respondentlər düşünürlər.
Təbii ki, tələbə
təhsil haqqını ödəyə bilməyəndə, bu, universitet üçün də problem yaradır.
Təhsil krediti, hər şeydən əvvəl universitet üçün maliyyə dayanıqlığı deməkdir.
Digər məsələ, vətəndaşın kreditə necə yanaşacağıdır. Vətəndaş-bank
təcrübələrindən çıxış etsək, bu istiqamətdə problem kifayət qədərdir. Kreditə
müraciət edən valideyn və ya tələbə özünü yetərli qədər məsuliyyətli hiss
edəcəkmi? Və ya Fond, ehtiyacı olan və gələcəkdə krediti ödəmək məsuliyyətini
hiss edən hər tələbənin üzünü güldürə biləcəkmi?
Xatırladaq
ki, Azərbaycanın 54 ali təhsil
müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti
hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət vəsaiti hesabına
oxuyur. Bu o deməkdir ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 110
minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Bu baxımdan ali təhsil
müəssisələrimizin mənzərəsinə nəzər salan təhsil
eksperti Kamran Əsədovun fikrincə, hələ
2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda Təhsilin İnkişaf
Fondunun yaradılması nəzərdə tutulsa da, həyata keçməyib. Nəticədə son 7 il
ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə
universitetlərdən xaric edilib. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin
təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub: "Avropa
ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan
və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla
Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3
növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri
müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı
oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda
təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji
qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də
var. Kreditlərin mənbəyi kimi, adətən dövlət resursları çıxış edir. Amma
dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə
bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə
faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır.
Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır,
5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin
inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır”.
Ekspert bildirir ki,
müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil
kreditləşməsi tətbiq olunmağa başlayıb: "Qardaş Türkiyədə də bu kredit sistemi
mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Avstraliyada təhsil
kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri
örtəcək həcmdə olur – 1-2 faiz”. K.Əsədov bildirir ki, hazırda ölkəmizdə
tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil: "Verilən kreditlər də
"Maarifçi” Fondunun kreditidir. O fond da özəldir və büdcəsi yoxdur”. Ekspert
hesab edir ki, gələcəkdə problemin yaranmamağı üçün Fondun fəaliyyət mexanizmi
mükəmməl olmalıdır: "Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi
işlə təmin olunur. Bu mexanizmin üzərində işləmək lazımdır. Çünki kredit
götürüb təhsil haqqı ödəyəcək şəxslər, potensial problemli kreditora çevrilir.
Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan vəsait
də 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki,
kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana
çevrilməli deyil. Həm də kredit verilən tələbələr sonra işlə təmin edilməlidir
ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər”.
Açıq qalan suallarda da,
səslənən fikirlərdə də həqiqət çoxdur. Sualların cavabı isə yalnız Fərmandan
irəli gələn məsələlər həllini tapandan və icra olunmağa başlayandan sonra
tapılacaq. Ümid edək ki, bu Fondun fəaliyyəti, sədası o qədər də eşidilməyən
"Maarifçi”dən daha proqressiv və aktiv olacaq!
Təranə Məhərrəmova