SVETLANA İSMAYILOVAYA AÇIQ MƏKTUB
1107
02 mart 2019 | 11:00
Məktubun
dəbdən düşdüyü bir vaxtda sənə məktub yazmağımın səbəbi bu oldu ki, çox
uzaqdasan, qoy külli-aləm bilsin, mənə
necə doğmasan. Sənin jurnalistikamızda,
nəsrimizdə, kino sənətimizdə hansı xidmətlərin var. Ömrünün 80-ci baharını
tamamlayırsan. Bir həmkar, bir müəllim,
bir dost kimi bizə çox əzizsən. Elə məziyyətlərin sahibisən ki, həmişə örnəksən!
Bu sevgini isə hamı qazana bilmir. Müjdə gələ ki, günün birində Bakıya
gəlirsən. Görüşünə gələnlərin izdihamı başlayar. Nə isə…
Bilirəm
ki, repressiyaların səngimədiyi illərdə Bakıda doğulubsan, 1958-ci ildə BDU-nun
jurnalistika fakültəsini bitiribsən. 1973-cü ildə Azərbaycan Elmlər
Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun kino sənəti üzrə dissertantı olubsan.
Bilirəm ki, "Azərbaycan gəncləri”
qəzetindən başlayaraq müxtəlif yaradıcılıq təşkilatlarında çalışıbsan. Hətta
bir müddət Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olubsan. Tələbəlik
illərindən başlayaraq mətbuatda müxtəlif janrlı yazılarla çıxış etmiş və ədəbi
ictimaiyyətin diqqətini çəkibsən. Bizlər də elə sənin işığına uçaraq jurnalistikaya
bağlanmışıq. Sənin səmimiyyətin, sadəliyin, əməksevərliyin, həssaslığın,
sədaqətin həm səni fərqləndirib, həm də sevdirib, hörmət qazandırıb.
Xasiyyətin kimi, qələmin də orijinallığı ilə
seçilib. Xalq yazıçısı Əzizə Cəfərzadə 1997-ci ildə sənin barəndə belə yazırdı:
"Mən bu xanımın bir çox yazılarını ürəkdən bəyənirəm, onlar istər mövzusu,
istərsə də yazılışına görə fərqlənirlər. Bu çətin, mürəkkəb dövrdə yaxşı ovqat,
xeyirxah əhval-ruhiyyə, ürəyi açıqlıq və gülüş yaradırlar. Yeri gəlmişkən,
Svetlananın özü də böyük həyat eşqli, xeyirxah biçimli, diqqətcil, qayğıkeş
insandır… Xalqının mədəni irsini, ədəbiyyat, tarix kimi böyük sərvətlərin
bilicisi və qoruyucusudur. O, işinə məhəbbətlə yanaşan, adamlarla mədəni və
səliqə ilə davranan, həm də gözəl təşkilatçıdır. Yaxşı cəhəti bir də odur ki,
yazıçılığa, kino yaradıcılığına əsas meyli jurnalist bacarığından, jurnalist
peşəsini sevdiyindən irəli gəlir. İstər kino, istər bədii yaradıcılıq, tərcümə -
bir sözlə, nə edir-etsin, jurnalist dəqiqliyi, jurnalist gerçəkliyi onun
qələmini heç vaxt tərk etməyib. Yaxşı zövqü, sərraf seçimi var. Xalqının
böyüklü-xırdalı, görkəmli şəxsiyyətlərini yaxşı tanıyır.”
Unudulmaz
yazıçımızın dediyi kimi, sən çoxumuza əziz və doğmasan. Əzizə xanım mənə ali məktəbdə dərs dedi,
öyrətdi, sən də mənim həyat müəllimim oldun, əziz Svetlana xanım! Sizi birləşdirən o qədər cəhətlər var ki… Hər
ikiniz dünyaya fərdi baxışlarınızla seçilirsiniz. Əzizə xanımdan sonra mənim
yeganə dərddaşım sən oldun, Sveta xanım! Səni mənə sevdirən təkcə zəngin
yaradıcılığın deyil, həssaslığın, mehribanlığın, sözünə sadiqliyin, insana,
Vətənə olan dərin sevgindir. Telefon zənglərimiz azalan kimi keçirdiyim həyəcanı,
səsini eşidən kimi məni çuğlayan sevinci ifadə edə bilmirəm. Nə bir bölgədə
doğulmuşuq, nə yaşıdıq, nə də qohum, amma mənə çoxundan əziz və doğmasan, sənə
həmişə mənəvi ehtiyacım var. Sənin məsləhətlərin, sənin məntiqli düşüncələrin
həmişə qolumdan tutur, məni ən ağır əsəbi vəziyyətdən xilas edir. Nümunəm və
örnəyim Svetlana Rəhimqızı!
Biz heç zaman
unuda bilmərik ki, sənin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərin var.
Sən təkcə jurnalistika ilə məşğul olaraq məqalələr yazmayıbsan ki… Bir sıra
sənədli, animasiya filmlərin və "Mozalan” satirik jurnalında gedən süjetlərin müəllifi olubsan. Xarici ölkələrdə
istehsal olunmuş 70-ə qədər bədii filmin rus dilindən Azərbaycan dilinə
tərcüməsi məhz sənə məxsusdur. Kino sənətinin tarixini araşdırarkən, bu sahədə
Svetlana İsmayılovanın zəhməti göz önünə gəlir. Sənin ssenarin əsasında
Azərbaycan alim və yazıçılarına həsr olunan
silsilə sənədli filmlər ayrıca bir tədqiqatın mövzusudur. Görkəmli
yazıçımız Əzizə Cəfərzadənin həyatından bəhs edən "Ağ saçların işığı”, tarix
elmləri doktoru Püstəxanım Əzizbəyova haqqında "Dünyanı gözəllik xilas edəcək”
sənədli filmlərin xüsusilə diqqətə layiqdir.
Yadımdadır ki, Kür çayına həsr etdiyin "Ana Kür” sənədli filminin uğurlu
ssenarisinə görə "Həsən Əliyev mükafatı”na layiq görüldün. Bir daha xatırladım ki, ötən əsrin
sonlarından 2001-ci ilə qədər Azərbaycanfilm Kinostudiyasında aparıcı redaktor
kimi çalışmağın həqiqətən də bəhrəli oldu. Əlbəttə, təkcə yaradıcılığın deyil,
bir müddət Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi
fəaliyyət göstərməyin də sənə necə rəğbət gətirmişdir. Sən tələbələrin ən yaxın
hamisinə, dostuna çevrilmişdin. Dosent idin, tələbələrə kino dramaturgiyasından
dərs deyirdin. Kino sahəsindəki xidmətlərinə görə müxtəlif diplomlara,
mükafatlara layiq görülmüşdün.
Sənin
yazıçılığın da həmişə məhsuldar idi. İstər nasir, istərsə də publisist kimi öz
seçimin, öz mövzun olub. Rəfimdə sıralanmış incilərə baxıram. İlk kitabın
"İncəsənət əbədi və ölməzdir” adlanır. Burada Fikrət Əmirovdan başlamış Tahir
Salahova kimi Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında böyük
xidmətləri olan şəxsiyyətlər barəsində qələmə aldığın yazıların toplanıb. "Çinarım mənim”, "Vaxt var idi…” adlı
kitabların da oxucular tərəfindən maraqla qarşılanıb. Mövzuların həmişə maraqlı
olub. Bir həssas yazıçı kimi mənəviyyat aləmini diqqətdə saxlamağın sənə oxucu
rəğbəti gətirib. Xüsusilə gözlənilməz hadisələri, bəzən də sadə təsir
bağışlayan əhvalatları özünəməxsus yazı tərzində elə şərh edərək
mənalandırırsan ki, sənin münasibətinə, təqdiminə heyrətlənməyə bilmirsən. Çox
sevdiyim "Qürur” adlı bir sənədli hekayəndən dəfələrlə söz açmışam. Sadə
adamları məhəbbətlə ədəbiyyata
gətirməyin məni həm sevindirib, həm də düşündürüb. Adını çəkdiyim hekayənin
qəhrəmanı məhəllədə süd, qatıq satan Havanisə xaladır. On beş ildir ki,
qonşular bu mülayim qadından həmişə süd, qatıq, qaymaq alırdılar. Havanisə məhəllləni
beş barmağı kimi tanıyırdı. Bu adi alış-veriş sahibinin həyatını qələmə almaqla oxuculara qara
taleli, tənha bir qadının zəngin dünyasından söz açıbsan. Gəldiyin nəticə çox
düşündürücüdür. O, bu əziyyəti ona görə çəkir ki, onun hardasa yolunu gözləyən
var. İnsan səsi eşidir, insan nəfəsi duyur. Həqiqətən müəllifin yozumu çox təsirlidir. İnsana insan
kimi diqqət yetirmək, mərhəmət göstərmək, qürur və ləyaqətini qorumaq gərəkdir.
Çoxumuzun
dostu, müəllimi, sevimlisi olan Svetlana xanım, illərdir ki, Almaniyanın
Düsseldorf şəhərində yaşayırsan. Kino sənətinə olan məhəbbətin burada da səni
tərk etməyib. Düsseldorf Kino Sənəti Biliciləri klubunun üzvü kimi Azərbaycan
mədəniyyətinin təbliği ilə məşğulsan. Sən vətəndən uzaqda da Vətənə xidmət
edirsən.
Mənə elə
gəlir ki, sənin yaradıcılığından söz açanda iki şah əsərindən danışmaq yerinə
düşər. Bu, sənin sevimli qızların -
Samirə və Elnarə İsmayılova bacılarıdır. Samirə Patzer İsmayılova Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidentidir. Elnarə İsmayılova
Bethovenin vətənində vokal ifaçılığının təntənəsini nümayiş etdirərək dəfələrlə
qızıl medallar alıb. Xalq rəssamı Tahir Salahov bu barədə yazır: "Svetlana
özünün sənət eşqini, musiqi, ədəbiyyat
savadını istedadlı musiqiçi qızlarına da verə bilmişdir. Mən fəxr edirəm
ki, bu ziyalı qadın - Svetlana İsmayılova bizim ailənin dostu və sadiq
yoldaşıdır. Yazıları bəlkə də fenomen deyil, amma elə səmimidir ki, onun
vasitəsilə insan müəlliflə ünsiyyətə girə bilir.”
Bir-neçə il
öncə Bakıya gəlmişdin. Çoxumuzla görüşdün. Pərvanə kimi başına yığışmışdıq. O
görüşün və ayrılığın kövrək məqamını indi də olduğu kimi xatırlayıram. Yenə də
səni sevənlərin əhatəsində idin. Zərif təbiətindəki böyük hünərin, torpağa
bağlılığın, millətinə olan səngiməz məhəbbətin dolu gözlərində daha çox
bilinirdi. Xiffətqarışıq fərəhlə pıçıldayırdın: "Bakı çox dəyişib, büsatına,
bağına, parkına, yeni xiyabanlarına, körpülərinə, yollarına baxdıqca ürəyim
açıldı. Mən burdan gedəndə doğma şəhərimiz hisin, tozun içində idi. İndi
maşallah, açığı, gözlərimə inanmadım, şəhərimiz nə qədər gözəlləşib?!”
…Almaniyada
yaşasan da, fikrin-zikrin Bakıda olan əziz Svetlana xanım, nə yaxşı ki, səsini
tez-tez eşidə bilirəm. Amma nə gizlədim ki, ana nəvazişinə, bacı qayğısına,
dost dayağına elə ehtiyacım var ki… Anamdan, bacımdan sonra sən bu ağırlığı
zərif çiyinlərinə mətanətlə götürmüşdün ki… İstərdim ki, bu ad günündə sənin
sevdiyin çiçəklərlə, güllərlə təbrikə gələrdim. Amma yenə də sözə sığındım.
Ömrünün 100-də görüşmək arzusu ilə sənə bu misralarla üz tuturam:
Ələndi ələkdən
keçdi çoxları ,
Sənsən
ələk üstə qalanım, dostum.
Mehrindən
kövrələn bulud olmuşam,
Duman tək başına
dolanım, dostum…
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist