Sovetlərin söndürdüyü ziyalı ocağı

Arxiv sənədləri ilə tanış olarkən bəlli olur ki, 1920-ci il aprelin
28-də təşkil edilən Azərbaycan Sovet Sosialist Respublikası hökumətinin
heyətində olanlardan bir nəfər də öz əcəli ilə ölməyib. Bu haqda qocaman
tədqiqatçı-yazıçı Manaf Süleymanlı yazır: "Ümumiyyətlə, istər dövlət, istər
hökumət, istərsə partiyadakı ilk elitaya daxil olan şəxslər əksərən
güllələndilər, ya da sürgündə, qarlı, buzlu, şaxtalı diyarlarda, vətəndən
uzaqlarda vətənsiz, millətsiz öldülər...” Onlardan biri də "1925-ci ilin mart
ayından AK(b) P MK-nin qərarı ilə Azərbaycan SSR ədliyyə naziri və respublika
prokuroru vəzifəsinə təyin edilən, XX əsr Azərbaycan mətbuatının yaranması və
inkişafında mühüm xidmətləri olan, istedadlı jurnalist, publisist, redaktor
Böyükağa Talıblı idi.
Abdulla Şaiqlə tanışlıq
Böyükağa Talıblı 1897-ci ildə Salyanda, Mirqasım kişinin ailəsində
dünyaya göz acıb. Əslən Masallıdan olan Mirqasım kişi zəmanəsinin savadlı,
mədəni və mütərəqqi fikirli şəxslərindən biri idi. İbtidai təhsilini kənd
mədrəsəsində aldıqdan sonra Lənkəranda rus-tatar məktəbində oxumuş və rus
dilini yaxşı öyrənmişdir. Məktəbi bitirib Salyana gəlir və taleyini ömürlük bura
bağlayır. 1893-cü ildə Salyanda Badam adlı bir qızla evlənir. Üç oğul, üç qız
atası olan Mirqasım çətinliklə də olsa övladlarının təhsilə yiyələnməsinə nail
olmuşdur. Böyükağa da bacı və qardaşları kimi ilk təhsilini kənd mədrəsəsində
alır. 1906-cı ildə atası onu Salyandakı rus-tatar məktəbinə qoyur. 1909-cü ildə
o, bu məktəbi qurtarır və qardaşı Cəlillə Bakıya gəlib, Bakı realnı məktəbinə
daxil olur. Bu zaman Böyükağanın 12 yaşlı var idi. İlk dəfə gördüyü şəhər
həyatı onun üçün maraqlı olduğu qədər də, çətin idi. Qərib şəhərdə bu çətinliyi
ona unutduran müəllimləri Abdulla Şaiq və onun qardaşı Axund Yusif Talıbzadə
oldu. Onların xoş rəftarı, səmimiyyəti, qayğıkeşliyi Böyükağanı daha çox sözə,
ədəbiyyata, mətbuata meylləndirir. Bu haqda illər sonra Böyükağanın tələbə yoldaşlarından
biri yazırdı: "Böyükağa hələ III sinifdə oxuyurdu. O, "Yaxşı məsləhət hər
şeydən yaxşıdır” adlı ilk əsərini Abdulla Şaiqə oxuyarkən, müəllimimiz onu çox
bəyəndi və çap olunmasını məsləhət gördü. Sonra da A.Şaiqin köməkliyi ilə əsər
Orucov qardaşlarının mətbəəsində çap olundu”. Böyükağa Talıblı mətbuata da
A.Şaiqin köməkliyi ilə gəlir. İlk olaraq "Məktəb” və "Açıq söz” mətbu orqanları
ilə əməkdaşlıq edən B.Talıblının jurnalistlik fəaliyyətini illər sonra
tədqiqatçılar şərti olaraq iki dövrə bölürlər: "Birincisi 1913-cü ildən 1920-ci
ilə qədər, ikincisi isə 1920-ci ildən 1937-ci ilə qədər olan dövr”.
Petroqradda başlayan siyasi
fəaliyyət
1916-cı ildə Bakı realnı məktəbini bitirən Böyükağa təhsilini davam
etdirmək arzusunda olsa da, maddi çətinlik qarşısını kəsir. O Salyana qayıdır
və yeni açılan realnı məktəbdə müəllimlik etməyə başlayır. Bir il sonra daha
yüksək təhsilə yiyələnmək üçün Petroqrada gedir. 1917-ci ilin 27 iyununda 1-ci
Nikolay adına Petroqrad Texnoloji İnstitutuna qəbul imtahanlarını
müvəffəqiyyətlə verib, mexanika şöbəsinə daxil olur. Bu zaman maddi
çətinliklərlə üz-üzə qalan Böyükağa əvvəl çörəkxanada işləyir. Sonra isə Çingiz
İldırımın köməkliyi ilə Petroqrad Şimal Vilayət Millətlər Komissarlığı müsəlman
şöbəsinin orqanı olan "Hürriyyət” qəzetində işləməyə başlayır. Hətta az vaxtdan
sonra onu qəzetə redaktor təyin edirlər. B.Talıblının siyasi fəaliyyəti də elə
bu qəzetdən başlayır və o, 1918-ci ildə RK (b) P-sı sıralarına daxil olur.
Bununla da B.Talıblının həmin illər pedaqoji və publisistik fəaliyyəti qismən
arxa plana keçir, o, daha çox siyasi işlərlə məşğul olur. 1920-ci ilin mayında RK (b) P MK-nın qərarı
ilə B.Talıblı Azərbaycana ezam edilir. Azərbaycanda siyasi fəaliyyətini əsasən
mətbuatda davam etdirən B.Talıblı "Zəhmətkeşlər gözü” (1920), "Azərbaycan
füqərası” (1920) və "Kommunist” (1921) mətbu orqanlarına qısa müddət
redaktorluq da edir. 1923-cü ildə partiyanın tapşırığına əsasən Tiflisə gedir.
Tiflisdə Azərbaycanın iqtisadi müvəkkili vəzifəsində və Zaqafqaziya ölkə
komitəsi yanında yaranmış türk nəşriyyatında çalışır. "Yeni fikir” qəzetini
redaktə etməklə yanaşı, "Zarya vostoka” qəzetində publisistik məqalələrlə çıxış
edir. 1924-cü ilin sonlarında Azərbaycan MK-i tərəfindən Bakıya çağırılan
B.Talıblı AK (b) P MK-nın qərarı ilə Azərbaycan SSR ədliyyə naziri və
respublika prokuroru vəzifələrinə” təyin edilir.
Yaradıcılığa görə vəzifədən
imtina edir
Çox maraqlıdır ki, belə gənc yaşlarında yüksək vəzifələrdə olmasına
baxmayaraq, B.Talıblı ədəbiyyata, mətbuata olan marağını nəzərə alaraq, bu
vəzifələrdən imtina edir (bu gün üçün heç də inandırıcı olmasa da, amma
faktdır). "Azərbaycan MİK-in 23 oktyabr 1926-cı il tarixli qərarında deyilirdi:
B.A.Talıblının ərizəsi və xahişi nəzərə alınaraq, Azərbaycan SSR ədliyyə naziri
və respublika prokuroru vəzifələrindən azad edilsin”.
Bundan sonra B.Talıblı partiyanın tapşırığı ilə qısa müddət ərzində
bir necə vəzifəyə təyin edilsə də, əsasən yaradıcılıqla məşğul olur. 1926-cı
ildə çap etdirdiyi "Erkək Tükəzban” hekayəsi oxucular tərəfindən böyük maraqla
qarşılanır və "Pravda” qəzeti əsəri yüksək qiymətləndirir. Rus, fars, ərəb
dillərini çox yaxşı bilən B.Talıblı bu illərdə tərcümə ilə də məşğul olur.
L.Tolstoyun "Hacı Murad” əsərinin tərcüməsi elmi ictimaiyyət tərəfindən yaxşı qarşılanır.
"Yeni buruq” dramı, "Kef içində” pyesi, "Tövbə” "Xortdan”, "Qırx zopa” əsərləri
1937-ci ilə qədər orta məktəblər, texnikumlar üçün hazırlanan proqram və
dərsliklərdə xüsusi yer tutur”.
Dövrün aparıcı mətbu orqanları olan və sovetləşməni ölkəmizdə çox
güclü təbliğ edən "Kommunist”, "Ədəbiyyat”, "İnqilab və mədəniyyət” mətbu
orqanlarında müntəzəm çıxış edən B.Talıblı 1934-cü ildə Azərbaycan Sovet
Yazıçıları İttifaqına üzv olur. O, 1930-cu ildən siyasi fəaliyyətdən çox,
yaradıcılıqla məşğul olur.
6 ay çəkən cəhənnəm
əzabından sonra...
Sədaqətlə qulluğunda durduğu hökumət artıq 1936-cı ilin sonundan
Böyükağanı da "xalq düşməni” etməyin planlarını cızdı. 1936-cı il dekabrın
25-də Azərbaycan K (b) P Voroşilov rayon komitəsi imzasız məktub əsasında Böyükağa
Mirqasım oğlu Talıblını "aşkar edilməmiş milli-təmayülçü kimi” partiya
sıralarından çıxarmışdır. Artıq səksəkəli günlər başlamışdır. 1937-ci ilin
yanvarın 9-da Böyükağanı həbs etdilər. Dindirməni ilk olaraq müstəntiq Xoren
Qriqoryan və Markaryan aparırlar. İstədikləri ifadələri B.Talıblıdan ala
bilmədikdə ona amansızcasına işgəncələr verdirirlər. Nəhayət 6 ay çəkən bu
cəhənnəm əzabından sonra B.Talıblı Xoren Qriqoryanın və Markaryanın diktəsilə
Sumbatova bir ərizə yazır: "6 ay ərzində mən istintaqa səmimi ifadələr
verməmişəm. İndi isə partiya və Sovet hökuməti qarşısında tamamilə təslim olub
müqaviməti dayandırıram. Mən əksinqilabi millətçi təşkilatın üzvüyəm və bu
məsələ ilə əlaqədar ətraflı ifadələr vermək istəyirəm. Mənim işim üzrə
istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm”.
Bu zaman "Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında
Seyfulla Şamilovun "Ədəbiyyatda bolşevizm ideyaları uğrunda” sərlövhəli
məqaləsi çap edilir. Məqalə müəllifi yoldaşlarından Əli Nəzmi və Əli Razinin
yaradıcılığını tənqid etməklə kifayətlənməyərək, onların şəxsi həyatını da
təhqir obyektinə çevirir. B.Talıblını isə "Səməd Mənsuru, Əhməd Cavadı öz
qanadı altına almaqda” günahlandırır. Dünənəcən B.Talıblı ilə yazıb-yaradan
"qələm yoldaşları” dönüb düşmən olurlar. İstintaq materiallarından aydın olur
ki, Böyükağa Talıblıya necə dözülməz işgəncələr verilibsə o, kürəkəni Əbüsalam
Səmədovun da müsavatçı olduğunu "etraf edib”. Bu dəhşətli iztirablar,
işgəncələr, təhqiramiz ittihamlar Talıblının səhhətində qısa bir vaxtda
problemlər yaradır. Ona görə tez-tələsik 1937-ci ili sentyabrın 14-də
B.Talıblının işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilir
və sentyabrın 20-də ittiham qərarı yazılır. Qərara əsasən 1937-il oktyabrın 12-də
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası oldu. İclas saat
15.05-də başladı. Müttəhim Talıblı özünün günahkar olduğunu etiraf etdi. İclas
saat 15.25-də bağlandı. Hərbi Kollegiya Böyükağa Talıblını ən ağır cəzaya-güllələnməyə
məhkum etdi. 1937-ci il oktyabrın 13-də B.Talıblı güllələndi”.
B.Talıblı güllələnəndən bir-necə ay sonra onun ömür-gün yoldaşı Natalya
Mixaylovnanı həbs edərək, sürgün edirlər. Beləliklə, Azərbaycana "xoşbəxtlik
gətirən sovetlər” bir ailənin də işığını söndürür, ocağını qaraldır, yuvasını
dağıdır. Nədənsə, bu gün də bəzi mənbələrdə yazılır ki, B.Talıblı 1939-cu ildə
vəfat etmişdir. Bəzi ensiklopediyalar da belə yanlışlıqlardan xali
deyil...
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
