• cümə axşamı, 29 may, 09:55
  • Baku Bakı 20°C

Sovet adamlarından qorxan Sara xanım

06.01.15 10:15 6745
Sovet adamlarından qorxan Sara xanım
“Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var ki, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər”. Bu sözləri milyonlarını Azərbaycan maarifinə sərf etməkdən usanmayan mesenat H.Z.Tağıyev 4 may 1896-cı ildə M.Şahtaxtlıya unvanladığı məktubda söyləmişdir. O, Tağıyev ki, təkcə Bakıda acdığı ilk müsəlman qız məktəbinin fəaliyyəti üçün 325 min manat xərcləmişdir. Belə min-milyon manatlarını can-başla xalqı yolunda sərf edən H.Z.Tağıyevin qızı Sara xanım isə Sovetlər Azərbaycanında acından öldü.
Hörmətli oxucu! Bir neçə nömrə bundan əvvəl Sizə mədəniyyətimizin, maarifimizin, mətbuatımızın inkişafında ölçüyəgəlməz dərəcədə əməyi olan H.Z.Tağıyevin ömür gün yoldaşı (ikinci) Sona xanım Tağıyeva haqqında məlumat vermişdik. İndi isə onların qızı Sara xanım haqqında oxuduqlarımı, gördüklərimi və eşitdiklərimi Sizinlə bölüşmək istərdim.
Sara xanım haqqında yazarkən yadıma tələbəlik illərim düşdü. 1985-ci ilin soyuqlu-çisginli payız günləri idi. BDU-nun Jurnalistika fakültəsinin II kursunda oxuyurdum. O, zaman Şəqrşünaslıq və Jurnalistika fakültələri M.Füzuli adına Əlyazmaları İnstitutunun arxasındakı binada yerləşirdi. Şərqşqnaslığın binasında ikinci mərtəbədə bir kitabxana da var idi. Adətən dərsdən sonra bu kitabxanada növbəti seminarlara hazırlaşmaq üçün saatlarla burada olurdum. Kitabxanaçı qadın Kiçikxanım çox mehriban, söhbətcil bir qadın idi. Bir necə dəfə onun yanında qoca, sacları üz-gözünə dağılmış, nimdaş paltarda bir qadın gördüm. Amma qadının savadlı və məntiqli danışığı istər-istəməz diqqətimi cəlb etdi. Onun kimliyi ilə maraqlananda məni dəhşət bürüdü. Bu qadın H.Z.Tağıyevin qızı Sara xanım idi. O, Tağıyevin ki, Bakı milyonçuları içərisində yeganə şəxsiyyət olub ki, milyonlarını çəkinmədən xalqının maariflənməsi, xoş günü üçün sərf edib. Yalnız Azərbaycanın deyil Rusiyanın çoxmilyonlu müsəlman əhalisindən də köməkliyini əsirgəməyib. Başqalarını deyə bilmərəm, amma mən belə bir kişinin qızını bu vəziyyətdə görəndə xəcalət hissi çəkdim. Çünki onu küçədə dilənçi bilmişdim. Bu dəfə isə onu kitabxanada gördükdə içimdən onunla danışmaq, təmasda olmaq arzusu keçdi. Və bir gün kitabxanaçı Kiçikxanımın köməkliyi ilə Sara xanımla üç-beş dəqiqə söhbət etdim. Hiss etdim ki, söhbətimiz onun ürəyincə deyil, o insanlardan qaçırdı, qorxurdu. Yalnız çox yaxından tanıdığı insanlarla təmasda olmağı xoşlayırdı.
İllər keçdi. Buna görə heç onu qınamadım da. Çünki, insanlara inanmamağa, onlardan qaçmağa onun haqqı var idi. Nələr görməmişdi bu Sovet adamlarından. Evindən-eşiyindən, işindən-gücündən elədikləri az deyilmiş hələ 1970-ci ildə ona bir “ruhi xəstə” adını da qoşmuşdular. 1970-ci ildə Səhiyyə Nazirliyi bu adı rəsmiləşdirməyi qərara alır və “baş bilən” psixiatrlardan bir necəsinin imzası ilə Sara xanıma “ruhi xəstə” diaqnozu qoyulur. Bundan sonra xüsusi bir dəstə onu Maştağadakı ruhi xəstəxanaya aparır. (Bu dəhşətli amansızlıqlardan, böhtanlardan sonra Sara xanım doğrudan da ruhi xəstə olmamışdısa deməli çox iradəli və səbirli qadın imiş). Burada dahi Mirzə Cəlilin “Dəlilər” əsəri yadıma düşdü. Allah sənə qəni-qəni rəhmət eləsin Mirzə. Çox-çox təəssüf ki, “Dəli”lərlə “ağıllı”ların yeri dəyişik düşdüyü cəmiyyətdə “ağıllılar” dəliləri müalicə etmək üçün həkim çağırırdı...
***
Universiteti qurtardım. “Ədalət” qəzetində müxbir işləyirdim. Yenidən Sara xanımımın axtarışına çıxdım və çox çətinliklə onu tapdım. Şahbazi küçəsi 102. Sara xanım ömrünün son illərini bu ünvanda yerləşən binanın birinci mərtəbəsindəki bir otaqlı “ev”də keçirdi. Bu evdə bir necə dəfə tədqiqatçı alim, yazıçı Teyyub Qurbanı, Xalq Təhsil Muzeyinin əməkdaşı Aliyə Abbasovanı, Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Şövkət Fazilovanı görmüşdüm. Hətta Şövkət xanım Sara xanımı bir necə ay öz evində aparıb saxlamış, qulluğunda durmuşdu. İnstitutun direktoru tədqiqatçı alim Əziz Mirəhmədov mütəmadi olaraq Sara xanıma maddi köməklik edirmiş. Sara xanımla evində də ilk söhbətimiz çox qısa oldu. Amma növbəti gəlişlərimdə onun sevgisini qazana bildiyim üçün söhbətimiz baş tuturdu. Artıq Sara xanım çox qocalmışdı, taqətdən düşmüşdü, çətin eşidirdi, gözləri görmürdü.
Sara xanımla sonuncu görüşümüz 1991-ci il oktyabrın əvvəllərində oldu. (Dekabrın 24-də Sara xanım 92 yaşında bu amansız dünyadan köç etdi. Uzun illər haqsızlıqların girdabında çabalayan, məngənəsində sıxılan qadın canını qurtararaq haqsız dünyadan, haqq dünyasına qovuşdu). Yenə də əvvəlki söhbətlərimizdə olduğu kimi, Sara xanımın həssaslığına, dəqiqliyinə, zəkasına heyran qalırdım. Geniş mütaliyə dairəsi olan Sara xanım istənilən mövzuda həmsöhbəti ilə mübahisəyə girişməyi bacarırdı. Fəlsəfəni gözəl bilirdi. Bir neçə dildə təmiz danışan Sara xanım dünya filosofları haqqında çox maraqla danışırdı. Hətta 1964-cü ildə “Mənim fəlsəfi biliklər sistemim” adlı əsərini yazıb tamamlamışdı. Birdəki Sara xanım ərköyün, kütbeyin, yüngül həyat tərzi keçirən milyonçu qızlarından olmamışdı. İlk təhsilini atasının qız məktəbində alan Sara sonra ali təhsil əldə etmək üçün Sankt-Peterburuqa gedir və Peterburuq Zadəgan Qızlar Seminariyasına daxil olur. Universiteti əla qiymətlərlə oxuyan Sara burada rus dili ilə yanaşı bir necə xarici dili mükəmməl öyrənir.
1920-ci ilin qara aprel günləri Saranın xoşbəxt taleyini birdəfəlik olaraq darmadağın edir. Vətəni tərk etməyən ata-anası onu nə qədər vadar etsə də Sara onları tək qoyub heç yerə üz tutmur. 1924-cü il də H.Z.Tağıyev rəhmətə gedir. Ailəsinə qarşı təqiblər başlayır. Bolşevik S.M.Kirovun qətlində suçlandırılan Saranı Peterburuq həbsxanasına atırlar. Əri Zeynal bəyi isə güllələyirlər. Həbsdən azad olduqdan sonra Leninqrada tələbə yoldaşlarının köməkliyi ilə mərkəzdən çox uzaq kitabxanalardan birinə işə düzəlir. Lakin, biləndə ki, kimin qızıdır onu işdən qovurlar. Bu dəfə Sara Sankt-Petrburuq (Leninqrad) zavodlarından birin də tokar köməkçisi kimi fəhləliyə başlayır. Bir necə il sonra Sara xanım Leninqradda bir tatarla ailə qurur. İki övladları dünyaya gəlir. 1942-ci ildə əri dünyasını dəyişir. Yenidən Saranı zavoddan çıxarırlar. Övladlarını da götürüb üz tutur vətəninə. Lakin Bakıda tale yenə də Saranın üzünə gülmür. Əvvəl Sarayeva familiyası ilə işə düzəlsə də sonra kimliyini bildikdə onu işdən çıxarırlar. Evsiz, işsiz qalan Sara xanım məcbur olub övladlarını uşaq evinə təhvil verir.
Tədqiqatçı alim Qulam Məmmədlinin və yazıçı Qılman İlkinin söylədiyinə görə o zaman məsul vəzifədə işləyən yazıçı Süleyman Rəhimov çox böyük riskə gedərək Sara xanımın Maarif Nazirliyinə təlimatçı düzəlməsinə kömək edir. 1956-cı ilə kimi burada işləyən Sara xanımı rus dilini yaxşı bildiyi üçün məcbur qalaraq Rus Dili və Ədəbiyyatı İnstitutuna işə götürürlər. Burada işləyən Sara xanım Azərbaycanda maarifin, təhsilin inkişafında H.Z.Tağıyevin rolu haqqında dissertasiya yazmaq fikrini rəhbərliyə bildirdikdə İnstitut rəhbərliyi onu işdən azad edir və hökumət Sara xanımı çox güclü nəzarətə götürür. Çox təəssüflər ki, 1956-cı ilin sonlarında heç bir təqsiri olmadan işdən azad edilən Sara xanım ömrünün sonuna kimi (1991) heç yerdə işə götürülmür. Nə az, nə çox düz otuz beş il işsiz qalan Sara xanım “ruhi xəstə” adı ilə qapılardan qovulur. Qəribədir Sara xanım Sovet hökumətindən nə iş istəyirdi, nə ev. Yalnız bir istəyi var idi; atasına qarşı olan bu haqsızlığa son qoymaq. Nənəmin sözü olmasın “gedədən-güdədən düzələn hökumət” Hacı kimi kişinin qədrini bilməyə qadiridimi?
Bir gün Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb isə Sara xanımın “ruhi xəstə” olduğu bildirilir. 1990-cı illərdə onunla söhbət edərkən bu hadisəni çox böyük təəssüflə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, ata-analı anlarımı “yaşayım”. Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub). Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox gidi dünyadır... Sara xanım sözlərinin arxasını gətirə bilmədi. Qəhər onu boğdu... Çuxura düşmüş gözlərindən iki damla yaş arıq və solğun yanaqları aşağı süzüldü...
Görəsən Sara xanım beş-on dəqiqə o muzeyin soyuq daş pillələrində oturub xoş günlərini xatırlasaydı, nə olardı ki, muzeydə möcüzəmi baş verərdi? Doğrudan da... insan olmaq, onu duymaq, qiymətləndirmək çox çətindir! Amma onu da qeyd edim ki, Sara xanım dünyasını dəyişəndən sonra onu son mənzilə bu muzeydən, ata evindən-qəbr evinə yola salaraq, Mərdəkan da H.Z.Tağıyevin məzarı yanında dəfn edirlər. O, dəfində mən də iştirak edirdim. Birdən yadıma Sara xanımın söylədikləri düşdü. Görəsən Püstə xanım bilirmi ki, Sara xanımı son mənzilə buradan-ata evindən yola saldılar. Axı o, bir zaman bu evin daş pillələri üzərində oturmaq üçün saatlarla göz yaşı tökmüş, yalvar-yaxar etmişdi.
Qərənfil Dünyamin qızı
banner

Oxşar Xəbərlər