• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Sevinc Elsevər - Şeirləri

05.12.17 09:37 24789
Sevinc Elsevər - Şeirləri
səhərlər pəncərəsinin altında oynayan
uşaqların şən səslərinə
acığı tutur
xəstə adamın
"gedin o yanda oynayın” əmri verdirir onlara
qovdurur pəncərəsinin altından
halbuki günahı yoxdu uşaqların
nəğmə kimi
dinləmək də olardı
onları
***
xərçəng diaqnozu qoydu həkimlər
laboratoriyada işləyən xanımın
sevdiyi adama
analiz kağızlarını soyuqqanlılıqla uzatdığı
adamlar gəldi ağlına
sevdiyinin xəstəliyini öyrəndiyi anda
hamı üçün ağladı onda
hərəyə bir damla düşdü
bu uzun sürən fırtınalı yağışdan...
***
ən zəif şeirlərini
mənə həsr eləmiş
şeir kitabında
sevdiyim kişi
ən gözəl şeirlərini
ONA -
keçmiş sevgiliyə
Ləvəngi
balığın qarnında açdığı yaranı
elə tikir
cərrah dəqiqliyilə
dirildəcək sanki onu
mətbəx qadın...
***
nə zaman ki
üz-üzə
göz-gözə dayandı
tuflilərim
səndəllərim
başmaqlarım
izin vermirəm dərdləşməklərinə
burun-buruna verməklərinə
amma yenə
yenə
dalımca danışır bekar adamlar
quşlar da gətirib ovcuma qoyurlar...
Balaca feminist
mənim Allah nənəm var
deyə göz süzdürür qardaşına
balaca qızcığaz
qardaşı Allah babadan danışanda...
***
bu gülən, irişən
sarı başlar
smayliklər
ölümü xatırladır mənə necə də
hamımızın skeletlərinin bir gün beləcə diş ağardacağını
yer üzündə yaşadığımız həyatı da
beş günlük həyat üçün necə əsdiyimizi də ələ salacağını
bir də
bir də
insanın üzünün öləndən sonra
həmişəlik güləcəyini
***
Ah! Kaş ki biləydiniz
Sizi sevmədiyinə
Peşman eləyəsiniz deyə
Uğrunda canınıza qıydığınız adamlar
Gülərüzlü fotolar çəkdirdilər çox keçmədən!
***
qəfil oyuncaqlarını alırlar əlindən
uşaqların
böyümüsən deyib
özünü oyuncağa çevirsinlər deyə
həyat oyununda.
Qarışqa qadın
bütün qışı
mətbəxdəki şkafın alt gözündə gözlədi
evin xanımının
baharda öz əlləriylə yığıb duza qoyduğu
tənək yarpaqları
evə ət ala bilmədi evin bəyi həmin qışı
bahar gələndə
təzə yarpaqlar açdı üzümlər
qadın altdan yuxarı
yarpaqlara baxdı, baxdı, baxdı
əlləri dinc durmadı
hansısa ümid
yenə yarpaq toplatdı
qışa azuqə yığan qarışqa qadına
Sevinc Elsevər
banner

Oxşar Xəbərlər