• çərşənbə axşamı, 10 dekabr, 14:52
  • Baku Bakı 7°C

Nə isə tapacağam...

09.07.18 17:30 15061
Nə isə tapacağam...
Nə isə tapacağam yəqin ki...
O, ağac da ola bilər...
Gövdəsinə söykənəcəyim,
Budaqlarından axacağım,
Köksümü köksünə ötürəcəyim,
Kölgəsində bitəcəyim,
Dərinə davam edə biləcəyim...
Nə isə tapacağam yəqin ki...
O, quş da ola bilər...
Səsimi səsinə atacağım,
Sinəsinə çatacağım,
Qanadlarında doğulacağım,
Uzaqlara uçuracağım,
İçini havam edə biləcəyim.
Nə isə tapacağam yəqin ki...
O, daş da ola bilər...
Üstünə qonacağım,
Göylərə atıb-tutacağım,
Yaxamdan asacağım,
Bağrıma basacağım,
Yumruqlarımı döyəcləyəcəyim,
Adına adımı verəcəyim,
Daş dövrümü davam edə biləcəyim.
Nə isə tapacağam yəqin ki...
O, adam da ola bilər...
Ruhunu göylərdən endirəcəyim,
Özümə döndərəcəyim,
Hisslərimi hisslərinə göndərəcəyim,
Gözlərində dincələcəyim,
Başımı çiyninə qoyub diriləcəyim,
Bir ömürlük yuvam edə biləcəyim.
Nə isə tapacağam yəqin ki...
O, Allahım da ola bilər...
Ola bilər Allahım da, O...
...Nə isə tapacağam yəqin ki...
Yəqin ki, tapacağam...
...Nə isə...

Kətanda olmayacaq...


Bir badə al əlinə, içinə şərab da süz.
Bir qurtum al təkbaşına.
Gözəl olur dumanlının dumanlara qarışması.
Badədən əlini üz.
Ən yüksəyinə atıl ən alçaq nöqtələrdən.
Bilirəm bilirsən ki, sən yıxılan yerlərin
Tutanda olmayacaq.
Bir qələm al əlinə, içinə nəfəs də süz.
Üstünə çək ürəyini.
Bütün demədiklərini yüklə belinə getsin.
Qələmdən əlini üz.
Onsuz da bilirsən ki, onun ucundan düşüb
Sözə bürünənlərin
Batanda olmayacaq.
Bir kəndir al əlinə, içinə həyat da süz.
Tumarlan, xumarlan, yumurlan.
İstədiyin nota bağla düyünlərini.
Yumağına sarı bütün yolları.
Kəndirdən əlini üz.
Lap çoxdan bilirsən ki, baharların payızından qışına
Çatanda olmayacaq.
Masanın dörddə birində – badə, içində şərab,
Masanın üçdə birində – ağ vərəq, üstdə qələm,
Masanın ikidə birində – külqabı, ağzında siqaret,
Masanın birdə birində – kəndirin saçaqlı ucu,
Masanın tən ortasında – şaxə qalxan bir alovun kölgəsi.
...Vüsalın mənzərəsi...
...Kətanda olmayacaq...

Əlindən düşər...


Canının ağrısı tutar qəfildən,
Oyanarsan, əlin belində qalar.
Görərsən ki, yenə yatağındasan,
Bir körpə nəfəsi telində qalar.
Göz yumarsan, səni yuxu aparar,
Bir doğma səs yenə çağırar səni.
Baxarsan ki, anan durub həyətdə,
Qaçarsan üstünə, aparar səni.
Aparar atanın olduğu yerə,
Özünü qoynuna itələyərsən.
Ayağı altından torpaq götürüb,
Qartopu əvəzi kündələyərsən.
Dilin topuq çalar, barmaqlarının
Uzunluğu örtər qum qapısını.
Təpədən-dırnağa tozun içində,
Göyə tullayarsan qum topasını.
Atanın qaşları düyün bağlayar,
Ananın gözünü yaşa çəkərsən.
Həmişəki kimi bir sual gələr...
- Ay bala, hələ də böyüməmisən?..
Küləyin əlində qum dənələri
Fırlanar, dolanar, göylərdən enər.
Başına, gözünə, üzünə dəyib,
Düşüb bapbalaca otağa dönər.
Əllərin, böyüdən əllərdən qopar,
Bu təzə mənzilə doğru qaçarsan.
Üstündən bir ovuc torpaq götürüb,
Bir də yumurlayıb göyə atarsan.
Qayıdıb bəxtini örtər dənələr,
Dönüb görərsən ki, hamı yox olub.
Ağappaq köynəyin sıxar boynunu,
Səsin də kəsilər içinə dolub.
Üzünə şillələr dəyib çatlayar,
Deyərlər - qayıtmaq arzusu yoxdu...
Hardansa bir soyuq kəlmə açılar
- Bu uşağın alın yazısı yoxdu...
Sancının içində çapalayarsan,
Ayılıb, bayılıb, yıxılıb, durub...
İşıqları sönən səs eşidərsən,
- Bu ki, canlı deyil, ölü doğulub...
...Canının ağrısı tutar qəfildən,
Oyanarsan, yükün belindən düşər...
...Görərsən ki, yenə yatağındasan,
Bir körpə nəfəsi əlindən düşər...

Ruhum göylərdədi...

Göz ilə görünməz çəkən, çəkilən,
Açıq yaralar var duzun içində.
Dağlar da gizlənir sinə altında,
Ürək də dayanmır buzun içində.

Gecələr gündüzə elçi göndərib,
Buludlar yağışı dilçi göndərib,
Ömür yorulmağa yolçu göndərib,
Həyatdı fırlanır yüzün içində.

Burda günəş batır, burda ay doğur,
Burda sükut ölür, hay-haray doğur,
Qismət yerdən keçir, göyə pay doğur,
Bəxt ulduzu batır tozun içində.

Hisslər əriyərək sözə köçəndən,
Ocaqlar yanaraq közə köçəndən,
Bütün sevilənlər gözə köçəndən,
Ruhum göylərdədi, özüm içimdə.

Ürəyim üşüyəndə....


...Nə saatın qolunda, nə eynəyin gözündə...
...Yarımçıq ay dayanıb yenə də göy üzündə...
Çəkmələrin kiminsə ayağına qonağdı,
Addım səsləri ölüb, gecə hələ də sağdı.
Xəlvətcə gəzən yoxdu barmağının ucunda,
Pıçıltılar çəkilib dünyanın ovucundan.
Qaranlığa batıbdı ulduzunun işığı,
Fikirlər beyni didib düşmür üzüaşağı.
Baxışlar da utanıb qaçıbdı, səsi gəlmir,
Hər şey küsüb dayanıb, evin nəfəsi gəlmir.
Xəyalların dibində gülüşün itib-batıb,
Saatın əqrəbləri çoxdan yuxuya çatıb.
Təzə gödəkçən hələ asılıb asılqandan,
Çiyinləri yorulub əlimin sığalından.
Kürkünü qoruyuram, durmuşam keşiyində,
Əynimə geyinirəm ürəyim üşüyəndə.

Sevəndə elə sevirəm ki...


Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Bağrımda uyuduram nadinc hissləri,
Qucağımda yırğalayıram nənnisini,
Ovuclarımda gəzdirirəm dünyasını,
Başına dolanıram havasının,
Dodaqlarımla isidirəm buz kəsən savaşını,
Nəfəsimə bələyirəm titrəyişləri.
Sevəndə, elə sevirəm ki...
Unudulmaz sakinim olur,
Toxunulmaz edirəm kimliyini,
Bütün rəngləri çəkirəm gözünün üstünə,
Çiyinlərim yuva olur yaşaya biləcəyi.
Sevəndə, elə sevirəm ki...
Yol, dəniz, səma var gizlinimdə,
Qatarında get də, dənizində üz də, göyündə uç da,
Azadlığa aşiq olmaq var, aşiqə hüzur kimi.
Vətənsizlik unudulur vətən olmağımda,
Gözlərimdən su içir özündən köçən də.
Sevgim elə bir gücdədir ki,
Ölümə də, ölənə də həyat verir içimdə.
Sevəndə, elə sevirəm ki...
Küçələrin uşaqlarını, yalqız qocalarını,
Ağacların damarlarını, quşların dodaqlarını,
Şəhərlərin, kəndlərin, yaxınların, uzaqların qanadlarını,
Bu aləmin bağlı və açıq həyatlarını,
Kimsəsizlərin yollarını, məscidlərin azanlarını,
Kilsələrin şüalarını, gözlərin dualarını,
Qürbətin doğmalarını, doğmaların yadlarını,
Bütün gözəlliklərin adlarını, dadlarını,
Nakamların həyatlarını
Sevəndə, elə sevirəm ki...
Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Sevgi canından keçir...

Bağışla...


Mənə bir az göy bağışla,
Oralarda uça bilim.
Ayaqlarım yorulanda,
Vücudumdan qaça bilim.
Mənə bir az yer bağışla,
Ürəyin üstündə durum.
Zamanımın saatını,
Çevirib tərsinə qurum.
Mənə bir az ay bağışla,
Gecədən aşağı olsun.
Hər gün doğulsun dünyaya,
Ruhumun uşağı olsun.
Mənə bir az gün bağışla,
Günəşi üzünə çəksin.
Gəldiyimi, getdiyimi,
O günün izinə çəksin.
Mənə bir az söz bağışla,
Bitdiyi yeri olmasın.
Elə gəlsin, elə getsin,
Ölümü diri olmasın.
Mənə bir az göz bağışla,
Hamı sözündə görünsün.
Güzgülərinə baxanda,
Özüm özündə görünsün.
Mənə bir az göy bağışla,
Oraya qısıla bilim.
Ayaqlarım yorulanda,
Havadan asıla bilim.

Görməsinlər işığı...


Cırıldayan döşəmə, sızıldayan pəncərə,
Qəribə əlifbada nəfəs açıb səhərə.
Kölgənin əlləri yox, nə də ki, ayaqları,
Üstümə qaçıb qırır yerdəki dayaqları.
Bu vəziyyəti içmək sərxoşluq əlaməti,
Yəqin üçüncü gözün bu imiş kəraməti.
Bütün səslər yatıbdı pıçıltının küncündə,
Üçlər də birindədir, birlər də öz heçində.
Bu aləmin içində adı olmayan fəsil,
Yatan hissi oyadıb oynatmağa tələsir.
Xoş gəlibdi, Allahım, evimin yaraşığı,
Durum pərdəni örtüm, görməsinlər işığı...

Xoş gəlirsən...

Bir şey edim ki, həm sənə,
Həm də özümə xoş gəlim.
O divanə rahatlığa
Elçi göndərim, tuş gəlim.
Yığışdırım ətrafımı,
Zibili süpürüb atım.
Dilimə düşən acını,
Yenə də tüpürüb atım.
Gələni qarşılamaqçün
Yuyub-təmizləyim evi.
O qədər döyüb-söymüşəm,
Bir az əzizləyim evi.
Havasını dəyişdirim,
İçə doya-doya çəkim.
Yanağıma allığımı,
Dodağıma boya çəkim.
Saçlarıma tumar verim,
Gözlərimi sürmələyim.
O şəffaf libası geyim,
Yaxasını düymələyim.
Süfrəni də açım hələ,
Sevincimə yer ayırım.
Olanımı, qalanımı
Duyğularımla doyurum.
Mən masanın bu başına,
Sənsə o başına əyləş.
Yenə də üz-üzə qalaq,
Gözümün yaşına əyləş.
Eləcə susub baxışaq,
Hisslər odumuza düşsün.
Bütün ötənlər, keçənlər
Bir də yadımıza düşsün.
Həzin musiqi səslənsin,
Rəqsə dəvət et yenə də.
Əlimdən öp, üzümdən öp,
Öpüş göndər qəlbimə də.
Küsüb-barışılan ildən
Bir sən qaldın, bir də ki, mən.
Təkcə sənin yanındadı
Göydəki mən, yerdəki mən.
Qədəminlə xoş gəlirsən
Ruhumun qonaqlığına.
Ürəyə şərab süz... İçək
Yalan ilin sağlığına.

Xəbərin varmı?..


Artıq keçmişimə yazılan Adam,
Mənim bu günümdən xəbərin varmı?
Yazıyla Yazanın aralığında,
Əbədi dönümdən xəbərin varmı?
Yaxşımı uzaqdan tamaşa etmək?
Gözəlmi göydən də o yana getmək?
Necədi dünyamdan uzaqda itmək?
İkiyə bölümdən xəbərin varmı?
Bəxtimin qonağı olub gedəndən,
Ruhum üz döndərib yorğun bədəndən.
Hər gün öz yanından keçib - ötəndən,
İçimdən, çölümdən xəbərin varmı?
Doğulmağa nə var, yaşamaq çətin,
Müti qullarıyıq qəfil qismətin.
Oddan, alovdanmış yolu həsrətin,
Yanmışam, külümdən xəbərin varmı?
Yaxamdan yapışan əllər oyunda,
Səsim də batıbdı dibsiz quyunda,
Bir kimsə olmadı sənin soyunda,
Dirimdən, ölümdən xəbərin varmı?
İndi keçmişimə yazılan Adam,
Mənim bu günümdən xəbərin varmı?
Yazıyla Yazanın aralığında,
Əbədi dönümdən xəbərin varmı?

Allah bilir...

Allah bilir necə olur yer üzündə olacaqlar,
Necə sönür, necə yanır, külə dönür yanacaqlar.
Allah bilir kimlər kimdə uçulacaq, batılacaq,
Hansı ürəkdən nə qədər boşalacaq dolacaqlar.
Allah bilir doğulmadan doğulanın doğmasını,
Hara qədər gedə bilib, hara dəyib qalacaqlar.
Allah bilir dizi üstə, gözü üstə, üzü üstə
Yaşaya bilənlər necə özlərini bulacaqlar.
Allah bilir bu dünyanı yaratdığı gündən bəri,
Candan, qandan olanlar da özündən doğulacaqlar.
Allah bilir nəyin varsa, nəyin yoxsa, əvvəl-axır
Göz dibinə atacaqlar, göz önündən alacaqlar.
Allah bilir ağlı başa, hissi qəlbə necə bölür,
Qanmayanın qamətində nə vaxt ölür qanacaqlar.
Allah bilir ağa, nökər, bəndə, qullar dünyasında,
Kiçik adamlar özünü böyük Allah sanacaqlar.
Allah bilir imtahandan necə keçirir eşqini,
Çöpdən, dildən, daşdan, əldən ola bilir tutacaqlar.
Allah bilir nə vaxtadək ayaqları yerə vurur,
Kimlər kimi itirərkən, kimlər kimi tapacaqlar.
Allah bilir yazımızı-pozumuzu, Allah bilir,
Nəfəsi toxunan yerdə qorunur sığınacaqlar.

Xanım İsmayılqızı
banner

Oxşar Xəbərlər