• çərşənbə axşamı, 10 dekabr, 15:19
  • Baku Bakı 7°C

Cənnətdən qovulan Adəm kimiyəm

05.05.22 17:38 1931
Cənnətdən qovulan Adəm kimiyəm

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlu 1961-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 1987-ci ildə Xarkov şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət Naxçıvan Dövlət Teleradio Komitəsində redaktor, aparıcı-müəllif işləyib. "Adam kölgəsinə səsləmə məni" (1998), "Mən çiynimdən yerə qoydum dünyanı" (2001), "Başımda qar olur, ayağımda yaz" (2010), “Nə yaxşı göydədi hələ göy üzü” (2021)  adlı kitabları oxucuların rəğbətini qazanıb. Şeirləri Türkiyə, İran və İngiltərədə də dərc olunub. Müəllifin bir sıra şeirlərinə mahnılar bəstələnib.


Əfəndim
 
Bir yalandı onun duyub bildiyi,
Bu dünya bizləri bilməz, əfəndim.
Onun gecələri necə ah çəkir,
Onun gündüzləri bilməz, əfəndim.
 
Dən görüb tələyə gələn hərifdi,
Tələdə sevinib gülən hərifdi,
Ölümü ölümsüz bilən hərifdi,
Ölümü öldürən ölməz, əfəndim.
 
Dağdan ağır daşları sel apardı,
Göy üzündən quşları yel apardı,
Bir aşiqin ağlını gül apardı,
Bir kimsə göz yaşın silməz, əfəndim.
 
İnsan oğlu insan kimi durulsa,
Fani dünya eşq üstündə qurulsa,
Sözün sirli tilsimləri qırılsa,
Kim deyir üzümüz gülməz, əfəndim.


Özgə bostanına daş atır yenə
 
Özgə bostanına daş atır yenə,
İnsan dinc oturmur torpağın üstə.
Yazır al qan ilə öz kimliyini,
Yazır bu yamyaşıl yarpağın üstə.
 
Yenə də gəlmədin dinə, ay Adam,
Quş kimi səkirsən dənə, ay Adam,
Quşlar da güvənmir sənə, ay Adam,
Uçub yuva qurur budağın üstə.
 
Gəl daha mey içək meydən oxuyaq,
Yerin qulağına göydən oxuyaq,
Bu fani dünyaya meydən oxuyaq,
Qardan da ağappaq varağın üstə.
 

İnsan öz əliylə əyər özünü
 
Çaşıb öz yolunu azar bu karvan,
Qəfil gələn çəni günahkar bilər.
Bu günü yaşaya bilməyən adam
Oturub dünəni günahkar bilər.
 
İnsan oğlu əbədi bir yoldadı,
Hər kəs öz ruhuna uyğun haldadı,
Qoca deməz qaçıb ağzımın dadı,
Yarpızı, nanəni günahkar bilər.
 
Tanrı dindirəndə dinməyən yazıq,
Bir kərə qibləyə dönməyən yazıq,
Ruzisi göylərdən enməyən yazıq,
Göyərməyən dəni günahkar bilər.
 
Dağlar susa-susa deyər sözünü,
Dərələr özündə gizlər özünü.
İnsan öz əliylə əyər özünü,
Amma ki, özgəni günahkar bilər.


Cənnətdən qovulan Adəm kimiyəm
 
Göylər xan eyləsə xam xəyalımı,
Yenə xam bilərsən xan xəyalımı.
Halım bir hal deyil sorma halımı,
Nə ayıq kimiyəm, nə dəm kimiyəm.
 
Göy üzündə azan aham elə bil,
Taxtı talan olmuş şaham elə bil.
Gah bədənsiz qalan ruham elə bil,
Gah da ruhu uçmuş bədən kimiyəm.
 
Bir ömür istədim qəmdən uzaqda,
Bir də baxıb gördüm həmdəm uzaqda.
Xəbərin varmı heç səndən uzaqda,
Cənnətdən qovulan Adəm kimiyəm.


Sevgisiz könül kimi
 
Göyünə
bulud gəlməyən torpaqlar,
Gül nədi
heç tikan da bitirə bilmədi.
 
Yetim  qaldı
         zirvəsinə qartal
                   qonmayan dağlar.
 
Üşüdü sevgisiz könül kimi,
Budaqları quş yuvalarına
həsrət ağaclar.
 
Həyatın nəfəsi dəymədi
Məhəbbətlə dolmayan ürəklərə.
 
Amma
sən yenə
çalış mütləq bir məna ver
əsdikcə əsən küləklərə...
 

banner

Oxşar Xəbərlər