• çərşənbə axşamı, 10 dekabr, 15:51
  • Baku Bakı 7°C

Həqiqətin bayağılığı

29.01.18 17:50 7108
Həqiqətin bayağılığı
Evdə təkəm. Adətən, şənbə günləri gəzintiyə çıxıram. Nədənsə bu gün canıma bezginlik hakim kəsilir. Səbəbini özüm də bilmirəm. Qapanıb qalmışam evdə. Gərgin və stressli olanda qəhvə içirəm. Təsir etmir. Tum çırtlayıram. Xeyri yoxdu. "Youtube”da vaxt öldürürəm. Yataqda qurcalananda, yadıma Teomanın Türkiyədən yeni gələn albomu düşür. "Koyu antoloji”. "Tünd antologiyaya” Teomanın sevdiyim və mənalı nəğmələri yığılıb. Özü də təzə və fərqli formatda. "CD”-ni "DVD”-yə yerləşdirirəm.
"Suç yok, suçlu yok
Hayat böyle anladım
Aşk yok, artık yok
Ama zamanla alıştım”
Nəqarətə çatanda... Fərqində olmadan Teomanla birgə səsi sonacan yüksəldirəm. Nəsə məstedici bir rahatlıq yayılır canıma. Musiqinin ritminə uyğunlaşıram.
Sorma nədən neyçün
Hər şey yalnızlıqdan
Bak gözəl bir gün ölmək için...
Sıxıntım keçmir. Kompüterin qarşısında əyləşirəm. "Black Mirror” ("Qara güzgü”) seriyalının 3-cü mezonunun axırına çıxıram. Axşamdır. Kompüteri söndürmək istəyirəm. Ki, diqqətimi masaüstünün səliqəsizliyi cəlb edir. Başlayıram kompüterin zibilxanaya oxşayan masaüstünün təmizləməyə. "Hər şey burda” adlı ümumi bir qovluq yaradıram. Lazım olanları ora atır, olmayanları silirəm... Qarşıma "Tanımal” adlı bir qovluq çıxır. İkinci Mahmudun "Tanımal Mustafa” hekayəsidir. "Nitq mədəniyyəti” fənnində istifadə etdiyim mətnlərdəndir. Hekayə nitqin qeyri-mədəni formaları üçün istifadə edilib. Nitqin qeyri-mədəni formaları qırmızı ilə işarələnib. Olduqca canlı və təbii deyimlər var. "Tanımal Mustafa”nın təhkiyə mexanizmi Vaqif Nəsibin "Omaroğlunun qayıtması” və "Dərman Məhəmməd” hekayələrindəki dinamikanı xatırladır. Kənddə baş verən hadisələr qlobal bir həqiqəti ifadə edir. Hekayə məni düşünməyə vadar edir. Sıxıntım keçir. Onun yerini estetik zövq və zəka çevikliyi alır. Həqiqətə yeni baxış bucağı yaradır.
Şəhrəzadın min ikinci nağılı
İkinci Mahmud klassik bir hekayə yazıb. Heç bir forma və struktur oyunları nəzərə çarpmır. Postmodern sayaqlamalara rast gəlinmir. (Antimodernist deyiləm). Gərək də yoxdur heç. Odur ki, Mahmudun danışacaq hekayəsi, "story”si var. Con Fuller "Mənim hekayəm” hekayəsində dünya tarixi və mədəniyyətini yaradan insan – özü barədə danışır. Qədim Babil mədəniyyətindən tutmuş, Bizans torpaqlarının müsəlmanlaşmasına qədər olan bir tarixdən cəmi ikicə səhifəlik bir hekayədə söhbət açır. Fuller deyir ki, təhkiyəçi "əgər danışdığı hekayəni və onun mənasını anlayacaqsa, mətni hərəkət etdirməlidir”. İkinci Mahmud Tanımal Mustafanın həyat hekayəsini dinamik bir hərəkət daxilində verir. Hadisələr ritmik bir ahənglə bir-birini izləyir. Zaman və xarakterin harmoniyası yaradılır. Fullerin dediyi də budur. Zaman və danışılan mövzunun naturası veriləndə mətn sənətə çevrilir. Mahmud öz hekayəsi ilə sənət yarada bilir. Hər hansı varlığın və nəsnənin hekayəsini sənət səviyyəsində təqdim etmək həmin şəxsi ölümsüz edir. Teoman səhv deyir. Ölmək üçün heç bir gün gözəl deyil. Ən azından virtual olaraq. Edqar Ponun "Şəhrəzadın min ikinci nağılı” hekayəsində şah Şəhriyar Şəhrəzadın hekayə danışmaq bacarığını qısqanır və onu asdırır. Şəhrəzad asılarkən ürəyindən keçirir. "Yay kirişi ilə boğazı sıxılarkən hekayənin böyük bir hissəsinin yarımçıq qaldığını, köntöy və paxıl ərinin səbirsizliyi özünə ziyan verdi və onu təsəvvür edilməyəcək qədər maraqlı macəralardan məhrum etmiş oldu. Şəhrəzad hekayənin sonunu danışmamaqla onu layiq olduğu mükafatla cəzalandırmaqdan böyük bir təsəlli tapdı”. Çünki Şəhrəzadın nağılları şah Şəhriyardan çox yaşayacaq. Şəhriyar da buna dözmür, gözü götürmür. "Tanımal Mustafa” hekayəsi də qalıcıdır.
Mustafa kişi savadsız biridir. Bisavadlıq qanında var. Hələ uşaqkən ona çatmır ki, niyə beşdən sonra üç yox, altı gəlir... Ancaq bitki, heyvan və insanları yaxşı tanıyır. Otardığı sürüyə bircə dəfə nəzər salması bəs edir ki, heyvanların yerində olub-olmadığını ayırd etsin. Hacı Mansurun qoyunlarının oğurlanması hərəkəti və zamanı sürətləndirir. Mustafa kişi tanımallığını sənədli-sübutlu isbat edir. Polis rəisi Şahsuvar kababxanada Mustafa kişinin kabab yeyə-yeyə: "Həə! Hajı Mansırın heyvanları dadlı olur! Ay kopoğlunun yovşanı!”, deməsinə təəccüblənir. Aydın olur ki, Hacı Mansurun qoyunlarını kim oğurlayıb. Və Mustafa kişi hörmət yiyəsi olur. Üstəlik, polis rəisi Şahsuvarla dostlaşır. Tanımal Mustafa polisin güman yerinə çevrilir.
Nəvəsi Sitarənin nişanında gələn qonaqları qapıda qarşılayan Tanımal Mustafa kimin hansı nəsildən və kimin övladı olmasını sadalayır. Bu hal başda Mustafa kişi olmaqla hamıya ləzzət verir. Ancaq Əvəzin oğlu Abdullanı qarışdırır. Məktəb müdiri Abdulla müəllimə "Dərdin alım, sən doxdur Bayramın oğlusanmı?” deyir. Şahsuvar müəllim və məclis əhli Tanımal Mustafanın yanılmasına şaqqanaq çəkir. Onun yanılmağın qocalığına verirlər.
Daha sonra Abdulla müəllimin anası Tükəzin hekayəsi başlayır. Mahmud sistem içərisində sistem yaradır. Orqanik və təbii poetiksistemdir bu. Xəyal Tükəz arvadı gənclik illərinə çəkir. Əvəzin onu zorla qaçırması. Ardınca Əvəzə zorakılığına görə doqquz iş kəsilməsi. Tükəzin Əvəzin xəyalı ilə yatıb-durması. Əvəzin həbsdən qayıtdıqdan sonra kişilikdən düşməsi. Məhzun bir nəğmənin nəqarəti kimi bir-birini izləyir. Bayram doktorun pəyədə çimən Tükəzi izləməsi. Və...
Bədənlərimizin hekayəsi
Nişandan sonra kənddə kiminsə qoyunları oğurlanır. Mustafa kişi xəbəri eşidər-eşitməz Şahsuvar müəllimi gözləyir. Gəlmir. Çünki Tanımal Mustafa qocalıb. Yanılır. Mustafa kişi xiffətdən ölür. Basdırarkən isə hərə bir ucdan "zayıllamışdı” deyir. Hər şeyə gördüyümüz bucaqdan baxırıq. İkinci Mahmudun hekayə sənətində mahiyyəti budur. Həqiqət bəzən necə də bayağıdır. Üstünü tozlanmı, keçmişdə qalan həqiqət və dərd çəkməkdən ölən qoca. Qəribə bir paradoksallıq yaradıb Mahmud. Ona dəxli olmayan köhnə bir əhvalat Tanımal Mustafanın ölümünü gətirir. Həqiqətin bayağı zorakılığı, təcavüzü təsvir edilir. Həmin gerçəklik bir qadını məşum bir sirrin içində boğulmağa məhkum edir. Abdulla müəllimi gözü kölgəli olmaqdan qoruyur. "Atası” Əvəzi isə el içində...
"Tanımal Mustafa” hekayəsi Viktor Hüqonun "Paris Notrdam kilsəsi” romanındakı kişi və qadın, yalan və həqiqət, gözəllik və çirkinlik anlayışlarının yerdəyişdiyi naturanı yenidən kəşf edir. İkinci Mahmud bədənlərin hekayəsini də danışdırır. Con Fuller necə deyirdi? "Nəhayətdə bircə hekayə qaldı. Var olmağımız barədə danışan bədənlərimizin hekayəsi”. Mahmud Tanımal Mustafanın bədən qoxusunu. Eyni zamanda zəka və fəhmin (instinktin) fərqini, təbiətini. Doktor Həsənin dözümsüz və səbirsiz ehtirasının təbii qanunauyğunluğunu. Sitarənin utancaq və islaq eşqini. Həqiqəti özündə gizlədən gözəllər gözəli (bu gözəlliyin səbəbkarı kişi bədənini də) Tükəzin bədəninin naturasını, cazibədarlığını... Danışdırır. Dinamika, yığcam və poetik dil bədənlərin hekayəsini danışmağı bacaran müəllifdən xəbər verir. Mahmudun poetik-üslubi imkanları onun nəsr yaradıcılığını geniş ölçüdə çevrələyir. Roman sənətində də uğurlar qazanacağına imkan və ümid verir. Çünki "Tanımal Mustafa” prozaikliyi və təhkiyə estetikasının təbiiliyi ilə seçilir. "Übermenşagen” hekayəsi isə qeyri-adi süjeti və kinomatoqrafik çevikliyi ilə nəsrimizə yeni temperament qazandırır. Struktur və məna estetikası Mahmudun hekayə yaradıcılığında birləşir və tamamlanmır. Niyə? Niyəsi odur ki, yaddaşda və duyğularda davam edir. Həqiqət duyğusunu işə salır.
Ülvi Babasoy
banner

Oxşar Xəbərlər