• çərşənbə axşamı, 10 dekabr, 16:24
  • Baku Bakı 7°C

ŞEİRLƏRİNDƏN TANIDIĞIM ŞAİR

19.11.18 13:30 8455
ŞEİRLƏRİNDƏN TANIDIĞIM ŞAİR
...Əbülfət qarabağlıdır, Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Doğma ocağı erməni tapdağında inildəməkdədir. Bu ağrı onun ictimai-siyasi mövzuda yazdığı şeirlərində qırmızı bir xətt kimi keçir. İnanır ki, (biz də inanırıq) azad edilmiş doğma yurduna qovuşmayanadək nə qocalmayacaq, nə də ölməyəcək. Vüsala inam arzusu onu yaşadacaq…
Əbülfət Mədətoğludur dərdini, sevincini, ümidini şeirlərində paylaşıb. Onları göz içinə alan, danışdıran həssas oxucu şairin nəyin üstündə əsdiyini, nəyi asıb-kəsdiyini dərhal anlayır.

Bu qocalan ümidlərim,
Vaxtsız-vədəsiz qarıdı…
Ümidsiz, ümidli yetim –
Güldü, həsrətim yarıdı!..
***

…Hay vermir məscid, kilsə,
Gələn də deyil ta kimsə,
Sən deməsən də, kim isə –
Deyər: Əbülfət varıdı…

Əbülfət gerçəyi söyləyən şairdir. O, yaxşı bilir ki, yalançı təsəllilərə uymaq, şirin vədlərə aldanmaq heç bir yaranı sağaltmır. Bunun üçün də oxucusuna yuxarıda söylədiyi fikri bir az da dərinləşdirir:

Bu yer bir tala – düşmüsən,
Tapmısan bəla – düşmüsən!
Çıxılmaz hala düşmüsən –
Daha… tora ehtiyac yox!..

Valideyn övlad üçün istək, qayğı, bütün acılara sinə gərən səddir. Bu sədd ata olanda daha möhkəm, daha keçilməz olur. Düşmənin yenə bilmədiyi bu səddi vaxt yenir. Onda övlad yetimliyin çeşidli sınaqları ilə üz-üzə dayanır. Elə atasını itirən Əbülfət kimi:

Uçdu söykəndiyim zirvə kökündən,
Həzm edə bilmirəm bu yetimliyi…
Səndən ayrılmağın lap ilk günündən,
Duymağa başladım mən çətinliyi…
***
Sözümün söykəyi göyə çəkildi,
Başıma qoyulan ağılla birgə…
Dünyanın ölçüsü itdi, kiçildi,
Uşaqlıq adlanan nağılla birgə…

Şairlər lirikadan – eşq, məhəbbət sınaqlarından, macəralarından yan dura bilməzlər. Sirdən danışan bu kəsim sanki sirlərini aləmə car çəkmədən həzz alırlar. Bəlkə də, ürəklərində gəzdirdikləri bu yükü oxucuları ilə bölüşməklə yüngülləşir, ovunurlar.
Əbülfətin lirik «Mən»i məhəbbət məbədinin bütün hücrələrində dolaşır. O, məşuqun sevincindən çox, əzabını dadır; həsrətin üzərindən vüsal körpüsü salmağa çalışır, neyləmək ki, zəhməti əlində qalır. Bu cür uğursuz sevdalarda Əbülfət babası Füzuli yolunu tutur. Füzuli dərdi bəyirin (dəvənin) başına qoyur. Bu dərdi, əzabı çəkən bəyir o qədər incəlir ki, axırda sap kimi iynənin deşiyindən keçməli hala düşür. Zərif duyğuları kövrək misralara çevirən Mədətoğlu da həmin halı yaşayır:

Özümü Məcnun bildim, –
Bitməyən dərdə dözümdə…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..

Keçmişli, indili Azərbaycan poezi­yasında gözəllərlə, sevgi ilə bağlı bir xristianlıq xətti də görünür. Əsli, Kərəm, Qara Keşiş əhvalatı bir nakam sevgi dastanı yaradıb. Bundan başqa ayrı-ayrı məqamlarda da mənfili-müsbətli xristianlıq (tərsalıq) çaları özünü büruzə verir.
Ələsgərin vəsfə çəkdiyi türk qadını o qədər gözəldir ki, Aşıq inanır ki, onu tərsa görsə, çönüb müsəlman olar.
Şəhriyarın xristian gözəlinə vurulan lirik «Mən»i sevgilisinə qovuşmaq naminə onunla bərabər ibadət etməyə kəlisaya (kilsəyə) getməyə hazırdır.
Şeyx Sənan da xristian dinli gürcü gözəlindən ötrü irəli sürülən şərti qəbul edir, müsəlmanların müqəddəs kitabı sayılan Quranı oda atıb yandırır.
Mədətoğlu da bu qəribə versiyalardan birinə müraciət edir. O, hər şeyini – ümidini, inamını, eşqini tapşırdığı ürəyi ilə mükaliməyə girir. Ürəyini istədiyinə əsirgəmir. Bununla belə, yolunu sapanda «cəzalandırmaqdan» da çəkinmir:

Qu tükündən yumşaq,
Bir beşikdi ürəyim.
Sığışa bilmədiyin –
Ev-eşikdi ürəyim.

Hisslərin toqquşmasından, əzabın çox­luğundan, etinasızlığın, vəfasızlığın, ədalətsiz­liyin ağırlığına, ağrılarına tab gətirmir ürək:

Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir –
Gəl, deşikdi ürəyim.

Hansı tərəfin təqsiri üzündən ortada fikir ayrılığı yaranır? Ürək yolunu-ərkanını, əvvəlki and-qəsəmini, ibadət etdiyi, tapındığı dinini geri itələyib yeni istiqamət götürür. Ayırıcı rəmzə qucaq açır, ruhun candan, aşiqin məşuqdan ayrılmaq acısına meydan verir:

Batıb aha, günaha,
Əlin açıb Allaha…
Dinindən dönüb daha –
Bax, keşişdi ürəyim.

Qələm əhli oxucularının görüşünə gedən kimi, vaxt da şairin görüşünə gəlib – 60 yaş! Bu illərin indi də davam edən qələmli mərhələsində Əbülfət Mədətoğlu çox şeirlər yazıb, çox kitablar ərsəyə gətirib. Sözlərini bir Allaha, bir də kitablara tapşırıb. Nə vaxt arzuları çin olacaq? Nə vaxt parçalanmış vətəninin yarasına məlhəm qoyulacaq? Yuxarıdakı da gözləyir, aşağıdakı da. Nəyi gözləyirlər? Suallarına cavab istəyən şairin ruha çevrilməsinmi? Əbəs gözləntidir. Şairin insanla açılan, bütöv Vətənlə bitən öz gözləntisi var. Bu gözlənti gerçəkləşməyincə şair nə ruhdan düşəcək, nə öləcək!.. 60 yaşlı Əbülfət Mədətoğlu bu fikri aşağıdakı misralarıyla təsdiqləyir:

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…


Qərib Mehdi

banner

Oxşar Xəbərlər