• bazar ertəsi, 05 may, 09:53
  • Baku Bakı 17°C

Səssiz kinomuzun “Arşın mal alan”ı

13.07.16 11:48 2719
Səssiz kinomuzun “Arşın mal alan”ı
XIX əsrin 80-ci illərində Bakıda neft hasilatının sürətlə artması, kapitalist münasibətlərinin inkişaf etməsi Bakının misli görünməmiş yüksəlişinə həlledici təsir göstərdi. Bakı az bir zamanda Rusiyanın iri sənaye-ticarət mərkəzinə çevrildi.

XIX əsrin 90-cı illərinin əvvəllərində Bakı artıq dünya neftinin tən yarısını istehsal edirdi. Şəhər öz miqyasını sürətlə genişləndirir, burada bir-birindən gözəl imarətlər salınır, mədəniyyət ocaqları tikilir, əhali rekord sürətlə artırdı. Bakı nəinki Azərbaycanın, həm də bütün Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlamışdı. Belə bir vaxtda Azərbaycanda yeni bir sənət növü - kinematoqrafiya yaranır.

XX əsrin əvvəllərindən kinematoqraf məişətimizə daxil olur və texniki ixtiradan kütləvi tamaşa növünə çevrilir.

Azərbaycan sovetləşməmişdən beş il əvvəl belçikalı sahibkarlar - Pirone qardaşları Bakıda özlərinin kirayə kontorunu açır, kino istehsalını təşkil edirlər. Şəhərin mərkəzində, Birja küçəsi, 3 nömrəli binada (indiki Ü.Hacıbəyov küçəsi) onların "Filma” Səhmdar Cəmiyyəti yerləşirdi. Cəmiyyət 1915-ci ildə bir neçə bədii filmin istehsalına başlayır. Filmlərə quruluş vermək üçün Peterburqdan rejissor Boris Svetlovu və operator Qriqori Lemberqi dəvət edir.

Bakıya gələn rejissor burada bir neçə filmə - "Neft və milyonlar səltənətində”, "Arşın mal alan”, "Arvad”, "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar” və s. bədii filmlərə quruluş verir.

Kinotexnikanın bugünkü inkişafı mövqeyindən yanaşanda adama elə gəlir ki, musiqili komediyanın səssiz ekrana çıxarılmasına cəhd göstərilməsi sadəlövhlükdür. Lakin bu faktın özü kinomuzun təşəkkül tapmasında, ədəbi əsərin ekran üçün ilk dəfə alınmasında göstərilən səyləri təsdiq edir.

"Arşın mal alan” filmi 1916-cı ildə çəkilmişdir. Film 7 hissədən ibarət idi. O vaxtlar Bakıda fəaliyyət göstərən "Filma” Səhmdar Cəmiyyətinin rejissoru Boris Svetlov çəkilişlərə tanınmış səhnə aktyorlarını - Hüseynqulu Sarabskini (Əsgər), Ələkbər Hüseynzadəni (Sultan bəy), Mirzəağa Əliyevi, (Süleyman), Əhməd Ağdamskini (Gülçöhrə), Yunis Nərimanovu (Gülcahan, titrdə belə yazılıb), Aleksandra (Asya) və Yevgeniya (Telli) Olenskaya bacılarını dəvət edir.

Nəyə görə filmdə qadın rollarını kişilər ifa edirdilər? İnqilabdan əvvəl azərbaycanlı qadınlar adətə görə çadrada gəzirdilər. O vaxtlar qadınlar nəinki səhnəyə çıxmır, hətta onların ictimai yerlərdə görünmələrinə də icazə verilmirdi. Ona görə də qadın rollarını kişilər oynayırdılar. Rejissor film üçün Bakıda fəaliyyət göstərən rus teatrından qeyri-millətlərdən olan aktrisaları dəvət edə bilərdi. Çünki film səssiz idi, dialoqlar titrlər vasitəsilə verilirdi. Lakin rejissor B.Svetlov "Arşın ml alan” operettası ilə tanış olmaq üçün teatra gedir. Tamaşada rolları ifa edən aktyorlar, o cümlədən qadın rollarının ifaçıları rejissorun o qədər xoşuna gəlir ki, bütün truppanı filmdə çəkməyə qərar verir.

Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı "Forum” kinoteatrında nümayiş etdirilir. Səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz gözəlliyini, təravətini və bədii qiymətini xeyli itirmişdi. Buna görə də, salonda yerləşdirilmiş xalq çalğı alətlərinin müşayiəti ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar ifa edirdilər. Tamaşaçılar filmə böyük maraq göstərirdilər. Bununla belə, filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən aktyorları narazı salmışdı.

O dövrün mətbuatında - "Sovqat” qəzetində belə bir məlumat dərc edilmişdi: "Bakı. "Forum” teatrı tərəfindən müsəlman həyatından alınmış "Arşın mal alan” adlı komediya tamaşaya qoyulmuşdur. Bu komediya qoyulduğu gün, Şalyapinə bilet almaq üçün olan növbə bunun yanında müqayisə ediləcək bir şey deyildi. Bu qədər böyük müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə bu filmi çəkənlər arasında olan narazılıq üstə film ekrandan götürüldü. Bizə verilən xəbərlərə görə, bu film yenidən teatrda tamaşaya qoyulacaqdır”.

Filmin ekrandan çıxarılması ilə əlaqədar "Forum” kinoteatrının müdiriyyəti "Kaspi” qəzetində geniş elan dərc etdirmişdir. Elanda yazılmışdır: "Forum” teatrının müdiriyyətindən: Hər cür dedi-qoduya yol verməmək üçün "Forum” teatrının müdiriyyəti bildirir ki, "Arşın mal alan” filmi heç də onun günahı üzündən ekrandan çıxarılmamışdır. Müdiriyyət filmi cənab Belyakovun kinematoqrafik lentlərinin prokat kontorundan almışdır. Müdiriyyətin belə halda və ümumiyyətlə, filmin müəllif hüququna heç bir dəxli yoxdur. Teatrlar filmləri prokat kontorlarından əldə edirlər.

Bu kontorlar müəllif hüquqları ilə əlaqədar hökumət və müəlliflər qarşısında cavabdehdirlər. Beləliklə, bu halda "Forum” teatrının müdiriyyəti təsadüfən ziyan çəkən tərəf olmuşdur. Mövcud işlə bağlı maddi zərərə düşərək müdiriyyət ona görə heç cür mənəvi məsuliyyəti öz üzərinə götürə bilməz. Hörmətlə, "Forum”un müdiri A.İ.Andreyev.”

Buna baxmayaraq, film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdir. Bununla əlaqədar, "Kaspi” qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdir ki, 4 hissədən ibarət "Arşın mal alan” komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi şərq musiqi orkestri müşayiət edəcəkdir. Bu film Ü.Hacıbəylidən gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir.

4 hissədən ibarət olan "Arşın mal alan” filminin hər hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası”, "Gəlin seçmək”, "Arşın mal alan”, "İkisi axtardı, dördü evləndi”. Bu variant nümayiş etdirilməzdən əvvəl 1-ci seansların bütün biletləri bir neçə saat ərzində satılıb qurtarmışdı. Bundan xəbər tutan Ü.Hacıbəyli rəsmi dairələrə müraciət edərək, öz müəlliflik hüququ ilə bağlı etirazını bildirdi və müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Məsuliyyətdən yaxa qurtarmaq istəyən sahibkarlar "film yandı” deyib onu Bakıdan çıxartdılar.

Hadisədən bir neçə gün sonra Aşqabadda "Modern” kinoteatrında "Arşın mal alan” filminin göstəriləcəyi yerli qəzetlərdə xəbər verildi. Müəllif xəbər tutmağa macal tapmasın deyə "yalnız bircə gün nümayiş etdirildiyi üçün seans gündüz saat 4-də başlanacaqdır” sözləri də elana əlavə edilmişdi.

Film Aşqabadda da bircə gün göstəriləndən sonra Orta Asiyanın başqa yerlərinə aparıldı. Sonralar filmin elə həmin şəraitdə Tiflis, Gəncə və başqa şəhərlərdə göstərildiyini qəzet elanları xəbər verirdi. 1918-ci ildə Üzeyir Hacıbəylinin İrana getdiyini bilən sahibkarlar filmi Bakıda da göstərdilər…

Haşiyə. Sovet dövründə "Arşın mal alan” operettası iki dəfə ekrana çıxarılmışdır: Birinci dəfə 1945-ci ildə, ikinci dəfə 1965-ci ildə. "Arşın mal alan” kinokomediyasının ikinci variantı 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırılmışdır – A.K.) layiq görülmüşdür. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı”ya daxil edilmişdir.

Bundan başqa "Arşın mal alan” Heydər Əliyev Fondunun təşəbbüsü, "Ata Holdinq”in dəstəyi ilə ABŞ-da rənglənərək, hazırda ekranlarda ikinci həyatını yaşayır.
"Arşın mal alan” 1937-ci ildə Amerikada ermənilər tərəfindən də çəkilib. Film ekranlara həmin il martın 5-də buraxılıb. Filmə Setraq Vartiyan quruluş verib. O, həm də Əsgər rolunu ifa edib.

Ermənilərin çəkdiyi filmin titrlərdə Ü.Hacıbəylinin adı yox idi. Bunun əvəzinə yazılmışdı: "Şərq əfsanəsinin motivləri əsasında”.

50-ci illərdə Los-Ancelesdə erməni dilində tamaşaların birində rejissor S.Vartiyan Ü.Hacıbəylinin müəllifliyini qeyd etmişdi, lakin proqram və afişada "Arşın mal alan” erməni operettalarının kralıdır” sözləri çap olunmuşdu.

Göründüyü kimi, ermənilər nəinki bizim mahnıları, həm də tamaşalarımızı öz adlarına yazmaqdan çəkinmirlər.

Bax belə. Bu gün 100 yaşı tamam olan "Arşın mal alan” filminin ilk variantının başına gələn əhvalatlar bunlardan ibarətdir.





Aydın Kazımzdə,
Azərbaycanın əməkdar incəsənət xadimi

banner

Oxşar Xəbərlər