• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

ŞEİRLƏR HAQQINDA

28.03.16 10:44 4124
ŞEİRLƏR HAQQINDA
Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı patron toplayan bir balaca qəhrəman oğlan haqqındadır. Biz heyranlıq olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədərək dedi: "Xeyr uşaqlar, bu pis və zəif şeirdi". Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara baxmayaraq bizi heyran etmişdi.
On ildən sonra, artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu şeirin yaxşı və ya pis olduğunu duya bildim. Bundan ötrü bir neçə sətrə göz gəzdirmək yetərli idi.
O vaxtdan daha bir neçə on illiklər keçdi. Mən saysız-hesabsız şeirlər oxumuşam. Lakin yenə də şeirə düzgün qiymət verə biləcəyimə əmin deyiləm. Müəlliflər mənə tez-tez şeirlərlə müraciət edirlər. Onlar, adətən, şeir haqqında rəy almaq və naşir tapmaq arzusunda olan gənclər olur. Və həmin o gənclər səriştəli sandıqları yaşlı kolleqalarının, əslində, təcrübəsiz olduğunu, əlyazmalarını tərəddüd içində səhifələdiyini görəndə pərişan olurlar. İyirmi yaşındaykən iki dəqiqəyə edə biləcəyim işi indi etməyə çətinlik çətirəm. Hətta bu mənə mümkünsüz kimi görünür. Gənc çağlarımda düşünürdüm ki, "təcrübə" öz-özünə gəlir. Lakin bu heç də belə deyil. Əgər insanlar təcrübə baxımından istedadlıdırlarsa, yəni bu onlarda anadangəlmə və ya məktəb yaşlarından yaranıbsa, deməli, bu həmişə olacaq. Lakin başqaları da var. Onlar altmış il, yüz illik ömürlərini heç bir təcrübə qazanmadan da yaşaya bilərlər.
İyirmi yaşındaykən mənim şeir haqqındakı rəylərim müəyyən şeirlərə və şairlərə olan sevgimə əsaslanırdı. O sevgi elə böyük idi ki, demək olar hər bir kitabı, hər bir şeiri onlarla müqayisə edirdim. Əgər onlar arasında uyğunluq, oxşarlıq olurdusa, deməli yaxşıydı, yoxuydusa heç nəyə yaramırdı.
İndi də mənim xüsusilə rəğbət bəslədiyim, sevdiyim şairlər var. Onlardan bəziləri elə əvvəllərdən xoşuma gələnlərdir. Bu gün isə o şairlərdən hər hansı birini xatırladan şeirləri dinləyəndə artıq onlara şübhə ilə yanaşmağa başlayıram.
Şairlərdən və şeirlərdən danışmayacağam. Mən ancaq öz müəllifindən başqa hamının orta səviyyəli, zəif, mənasız, kasad hesab etdiyi "pis" şeirlərdən söhbət açacağam. Bu cür şeirlərdən yaşadığım zaman müddətində xeyli oxumuşam. Əvvəllər mən bu cür şeirlər pis olduğunu və niyə görə pis olduğunu yaxşı bilirdim. Bu gün isə mən buna çox da əmin deyiləm. Birdən-birə istənilən adətkarlıq kimi bu əminlik və biliyimə şübhə ilə yanaşmağa başladım. Nədənsə mənə quru, darıxdırıcı, yad və zərərli göründü. Nəhayət əhəmiyyətini itirmiş, köhnəlmiş, artıq keçmişdə qalmış, qiymətləndirə bilmədiyim bir şeyə çevrildi.
Bəzən indi elə olur ki, "pis" şeirləri tərifləmək istəyirəm, yaxşı şeirlərisə, əksinə, tərifləməyə tərəddüd edirəm.
Eyniylə həmin hissləri bəzən professora, məmura və ya hər hansı bir dəliyə qarşı hiss edirik. Axı biz cənab məmurun gözəl insan, cəmiyyətçün faydalı bir vətəndaş olduğuna, dəlininsə yazıq, çarəsiz, xəstə, hamını ona yazığı gəldiyinə və onu tam normal hesab etmədiyinə əminik. Lakin bəzən bir professorla və ya dəliylə söhbətləşəndən sonra, həqiqətin tam əksinə olduğunu görürük. Dəli dediyimiz adam sakit, özünə əmin, xoşbəxt, Allahın sevimlisi, özünəməxsus xarakterli, inamlı bir adam, professor isə aşağı səviyyəli, simasız, marionet biri olur.
Bax elə eyniylə bu cür hissləri bəzən mən pis şeirləri oxuyanda duyuram. Onlar birdən-birə gözümə heç də pis görünməyib xüsusi gözəlliyə malik olur. Məlum həmin o zəif nöqtələr, çatışmazlıqları orijinal, xoş, gözəl görür, sevimli və gözəl şeirlərlə müqayisə zamanı isə onları rəngsiz, solğun və şablon kimi qəbul edirəm.
Ekspressionizmin araya gəlməsi ilə biz buna bənzər halları bəzi gənc şairlərin də yaradıcılığında müşahidə edirik. Həmin şairlər daha qəsdən "yaxşı" şeirlər yazmırlar. Onlar kifayət qədər gözəl şeirlərin olduğunu düşünürlər. Bu dünyada öz-özünə doğulduğunu zənn edib gözəl şeirlər “qatarına bənd olaraq “çox-çox əvvəllərdən başlamış "kim kimi üstələyəcək" oyununa qoşulmurlar. Yəqin ki, onlar tamamilə haqlıdırlar. Bəzən onların şeirləri də elə o cür təsirli səslənir.
Məsələnin nə yerdə olduğu bəllidir. Şeirin dünyaya gəlişinin məğzi birmənalıdır. O bir çağırış, hayqırtı, nəfəs, işarə, həyəcan dolu ürəyin reaksiyası, emosiyasıdır. Heç bir şeir bu başlıca, ilkin və ən vacib funksiyalara görə dəyərləndirilmir. Hər şeydən öncə o, şairin özünə müraciətdir - onun nəfəsi, səsi, xəyalı, təbəssümüdür. Kim gecə yuxularının estetik dəyərini, əl-qol hərəkətlərinin məqsədini, mimikaları və hərəkətləri mühakimə edər ki?! Ayaq və ya əl barmağını ağzına salıb sovuran körpə də qələminin başlığını gəmirən müəllif kimi, quyruğunu açan tovuzquşu kimi düzgün və ağıllı hərəkət edir. Onlardan heç biri bir-birinə nisbətən daha yaxşı və ya daha haqlı deyillər.
Bəzən müəllifə rahatlıq və yüngüllük gətirən hər hansı bir şeir bir başqasını sevindirə, həyəcanlandıra, kövrəldə bilər. Və bu bəzən gözəl olur. Bu, şeirdə hamıya aid nəsə olanda, hamının taleyində ola biləcək şeylər olanda mümkün olur. Lakin bunun da hər zaman mütləq belə olması vacib şərt deyil.
Məhz elə burda problemli dövri hərəkət başlayır. "Gözəl" şeirlər şailəri publikanın sevimlisi edir. Buna görə də şeirin yenidən zülməti başlayır - yaranışdan əvvəlki müqəddəs funksiyalarını unudaraq hamısı ancaq gözəl olmaq istəyir. Bu cür şeirlər dinləyicilər üçün, oxucular üçün yaranır. Onlar nə şirin xəyal, nə rəqs hərəkəti, nə ruhun fəryadı, nə yaşananlara reaksiya, nə qarabasmalar, nə ovsun, cadu deyildir. Onlar publikadan ötrü uydurulmuş, əldə qayrılmış məmulat, fabrik məhsulu, konfetdirlər ki, yaymaq, satmaq üçün istehsal olunublar. Həmin məmulatlar alıcıları şənləndirmək, ruh yüksəkliyi vermək və ya əyləndirməkdən ötrü istifadəyə verilmişdir. Məhz bu cür şeirlə müvəffəqiyyət qazana bilir. Bu cür şeirdə ciddilik və sevgiylə yüklənmək lazım gəlmir. Onlar adamı incitmir, kədərləndirmir, əksinə şad və rahatlıq içində öz gözəl və sakit dalğalarında yelləndirirlər.
Bu "gözəl" şeirlər bəzən çərçivə boyunca qaydaya salınmış, uyğunlaşdırılmış əşyalar, professorlar və məmurlar kimi müəmmalı və xoşagəlməz ola bilirlər. O zaman ki, düzgün, ədalətli dünyadan bezib fənərləri sındırmaq, məbədləri yandırmaq istəyirsən, bütün "gözəl" şeirlər senzuraya salınmış, həddindən artıq münasib, əhliləşdirilmiş, ədəbli kimi görünür insana. Onda pis şeirlərə müraciət edirsən. Şeirlərin içində heç bir dənəsi də olsun pis olmur.
Lakin burada bizi məyusluq gözləyir. Pis şeirlərdən alınan zövq çox qısamüddətlidir. Onlar tez bezdirir. Bəs bu şeirləri oxumaq nəyə lazımdır ki? Olmaz ki hər bir kəs özü bu cür pis şeir yazsın? Girişin bu işə! Və görəcəksiniz ki, pis şeir yazmaq insana ən gözəl şeir oxumaqdan belə çox zövq verir.
Raritet
Bir neçə onilliklər əvvəl bir gənc alman şairi öz ilk şeir kitabını çap etdirdi. O, sentimental, zəif, forması və dərin mənası olmayan bir kitab idi. Oxucu yalnız xəfif-xəfif əsən yaz küləyini və təzəcə tumurcuqlamış kolların arasında gəzişən bir qızın zəif təsvirini görə bilirdi. Ağbənizli, incə, bəyaz geyimli qız bahar əhval-ruhiyəli yaz meşəsindəki alatoranlığa qarışırdı. Onun haqqında konkret heç nə yazılmamışdı.
Müəllifəsə bu yetərli idi. Maddi imkanı olduğundan nəşr olunmaq üçün məşhur və tragikomik mübarizəyə başladı. Altı tanınmış və bir neçə başqa yaxşı nəşriyyatlar həmin gəncin əlyazmasını çox nəzakətli şəkildə geri qaytardılar. Onların indiyədək qalan qısaca yazılmış məktubları indiki naşirlərin tez-bazar cavablarından demək olar ki, heç nəyiylə fərqlənmir. Lakin onlar üzərində işlənilməmiş əlyazmalar idi.
Rədd cavabı aldığından acıqlı və hər şeydən usanmış şair şeirlərini dörd yüz nüsxə tirajla özü çap etdirdi. Kitabça fransız formatlı, otuz doqquz səhifəlik, vərəqin on iki də biri boyda qalın cildlənmiş, içərisindən isə qırmızı-qəhvəyi rəngli kağızdan yığılmışdı. Müəllif bulardan otuzunu öz dostlarına payladı. İki yüz nüsxəni yaymaq üçün kitab ticarəti ilə məşğul olanlara verdi. Və həmin iki yüz kitab dükanda baş vermiş böyük yanğın zamanı məhv oldu. Sonrakı taleyi naməlum qalan yüz yetmiş nüsxə kitab isə şairdə qaldı. Bu kitab anadangəlmə ölü doğuldu. Şair də çox güman ki, iqtisadi məsələləri düşünərək bir daha bu cür poetik təcrübələrə yol vermədi.
Lakin yeddi ildən sonra komediyalar çap etdirmək üçün vəsait topladı. O, bu işdən ürəklə yapışdı. Bəxti gətirdi. Sanki bir fabrikant kimi ildə bir komediyanı tez və keyfiyyətli dərc etdirirdi. Teatrlar tamaşaçı, vitrinlər pyeslərinin kitab variantı, səhnələrdən fotolar və müəllifin rəsmləri ilə dolu idi. Axır ki, o, məşhur oldu. Lakin gənclik illərində yazdığı şeirləri daha dərc etdirmədi. Çox güman ki, onlardan utanırdı. O, həyatının çiçəklənmə dövründə vəfat etdi. Ölümündən sonra haqqında dərc olunan qısa tərcümeyi-hal oxucular arasında qısa zamanda tez yayıldı. Və bu tərcümeyi-halda onun artıq çoxdan unudulmuş gənclik illərinin nəşri haqqında məlum oldu.
İllər keçdi, onun çoxsaylı komediyaları dəbdən düşdü və artıq tamaşaya qoyulmadı. Kitablarını isə istənilən kitab mağazasında komplekt şəkildə satışda var idi. Lakin o balaca, birinci kitabçadan müəllifin dostlarına payladığı otuz nüsxə kolleksionerlərin marağına və axtarışına səbəb oldu. Onlar həmin kitabçanı ən yüksək qiymətə belə əldə etmək arzusunda idilər. Bukinstlərin təlabat siyahısında bu ad hər zaman vardı. Satışda cəmi dörd dəfə görünən o kitabı almaqdan ötrü kitabsevərlər arasında çox qızğın mübarizə getmişdi. Çünki əvvəla kitabın üz qabığında həmin o məşhur ad var idi, ikincisi bu müəllifin ilk və həm də öz vəsaitinə dərc olunmuş kitabı idi. Sonrası da odur ki, oxucularda soyuq pyesləri ilə məşhur olan dramaturqun gənclik illərindəki sentimental lirikası çox maraq doğururdu.
Bir sözlə bu kitabçaya böyük tələbat yaranmışdı. Onun nahamar kəsilmiş, mükəmməl olmayan nüsxələri o qədər bahalı idi ki, hətta bəzi amerikan kolleksionerləri də onu əldə etmək arzusunda idilər. Alimlər də bu nadir kitab haqqında iki dessertasiya yazmışdılar. Biri onun dil imkanlarını işıqlandırır, digəri isə psixoloji tərəflərini açıqlayırdı. Heç kimin ixtiyarı olmadan altmış beş ədəd təkrar çap olunmuş nüsxələri isə çoxdan artıq satılmış və kitab haqqında jurnallarda onun barəsində onlarla məqalələr dərc olunmuşdur. Yanğından xilas olmuş yüz yetmiş ədəd kitabın taleyi mübahisə mövzusudur. Görəsən müəllif özü onları məhv etmişdi, itirmişdi, yoxsa ki, satmışdı? Bu naməlumdur. Onun varisləri xaricdə yaşayırlar. Və onlara bu heç də maraqlı deyil. Hal-hazırda kolleksionerlər bu balaca kitabçanın əvəzində Kellerin çox nadir əsəri olan "Yaşıl Hentix" əsərindən də çox pul təklif edirlər. Əgər birdən nə vaxtsa o yüz yetmiş nüsxə kitab ortaya çıxsa və hər hansı bir kolleksioner tərəfəndən məhv edilməsə, qiymətdən düşər, kitabsevərlər tərəfindən ironiya ilə digər məzəli hadisələr, lətifələr kimi ara-sıra xatırlanar.
Rus dilindən tərcümə edən: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər