AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəhid ailələrinə və müharibə əlillərinə sosial dəstək daim diqqət mərkəzindədir

Şəhid ailələrinə və müharibə əlillərinə sosial dəstək daim diqqət mərkəzindədir

Cəmiyyət
15 Aprel 2021, 20:30 633
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində düşməni məhv edərək, onu 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan qovub çıxardı. Şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olunan haqq savaşımızda dəmir yumruqla başı əzilən işğalçılar Azərbaycan Ordusu qarşısında diz çökdü və kapitulyasiya aktını imzaladılar. Bununla da xalqımızın Vətən, yurd həsrətinə son qoyuldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Deputat bildirib: "Təbii ki, İkinci Qarabağ müharibəsində qazanılan parlaq Qələbə qəhrəman şəhid və qazilərimizin canı, qanı bahasına əldə edildi. Elə buna görə də postmüharibə dövrü başlanan kimi müharibə əlilləri və şəhid ailələrinə dəstək layihələrinə start verildi. Əvvəlcə müvafiq qanunvericilik bazası müəyyənləşdirildi. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi təsdiqlənən şəxslərin, habelə şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında 2021-ci il yanvarın 25-də Sərəncam imzalandı. Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı müəyyən məsələlər, habelə onlara və şəhid ailələrinə psixoloji yardım barədə Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli müvafiq qərarları qüvvəyə mindi”.
Milli Məclisin deputatı, eyni zamanda qeyd edib ki, hazırda şəhidlər, müharibə əlilləri və veteranları barədə elektron reyestrin yaradılması məqsədilə Azərbaycan Respublikası qanunlarına dəyişikliklərlə əlaqədar layihə hazırlanaraq Milli Məclisə təqdim edilib.
Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.
R.Mahmudov bildirib ki, ötən müddətdə şəhid ailələrinə, müharibə əlillərinə sosial ödəniş təyinatlarının reallaşdırılması diqqət mərkəzində saxlanılıb. Belə ki, 2 min 862 şəhidin 7 min 314 ailə üzvünə 13 min 333 sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyin edilib. Bundan başqa, 252 müharibə əlilinə sosial ödənişlər müəyyənləşdirilib. Bütün mülki şəhid ailələrinə təyinatlar da artıq yekunlaşdırılıb.
Ölkədə yaralı hərbçilərə sosial dəstək tədbirlərinin gerçəkləşdirilməsinin diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, indiyədək 10 min 494 yaralı hərbçi ailəsi operativ maddi-məişət şəraitinin və təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sağlamlıq imkanlarının müayinəsi məqsədilə ziyarət edilib. Yaralı hərbçilərə 2370 reabilitasiya vasitəsi verilib. Protez Ortopedik Reabilitasiya Mərkəzində 16 hərbçi yüksək texnologiyalı müasir protezlə, 5-i mühərrikli təkərli oturacaqla təmin edilib. Daha 12 hərbçinin müasir protezlə təmini üçün lazımi ölçülər götürülüb.
Respublikada müharibə əlillərinə avtomobillərin paylanması üçün hazırlıq işlərinə başlanılıb. Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının yaxşılaşdırılması da unudulmayıb. Yeri gəlmişkən, cari ilin planı üzrə artıq 230 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.
Vətən müharibəsindən sonra "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik olunub, şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.
Milli Məclisə təqdim edilən büdcə paketi çərçivəsində yeni layihələrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələri, müharibə əlilləri, "Azərbaycanın Milli Qəhrəmanı” və "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər və digər qruplara bir sıra ödənişlərdə artımlar müəyyənləşdirilib.
Şəhid ailələri və əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
Milli Məclisin deputatı sonda bildirib: "Vətən müharibəsində qəhrəmanlıqla həlak olan əsgər və zabitlərimizin ailələrinin, qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin bu məsələyə xüsusi qayğısının bariz ifadəsidir. Bu, eyni zamanda, dövlətimizin başçısının xalqımızın, xüsusilə həssas təbəqənin rifahının daha da yaxşılaşdırılması, bu məqsədlə ardıcıl tədbirlərin görülməsi ölkəmizdə insan amilinin hər şeydən önəmli olduğundan, bu mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir”.