• cümə, 19 Aprel, 16:00
  • Baku Bakı 25°C

Sağlam tərif , xeyirxah tənqid

05.12.19 10:00 1624
Sağlam tərif , xeyirxah tənqid
Hərdən özümü bağışlaya bilmirəm. Həmişə tövsiyələri mənimlə olan, tez-tez xatırladığım sevimli müəllimim, filologiya elmləri doktoru professor Qulu Xəlilov haqqında niyə ancaq ildə bir dəfə-doğum günündə yazıram. Sonra da təsəlli tapıram ki, axı onu heç vaxt unutmuram. Bütün fəaliyyətimdə, ədəbi düşüncələrimdə onun tapşırıqlarına əməl etməyə çalışıram. Qulu Xəlilovun yaradıcılığı və insanlıq amalı mənim bir qələm adamı kimi həyat meyarımdır.
Akademik Məmməd Arifə məxsus fikirdir: "Qulu Xəlilov bədii əsərlərə elmi obyektivlik mövqeyindən yanaşan, ədəbiyyatın ideya bədii inkişafı üçün məsuliyyət hiss edən bir alim və cəsarətli tənqidçidir”. Düşünürəm ki, Qulu Xəlilov vətəndaş mövqeyi olan, tənqidçi şərəfini qoruyan qətiyyətli və ədalətli bir ədəbiyyat keşikçisi idi. Ədəbi tənqidin inkişafına verdiyi töhfələri bu gün təzədən gözdən keçirəndə mən həqiqətən heyrətə gəlirəm. İnsan nə qədər obyektiv, dürüst və cəsarətli ola bilərmiş. Qulu Xəlilov təkcə yazıçı və şairlərin əsərləri barəsində deyil, tənqidçi həmkarlarını da unutmurdu: "Yaranan yeni əsərlər vaxtında təhlil olunmur, problematik məsələlər qaldırılmır, ümumiyyətlə tənqid müasir həyatımızla ayaqlaşmır”. Rəhmətlik Bəkir Nəbiyevin bir etirafını xatırlayıram: "Təzə əsərləri dərhal oxuyub fikrimizi bildirməyə çalışırdıq, nə danım, biz bir ədəbiyyat adamı kimi Qulu Xəlilovdan çəkinirdik. Onun iradı yeddi yerimizdən keçərdi”. O zamanlar Qulu Xəlilovla fikir meydanında yanaşı addımlamaq bir fəxarət idi. Bəlkə də bu səbəbdən indiki qədər zəif əsərlər meydan sulamırdı. Çünki ədəbiyyatın əsil keşikçiləri sərvaxt fəaliyyət göstərirdilər.
Hələ 1956-cı ildə "Ədəbi tənqidimizə aid qeydlər” məqaləsində Qulu Xəlilov yazırdı: "Tənqidçilərin bir çoxunun ədəbi hadisələrdən yaxalarını kənara çəkmələri, ədəbiyyatımızın müvəffəqiyyət və nöqsanlarını vaxtında elmi şəkildə, konkret təhlil üsulu ilə deməmələri, cəsarətli, prinsipial, aktual məsələlər irəli sürməmələri, onların bağışlanmaz ciddi nöqsanlarıdır”. Məhz Qulu Xəlilovu da çoxundan fərqləndirən əsas məziyyəti cəsarətli və prinsipial olması idi. Qərəzdən, təmənnadan çox uzaq idi. Məqsədi yeni söz, yeni fikir uğurunda mübarizə olub. Hətta eyni adda məqaləsi də var. Xalq şairi Rəsul Rzanın yaradıcılığı barəsində qələmə alınan bu yazıda şairin orijinal üslubunu poetik nümunələrlə təhlil edib. Qulu Xəlilovun həmin məqaləsində oxuyuruq: "Rəsul Rza tapdanmış, şablon yolla gedən şairlərdən deyildir. O, hər şeydən əvvəl, klassik Azərbaycan şeirinin, eləcə də rus, və dünya poeziyasının mütərəqqi ənənələrinə sadiq bir şair kimi həmişə özü yeni ifadə vasitələri axtarıb tapır, özünəməxsus orijinal xüsusiyyətlərlə çıxış edir”. Maraqlıdır ki, Rəsul Rza barəsində "Yeni fikir, yeni məzmun və ifadə vasitələri onun şeirlərində əsas yer tutur” deyən Qulu Xəlilov elə o fikrin arxasınca yazıb: "...bu şeir bir sıra qüsurlara da malikdir ki, forma məzmuna uyğun deyildir. Yəni vəhdət yaradılmamışdır. Məzmun son dərəcə lirik və dərindir, forma solğun, soyuq və qurudur...”
Süleyman Rəhimovun romanları haqqında ən çox yazan Qulu Xəlilovdur, desəm, yanılmaram. Xalq yazıçısının yaradıcılığını müxtəlif aspektdən təhlil edərək müqayisələr aparıb. Qulu müəllimin Süleyman Rəhimova rəğbəti, ehtiramı həmişə diqqət çəkib. Onların arasındakı xoş münasibət sonralar dostluğa da çevrilib. Həmişə də xalq yazıçımız barəsində ən müsbət fikirləri söyləyib, təqdir edib, amma buna baxmayaraq həqiqəti də qələmə alıb: " ...Süleyman Rəhimovun əsərlərinin üslubunda ciddi nöqsanlar yox deyildir. Təsvirçilik, uzunçuluq, sözü-fikri bəzən dönə-dönə təkrar etmək və s.” Əslində o dövrün ədibləri, şairləri və tənqidçiləri də səmimi, ədalətli olublar. Bir-birlərindən inciməyiblər. Söylənilən hər bir tənqidi rəyin məsuliyyətini anlayaraq, ədəbiyyatın keşiyində dayanmağın vacibliyini dəyərləndiriblər. Xalq şairi Səməd Vurğuna məxsus fikirdir: "Yazıçının öz nöqsanını görməsi, etiraf etməsi, düzəltməsi böyük şərəfdir”.
Qulu Xəlilov daim narahat, dinclik nə olduğunu bilməyən əsl ədəbiyyat adamı kimi yadda qalıb. O qədər sağlam düşüncə sahibi və dürüst tənqidçi idi ki, hətta dünyasını dəyişmiş yazıçıların əsərlərində gördüyü nöqsanları onların yaşadığı mühitin müəmmaları ilə bağlayaraq necə dəqiq fikir yürüdüb: "...ədib bu gün sağ olsaydı tarixilik və bədiilik baxımından öz romanlarına ciddi əl gəzdirərdi. Çünki bu romanların bəzilərində, xüsusilə Bakının inqilabi keçmişindən bəhs edən əsərlərində bir sıra ciddi təhriflər vardır. Nəzərə almaq lazımdır ki, tam halda bu romanlar yazılan zaman Azərbaycan xalqının tarixi hələ elmi şəkildə ətraflı örrənilməmişdir. Bir sıra faktlar dumanlı və qaranlıq idi. Bəzi həqiqətləri demək və yazmaq isə böyük cəsarət və risk tələb edirdi”. Elə sovet dövrünün qılıncının iti vaxtında belə bir fikir yürütməyin özü də "qurd ürəyi yemək” demək idi
Halal tərif insanı ruhlandırırsa, haqlı tənqid də qələm sahibinin məsuliyyətini, diqqətini artırmalıdır ki, nöqsanlarını aradan qaldıra bilsin. Hər iki məziyyətin mayasında mütləq səmimiyyət olmalıdır. Yalançı tərifin də, qərəzli tənqidin də mənası eynidir, ikisi də ikrah doğurur. Hələ ötən əsrin ortalarında Qulu Xəlilov yazırdı: "Ədəbiyyatımızın müvəffəqiyyət və nöqsanlarını elmi şəkildə bir cərrah bıçağı ilə yarıb şərh etmək, onun nailiyyətlərini ümumiləşdirib qiymətləndirmək üçün yalnız tələbkar olmaq çox azdır, bunun üçün tənqidçiyə imkan, vaxt vermək, ona əlverişli yaradıcılıq şəraiti yaratmaq lazımdır”.
Yaradıcılıqda da həmişə cəsarətin vacibliyini xüsusi vurğulayan Qulu müəllimə görə bu məziyyət ədəbi tənqiddə də, bədii əsərlərin yazılışında da gərəkdir. Çünki cəsarət olmayan yerdə nailiyyət yoxdur. İstər ədəbi-tənqidi məqalələrində, istərsə də məruzə və çıxışlarında həmişə cəsarətsiz müəllifləri məzəmmət edərdi. Şair də, yazıçı da,jurnalıst də həqiqəti əks etdirən əsərlər yazmalıdır. Zəif yazı müəlliflərinə də ədəbi tənqid kəskin və sərt mövqeyini göstərməlidir. "Cəsarət bəzən böyük bir kəşflə nəticələnir” deyərdi.
Qulu Xəlilovu həmkarlarından fərqləndirən cəhətlərdən biri də həssaslıqla əsərlərini təhlil etdiyi, haqqında xoş sözlər dediyi müəlliflərə müəyyən mövzuları məsləhət görməsi, onları yeni-yeni yaradıcılıq uğurlarına ruhlandırması idi. Qulu Xəlilovun tənqidinin mayasındakı səmimiyyət əslində ədəbiyyatın sabahını düşünmək, məna və mündəricatını zənginləşdirmək məqsədi daşıyırdı. Bu baxımdan şair Teymur Elçinlə bağlı yazdığı "Paklığın poeziyası” adlı yazısında maraqlı fikirlər irəli sürərək müəllifə yeni mövzular verirdi. Qulu Xəlilov həqiqətən böyük ürək sahibi idi. O, Teymur Elçinin "Sözlər, nəğmələr, nağıllar, laylalar” adlı uşaq kitabını birnəfəsə oxuduğunu, müəllifin dilinin aydın, sadə, ifadəli olduğunu diqqətə çatdıraraq yazırdı: "Böyüklər üçün yazmaq bir istedad tələb edirsə, uşaqlar üçün yazmaq iki istedad tələb edir”. Elə bu baxımdan "Teymur Elçin bütün varlığı ilə, bütün qəlbi və istedadı ilə uşaq ədəbiyyatına bağlı sənətkardır. Sadəlik, yığcamlıq, oynaqlıq, musiqililik, adi həqiqətləri uşaqlara sevdirə biləcək şeiriyyətlə tərənnüm-təsvir onun poeziyasının başlıca məziyyətlərindəndir”. Sonra da istəklərini, iradlarını da bildirir: "Biz istərdik ki, uşaq təfəkkürünü, xəyalını inkişaf etdirmək üçün zəngin material verən Azərbaycan nağıllarının bir çox işıqlı, müasir səslənən motivləri şairin əsərlərində yeni bədii formalarda, bu günün yenilikləri və nailiyyətlərilə, qaynayıb-qarışmış şəkildə tərənnüm edilsin.” Sonra da bildirir: "Bu arzu-iradları bizdə doğuran T.Elçinin xalq həyatını, onun dilini, mədəniyyətini dərindən bilməsi, güclü milli koloritə bağlılığı, onun sağlam və coşqun istedadıdır”. Sağlam tərif və xeyirxah tənqid budur.
Qulu Xəlilov Məmməd Araz yaradıcılığını sevən, təqdir edən, tez-tez onun şeirlərindən söz açan poeziya aşiqi kimi də seçilirdi. "Məmməd Araz zəngin məzmunlu, güclü təfəkkürə malik, daim arayan, axtaran, narahatlıq xoşbəxtliyinə malik şairlərimizdəndir. O, nəinki şairdir, qələm dostları haqqında bir sıra səxavətli fikir və mülahizələr söyləyən, əmək adamları, kəndlərimiz, şəhərlərimiz haqqında, təbiətin gözəlliklərini mühafizə eləmək barədə dəyərli məqalə və oçerklər, publisist qeydlər yazan alim təfəkkürlü bir yaradıcıdır”. 45 il öncə qələmə alınmış "Yaradıcılıq həmişə sadəlik sevir” adlı yazıdan nümunə gətirdiyimiz bu dəqiq fikirlərin sonunda Qulu müəllim eyni məhəbbət və həssaslıqla onu razı salmayan misraları da şairin nəzərinə çatdırıb. Maraqlısı da odur ki, Qulu Xəlilov şairə xüsusi istəklə söyləyir ki, sən çox yaxşı əsərlərin müəllifisən, poetik təzəlik, poetik ustalıq nədir, sən hamıdan yaxşı bilirsən. Yaxşı və sevilən əsərlərinin ənənələrinə laqeyd qalma!
XX əsr Azərbaycan ədəbiyyatının elə bir nümayəndəsi yoxdur ki, görkəmli tənqidçimiz onların yaradıcılığı barəsində öz ədəbi sözünü deməmiş olsun. Dilə etinasızlıq göstərənləri Qulu Xəlilov çox kəskin tənqid edərdi. Həmişə də xatırladardı ki, dilin şəhdini, ətrini, daxili şeiriyyətini, qanun-qaydasını qorumaq hamıdan əvvəl yazıçının müqəddəs borcudur. Qulu Xəlilov dili şikəst, iflic edənləri heç vaxt bağışlaya bilmirdi. Yadımdadır, biz universitetdə oxuduğumuz illərdə "Səhər mehi” (müəllif Vaqif Musa) adlı bir roman çap olunmuşdu. Əsər ədəbi aləmdə böyük narazılıq doğurdu. İdeya və sənətkarlıq baxımından ciddi qüsurları olan bu əsəri məhz Qulu Xəlilov çox ciddi şəkildə tənqid etdi. Qulu müəllim hətta nəşriyyat işçilərini də qınayırdı ki, müəllifə tələbkarlıqla yanaşmayıblar. İndi nəşriyyatların çap etdikləri bəzi "kitab”ları görən də fikirləşirəm görəsən Qulu Xəlilov bu başa bəla qələmçiləri hansı sözlərlə "sığallayar”dı? Onun bir fikri də var idi ki, səviyyəli, mükəmməl əsərlər çap edə bilmək üçün naşirlər həm qayğıkeş, həm də tələbkar olmalıdırlar.
Qulu Xəlilovu bir məsələ də həmişə düşündürürdü. Məncə bu gün də heç həllini tapmayıb. Ali məktəblər üçün tərtib edilmiş proqram və dərsliklərdən narazılıq edərdi. Ədəbiyyatımızın keşiyində dayanan görkəmli tənqidçilərimizə, ədəbi tənqidə dərsliklərdə, proqramlarda ötəri yer verilməsini kəskinliklə diqqətə çatdırardı. Ədəbiyyatımızın çox cəfakeş, təvazökar, görkəmli tənqidçilərimizin adlarını bir-bir çəkər, onların böyük və şərəfli əməklərini ehtiramla təqdir edərdi.
Yazımın əvvəlində akademik Bəkir Nəbiyevin həmkarı barəsindəki sözlərindən nümunə gətirmişdim. Yazımın sonunda isə Qulu Xəlilovunun onun haqındakı fikrini oxucuların diqqətinə çatdırıram: "Bəkir Nəbiyev müasir ədəbiyyatın ən çətin və şərəfli sahələrindən sayılan ədəbi tənqid janrında səmərəli fəaliyyət göstərən istedadlı, bacarıqlı, səlis üslubu, elmi-nəzəri səviyyəsi ilə seçilən tənqidçidir...”
Mənim üçün filologiya elmləri doktoru Qulu Xəlilov müqayisəsi tapılmayan bir müəllim, mövqeyli ədəbiyyat aşiqi-keşikçisi, millətinə, torpağına bağlı Vətən övladı idi. Yox, bu epitetlərin sayı çoxdur. Qulu Xəlilovun bəlkə də həyatı keşməkeşlərdən, çətinliklərdən, ağrı-acılardan, xəstəliklərdən keçdiyi üçün o, kimsəsizlərin kimsəsi idi. Zahirən sərt və qaşqabaqlı təsir bağışlayan bu sevimli və əziz insanın mənim qəlbimdəki yeri ürəyim döyününcə əbədidir. Uğurlu əsər oxuyanda, zəifini də görəndə onu xatırlayıram. Düşünürəm ki, mənim unudulmaz müəllimim nə deyərdi? Xoş sözü də, elə acısı da qəlibsiz idi... Qulu Xəlilov ədəbiyyatımızın, elmimizin böyük cəfakeşi və pərvanəsi, mənim üçün isə həqiqət ölçüsü idi. Gözəl və ləyaqətli övladları var: Almaz, Rəna, Azər. Bu nişanələr mənim üçün çox əzizdirlər. Sevinirəm ki, onlar da məni öz sıralarında görür, atalarının yadigarı kimi dəyərləndirirlər.
Qulu Xəlilov Hüseyn Cavidi çox sevirdi. Tez-tez onun misralarını xüsusi ahənglə deyərdi. Bu barədə növbəti yazımda. İndi isə

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər