RƏSUL RZA POEMALARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ

Azərbaycan poeziyasında poema janrının inkişafında xüsusi xidməti olan qüdrətli sənətkarlardan biri də Rəsul Rzadır. Böyük sənətkar üslub orijinallığı ilə seçilən, obrazların zənginliyi, insan xarakterlərinin dərin təhlili baxımından sanballı, ədəbi ictimaiyyətin həmişə diqqətini cəlb edən poemalar yazmışdır. Şairin müxtəlif vaxtlarda qələmə aldığı "Bir gün də insan ömrüdür”, "Anamın gəlin qızı”, "Qız qalası”, "Babək”, "Füzuli”, "Hilal”, "Son gecə”, "Lenin”, "Xalq həkimi”, "Qızılgül olmayaydı” yüksək ideya xüsusiyyətlərinə, kolorit gözəlliyinə, daxili dinamika və dramatizminə görə diqqətə layiqdir. Poema universal janr olduğuna görə şairin yaradıcılığında müşahidə edilən başqa ədəbi növlərə məxsus ən yaxşı keyfiyyətləri, sənətkarlıq komponentlərini özündə cəmləşdirə bilir və onun həm lirik, həm epik, həm də publisist üslubi imkanlarının bir janr daxilində vəhdətini, sintezini ortaya çıxarır.
Rəsul Rza "Bir gün də insan ömrüdür” (1064) poemasında XX əsr insanının zəngin və aydın aləmini, daxili potensialını, mənəvi gücünü, çağlayan həyat eşqini işıqlandırır. Bu poemada qurub-yaradan insanın əzminin, sevgisinin, halallığının, xoş niyyətinin, daxili zənginliyinin səmimi ifadəsini görürük.
Yarpaqların sayı qədər
üstə gəl "bir”
öpürəm, öpürəm!
sağ ol, körpəm!
Sonra ehtiyatla
Örtür qapını, çıxır eyvana.
Şəfəqlər çiçək-çiçək
Səpələnib hər yana.
Poemadakı bu misralar gərgin iş rejimində işləyən, qurub-yaratmaq əzmini ömrünün mənasına çevirən bir atanın körpə qızına bəslədiyi məhəbbətin bədii ehtivasıdır. Əsərin ideya-bədii həlli, poetik ümumiləşdirmənin məna tutumu dolğundur.
"Min dörd yüz on səkkiz” poeması müharibə mövzusunda yazılmış və real hadisələrin xarakterini bədii müstəvidə yüksək sənətkarlıqla, dərin səmimiyyətiylə və zəngin poetik detallarla təcəssüm etdirən qüdrətli sənət nümunələrindəndir. Böyük sənətkarların mükəmməl poetik əsərləri sırasında, həmçinin poeziyamızda bu mövzuda yazılmış dəyərli nümunələr arasında bu poemanın məxsusi yeri və sanbalı vardır. Əsərdə digər ədəbi komponentlərlə yanaşı, poetik dilin dolğunluğu xüsusi önəm daşıyır. Poetik detallara müraciət edək:
"Damağında yoxdursa
doğma dilinin dadı,
sinəsində yoxdursa
böyük elinin odu,
can dəftərində yoxsa
möhürü ana yurdunun…
Yarana bilərdimi
bu çox səsli
Qalibiyyət nəğməsi!”
misralarda ehtiva olunan poetik fikirlərin səmimi ovqatı böyük bir bəşəri mətləbi hasilə gətirir: "Qalibiyyət nəğməsi – mənəvi və xəlqi birliyin təcəssümüdür”.
Epik səhnələrin təsvirindəki orijinal poetik detallar bədii mahiyyətin və hadisənin xarakterini dolğun əks etdirir. Müharibəyə qapı kimi açılan günün səhərini şair yüksək poetik məharətlə canlandırmışdır.
İlin ən qısa gecəsi
əriyir yavaş-yavaş;
körpə səhərin ilk qızartılarında.
Quş civiltiləri tökülür
yaşıl yarpaqlara.
Sular axır,
Qucağında yumşaq kölgələri
Sahildən qopara-qopara.
Daha sonra bu qana bələnmiş günün içində baş verən hadisələrin bədii-fəlsəfi ritmini misralarda duyuruq:
"Alışdı ilk tank
üzü şərqə,
Düşdü torpağa
ilk şəhid
üzü qərbə.
Başladı ilk ölüm,
ilk dözüm, ilk zərbə”.
Böyük şairin bütün əsərlərinə xas olan ictimai-fəlsəfi siqlətin poetik ifadəsi bu poemada da öz yüksək bədii səciyyəsini tapmışdır.
"Min dörd yüz on səkkiz gün
keçdi o gündən.
İndi bu doğum evi qarşısındasan,
o vaxtın gündaşı, ildaşı
Bu günün gərəkli vətəndaşı!”
"Qızılgül olmayaydı” poemasında böyük təbəddülatlarla dolu həyatda insanın üzləşdiyi dərin sarsıntılar unudulmaz şairimiz Mikayıl Müşfiqin obrazında canlandırılmışdır. Poemanın ruhuna hopmuş kədər, qüssə oxucunun qəlbini üşüdür. Əsərdə poetik ifadə zənginliyi, məcazların dolğunluğu dost itkisinin ağırlığını, nakam şair taleyinin faciəsini həyati detallarla əks edir.
Başını qaldıranda,
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil kimsə birdən
köhnə, tanış kitabın
səhifəsini açdı.
Bu poemada məcazlar silsiləsi, poetik orijinallıq dərhal nəzərə çarpır; "gözlərin köhnə, tanış kitabın səhifəsi kimi açılması” metonimiyası poemanın bədii-fəlsəfi leytmotivi kimi çıxış edir.
Əsər başdan-başa məlum bayatının hüzünlü ovqatı üstə yazılsa da, bədii sonluq, poetik mahiyyət işıq dolu bir inamla tamamlanır.
Nə dilində giley qalardı,
nə gözlərində kədər.
Oxşayardı könlünü
dillərdə, dodaqlarda gəzən
Mikayıl Müşfiq imzalı
nəğmələr!
İnanıram, bir gün
onun səhər gələcəkli
pioner oxucuları
çiçəklərlə bəzəyəcək
şairin heykəlini.
Şairin bədii həqiqəti həyat həqiqətinə çevrilmişdir.
"Babək” poeması böyük şairin digər poemaları kimi, həm mövzusunun əhəmiyyətinə, monumentallığına görə, həm milli mübarizənin xarakterinə görə, həm də hisslərin, fikirlərin dramatikliyinə görə xüsusi ilə seçilən bir əsərdir.
Poema həcm etibarilə böyük olmasa da bədii qüdrətinə, poetik mahiyyətinə rəğmən Rəsul Rzanın böyük sənətkar məharətini özündə ehtiva edir.
Əsərin poetik gücü, bədii-fəlsəfi, həmçinin ictimai-milli siqləti kifayət qədər möhtəşəmdir. Sovet dönəmində yazılmış və milli düşüncənin, milli özünüdərkin yüksək poetik dəsti-xəttlə ehtivası, həmçinin misralarda milli düşüncənin poetik dildə "üsyanı” yaddaqalandır.
Babək bir anlıq
huşa gəldi
Qann qurumuş dodaqlarından
qopdu qaynar kəlmələr:
Gəlmələr!
İtlər!
Bu nifrəti təkrarladı
qolu bağlı
babəkçilər- igidlər.
Bu misralar xalq qəhrəmanı Babəkin qəsbkarlara, doğma vətənini işğal edənlərə qarşı nifrətini əks etdirir. Daha sonra milli düşüncənin yığcam və konkret poetik harayını eşidirik.
Qulaqlarda
hələ də cingildəyirdi,
neçə qanlı döyüşlərdə
gurlayan
babək səsi –
odlu kəlmələr;
Vurun!
Vurun!
Bu torpağın oğulları!
Tapdamasın yurdumuzu
gəlmələr.
Kimdir onlar! –
Xilafətin qulları!
Xalqın yaralı dilinə
Mütilik məlhəmi qoyanlar.
Körpələrimizin beşiyi başında,
ağa dildə
Şükran nəğməsi oxuyanlar…
Bu misralar mütəfəkkir şairin işğalçıya, zülmə, istibdada qarşı bədii etirazıdır. Bu mənada Rsul Rza poeziyası milli təfəkkürün inkişafında məxsusi çəkisi olan milli-mənəvi sərvətimiz sırasındadır.
Gülşən Behbud
