Qaranlıqları aydınladan işıq - Fotolar

Dünyada gözəl, nəcib
peşələr çoxdur. Belə peşələrdən biri də müəllimlikdir. Şəxsiyyətin ahəngdar
inkişafı məktəbdə müəllimin üzərinə düşür. Müəllim cəmiyyətdə çox böyük rol
oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürür. Tanınmış şəxsiyyətlər
müəllimin əməyinə hər zaman yüksək qiymət veriblər. Dünya fatehi Makedoniyalı
İsgəndər öz müəllimi Aristotel haqqında deyib ki, valideynlərim məni göydən
yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Dahi Azərbaycan şairi Nizami
Gəncəviyə görə, təhsilin köməyi ilə insanlar təbiətin və insan mənəviyyatının
sirlərini öyrənə bilərlər. Elmin qüdrəti, insanın elmlə üstünlük qazanması,
qələbə çalması Nizami dünyagörüşünün əsas məğzini təşkil edir. Görkəmli alim
Nəsrəddin Tusi "Əxlaqi-Nasiri” əsərində müəllim peşəsinə yüksək qiymət verərək
sual edib ki, varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə
qaldıran sənətdən daha şərəflisi nə ola bilər?

"Müəllim” adı ən yüksək addır”
Ümumiyyətlə, müəllimliyə,
müəllim adına dünyanın istənilən yerində böyük ehtiram və hörmət olduğundan, bu
müqəddəs peşə sahiblərinin əməyi yüksək dəyərləndirilir. Elə 5 oktyabr
Beynəlxalq Müəllimlər Gününün UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyada qeyd
edilməsi də buradan qaynaqlanır. Həmin il təşkilat tərəfindən müəllimlərin
statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub.
Beləliklə də, qeyd edilən tarixdən etibarən Beynəlxalq Müəllimlər Günü ömrünü
xalqın gələcəyi olan təhsilə həsr edən müqəddəs peşə sahiblərinin bayramı hesab
olunur. Azərbaycanda da müəllimlər günü 1993-cü ildən qeyd edilir. "Hər
birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. "Müəllim” adı ən
yüksək addır. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli
lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini
yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi
vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu da
təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Azərbaycanda ona təklif olunan
müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul
edib. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev, eləcə də onun ən yaxın silahdaşı sayılan Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da müəllim peşəsini, o
cümlədən müəllim adını şərəflə daşıyan insanları hər zaman yüksək
qiymətləndiriblər.

"Mürəkkəb
və məsuliyyətli vəzifə”
Bütün bu sadalanan
fikirlərdən aydın olduğu kimi, müəllimlik çox şərəfli peşədir, şərəfli olduğu
qədər də mürəkkəb və məsuliyyətli vəzifədir. Sevindirici haldır ki, bu
vəzifənin öhdəsindən ləyaqətlə gələn, gənc nəslin mənəvi aləminin memarı,
cəmiyyətin etibar etdiyi şəxs imicini doğruldan müəllimlərimiz çoxdur. Belə
fədakar müəllimlərdən biri də Cəmil Abdullayevdir. O, 13 may 1936-cı ildə
Azərbaycanın Qərbində (indiki Ermənistan) - Göyçə mahalının Basarkeçər
rayonunun Nərimanlı kəndində anadan olub. Sadə kəndli, təsərrüfatçı ailəsində
böyüyən C.Abdullayev uşaq vaxtlarından yazıb-oxumağa, elm, bilik öyrənməyə
böyük maraq göstərib. Elə bu maraqla da Nərimanlı kəndindəki səkkizillik orta
məktəbə qəbul olub. Sonradan on illik tam orta məktəbə çevrilən bu təhsil
ocağının 1953-cü ildəki ilk məzunları
sırasında C.Abdullayev də yer alıb. Həmin il Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna qəbul olub. Burada Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası
üzrə təhsil alıb. O, qiyabi ali təhsil almaqla, paralel olaraq, vaxtilə oxuduğu
Nərimanlı kənd orta məktəbində 1953-56-cı illərdə katib-hesabdar işləyib.

"Təhsilə olan böyük maraq”
Cəmil müəllimlə söhbət
zamanı o, uşaqlıq və məktəb illərindən söhbət açdı. Bildirdi ki, təhsilə olan
marağı bütün çətinliklərə sinə gərməkdə ona yardımçı olub: "Əvvəllər bizim
kəndimizdə orta məktəb səkkizillik idi. Təhsili davam etdirmək üçün qonşu Zod
kəndindəki məktəbə getməli idik. Bundan başqa, yuxarı siniflərdə oxumaq istəyən
şagird o dövrün pulu ilə, ildə 150 manat
ödəməli idi. Yəni, yuxarı siniflərdə təhsil pullu idi. Əks halda məktəbli
sinifdən sinfə keçmək üçün buraxılış imtahanına buraxılmırdı. Bizim də
ailəmizdə maddi durum yaxşı deyildi. Oxumağa böyük həvəsim var idi. Ona görə də
hər zəhmətə qatlanırdım. Kəndin mal-heyvanını otarmaqla, təsərrüfatda
çalışmaqla topladığım əməkhaqqımdan 150 manatını təhsil haqqına, 50 manatını da
kitab-dəftər üçün ayırıb, qalanını evə verdim. Fikirləşirdim ki, Zod kəndindəki
məktəbdə təhsilimi davam etdirim. Lakin o dövrdə Basarkeçər rayonunda raykom
katibi işləyən Talıb Musayevin sayəsində Nərimanlı kənd orta məktəbi də 10
illik məktəbə çevrildi. Mən də təhsilimi öz kənd məktəbimizdə davam etdirməli
oldum. Üstəlik, 1952-ci ildən sonra orta təhsilin yuxarı sinifləri üçün təhsil
haqqı ləğv edildi, təhsil tam pulsuz oldu. Talıb Musayevin sayəsində rayonumuza
təyinatla gələn bilikli, savadlı müəllimlər Nərimanlı orta məktəbində işlə
təmin olunurdu. Bu da məktəbdə təhsilin, tədrisin keyfiyyətini artırırdı. O
gənc müəllimlər biz şagirdlər üçün sözün əsl mənasında nümunəyə çevrilirdilər.
Müəllim adına, müəllim peşəsinə hər kəsdə rəğbət daha da artırdı. Elə mənim
müəllimlik kimi şərəfli bir peşəni seçməyimə səbəb də bu amil oldu. Bundan
başqa, o dövrdə müəllimlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə
olunurdular. Bu kimi səbəblərdən Nərimanlı kənd orta məktəbini bitirən
həmkəndlilərim arasında müəllimlik, həkimlik və sair kimi peşəni seçənlərin, bu
istiqamət üzrə ali təhsil alanların sayı çox idi”.

"Şərəfli ömür yolu”
C.Abdullayev 1956-cı ildə -
ali təhsilinin 3-cü kursunun sonunda Basarkeçər rayonu Sarıyaqub kənd məktəbində
müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 1957-58-ci illərdə Qoşabulaq,
1958-66-cı illərdə Qayabaşı kənd məktəblərində çalışıb. C.Abdullayev 1967-ci
ildən 1988-ci ilin sonuna qədər doğma kəndi Nərimanlıdakı tam orta məktəbdə müəllim
kimi pedaqoji fəaliyyətini davam etdirib, Azərbaycan dili və ədəbiyyat fənnini
tədris edib. Bu illər ərzində Müəllimləri Təkmilləşdirmə İnstitutunda da kurs
keçib. 1988-ci ildə Ermənistandakı azərbaycanlıların deportasiyaya məruz
qalması səbəbi ilə C.Abdullayev ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Burada
da o, Nəsimi rayonundakı 9 saylı orta məktəbdə işlə təmin olunub. 2011-ci ilə
qədər direktor müavini, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi
peşə fəaliyyətini davam etdirib. C.Abdullayev pedaqoji fəaliyyət dövründə
qabaqcıl təhsil işçisi olaraq hər zaman diqqət mərkəzində olub. O, dəfələrlə
Ermənistan təhsil nazirliyinin, Basarkeçər rayon təhsil şöbəsinin diplom və pul
mükafatlarına, təşəkkürnamələrinə layiq görülüb. Azərbaycana köçəndən sonra da
təhsildə fərqləndiyinə görə, müxtəlif mükafatlara layiq görülüb.

"Qabaqcıl təhsil işçisi, nümunəvi ailə başçısı”
Qeyd edək ki, qabaqcıl
təhsil işçisi olaraq hər zaman pedaqoji heyətin, şagird və valideynlərin
hörmətini qazanan C.Abdullayev hazırda təqaüddədir. O, nümunəvi ailə başçısıdır.
Ailəsindən, uşaqlarından söhbət açan Cəmil müəllim deyir ki, pedaqoji
fəaliyyətlə məşğul olan, şagirdlərə, tələbələrə dərs deyən müəllim öz həyat
tərzi ilə hər kəs üçün nümunə olmağı bacarmalıdır: "Ailə başçısı olaraq, övladlarımın
təhsil almasına, cəmiyyət üçün yararlı insan, xalqına, dövlətinə, millətinə
faydalı işlə məşğul olmalarına çalışmışam. Sevinirəm ki, övladlarımın hamısı
ali təhsilli, öz sahəsində tanınmış simalardır. Onlar arasında həkim, neftçi,
hüquq-mühafizə orqanı işçisi, hərbçi olanları da var. Hər biri ayrı-ayrılıqda
Azərbaycanın, dövlətimizin, dövlətçiliyimizin daha da güclənməsinə öz işləri
ilə töhfə verirlər. Onların hər biri ilə qürur duyur, fəxr edirəm. Sevinirəm
ki, nəvələrim də valideynləri kimi ali təhsil almağa, elm-bilik öyrənməyə can
atırlar. Baba üçün bundan sevincli nə ola bilər ki? Bir oğlum - Şövqiyar
Abdullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidentinin sərəncamı ilə o, döyüşlərdə göstərdiyi şücaətə,
igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb (http://kaspi.az/az/dusmenin-qorxulu-ryasi/). Milli qəhrəman
medalı da ümummilli lider Heydər Əliyev tərəfindən mənə təqdim olunub".

"Qaranlıqları aydınladan işıq”
Sonda qeyd edək ki, müəllim
- qaranlıqları aydınladan işıqdır, cəhalətə, mövhumata qarşı yorulmadan
çarpışan bir fədaidir. Qocaman müəllim, Milli Qəhrəman atası Cəmil Abdullayev
də ömrünün 55 ilini millətinin, xalqının gələcəyi yolunda şam kimi əridən,
müəllim adını şərəflə daşıyan ziyalılarımızdandır. Bu yazı ilə Cəmil müəllimi
və onun simasında bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə
təbrik edirik.
Rufik İSMAYILOV






