AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Psixoloq: “İnsanlar sahib olduqlarının dəyərini anladılar”

Psixoloq: “İnsanlar sahib olduqlarının dəyərini anladılar”

Cəmiyyət
03 Aprel 2020, 17:16 1074
Nərgiz Süleymanlı: Koronovirusla bağlı karantin tədbirlərinin yalnız mənfi deyil, müsbət tərəflərini də görmək lazımdır

Son bir neçə aydır ki, dünya ölkələrində yayılan koronavirus pandemiyası insanların təkcə fizioloji yox, həm də psixoloji sağlamlığını təhdid edir. Belə ki, bir çox insanlar psixoloji olaraq buna hazır deyildilər. Ona görə də hazırda ciddi şəkildə sarsıntı keçirən, depressiv hala düşən şəxslər var. Maraqlıdır, mövcud vəziyyətin insanlara başqa hansı psixoloji təsirləri var və bunun qarşısını almaq üçün nələr etmək olar?

Psixoloq Nərgiz Süleymanlı bildirir ki, mənbəyi olmayan informasiyalar o qədər çoxdur ki, insanlar bəzən nəyə inanacağını bilmir və bu da onlarda aqressiya hissi oyadır: "Virus yayıldığı gündən müəyyən qədər də olsa, insanlara təsir etməyə başlamışdı. Amma onun bizim ölkəmizə qədər gələcəyini və vəziyyətin bu həddə çatacağını düşünmürdük. Yəni ilk dönəmlər insanlar elə də qayğılı, narahat deyildilər. Dünya ölkələrindəki vəziyyətə baxa-baxa bir də gördük ki, virus ən yaxınımıza gəlib çıxıb və beləcə, insanlarda müəyyən təlaş doğurdu. Bu məqamda insanlarda iki psixoloji vəziyyət müşahidə olundu. Belə ki, həm bir-birilərinə dəstək, həm də aqressiya hissi yarandı. Məsələn, son günlər daxil olmaqla, artıq bir aydır ki, alınan qərarlara qarşı insanların birmənalı yanaşmadığını görürük və bu daha çox sosial media paylaşımlarında özünü büruzə verir. Mənbəyi olmayan informasiyalar o qədər çoxdur ki, insanlar bəzən nəyə inanacağını bilmir və bu da onlarda aqressiya hissi oyadır. Xüsusilə də hazırda bütün gününü evdə keçirənlər üçün bu daha çətindir. Evin içində oturduğu yerdə qorxudan titrəyən insanlar belə var. Hansı ki, evdə olmasına baxmayaraq, bütün günü həm özünün, həm də evdə olan digər şəxslərin əlini spirtləyir. Çünki evində olsa belə, özünü güvəndə hiss etmir. Bütün günü evdədir və istər-istəməz darıxır, sıxılır, psixoloji olaraq çökür. Hətta müəyyən qədər də olsa panik atak keçirənlərin, depressiv vəziyyətə düşənlərin sayı çoxalıb”.
N.Süleymanlı deyir ki, bəzən baş verənlərin sadəcə mənfi tərəfini yox, müsbət tərəflərini də görmək lazımdır: "Məsələn, gigiyenik şərtləri insanlar qeyd-şərtsiz yerinə yetirməyə, uzun müddətdir birlikdə vaxt keçirə bilməyən ailələr bir-birilərini kəşf etməyə başladılar. Bəzi iş xanımları mətbəxdə əl qabiliyyətlərini sınadılar, övladları ilə daha çox vaxt keçirdilər. "İşdən vaxtım yoxdur” cümləsini işlədənlər bu vəziyyətdən sərfəli şəkildə yararlana bilərlər. Yəni  mövcud vəziyyəti avantaja çevirmək hər kəsin öz əlindədir. Digər tərəfdən, bu karantin günləri insanlara sahib olduqlarının dəyərini anlatdı. Onlar anladılar ki, əslində, necə də xoşbəxt imişlər”.  
Psixoloq qeyd edir ki, insan nə qədər çox maariflənərsə, onun psixoloji dayanıqlığı daha güclü olar: "Düşünün ki, gəlib sizə deyirlər ki, bir virus yayılıb, insan öskürərək boğulub ölür. Bu zaman sizdə öskürsəniz, boğulub öləcəyiniz fikri yaranır. Amma bunu araşdırsanız, virusun nə olduğunu, hansı hallarda ölüm baş verdiyini, simptonlarını bilsəniz, dərhal təşvişə düşməzsiniz. Ona görə boş, xüsusilə də "whatsapp”da yayılan əsası olmayan informasiyalara inanmayın. Məsələni, elmi olaraq araşdırıb, bilgi sahibi olmaq lazımdır”. 

Günel Azadə