• cümə, 26 Aprel, 19:17
  • Baku Bakı 22°C

Prezidentin Naxçıvana hər bir səfəri taleyüklü problemlərin həllinə xidmət edir

12.05.21 17:15 809
Prezidentin Naxçıvana hər bir səfəri taleyüklü problemlərin həllinə xidmət edir
Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib. Bu gün belə bir münaqişə artıq mövcud deyil və Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. Əgər bu reallıq barədə fərqli düşüncədə olan qüvvələr ölkəmizlə münasibətlərini korlamaq istəmirlərsə, bu zaman yaxşı olardı ki, düşünülməmiş və əsassız bəyanatlar verməkdən çəkinsinlər.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər əslində Ermənistanın özünü də növbəti, daha böyük bəlalardan qorumaq üçün yeganə doğru konsepsiyadır: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə, həm də ən mötəbər beynəlxalq kürsülərdən bəyan edib ki, ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni iqtisadi inkişaf perspektivləri bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün açıqdır. Əgər Ermənistan işğalçı-separatist baxışlarından əl çəkərsə, Azərbaycana qarşı, Türkiyəyə qarşı təxribatlarına son qoyarsa bu zaman onun da öz iqtisadiyyatını dirçəltmək şansı olar. Lakin belə görünür ki, bu gün Ermənistan hələ də öz xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Əgər belə olmasaydı, Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri hələ də Şuşanın qaytarılması ilə bağlı cəfəng bəyanatlar verməz, revanşist fikirlər səsləndirməzdilər. Təbii ki, Ermənistanı buna təhrik edən xarici qüvvələrin də bu məsələdə təsiri yox deyil. O cümlədən Fransa və Kanada kimi ölkələrin xarici işlər nazirlikləri tərəfindən verilən bəyanatlar da Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması işinə xidmət etmir. Lakin onlar unudurlar ki, bu gün artıq 2020-ci il noyabrın 10-na qədərki dövr deyil və artıq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Fransa yaxşı olardı ki, öz tarixinin kirli səhifələri barədə düşünsün. Kanada kimi dövlətlərin tövsiyələrinə isə bizim ümumiyyətlə heç zaman ehtiyacımız olmayıb. Bu gün Azərbaycanda nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda inzibati ərazi vahidi artıq mövcud deyil və Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. O cümlədən ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycanın dəmir yumruğu hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır”.
Daha sonra Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına etdiyi növbəti səfərinin böyük siyasi və mənəvi önəm daşıdığını xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, ölkə Prezidentinin şəxsən açılışında iştirak etdiyi hərbi, sosial və iqtisadi obyektlərin vüsətli tikintisi Muxtar Respublikanın dinamik inkişafının bir təzahürüdür: "Bu gün Naxçıvan sürətlə inkişaf edir. Dinamik inkişaf özünü bütün istiqamətlərdə göstərir. Prezident İlham Əliyev Muxtar Respublikaya səfəri zamanı daha bir neçə infrastruktur layihəsinin açılışında iştirak edib. Qeyd edək ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Həm də bu səfərlər, sadəcə, bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Bu diqqət və qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord göstəricilərə sahib olub. Bu gün Naxçıvan artıq özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmli bir məsələdir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Hazırda Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. İçməli su layihələri bütün şəhərləri əhatə edir. Tezliklə bu məsələ də tamamilə öz həllini tapacaq. Həmçinin bu gün Naxçıvanda "ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Naxçıvanın çox böyük turizm potensialı var və burada görülən işlər deməyə əsas verir ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Dövlət başçımızın dediyi kimi, Muxtar Respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”.
Həmçinin Milli Məclisin deputatı Naxçıvanın hərbi potensialının gücləndirilməsini zəruri addım kimi qiymətləndirərək, yalnız bu halda Ermənistanın mümkün təxribatlarının qarşısını ən effektiv şəkildə ala biləcəyimizi deyib. Aqiyə Naxçıvanlı qeyd edib ki, Prezident İlham Əliyevin açılışında şəxsən iştirak etdiyi hərbi aerodromun və hərbi hospitalın fəaliyyətə başlaması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəm kəsb edən hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük rolu olacaq. Ümumiyyətlə, son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub və əvvəllər olmayan bir çox hissələr yaradılıb. Həmçinin Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Dövlət başçımızın da öz müsahibəsində qeyd etdiyi kimi, Ermənistanın "ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standartlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də kifayət qədər yüksəkdir. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Sonda Aqiyə Naxçıvanlı bu gün ölkəmizdə bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq deyib: "Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir ki, Ümummilli Liderimiz, sadəcə, Azərbaycan hüdudları çərçivəsində deyil, dünya miqyasında tanınmış, böyük hörmət və nüfuz qazanmış, müstəsna xidmətləri olmuş dahi bir şəxsiyyətdir. Ulu Öndər həyatda nə əldə edibsə, öz biliyi, bacarığı, zəkası və fədakarlığı sayəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya çevrilib. Məhz Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Üç tərəfdən Ermənistanla əhatə olunmuş vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə isə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının iradəsi və təkidi ilə müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. Ulu Öndər mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycan öz müstəqilliyini və varlığını itirmək təhlükəsindən qurtuldu. Ulu Öndərin fəaliyyəti nəticəsində biz bütün ağır sınaqlardan üzüağ çıxa bildik. Azərbaycanın bugünkü möhtəşəm tarixi Qələbəsinin təməli də məhz həmin illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”.
banner

Oxşar Xəbərlər