Peyvəndin “səyyar briqada”ları - ARAŞDIRMA
Sanitar-gigiyenik
qaydalara riayət olunmaq şərti ilə səyyar peyvəndləmə məntəqələrinin insanların
sıx olduğu məkanlarda fəaliyyət göstərməsi təqdir olunur. COVİD-19 bəlasından
qurtulmağın yeganə yolu vaxtlı-vaxtında vaksinasiya olmaqdır.
Dünya COVID-19
pandemiyası ilə mübarizə aparır. XXI əsrin yeni bəlası sayılan bu xəstəliyin
kökünü birdəfəlik kəsmək mümkün olmasa da, peyvənd olunmaq hələlik yeganə çıxış
yoludur. Bütün ölkələr öz əhalisini peyvənd etdirir, kütləvi immunitetin
yaranmasına çalışır. Səhiyyə müəssisələri, tibb işçiləri bu məqsədlə səfərbər
olunub. Qarşıya qoyulan hədəfə çatmaq üçün atılan addımlardan biri də səyyar
tibb məntəqələrinin, briqadaların yaradılması, əhalinin sıx toplaşdığı məkanlarda
qısa zaman kəsiyində peyvəndləmənin həyata keçirilməsidir. Bu təcrübə Azərbaycanda
da tətbiq olunurmu? Əhalinin səyyar tibb məntəqələri və briqadalar vasitəsilə
peyvənd prosesinə cəlb olunması koronavirusa qarşı mübarizədə effektiv addım
sayılırmı?
Vaksinasiya prosesinin sürətləndirilməsi
Bu kimi suallara aydınlıq gətirmək üçün əvvəlcə
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik. Sorğumuzu
cavablandıran TƏBİB əməkdaşı Elnarə Baxış bildirdi ki, cari il yanvarın
18-dən ölkəmizdə vaksinasiya prosesinə start verilib. Hazırda Azərbaycanda
"Coronovac”, "Vaxzevria , "Sputnik V”,
"PfizerBionetch” peyvəndindən istifadə olunur. TƏBİB nümayəndəsinin sözlərinə
görə, peyvəndləmə prosesi tam sürətlə, vaksinasiya strategiyasına uyğun davam
etdirilir: "Vətəndaşlar "randevu sistemi”ndən istifadə etməklə peyvəndlənə bilərlər.
Bununla belə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya
prosesinin sürətləndirilməsi məqsədi ilə TƏBİB tərəfindən aprelin 2-dən səyyar
briqadalar vasitəsilə də müxtəlif dövlət və özəl qurumlarda, universitetlərdə,
iri ticarət mərkəzləri və supermarketlərdə peyvəndlənmə aparılır. Son statistikaya görə, səyyar briqadalar
vasitəsilə, ümumilikdə 82 mindən artıq şəxs peyvənd olunub. Səyyar briqadalar fəaliyyətlərini
ölkə üzrə hazırda davam etdirirlər. Ölkəmizdə koronavirusa qarşı aparılan
vaksinasiya prosesinin sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının
təmini məqsədilə TƏBİB-in təşkilatçılığı ilə səyyar vaksinasiya briqadaları
mobil avtobuslar vasitəsilə də xidmət həyata keçirib. Paytaxtın bir neçə ərazisində səyyar avtobus
məntəqələrində peyvəndlənmə aparılıb. Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları
qoruması üçün vaksin olunmağı xahiş edirik”.
Səyyar peyvəndləmə məntəqələri
Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim-mütəxəssis
Şirazi İbrahimov bildirib ki, hər hansı hadisəyə insanların baxış bucağı,
yanaşması, münasibəti fərqli ola bilir. Onun sözlərinə görə, məhz buna uyğun
olaraq müxtəlif üsullar tətbiq edilir: "Təhsil müəssisələrində, ictimai iaşə obyektlərində
səyyar vaksinasiyanın tətbiqi ayrı-ayrı ölkələrdə sınaqdan keçirilir, müsbət və
mənfi tərəfləri öyrənilir. Azərbaycanda əhali birinci dəfə vaksinasiyadan
keçdikdən sonra ikinci dəfə peyvəndləmədən müxtəlif səbəblərdən vaxtında keçə
bilmir. Bu, məhdud vaxtdan, səhlənkarlıqdan, tənbəllikdən, yaxud digər səbəblərdən
baş verir. Nəticədə, zaman keçir, vaksinasiya üçün müəyyən olunan müddətin
üstündən xeyli vaxt ötür və vətəndaş ikinci dəfə vaksinasiya üçün müraciət
edir. Belə olan halda vətəndaşa vurulan peyvənd ikinci və ya üçüncü doza
sayılmır, o, yenidən birinci doza peyvənd vurdurmuş olur. Çünki həmin vətəndaş
birinci dozadan sonra ikinci dozanın vurulması üçün nəzərdə tutulan bir aylıq
müddəti ötürüb, gecikib. Orqanizmdə müəyyən proseslər baş verib, birinci doza
öz effektini itirib. Ona görə də, vətəndaş yenidən birinci dozanı vurmaq məcburiyyətində
qalır. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə səyyar peyvəndləmə məntəqələri fəaliyyət
göstərir”.
Sanitar-gigiyenik qaydalara riayət olunmalı
Həkim-mütəxəssis deyib ki, səyyar briqadaların təşkili,
əhalinin könüllü peyvəndləməyə cəlb olunması gözəgörünməz düşmənə qarşı mübarizədə
daha bir uğurlu addımdır: "Burada məqsəd əhalinin sağlamlığına xidmət etmək,
onları koronovirus adlı bəladan qorumaqdır. Təsəvvür edin ki, metroya, iri
ticarət obyektinə, təhsil müəssisəsinə və sairə daxil olursunuz, səyyar peyvənd
məntəqəsini görən kimi dərhal yadınıza peyvəndlənmək düşür, vaxt itirmədən
oradaca peyvənd olunur, yolunuza davam edirsiniz. Sanitar-gigiyenik qaydalara
riayət olunmaq şərti ilə belə səyyar peyvəndləmə məntəqələrinin insanların sıx
olduğu məkanlarda fəaliyyət göstərməsi yalnız təqdir edilir. COVID-19 bəlasından
qurtulmağın yeganə yolu vaxtlı-vaxtında vaksinasiya olmaqdır. Bir həkim kimi vətəndaşları
birinci, ikinci və üçüncü, hətta zərurət yaranarsa, dördüncü doza vaksin
vurdurmağa səsləyirəm”.
Peyvəndləmə zamanında aparılmalıdır
Almaniya-Azərbaycan
Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri
doktoru Nuran Abdullayev də
hesab edir ki, elmin təsdiq etdiyi, yüksək effektivliyi olan peyvəndlərin ölkəmizdə
bu gün səyyar formada insanlara təklif edilməsi olduqca vacibdir. Alimin
fikrincə, belə qənaətə gəlmək üçün nəinki peyvəndlərin yüksək effektivliyi,
eyni zamanda Azərbaycandakı hazırkı yoluxma sayı əsasdır: "Vacib olan məqam
yüksək effekti olan peyvəndlərin tətbiq olunmasıdır. Peyvənd olunan insanlar gələcəkdə
koronavirusa yoluxsalar belə, əksəriyyət onu yüngül formada keçirir, ölüm riski
ilə üzləşmirlər. Bu baxımdan səyyar peyvəndləmə məntəqələrinin olması ümumi
prosesə töhfədir. Bir il öncə bu mövzuda fikir bildirərək qeyd etmişdim ki, səyyar
peyvəndləmə məntəqələri nəinki paytaxt Bakı şəhərində, eləcə də bütün regionlarda
təşkil edilməlidir. Elmin təsdiq etdiyi kimi, müvafiq yaş qruplarına görə peyvəndləmə
zamanında aparılmalıdır. Yalnız bu yolla ölkə əhalisinin kütləvi peyvənd
olunmasını təşkil etmək, xəstəliyə qarşı effektiv immunitet yaratmaq olar”.
Rufik İSMAYILOV