Partiya-sovet mətbuatı necə yarandı və nədən yazırdı?

20-ci yüzillik yalnız Azərbaycan
deyil, bütün bəşər tarixində çox görkəmli yer tutsa da, həm son dərəcə mürəkkəb,
ziddiyyətli, həm də şərəfli məqamları
ilə yaddaşlara həkk olundu.
Hər bir ölkə, hər bir xalq bu yüzillikdə öz xalqı, ölkəsi üçün nələr əldə
etdiyini, nələr itirdiyini bilməlidir. Biz də Azərbaycanın "kecdiyi yolu
araşdırmalı, tədqiq etməliyik”. Çünki bu əsrdə, xüsusən də 20-ci yüzilin əvvəlində və sonunda
Azərbaycan xalqı öz azadlığına, müstəqilliyinə qovuşmaq üçün çox böyük
faciələrə məruz qaldı.
Belə
faciələrdən biri 1920-ci ilin aprelində baş verdi. 1920-ci il aprelin
28-də Sovet Rusiyasının
qoşunları yerli bolşeviklərin əli ilə silahlı çevriliş edərək Azərbaycan
Demokratik Cümhuriyyətinin qanuni hakimiyyətinə son qoydu. 1921-ci ildən
başlayaraq Azərbaycanın tarixində uzun illər davam edən totalitar rejimin əsası
qoyuldu və "mətbuat vahid ideologiyanın
- kommunist ideologiyasının təbliğinə səfərbər edildi”. Nəticədə uzun
illər sovet dövründə mətbuat eyni ideoloji çərcivə daxilində fəaliyyət göstərdi
və vahid informasiya mərkəzindən həm məlumatlandırıldı, həm də idarə olundu.
Beləliklə, "ictimai həyatın
bütün sahələrində əsaslı dəyişikliklərlə nəticələnən Böyük Oktyabr Sosialist
inqilabı Azərbaycan ədəbi-tənqidi fikrinin inkişafında da xüsusi rol oynadı”.
Ədəbi tənqid obyektivlikdən uzaq, yalnız marksist-leninçi nəzəriyyəsinə uyğun
nümunələr yaratdığı üçün həmin nümunələrdə dövrün ideoloji, sosioloji və
estetik keyfiyyətləri özünü büruzə verirdi. Ümumpartiya bolşevik mətbuatı və
onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan bolşevik mətbuatı - vərəqə, intibahnamə,
qəzet və jurnallar sosialist inqilabının qələbəsi uğrundakı mübarizədə
"qüdrətli ideya silahı olmuşdu”. Bunu dövrün tədqiqatçıları belə bəyan
edirdilər: "Azərbaycan mətbuatının tarixini öyrənərkən mətbuat orqanlarının
istiqamətini marksizm-leninizm ideologiyası əsasında şərh etmək lazımdır”.
Nəticədə 70
illik sovet-kommunist rejimi dövründə Azərbaycan mətbuatının total
siyasiləşməsi dövrü başladı. KİV kütləvi surətdə siyasiləşərək təkpartiyalılıq prinsiplərini həyata
keçirməli olduğu bir halda,
"ölkəmizdə mətbuat tam mənasilə xalqa məxsusdur və xalqın tribunasıdır. Bizim
mətbuatın burjua mətbuatından fərqlənən başlıca xüsusiyyətlərindən biri ondan
ibarətdir ki, həqiqət carçısıdır, xalqın iradə və əzminin, arzu və diləklərinin
ifadəçisidir” kimi həqiqətdən uzaq təbliğat aparılırdı. Təxminən 1920-ci illərin ortalarından
başlandı bu yanlış təbliğat. "1920-ci illərin əvvəllərində nəşrə başlayan
"Füqəra füyuzatı” və "Maarif və mədəniyyət” jurnalları yazarlar arasında böyük
"fərq qoymur, dünyagörüşündən, sinfi mənsubiyyətindən aslı olmayaraq bütün”
yazarlara yer verirdi (Lakin 1928-ci ildən sonra "Maarif və mədəniyyət” sovet
ideologiyasının ən "qəddar” təbliğatçı orqanına cevrildi. Hətta orada çap
edilən məqalələr prokuror
iddiasını xatırladır).
Ədəbi
prosesdə baş verən ən kiçik hadisələr belə birbaşa "Moskvanın - Mərkəzin siyasi partiya - MK mətbəxində hazırlanıb yerlərə
göndərildiyi” üçün ədəbi tənqidin qarşısına yeni qiymətləndirmə meyarları
qoyuldu və təkcə mətbuatın deyil, mədəniyyətin, ədəbiyyatın bütün sahələri
üzərində ciddi nəzarət sistemi formalaşdırıldı. Bu nəzarət mexanizmi mətbuata
qarşı daha amansız aparılırdı. Çünki o zaman mətbuat cəmiyyətin bütün
sahələrinə nüfuz edən "ən güclü təbliğat” vasitəsi idi.
SSRİ-nin
yaranması və Azərbaycanda sovet hakimiyyətinin formalaşmağa başladığı bir
vaxtda yeni dövlət rejimi və siyasi prinsiplər ilə əlaqədar olan bu münasibət
tərzi əsasən ədəbi mühitdə özünü büruzə verdi. Çünki sovet mətbuat sistemi
sovet cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi bir institut olmuşdur. Lakin bu
institutun yaratdığı informasiya uzun müddət manipulyasiya yolu ilə sovet
rejimini qorumağa kömək etmiş və ölkədə antidemokratik şəraitin hökm sürməsinə
yol açmışdı. Bu,
ilk gündən belə olmuşdu.
XI Qızıl Ordunun İnqilabi Hərbi Şurası və Azərbaycanın yerli hökuməti öz
fəaliyyətinin ikinci günündən "Müsavat” və "İttihad” partiyalarının rəhbərləri
sovet hakimiyyətilə əməkdaşlıq ruhunda bu partiyaların sonradan da fəaliyyət
göstərəcəkləri barədə rəsmi müqavilə bağladı. Lakin bu müqavilələr tezliklə
Azərbaycan xalqının qəddar düşməni olan Pankratovun rəhbərlik etdiyi XI Ordunun
Xüsusi Şöbəsi tərəfindən pozuldu. Bu xüsusi şöbə, onun ardınca isə ÇEKA kütləvi
həbslər aparmağa başladı. Lenin və Trotski tərəfindən yaradılan həbs
düşərgələri Azərbaycanın ziyalı nümayəndələrinin (xüsusən qələm əhlinin)
hesabına dolduruldu.
Yazıçı və
tədqiqatçı alim Elçin Əfəndiyev yazır ki: "Sistemin ədəbi ideologiyası
formalaşdığı vaxtdan sovet dövrü jurnalistikasını təbliğatdan kənarda təsəvvür
etmək mümkün deyil. Yalnız dövlətin və partiyanın monopoliyasında olan kütləvi
informasiya vasitələri bolşevik (kommunist) partiyasının ideologiyasını təbliğ
etməklə məşğul olmuşdur”. Əslində bunun da çox böyük tarixi inkişaf yolu
vardır. Marksizm özünün lap başlanğıc nöqtəsindən cəmiyyətin sinfi mahiyyəti
üzərində dayanır, xüsusi mülkiyyət və mülkiyyət sahibi istismarçı siniflərə
qarşı mübarizəsinin əsasını təşkil edirdi. Bu mübarizədə özünə tərəfdarlar toplamaq üçün K.Marksın
davamçıları, xüsusilə V.İ.Lenin partiya yaratmaq və onun proqramını,
platformasını elan etmək vəzifəsini mətbuatla reallaşdırır. O, həm ədəbiyyatın,
həm də mətbuatın əvəzedilməz təsir gücündən istifadə etməyi qərara alaraq, əvvəlcə mətbuatda
azad sözün qarşısını aldı və partiya ədəbiyyatı, partiya mətbuatının yaradılmasına təşəbbüs
göstərdi. Bütün yazıçılar və jurnalistlər Oktyabr inqilabının mahiyyəti,
"gözəlliyi” barədə yazmalı idilər. Yazıçılar, jurnalistlər, publisistlər
partiyanın hər bir qərarını dönə-dönə tərifləyir və yuxarıların siyasətini
mətbuat səhifələrində davam etdirirdilər. Təbii ki, bu işdə senzuranın əvəzsiz
rolu var idi. SSRİ-də ilkin senzuranı hər şeyə qadir olan Qlavlit - Baş Ədəbiyyat İdarəsi həyata keçirirdi. Beləliklə də SSRİ
ərazisində partiya-sovet mətbuatı yaradıldı və hakim partiyanın ideologiyasının
təbliğatçısı rolunu oynadı.
Bunların
nəticəsi olaraq 1920-30-cu illərdə bolşevik ruhu, kommunist düşüncəsi getdikcə
ədəbi mühitə daha güclü təsir göstərir, hakim kəsilirdi. V.İ.Leninin "Partiya
təşkilatı və partiya ədəbiyyatı” (1906) əsərindəki siyasi məntiqi əsas götürülərək, "Füqərayi-kasibə”
mədəniyyətinin yaradılması tələb edilərək əsilzadə, elitar mədəniyyət tipinə qarşı sinifli,
siyasi mübarizə aparılırdı. Həmin mübarizənin əsas hədəfi milli ruhlu mətbuat
və onun yazarları idi. Onlara qarşı mübarizənin daha şiddətli olmasının səbəbi isə
bu mətbu orqanlarının müstəqillik, azadlıq, türkçülük, millilik ideyalarının
təbliğatçısı olmalarından irəli gəlirdi.
Odur ki,
bəzi tədqiqatçılar 1920-1937-ci illər dövrünü milli ruhlu mətbuata münasibətdə
"siyasi məqsədlər dövrü”
kimi adlandırırlar. "Siyasi məqsədlər dövrü”ndə bolşeviklər siyasi məqsədlərini
həyata keçirmək üçün böyük sənət və sənətkarlıq məsələlərini arxa plana ataraq, hakim
partiyanın ideologiyasını təbliğ edirdilər. Bu zaman isə siyasi ittihamlar
siyasi məhkəmələrə çevrilərək xalqın düşünən ziyalısını məhv etdi. Siyasi
məhkəmələrə çevrilən odlu-alovlu mətbu çıxışları təəssüflər ki, öz
tədqiqatçılarımıza məxsusdur. Əsasən də dövrün tanınmış gənc ədəbi tənqidçiləri
Əli Nazim, Mustafa Quliyev, Ruhulla Axundov, Hənəfi Zeynallı, Əliheydər
Qarayev, Sultan Məcid Qənizadə, Tağı Şahbazi, Bəkir Çobanzadə, Həbib Cəbiyev,
Əli Vəliyev, Mehdi Hüseyn, Cəfər Xəndan, Məmməd Cəfər, Mirzə Ələkbər Kazımov və
başqalarının əsərləri sırf
dövrün ideologiyasına uyğun yazılıb.
Yuxarıda
qeyd etdiyimiz kimi, mətbuat sovet rejiminin təsiri altında fəaliyyət
göstərdiyi üçün sovet hakimiyyəti illərində Azərbaycan jurnalistikasının nəzəri
konsepsiyası və fəaliyyət mexanizmi əvvəlki mərhələlərdən ciddi şəkildə
fərqlənirdi. "Bolşevizim kimi,
onun Azərbaycan jurnalistika ənənələri və ideyaları da milli etnomədəni
xüsusiyyətlərimizə doğma olmayıb, rusların milli-tarixi mübarizə və xarakteri
ilə daha yaxından səslənmişdir”.
Bu
jurnalistika məktəbinin ideya-yaradıcılıq ənənələrini mərkəzdən əvvəllər
"İskra” qəzeti, sonra isə "Pravda” davam etdirirdi. Respublikamızda isə Azərbaycan
bolşevik mətbuatının ilk nümunəsi olan "Təkamül”, sonra "Kommunist”, "Bakinskiy
raboçiy” sinfi mübarizəyə başladı və bolşevizmin sinfi mübarizə ideyaları
Azərbaycan bolşevik jurnalistikasında artıq kifayət qədər qabarıq şəkildə
nəzərə çarpırdı. "Hətta bolşevik mətbuatı və jurnalistikası Azərbaycanın milli
demokratik fikirli partiya və mətbuatına müxalif, bir çox halda isə rəqib və
düşmən mövqe nümayiş etdirməyə üstünlük verirdi”.
Nəticədə
bolşevizmin sinfi mübarizə ideyaları Azərbaycan bolşevik jurnalistikasında
kifayət qədər qabarıq şəkildə nəzərə çarpmağa başlamış və mətbuat haqqında
yazılan tədqiqat əsərlərində də bu ideologiyaya uyğun idi. 1920-ci ilin aprel işğalından
sonrakı (1980-cı illərin sonuna kimi) sovet dövründə aparılan tədqiqatların
böyük əksəriyyəti rejimin tələbindən və təbiətindən doğan səbəblərə
uyğunlaşdırılmış əsərlərdir. Bu əsərlərdə hadisələr, faktlar eyni dəqiqlik,
yüksək elmi, obyektiv səviyyədə şərh və tədqiq olunmamış, düzgün, dəqiq ümumiləşdirmələr
aparılmamışdır. "Həmin mənbələrdə tarixi faktlara, qaldırılan problemlərə,
onların müəlliflərinə zaman-zaman münasibət müxtəlif olub”. Odur ki, həmin
tədqiqatlarda nəyinki, elmi-metodoloji yanaşma fərqlidir, hətta məntiqi
ardıcılıq və bir çox faktlar səhvdir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
