Paklıq, barış, bağışlanma ayı - İNANC
Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda
xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl
və qocalara imkan daxilində kömək olmaq Allah nəzərində bəyənilən əməllərdəndir.
Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. Hələ
bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb ki,
Şamaxı Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, Ramazan ayı aprelin 2-də
daxil olacaq, mayın 2-3-ü isə Ramazan bayramı qeyd ediləcək. Bununla yanaşı,
QMİ Qazilər Şurası Ramazan ayının başlaması ilə bağlı fətva da verib.
On bir ayın sultanı
İslam dinində bir insanın müsəlman olması üçün kəlmeyi-şəhadət
gətirməsi, hər gün namaz qılması, nəfsini tərbiyə etməsi – oruc tutması başlıca şərtdir.
Oruc tutan müsəlman çəkdiyi aclıq hissi ilə kasıblara qarşı mərhəmət hissi
duyar. Məhz bu kimi səbəblərdən İslamdailin ayları arasında Orucluq ayı -
Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir
ayın sultanı” da adlandırırlar. OrucluqRamazan ayında təzə ay çıxandan
başlanır və 29-30 gün davam edir. 30 günün tamamında Orucluq – Ramazan bayramı
qeyd olunur. Tarixi müsəlman təqvimi ilə hicrətin 2-ci ilindən (miladi 623-cü
il) başlanan bu bayram 27 oktyabr 1992-ci ildə Milli Məclisin qəbul etdiyi "Azərbaycan
Respublikasının bayramları haqqında” Qanuna əsasən, ölkəmizdə dövlət səviyyəsində
qeyd olunur.
Min aydan qüdrətli gecə
Ramazanı müqəddəs edən ən mühüm səbəb məhz bu ayın
gecələrinin birində Qurani-Kərimin nazil olmasıdır. Həmin gecəyə "qədir” və ya
"ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf
edildiyi bilinməsə də, ümumi yanaşma belədir ki, qədir gecəsi Ramazan ayının
son on gecəsindən biri, tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə
Ramazan ayının 19, 21, 23, 25, 27-nə təsadüf edir. Müqəddəs Qurani-Kərimin "Qədir”
surəsində qədir gecəsi haqqında belə yazılıb: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət
hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək
Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.
Oruc tutmaqla pis əməllərdən çəkinmək
Qurani-Kərimin "Əl Bəqərə” surəsinin 183-cü ayəsində
yazılıb: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu
kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Oruc tutmaqdan yalnız
uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar
azad olunurlar. Oruclu adamorucu pozan hərəkətlərdən imtina etməlidir. Döyüşdə
və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini
(qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini
tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün
oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir
günlük qəza orucu da əlavə olunur.
Fitrə canın sədəqəsidir
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin
gün bütün müsəlmanlar bir-birlərini təbrik edirlər. Bayram günü hər kəs öz
himayəsində olanlar adından kasıblar üçün fitrə zəkatı verməlidir. QMİ Qazılar
Şurasının qənaətinə görə, adambaşına 10-15 manat arası fitrə zəkatının verilməsi
məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər
bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi
vacibdir.
Milli-mənəvi dəyərlərə bağlılıq
Qarabağ Seyid
Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli "Kaspi” qəzetinə
açıqlamasında bildirib ki,
Ramazan İslam tarixində bütün müsəlmanların təqdir etdiyi, böyük bir duyğu,
coşqu, həsrət içərisində gözlədikləri mərhəmət, şəfqət və bağışlanma ayıdır.
Onun sözlərinə görə, orucluqinsanlara öz iradələrini, dözümlülüyünü
yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir: "Allah "Qurani-Kərimin
nazil olduğu Ramazanın bütün yaradılmışlar üçün mərhəmət, rəhmət, şəfqət,
barış, oyanış ayı kimi qəbul olunmasını hökm edib. Sevimli peyğəmbərimiz Məhəmməd
(s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin
qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Bu mübarək kəlam hər bir müsəlman
tərəfindən təqdir olunur. Hamı bu ayın bərəkətindən, rəhmətindən payını almaq
üçün oruc tutur, namaz qılır, ibadətini davam etdirir. Hətta İslam dininə
etiqad göstərməyən vətəndaşlarımız da Ramazan ayına, oruc tutanlara, ibadət edənlərə
hörmətlə yanaşır, öz xeyirxah əməlləri ilə yardımlaşma ənənələrini davam
etdirirlər. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti,
valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək,
elm, irfanla məşğul olmaqdır. Azərbaycan dünyəvi ölkə olsa da, ölkəmizdə dini
bayramlar, xüsusən də Ramazan və Qurban bayramları dövlət səviyyəsində, rəsmi şəkildə
qeyd edilir. Bu da Azərbaycan dövlətinin və ölkə başçısının milli-mənəvi dəyərlərə
bağlılığından qaynaqlanır”.
Allah nəzərində bəyənilən əməllər
Onu da əlavə edək ki, orucluq ibadəti yardımlaşmanı
artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən
ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda xeyriyyəçilik
etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara
imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu müqəddəs
Ramazan ayında Allah bütün müsəlmanların ibadətlərini, o cümlədən orucunu, xoş
niyyət və dualarını qəbul etsin. Amin!
Rufik İSMAYILOV