Ona nə vaxt qalib gələcəyik? - MÜTƏXƏSSİS RƏYİ
Əksər mütəxəssislər, o cümlədən ÜST rəsmiləri əminliklə
bildirirlər ki, 2022-ci ildə pandemiya başa çatacaq. Amma o da vurğulanır ki, dünya
bundan sonra da illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı
olacaq.
2 ildir ki, pandemiya şəraitində yaşayır, koronovirusla
mübarizə aparırıq. Ən böyük silahımız isə vaksinasiya, sosial məsafə, tibbi
maskadan istifadə, gigiyena qaydalarına əməl etmək və kütləvi immunitetdir.
Yoluxuruq, sağalırıq, məğlub olur, ətrafımızdan, ailəmizdən birini itiririk,
amma ümidimiz tükənmir. Kədərimizi "unudub” digərlərini qorumaq üçün yenidən
mübarizəyə atılırıq. Bəs bu mübarizə nə vaxt bitəcək?
Son zamanlar vaksinasiya və kütləvi immunitetin
hesabına, artıq virus əvvəlki gücündə deyil. Bunu yoluxma sayından da görmək
olar. Virusu tanıyır, mübarizə yollarını bilirik. Lakin hələ də pandemiya şəraitində,
yumşaq da olsa, karantin qaydaları ilə yaşayırıq. Bəs pandemiya nə vaxt bitəcək?
2022-ci il dünyada pandemiyanın başa çatdığı il ola bilərmi?
Qayıdış üçün standartlar...
Millət vəkili Müşfiq Məmmədli deyir ki, gələn ilin ortalarında pandemiya bitəcək:
"Pandemiya reallığının itməsi və normal həyata qayıdış üçün ÜST ( Ümumdünya Səhiyyə
Təşkilatı) bir neçə müddət öncə müəyyən standartları açıqlayıb. Bu standartlara
görə, əhalinin 70-80 faizi hər iki doza vaksin aldıqdan sonra artıq
pandemiyanın sürəti azalır və risk faktorları böyük ölçüdə aradan qalxır. Peyvəndlə
yanaşı, yoluxub sağalanların sayı da virusun gücünü zaman keçdikcə aşağı salır.
Azərbaycandakı epidemioloji vəziyyəti, vaksinasiya prosesini, əhalinin bu
prosesdə iştirakını nəzərə alsaq, deyə bilərik ki, qarşıdakı ilin ortalarından başlayaraq
normal həyata dönəcəyik. Pandemiya bitdikdən sonra da maksimum qoruma və
gigiyenik tədbirlərə riayət etməliyik”.
1 il də davam edəcək?
Rus infeksionist Yevgeni Timakov isə deyir ki, pandemiya ən azı 1 il də davam edəcək:
"Koronavirus pandemiyası ən azı bir il davam edəcək. Adi həyat tərzinə
qayıtmağın mümkünlüyü barədə yalnız yazda xəstələnmə nisbətlərini təhlil etdikdən
sonra danışmaq mümkün olacaq”.
"Koronavirus mövsümi xarakter daşıyacaq”
İngiltərənin "Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə əsasən
bildirir ki, koronavirus infeksiyası yayılmaqda davam edəcək, lakin mövsümi
xarakter daşıyacaq. Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi
COVID-19 ilə yaşamalı olacaq. Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər
respirator infeksiyalar kimi soyuq aylarda "mövsümi epidemiyalar”la yayılma sürətini
qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə
keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir. Ekspertlərin sözlərinə görə,
bütün dünyada yayılma miqyasını nəzərə alaraq, virusun mövcudluğu şəraitində necə
yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək
lazımdır.
"Pandemiya yay aylarında bitəcək”
İnfeksionist Mərdan Əliyev isə pandemiyanın yay aylarında bitəcəyini
vurğulayır: "Düşünürəm ki, pandemiya yay aylarında bitəcək. Yadınızdadırsa, keçən
il çox güclü karantin qaydaları vardı. Hətta rayonlararası yollar da bağlı idi.
İndi bu qadağalar yoxdur və hətta toylar keçirilir. Restoranlar açıqdır, məktəblər
də açılıb. Yəni karantin qaydaları keçən illə müqayisədə yox səviyyəsindədir.
Keçən yay yoluxma sayı da məhz bu səbəbdən azalmışdı. Amma indi əhali kütləvi şəkildə
vaksinasiya olunub, digər hissəsi də yoluxub sağalıb, immunitet yaranıb. Düzdür,
peyvənd olunanlar arasında 3-cü dozanı qəbul etməyənlərdə yoluxma sayı xeyli
müşahidə edilir. Amma yoluxub sağalanlarda təkrar yoluxma nadir hallardadır.
Əsasən, zəif, immuniteti aşağı olan şəxslərdə müşahidə edilir. Mənə elə gəlir ki, yay aylarında pandemiyaya son
qoyulacaq, pandemiya tarix olacaq”.
Xəstəxana xofu
Yoluxma azalsa da, ölüm sayında artımı müşahidə
edirik. İnfeksionistin sözlərinə görə, ölüm sayının ötən illərə nisbətən çox olması,
insanlar arasında xəstəliyin adiləşməsi ilə əlaqəlidir: "Əhali arasında
koronavirus xəstəliyi adiləşib. Əhali artıq xəstəliyə dırnaqarası yanaşır.
Sanki cəmiyyət buna öyrəşib. Əvvəllər insanlar özlərini xəstə hiss edən kimi
tez həkimə gəlib müayinə olunur, müalicələr götürürdü, bu da, ağırlaşmanın
qarşısını nisbətən alırdı. İndi isə belə deyil. Virusa yoluxduqda adi soyuqdəymə,
qrip hesab edirlər. Xəstəxanaya, artıq evdə çarə qalmadıqda, ağırlaşma olduqda müraciət
edirlər. Buna görə də, ağırlaşma və ölüm hallarının sayı çoxdur. Bunun da nəticəsində
insanlar arasında xəstəxana xofu yaranır. Sanki "xəstəxanaya gedən xəstə ölür”
kimi fikirlər formalaşır”.
Tunelin sonu...
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatından
koronavirus epidemiyası ilə bağlı diqqətçəkən açıqlamalar gəlib. ÜST
epidemiyanın qlobal miqyasda azaldığını bildirib. ÜST-nin İctimai Səhiyyə,
Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin direktoru Maria Neyra bildirib
ki, artıq tunelin sonuna yaxınlaşmışıq. Təşkilatın son hesabatlarına görə,
qlobal miqyasda koronavirus epidemiyasının yayılma sürəti həftələr keçdikcə
azalır. Neyra bildirib ki, xəstəlik böhranı 2022-ci ilin martın sonuna qədər
yekunlaşacaq.
Aygün ƏZİZ