O, elm və ədəbiyyat fədaisi idi

Cəfər Xəndan kimi tanınan Hacıyev Cəfər Zeynal oğlu ədəbi aləmə
gələndə ölkəmizdə ədəbiyyat sahəsinə hakim ideologiyanın diqqət yetirdiyi və
ondan mübarizə üsulu kimi yararlandığı zaman idi.
Cəfər 1910-cu ildə
Azərbaycanın qədim torpağı olan İrəvanda anadan olub. Atası Zeynal kişi müəllim
idi. Cəfərin 8 yaşı olanda ailə Gəncəyə köçür. Amma bu köç ailəyə xoşbəxtlik gətirmir.
Cəfər hər iki valideynini itirir. Başsız qalan uşaqlar Gəncə uşaq evinə təhvil
verilir. Onlar burada 1925-ci ilə kimi qalırlar. 1925-ci ildə Cəfər Gəncə
Pedaqoji Texnikumuna daxil olur. Şerə, ədəbiyyata olan marağı onu Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə gətirir. Görkəmli elm
xadimlərindən, sənət adamlarından bədii və elmi yaradıcılığın sirlərini öyrənən
Cəfər Xəndan, ömrünü ədəbiyyata, elmə həsr etməyi qərara alır. İnstitutu əla
qiymətlərlə bitirən gənc, aspiranturaya daxil olur və burada assistentlikdən
rektor vəzifəsinə kimi yüksəlir. O, BDU-nun rektoru olmazdan əvvəl, 1949-50-ci
illərdə ADPİ-də rektor vəzifəsində çalışıb.
1939-cu ildə "M.Ə.Sabirin həyat və yaradıcılığı” mövzusunda
namizədlik, 1947-ci ildə isə "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının
milli azadlıq mübarizəsi və onun ədəbiyyatda inikası” mövzusunda doktorluq
dissertasiyalarını uğurla müdafiə edən C.Xəndan, elmi aləmindən əvvəl, imzasını
ədəbi aləmdə tanıdıb. Yaradıcılığa şeirlə başlayan C.Xəndan, ədəbi mühitdə bir
çox vəzifələrdə də çalışıb. Gənc yazar bir müddət Azərbaycan Yazıçılar
İttifaqında təşkilat katibi və "Ədəbiyyat qəzeti”ndə məsul katib işləmişdir.
"Gənc işçi” qəzetində ədəbiyyat şöbəsinə, "Kommunist” qəzetində isə mədəniyyət
və məişət şöbəsinə rəhbərlik etmişdir. 1936-cı ildə ilk dəfə "Bəyaz gecələr”
adlı şeirlər kitabı ilə oxucularının görüşünə gələn şair, sonrakı illərdə
əsasən ədəbi tənqidə meyillənərək, "tənqid qatarının bələdçisi”nə çevrilir. İlk
irihəcmli monoqrafiyasını M.Ə.Sabirə həsr edən alim, "Molla Nəsrəddin” ədəbi
məktəbinin yetirmələri olan Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev və başqalarının
həyat və yaradıcılığı haqqında da maraqlı, dəyərli fikirlər söyləmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda, Cəfər Xəndan
müharibədə həm sözü, həm silahı ilə vuruşdu. Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya
cəbhələrində siyasi şöbənin baş təlimatçısı və bir sıra cəbhə qəzetlərinin
əməkdaşı, məsul katibi kimi sözünü də dedi. "İlk ayrılıq”, "Cəbhə şeirləri”,
"Qafqaz” kitabları həmin ağrılı-acılı günlərin könül çırpıntılarını, hicran
yanğısını əks etdirən təəssüratın məhsulu oldu.
Azərbaycan ədəbi mühitində özünəməxsus sözü və yeri olan
ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, pedaqoq, Azərbaycan filologiyasına
böyük töhfələr verən C.Xəndan, bir necə dərsliklərin, monoqrafiyaların, şeirlər
kitabının müəllifidir. Professor Qara Namazovun təbirincə desək, dövrünün ədəbi
prosesinin ilk bələdçisi olan, gündəlik ədəbiyyatla yaşayan, nəfəs alan,
1940-50-ci illər ədəbi tənqidinin görkəmli nümayəndəsi olan C.Xəndanın elmi və
bədii yaradıcılığı təbii, dövrünün "qayda-qanunları” çərçivəsində, "tələb və
təklifləri” sayəsində hasilə gəlib. Odur ki, bu məqalədə XX əsr ədəbiyyatımızın
görkəmli mütəxəssisi kimi tanınan ədibin yaradıcılıq dünyasından geniş bəhs
etmək fikrində deyilik. Bu məqalədə C.Xəndanın BDU-ya rəhbərlik etdiyi illərdən
bəhs olunacaq.
Akademik Fuad Qasımzadənin dediyinə görə, paxıllıq, həsəd kimi
hisslərdən uzaq olan Cəfər Xəndan, ətrafındakılara qarşı həmişə xeyirxah olub.
Təbii, bu insani keyfiyyətlər rəhbər işçi üçün çox vacibdir. İndi gözdən
keçirək, görək 1950-54-cü illərdə BDU-ya rəhbərlik edən C.Xəndanın dövründə universitetdə
nələr baş verib?
BDU-ya 1950-ci ilin noyabr ayından rəhbərlik etməyə başlayan Cəfər
Xəndan, ədəbiyyatçı olmasına baxmayaraq, universitetin hüquq fakültəsinə daha çox
qayğı ilə yanaşıb. 1951-ci il marın 10-da SSRİ ali təhsil nazirinə ünvanladığı
məktubda bunun bir daha şahidi oluruq. Rektor məktubunda bildirir ki, ölkədə
hüquq təhsilini genişləndirmək və yaxşılaşdırmaq üçün S.M.Kirov adına ADU-nun
hüquq fakültəsində əsaslı dəyişikliklər edilib: "Sizdən xahiş edirik ki, hüquq
fakültəsinin Elmi Şurasının təşkil edilməsinə, ona mülki və cinayət hüququna
dair namizədlik dissertasiyalarının qəbulu və müdafiəsi hüququ verilməsinə
icazə verəsiniz” (Tezliklə rektorun istəyi yerinə yetirilib). Hətta rektor 1952-53-cü
dərs ilində hüquq fakültəsinə ayrıca tədris binası verilməsinə də nail olub
(Müharibədən sonrakı ilk illərdə hüquq fakültəsi orta məktəb binasında
yerləşib. Bina kiçik olduğundan fakültədə dərs prosesi ancaq axşamlar
aparılıb). Bu zaman BDU-nun tədris binalarının və yataqxanalarının çatışmamağı
universitet üçün ən böyük problemi imiş. Bunu Azərbaycan KP MK və Nazirlər
Soveti özünün "S.M.Kirov adına ADU-nin vəziyyəti və onun fəaliyyətini yaxşılaşdırmaq
tədbirləri haqqında” 1954-cü il 19 oktyabr qərarındada təsdiq edirdi.
Bu çətinliklərə baxmayaraq, C.Xəndanın BDU-ya rəhbərliyi dövründə
universitet bir çox uğurlara da sahib olub. 1953-54-cü dərs ilində
universitetdə 54 kabinet və laboratoriya fəaliyyət göstərib. Universitetdə
professorların, doktorların və elmlər namizədlərinin sayı xeyli artıb. 1954-cü
ildə universitet 1,2 milyon manat məbləğində avadanlıqla təchiz edilib. 1952-ci
ildə geologiya-coğrafiya fakültəsində ilk dəfə "Neft və qaz yataqları
kəşfiyyatının geofiziki metodları” ixtisası üzrə qəbul keçirilib. 1953-54-cü
dərs ilində bütün fakültələrdə, xüsusilə fizika-riyaziyyat, biologiya,
geologiya-coğrafiya fakültələrində müsabiqə olub.
Amma mərkəz, əvvəlki illər də olduğu kimi, BDU-da siyasi-tərbiyə
işinə xüsusi diqqət yetirməklə, ənənəvi olaraq, ictimai elmlərin,
marksizm-leninizmin əsasları, siyasi iqtisadi fənlərin tədrisini yaxşılaşdırmaq
məsələsini inadla tələb edib. C.Xəndan da mərkəzin bu inadlı tələblərinə hərdən
məmur kimi yox, şair qəlbli vətənpərvər kimi yanaşıb. Bu yanaşma mərkəzi qane
etmədiyi üçün 1954-cü ilin ortalarında C.Xəndan BDU-nun rektoru vəzifəsindən
uzaqlaşdırıldı.
Elə həmin vaxtdan ömrünün sonuna kimi (1961) BDU-da Sovet ədəbiyyatı
kafedrasına rəhbərlik edən C.Xəndan, cəmi 51 il yaşadı, yaratdı, sevdi,
sevildi... Əslində, uşaqlığında da lazım olan sevgini ala bilmədi. Bəlkə də ona
görə çox həssas və kövrək idi. Adi tələbəsinə də, aspirantına da qayğı ilə
yanaşmaqdan usanmazdı. Çünki uşaqlığında hər kəsdən bunları umsa da, görmədi,
duymadı...
Akademik Bəkir Nəbiyev Cəfər Xəndanın bu ağrılı-acılı günləri
haqqında yazırdı: "Uşaq evlərində ocaqlar nə qədər gur yansa da, ata
məhəbbətinə, ana sığalına həsrət olan uşaqların qəlbini isidə bilmir. Orada
işləyən insanlar nə qədər mehriban və qayğıkeş olsalar da, valideyn sevgisini
verə bilmirlər. Uşaqlar böyüdükcə, bu həsrət və kədər də onlarla bərabər
böyüyür və həyatın sonrakı sevincləri belə, o ağrıları unutdura bilmir”.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
