• şənbə, 20 Aprel, 01:42
  • Baku Bakı 15°C

Nəsillərə örnək olan ömür

22.09.19 09:00 1688
Nəsillərə örnək olan ömür
İnsan dünyaya göz açanda onun əməl dəftəri təmiz ağ kağıza bənzəyir. Yaşa dolduqca hər kəsin həyatdakı uğurları, əldə etdiyi nailiyyətləri əməl dəftərinə qeyd olunur. Xeyirxahlıq, nəcib əməllər bu dünyada insanı ucaldan, digərlərindən fərqləndirən ən ülvi duyğulardır. İnsan var ki, Tanrının verdiyi ömür payını elə yaşayır ki, ömrünün sonunadək yaddaşlarda qalacaq bir xoş xatirəsi qalmır. İnsan da var hələ gəncliyindən çalışdığı kollektivdə, yaşadığı şəhərdə çoxlarına kömək olur, darda qalana yol göstərir, bütün mənalı ömrünü xalqının firavan həyatına, cəmiyyətin tərəqqisinə sərf edir. Belə insanlardan biri də Fikrət Cümşüd oğlu Teymurovdur.
Fikrət Teymurov 23 sentyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə Bakı şəhərindəki 1 saylı orta məktəbə daxil olub və 1961-ci ildə həmin məktəbi bitirib. 1963-1965-ci illərdə hərbi xidməti başa vurduqdan sonra o, 1973-cü ildə Odessa Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialının iqtisadiyyat fakültəsinə qəbul olub və 1979-cu ildə həmin ali məktəbin mühəndis-iqtisadçı ixtisası üzrə bitirib.
Fikrət Teymurov 1974-1977-ci illərdə "Paris Kommunası” adına Gəmi təmiri zavodunda təsərrüfat müdiri vəzifəsində çalışıb. Onun sonuncu olaraq tutduğu vəzifə 1977-2005-ci illərdə Bakı Limanının Dəniz Vağzalının rəis müavini, daha sonra 2005-2015-ci illərdə həmin qurumda Dəniz Vağzalının rəisi olub.
Fikrət müəllim hələ uşaqlıq illərindən Xəzərin mavi sularının vurğunu idi. Sahildə dayanıb ləpələri seyr etməkdən, dənizdə üzən gəmilərə baxmaqdan xüsusi zövq alırdı. Elə dənizə, sahili döyəcləyən ləpələrə olan maraq və istək onun ömrünün 40 ilini Bakı dəniz vağzalı ilə bağladı.
F.Teymurovun Bakının keçmişi ilə bağlı acılı-şirinli xatirələri var. 1988-ci ilin meydan hadisələri, 1990-cı ilin 20 Yanvar qırğını Fikrət Teymurovun yaddaşında silinməz iz qoyub. Çalışdığı Dəniz Vağzalı "Azadlıq” meydanının yaxınlığında yerləşirdi. Azadlıq, müstəqillik duyğuları ilə döyünən qəlbi həmişə xalqın yanında olub.
Yuxarıda sadaladığım və deyə bilmədiklərim xeyli yaxşılıqlar, təmənnasız savab işlər Fikrət müəllimin gördüyü işlərin bir qismidir. Onun təvazökarlığı, elədiyinin mində birini dilinə gətirməməsi, doğrudan da gözəl insanlıq xüsusiyyətlərinə malik olmasından irəli gəlir. Deyir ki, xalqım, Vətənim üçün indiyədək etdiklərim həmişə məndə qürur hissi doğurub. Fəxr edirəm ki, müstəqil Azərbaycanın qurucuları sırasında mənim də azacıq da olsa əməyim var.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını Fikrət müəllim Azərbaycan xalqının tarixi seçimi kimi qiymətləndirir. 1993-cü ildə Azərbaycanda vətəndaş qarşıdurması, xaos hökm sürdüyü bir vaxtda ümummilli lider xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəldi və həyata keçirdiyi iqtisadi, siyasi islahatlar nəticəsində inkişaf və tərəqqinin əsasını qoydu. Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan artıq 29-cu ildir günü-gündən güclənir, inkişaf edir.
Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsi üçün böyük islahatlara təkan verib. Son dövrlər əmək haqlarının, pensiya və müavinətlərin artırılması ilə bağlı verilən sərəncamlar xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlət başçısının əhalinin sosial vəziyyətinin daim diqqət mərkəzində saxlamasının bariz nümunəsidir.
Fikrət Teymurovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ildə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2014-cü ildə Dəniz Donanmasının Fəxri İşçisi, 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının "30 il” yubiley medalı, fəxri fərmanları ilə təltif olunub.
F.Teymurov hər gün Bakı Dənizkənarı Milli Parka gəzməyə çıxanda qeyri-ixtiyari olaraq ayaqları onu Dəniz Vağzalına gətirir. Bir vaxtlar birlikdə çalışdığı insanlar onu görən kimi xoş üzlə, mehribanlıqla qarşılayırlar. İndi də doğma kollektivində hər kəs işləri çətinə düşəndə tez Fikrət müəllimi arayıb ondan məsləhət alır. O da həvəslə bilik və bacarığını gənclərlə bölüşür, onları doğru yola istiqamətləndirir.
Ömrünün kamillik dövrünü yaşayan təcrübəli mütəxəssis Fikrət Teymurovun 75 yaşı tamam olur. Bakı Limanının kollektivi öz dəsti-xətti və qabaqcıl iş təcrübəsi ilə uzun müddət çalışdığı sahəyə töhfələr verən Fikrət müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona cansağlığı və həyatda müvəffəqiyyətlər arzu edirik.

banner

Oxşar Xəbərlər