Nakam ömrün ucalığı

Elə
insanlar var ki, onların ömrü kiçik zaman kəsiyinə sığmır. Böyük ümman kimi
xalqın yaddaşında əbədi izlər buraxır. Mənalı həyatı zaman-zaman adamlar üçün əsl
örnək olur, əməlləri, gözəl insani keyfiyyətləri onların qəlbində işıqlı zərrələrə
dönür. Belə insanlardan biri də maarifpərvər, ziyalı, şair, vətənpərvər, talış
xalqının böyük oğlu Böyükağa Talışxanovdur.
Böyükağa
Sultan oğlu Talışxanov 1883-cü ildə Lənkəranın Boladi kəndində ziyalı ailəsində
doğulub.
Atası
Sultan bəydən ərəb və fars dillərini öyrənən Böyükağa, ilk təhsilini o vaxt Lənkəranda
gözəl etnoqraf və folklorşünas alim kimi tanınan Teymurbəy Bayrambəyovun açdığı
rus məktəbində almışdır. Onun elmə, biliyə böyük marağı, çalışqanlığı, nümunəvi
davranışı Teymurbəyin ürəyinə yatır və onların münasibəti şagird-müəllim
münasibətlərindən çıxıb, ata-oğul münasibətinə çevrilir.

Müəllimi
şagirdinin poeziyaya olan həvəsini daha da qüvvətləndirir. Teymur Bayrambəyov
şagirdini, həmin illərdə Lənkəranda fəaliyyət göstərən tanınmış şair Mirzə
İsmayıl Qasirin rəhbərlik ktdiyi «Fövcül-füsəha» (Natiqlər yığıncağı) əbədi məclisinə
gətirir. Böyükağa Azərbaycan və talış dillərində yazdığı şeirləri ilə həmin məclisin
ən fəal üzvlərindən birinə çevrilir.
Teymurbəyovun
təklifi ilə Böyükağa təhsilini davam etdirmək qayğısına qalır, Bakıya gedir.
Buradakı süründürməçilik, rüşvətxorluq, insan hüquqlarının kütləvi pozulması
halları gənc maarifçi şairin içində etiraz hisslərini gücləndirir.
Onun bu
etirazdan qaynaqlanan şerləri «Həyat», «Şəlalə», «Qurtuluş», İqbal», «Tərcüman»,
Hindistanda çıxan «Həblülmətin», İrandakı «Nasiri», Misirdə çap olunan «Çöhrənnüma»
qəzetlərində dərc olunur. Vətənini azad, suveren görmək arzusu onu, Müsavat
Partiyası ilə yaxınlaşdırır. O, partiyanın öndəri, Azərbaycan Milli Demokratik
Hərəkatının başçısı Məmmədəmin Rəsulzadə ilə gizli əlaqələr qurur.
Azərbaycanda
ilk demokratik cümhuriyyətin yaradılması Böyükağanın da böyük sevincinə səbəb
oldu. O, təhsilini yeni açılmış Bakı Dövlət Universitetində davam etdirir.
Təhsilini
başa vurduqdan sonra doğma Boladi kəndinə qayıdır. Kəndli balalarını başına
yığıb, onlara elm, bilik öyrədir.
O dövrdə
uşağını məktəbə qoymaq istəyənləri barmaqla saymaq olardı. Ən böyük çətinlik isə
siyasi ab-havanın tez-tez dəyişməsi, dünənki vətənpərvərin alnına bu gün "düşmən”
damğası vurulması, təqib edilməsi idi. Çoxları belə məqamda başını itirir, qibləsini
dəyişir, dediyini danır, dandığını isə deyirdi. Yalnız güclü, əqidəli insanlar
öz mənliyini qoruyub saxlayırdı.
Böyükağa
Talışxanov da belə insanlardan idi. O, öz amalına axıradək sadiq qaldı,
uşaqlara bilik aşılamaq vəzifəsini layiqincə yerinə yetirirdi.
1923-cü
ildə onun böyük səyi nəticəsində Boladi kəndində dördsinifli birinci dərəcəli
şura zəhmət məktəbi açıldı. Böyükağa müəllim 1927-ci ilədək bu məktəbin
direktoru işlədi. O deyərdi: «Öz dili olmayan millət ölü millətdir».

Odur ki,
o vaxt qəza maarif şöbəsinin müdiri olmuş Zülfüqar Əhmədzadənin köməyi ilə
xüsusi proqram hazırlayıb uşaqlara talış dilinin qrammatikasını öyrədir, onlara
öz doğma dilini dərindən mənimsəmək vərdişi aşılayırdı. Böyükağa müəllim
vaxtının çox hissəsini talış dilində zəngin folklor nümunələrini toplamağa sərf
edirdi. O, yaradıcılıqla da məşğul olur, şeirlər «Siə talış» (Qızıl Talış)
rayon qəzetində müntəzəm işıq üzü görür. Həmin şerlər maarifpərvər ziyalının nəvəsi
Böyükağa Sultanovun şəxsi arxivində bu gün də saxlanılır.
Azərbaycanın
Tədqiqi və Öyrənilməsi Cəmiyyətinin xətti ilə respublikamıza gələn rus alimi
V.Miller Lənkəranda olarkən Böyükağa Talışxanovla tanış olmuş və bu tanışlıqdan
xeyli bəhrələnmişdir.
V.Miller
öz xatirələrində lənkəranlı müəllimin adını böyük ehtiramla çəkir.
Çox təəssüf
ki, repressiya dövrünün acı kütləvi öz xalqının ziyalanması üçün əlindən gələni
əsirgəməyən Böyükağa Talışxanovdan da yan keçmədi. O, Müsavat Partiyasına meyl
göstərməkdə, onun lideri Məmmədəmin Rəsulzadə ilə gizli əlaqələr saxlamaqda
günahlandırıldı. 1927-ci ildə, 45 yaşında tutularaq Bakıya aparıldı və bir daha
geri qayıtmadı. Böyük oğlu Mirağa 1942-ci ildə Smolensk şəhəri ətrafında gedən
döyüşlərdə iştirak etmiş, müharibədən sonra onun itkin düşməsi barədə ailəsinə
məlumat verilmişdi. Böyükağa Talışxanovun oğlanları Sultan və Mirzəbala ömürlərinin
sonunadək atalarının yaratdığı məktəbdə müəllim işləmişlər.
İndi
Böyükağa Talışxanovun yurdunda nəvələri Böyükağa, Toğrul, Tahir, Etibar və nəticələri
yaşayır.
Onlar
ata babalarının yolunu davam etdirərək, bir ziyalı kimi Talışxanovlar nəslinin
adını şərəflə daşıyırlar.
İxtiyar
qocalar, ağbirçəklər, hətta onun adının yasaq edildiyi dövrdə belə, bu ziyalı
haqqında böyük məhəbbət və ehtiramla danışırdılar. Bu il maarifpərvər ziyalı
Böyükağa Talışxanovun anadan olmasının 135, yaratdığı Boladi kənd orta məktəbinin
95 illiyidir.
Yaxşı
olardı ki, onun vaxtı ilə yaşadığı evdə muzeyi yaradılsın. Eləcə də, həmin evə
maarifpərvər ziyalının xatirə lövhəsi vurulsa, bu, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində rol oynamaqla, onun şəxsiyyətinə də böyük hörmət olar.
Azad
Zülaloğlu
