Müstəqilliyin tanınması üçün tələb olunan şərtlərdən biri
XIX əsrin sonları
Qafqazın, eləcə də Şimali Azərbaycanın Yaxın və Orta Şərq mədəni
və mənəvi-əxlaqi dəyərlər sistemindən bir qədər kənarda qalmasının səbəbi Çar
Rusiyasının öz müstəmləkəsinə çevirdiyi
bu məmləkətləri hər cəhətcə əsarətdə saxlaması olub. Çar Rusiyası yerlərdə
maarifi və anadilli məktəbləri, bir sözlə, təhsili genişləndirmək, dərsliklərin
yazılmasına imkan yaratmaq, müəllim kadrlarının hazırlanması və onların
işlə təmin edilməsinə şərait yaratmaq əvəzinə, imperiyanın müstəmləkəçilik
maraqlarına uyğun, yerli xalqları assimlyasiyaya uğradıb, ruslaşdırma
siyasətini həyata keçirmək məqsədi güdürdü.
Bu dövrdə Azərbaycanın maarifpərvər ziyalıları milləti cəhalət və
xurafat girdabından çıxarmaq, onun maariflənməsinə və mədəni tərəqqisinə kömək
etmək yollarını axtarırdılar. Onlar başa düşürdülər ki, bunun üçün milli dil,
milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır.
Belə bir dönəmdə xalqın ictimai-siyasi və elmi-mədəni səviyyəsini
yüksəltmək, milli şüurunu formalaşdırmaq təşəbbüsü və ideyaları ilə çıxış edən
yeni - modern Azərbaycan türklüyü birliyini yaradan ziyalılar nəsli yetişirdi.
Maarifçilik məcrasından türkçülüyə doğru addımlayan bu ədəbi-bədii, publisistik fikir və qabaqcıl
yaradıcı ziyalı hərəkatı mövcud proseslərdən kənarda qalmamış, eyni zamanda
Avropa və dünya mədəniyyətini mənimsəmiş,
xalqı azad düşüncəyə qovuşdurmağa çalışmışdır.
Azərbaycan cəmiyyətində formalaşan mədəniyyət getdikcə aydın
ümummilli səciyyə almaqla bərabər, milli şüurun inkişafına, milli birliyin
möhkəmlənməsinə də xidmət etməyə başladı. Bu zaman milli dil, tarixi keçmişə
maraq, milli ləyaqət hissi, milli özünüdərketmə, vətən və vətənpərvərlik,
xalqın taleyi, gələcəyi mədəni-tarixi tərəqqinin ən aktual məsələləri kimi
qarşıda dururdu. Ölkədə maarifçilik ideyalarının yayılması ilə əlaqədar olaraq
Azərbaycan mədəniyyətində demokratik fikirlər güclənir, ictimai-fəlsəfi fikirdə
yeni sosial ideyalar qərarlaşırdı. Maarifçilik mənəvi mədəniyyətin bütün
sahələrinin – ədəbiyyat, incəsənət, əxlaq və s. inkişafına yeni istiqamət
verməklə mədəniyyətin strukturunda getdikcə radikal dəyişikliklər əmələ
gətirmişdi. Mədəniyyət sistemində realist ədəbiyyat, demokratik ictimai fikir,
elm və elmi biliklər ön plana keçməyə başladı. Bu mədəni inqilabın qabaqcıl
ziyalı nümayəndələri Avropa, rus və Azərbaycan həyatına müqayisəli nəzər salır,
vətənin sosial tərəqqi baxımından dövrün tarixi inkişaf səviyyəsindən geri
qaldığını aydın görür və artıq «belə yaşamaq olmaz» qənaətinə gəlirdilər. Onlar
milli həyatı, Azərbaycan cəmiyyətini iqtisadi, siyasi, mədəni gerilikdən xilas
edib geniş sosial tərəqqi və maarif
yoluna çıxarmaq barədə düşünür, yollar arayıb axtarırdılar. Belə
yollardan biri də Azərbaycanda ali təhsil müəssisəsi, darülfünün - universitet
yaratmaq, bu yolla ölkəni bəşəri tərəqqi və inkişaf məcrasına yönəltmək
zərurətinin həlli idi. Milli mənəvi və
mədəni yolların başlanğıcı olan təhsil probleminin əsasında məhz darülfünunun -
universitetin açılması həlli vacib olan məsələ idi.
Dünyanın sivil ölkələrində millətin kamillik yaşını onun ali
məktəblərinin, ən əvvəl universitetlərinin yaranma tarixi ilə bağlayırlar. M. Ə. Rəsulzadə 1914-cü ildə "Bəsirət”
qəzetində Cənubi Qafqazda və Azərbaycanda ali təhsil müəssisələrinin
yaradılması zərurətinə həsr etdiyi məqaləsində yazırdı: "Bu vaxta qədər
Qafqazda təkcə inzibati mərkəz kimi deyil, həm də mənəvi, mədəni və
mətbu mərkəz kimi tanınan Tiflislə yanaşı Bakının da mövcudluğu ön plana
çəkildi. Həm də təkcə yenicə inkişaf yoluna qədəm qoyan nefti ilə deyil, həm də
ilk milli qəzeti, milli teatrı, milli xeyriyyə cəmiyyətləri, qələm əhli ilə
diqqəti cəlb etməyə başladı”.
M. Ə. Rəsulzadə həmin ilin mayında
Tiflisdə, Naftuluq məhəlləsində Qafqasiya politexnikum ali məktəbinin
açılmasını "Qafqasiya ali məktəbi” adlı
məqaləsində alqışlayaraq yazırdı: "Qafqasiyalıların çoxdan bəri ürəklərində
bəslədikləri böyük arzularından biri, münasibət düşdükcə ağlayaraq, izhar dərd
edərək istədikləri məqsədlərindən ümdəsi hüsula gəldi...Çoxdan gözlənilən arzu
indi bir həqiqət şəklinə gürməkdədir. Avropanın bir neçə dövlətlərindən daha
böyük bir ölkə təşkil edən Qafqasiya artıq ali məktəb yoxluğunun xəcalətindən
bir dərəcə olsun özünü qurtarmış saya bilər”.
Bu məqaləsində ədib sənaye və
texnikaya mərkəz olmaq səlahiyyətinin Bakıya aid olduğunu xüsusi vurğulayır.
Rəsulzadənin bu arzusu beş il sonra - 1919-cu ildə Azərbaycanın mərkəzində
Universitetin açılması ilə reallaşdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri M. B.
Məhəmmədzadə yazırdı: "...milli hürriyyət və milli istiqlala malik olmayan
millətlərin milli varlıq və milli mədəniyyətlərini qoruyub inkişaf etdirmələri
imkan xaricindədir”. Müstəqillik əldə edən yeni Azərbaycan dövləti öz siyasi mədəniyyətini demokratik dövlət quruluşunda və parlamentin
iclaslarında qoyulan məsələlərdə
göstərməyə başladı. Bu məsələlərdən biri, bəlkə də birincisi dövlət
müstəqilliyini yeni elan etmiş bir dövlətin
dünya və Avropa təhsil forması ilə uyğunlaşan universitetin açılması
idi. Dünya dövlətləri tərəfindən müstəqilliyin tanınması üçün də tələb olunan şərtlərdən biri məhz bu idi.
Azərbaycan hökuməti 1919-cu il mayında Xalq Maarif Nazirliyi nəzdində
universitet komissiyasının yaradılması haqqında səkkiz maddədən ibarət
əsasnaməni təsdiq edir. Komissiyanın sədri
professor V. İ. Razumovski olur. Professorlar N. A. Dubrovski, A. M.
Levin, İ. S. Sitoviç və müəllim L. A. İşkovdan ibarət universitet komissiyası
yaradılır. İyunun 16-da isə Nazirlər Şurası universitet komissiyasının ştatlarını təsdiq edib maaşları
müəyyənləşdirdi. Komissiyaya professorlarla yanaşı, Xalq Maarif Nazirliyindən
V. İrzayev, sonra isə M. A. Şaxtaxtinski, şəhər özünüidarəsindən şəhər
idarəsinin nümayəndəsi Əlicabbar Orucəliyev, Neft Sənayeçilər Qurultayı Şurasından A. N.
Sarapov, M. Sultanov, Bakının üç müalicəxanalarının baş həkimləri, kimyaçı L.
Qureviç, zooloq K. Derjavin, əczaçılıq magistri İ. Qoldberq cəlb olunmuşdular.
Azərbaycan ziyalıları mətbuatda çıxış edərək Bakıda milli
darülfünunun açılmasını alqışlayır, bu məsələyə öz münasibətlərini
bildirirdilər. Universitet komissiyasına
seçilmiş "Şərqi-rus” qəzetinin təsisçisi Məhəmməd ağa Şaxtaxtlı "Azərbaycan” qəzetində
(1919, 28 iyul) dərc etdirdiyi "Azərbaycanda darülfünun” adlı məqaləsində
"Darülfünun olmazsa, nolur?” sualını bir ziyalı-vətəndaş mövqeyindən
cavablandırır:
"Ürfani və ictimai həyatımıza səktə gəlir: Ümumi maarifə aid orta
məktəblərimizdə dərs verəcək müəllimlərimiz
olmaz: Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, mal və mülk üçün
münaqişə edən vətəndaşlarımızı və ya cinayət törədən canilərimizi kim mühakimə
etsin. Darülfünun olmazsa, Avropa və qonşu xristian millətlərinə məsəl olacaq
mühərrirləri nərədən ala biləriz? Darülfünumuz olmazsa, ömrünün həpsini elm və
fünuna vəqf edərək mücəssəm elm və fənn olan o möhtərəm vücudi-millətlərinin
mədəniyyət üzrə həyat sürmək labüd olan
professorlar heyəti millətimizin içindən
nərədən çıxar, nərədən yetişər? ”
Universitetin həm ictimai-siyasi, iqtisadi və mənəvi həyatımızın
bütün sahələri üçün zəruri olan milli kadrların hazırlanmasında böyük
roluna qiymət verən politoloq-alim
siyasi uzaqgörənliklə fikrinə davam edərək yazırdı:
"Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdən olmaqdır...Avropa masştabında mütləq və qeyri-məhdud olan
hürriyyəti-əfkar üzərinə müəssis bir darülfünun açmalıyız ki, bu darülfünunumuz
hürriyyət əfkarçı olduğumuzun
dəlili-felisi olub bizim istiqlal siyasimizə toxunmaq üçün avropalıların
əlindən "siz hürriyyəti-əfkarçı deyilsinz, sizə istiqlal verəməyiz” bəhanəsini
alsın”.
Bakıda universitet açmaq məsələsi ətrafında iki cərəyan mövcud
idi: lehinə və əleyhinə olanlar.
Universitet açılmasının lehinə olan
ziyalılarımız bu ali məbədin təsis edilməsinin vacibliyini zəruri sayır və
məsələnin tezliklə həllini parlamentdən
təkidlə tələb edirdilər. Azərbaycan Parlamentinin 1919-cu il 21 avqust iclasında
Bakıda darülfünun açmaq məsələsi ətrafında müzakirələr zamanı bu məsələyə müxtəlif istiqamətdə münasibətlər
özünü bir daha göstərir. Keşiş
Kravçenkovun darülfünunun açılması ilə rus mədəniyyətinin məmləkətdə daha
da möhkəmlənəcəyi, rus elminin və rus mədəniyyətinin qalib çıxacağı kimi
təxribat xarakterli fikirlərinə, M. Ə. Rəsulzadə sərt cavab verir: "Kravçenko
tez-tez "rus-rus” deməklə bizi qorxudamaz. Özü dediyi kimi, elm beynəlmiləl bir
şeydir. Biz onu Çində də oxuya biləriz. Azərbaycanda bir çinlidən də oxuyarız.
Azərbaycanda darülfünun təmsil rolunu oynayamaz. Hətta Rusiyada təhsil ilə
mübarizə edənlər darülfünunlarda yetişmişlərdir”.
Azərbaycanda universitetin tezliklə açılmasına hazır olmadığımızı,
elmi qüvvəmizin və mütəxəssislərimizin çatışmazlığını bildirməklə tələsməməyi
məsləhət bilənlərə, tədrisin rus dilində aparılması nəticəsində tələbələr arasında "çarın siyasəti” kimi ruslaşdırma təbliğatının
güclənəcəyi kimi fikirlərə qarşı çıxan
M. Ə. Rəsulzadə, çıxışlarında qətiyyətlə bildirir ki, bu məsələnin ən mühüm
cəhəti professor heyətidir ki, onun da əsası hazırdır. Bu fənn ocağının, elm və
mədəniyyət mənbəyinin türkcə olması, oradakı professor və müəllimlərin türkcə
tərbiyə verməsi arzusunda olan ədib bildirirdi ki, hələlik bu mümkün olmasa da, universitetin açılmasında maneə yarada
biləcək bir problem deyildir.
1919-cu ildə müstəqil bir elm mərkəzinin təşkili cümhuriyyətin
mədəniyyət siyasətinin strateji istiqamətlərindən biri, mədəniyyət quruculuğu
sahəsində atdığı addım kimi qiymətləndirilməlidir. Maarif naziri Rəşid xan Kaplanovun
parlamentin iclasındakı çıxışı bu cəhətdən də əhəmiyyət kəsb edir. Universitetin
açılmasının zərurətini əsaslandıran Kaplanov çıxışını belə yekunlaşdırır: "Biz müsəlmanlar
məscidə gedərkən onun müqəddəsliginə ehtiramən ayaqqabılarımızı çıxarıyoruz.
Çox istərdim ki, darülfünunu da böylə təqdis edərək ona məbəd kimi baxaydıq”.
Bu fənn və elm məbədinin
açılmasında ziyalılarımızın mübarizliyinin nəticəsi kimi, 1919-cu il sentyabrın
1-də Parlamentin 70-ci iclasında "Bakı şəhərində Dövlət Universitetinin təsis
edilməsi haqqında” tarixi bir qanun
qəbul edildi. Bu qanunla universitetdə dörd fakültənin - tarix-filologiya,
hüquq, fizika-riyaziyyat və tibb fakültələrinin yaradıldı. Bu fakültələrə, ilk
növbədə azərbaycanlı kişi və qadınların qəbulu nəzərdə tutulurdu. Universitetin
Nizamnaməsinə əsasən, azərbaycanlıların
qəbulunu yüngülləşdirmək məqsədilə vaxtilə realnı məktəblərində oxuyub rus
dilində imtahan verə bilmədiklərinə görə şəhadətnamə ala bilməyən azərbaycanlı
oğlan və qızlara qəbulda üstünlük veriləcəyi vurğulandı.
Səhər iclasında təhsil sahəsinə dair üç məsələ müzakirə olunmuşdur:
1919\20-ci tədris ilində universitetdə onun təşkili, sahmana salınması və
avadanlıqla təchiz olunması üçün 5 milyon manat, bütün saxlama xərcləri üçün 10
milyon 857,5 min manat məbləğində vəsait buraxılması nəzərdə tutulurdu.
1919\20-ci tədris ilində 100 nəfər tələbə-gəncin xarici ali
məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi
vəsaitindən Xalq Maarif Nazirinin sərəncamına yeddi milyon manat, türk
dilində kitabların alınmasına isə bir milyon manat vəsait buraxılır.
1919-cu il sentyabrın 29-da isə "Bakı Dövlət Universitetinin
Nizamnaməsi” Parlament tərəfindən qəbul edilir. Universitet onun haqqında
Nizamnamənin 1-ci maddəsinə əsasən , müstəqil elmi-tədris müəssisəsi idi.
Bu məqamda bir faktı qeyd etmək lazımdır ki, ilk dövrlər universitetdə Tarix-filologiya fakültəsində
türk dilində ilk mühazirələri M. Ə. Rəsulzadə
və xalq maarif naziri R. Kaplanov
Osmanlı ədəbiyyatından, Tük dilinin qrammatikasından isə M. A. Şahtaxtlı
oxumuşlar.
Dünya mədəniyyətinin və elminin qapılarını gənc azərbaycanlı
balaların üzünə açan universitet milli dövlətçiliyimizin, milli intibahın,
siyasi mədəniyyətimizin göstəricisi kimi uzun bir tarixi prosesdə siyasi
imtahanların sınağında uğurla çıxdı.
Bu gün də 100 illik yubileyini
qeyd etdiyimiz universitetimiz -
"Azərbaycan xalqının milli sərvəti” (H. Əliyev)
dövlətçiliyə, xalqın, millətin amalına xidmət etməklə dünya universitetləri sırasında uğurla
addımlayır. Regionda ilk universitet, müsəlman Şərqində ilk Avropa tipli məktəb
olan bu elm ocağı yüksək ixtisaslı kadrların hazırlanmasında, yeni elmi
istiqamətlərin formalaşdırılmasında böyük rol oynadı.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2017-ci il 14 noyabr tarixli Sərəncamı
bu elm ocağına verilən ən böyük qiymətdir. Sərəncamda deyildiyi kimi: "Bakı Dövlət Universiteti
tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi
ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının
təşəkkülünə böyük töhfələr vermişdir”.
Bu gün BDU-nun 100 illik yubileyinin Parisdə UNESCO-nun baş qərargahında
beynəlxalq səviyyədə qeyd olunması
göstərir ki, bu elm məbədi nəinki Azərbaycanda, eləcə də daha geniş miqyasda
elmi nailiyyətlərin əldə edilməsində böyük rol oynayıb.
Aygün Əzimova,
BDU jurnalistika fakültəsinin dosent əvəzi,
Filologiya üzrə fəlsəfə doktoru