Müstəqilliyin tanınması üçün tələb olunan şərtlərdən biri

Müstəqilliyin tanınması üçün tələb olunan şərtlərdən biri

Təfsilat
26 İyun 2019, 12:30 6668
XIX əsrin sonları  Qafqazın,  eləcə də  Şimali Azərbaycanın Yaxın və Orta Şərq mədəni və mənəvi-əxlaqi dəyərlər sistemindən bir qədər kənarda qalmasının səbəbi Çar Rusiyasının   öz müstəmləkəsinə çevirdiyi bu məmləkətləri hər cəhətcə əsarətdə saxlaması olub. Çar Rusiyası yerlərdə maarifi və anadilli məktəbləri, bir sözlə, təhsili genişləndirmək, dərsliklərin yazılmasına imkan  yaratmaq,  müəllim kadrlarının hazırlanması və onların işlə təmin edilməsinə şərait yaratmaq əvəzinə, imperiyanın müstəmləkəçilik maraqlarına uyğun, yerli xalqları assimlyasiyaya uğradıb, ruslaşdırma siyasətini həyata keçirmək məqsədi güdürdü. 

Bu dövrdə Azərbaycanın maarifpərvər ziyalıları milləti cəhalət və xurafat girdabından çıxarmaq, onun maariflənməsinə və mədəni tərəqqisinə kömək etmək yollarını axtarırdılar. Onlar başa düşürdülər ki, bunun üçün milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır.

Belə bir dönəmdə xalqın ictimai-siyasi və elmi-mədəni səviyyəsini yüksəltmək, milli şüurunu formalaşdırmaq təşəbbüsü və ideyaları ilə çıxış edən yeni - modern Azərbaycan türklüyü birliyini yaradan ziyalılar nəsli yetişirdi. Maarifçilik məcrasından türkçülüyə doğru addımlayan  bu ədəbi-bədii, publisistik fikir və qabaqcıl yaradıcı ziyalı hərəkatı mövcud proseslərdən kənarda qalmamış, eyni zamanda Avropa  və dünya mədəniyyətini  mənimsəmiş,  xalqı azad düşüncəyə qovuşdurmağa çalışmışdır.

Azərbaycan cəmiyyətində formalaşan mədəniyyət getdikcə aydın ümummilli səciyyə almaqla bərabər, milli şüurun inkişafına, milli birliyin möhkəmlənməsinə də xidmət etməyə başladı. Bu zaman milli dil, tarixi keçmişə maraq, milli ləyaqət hissi, milli özünüdərketmə, vətən və vətənpərvərlik, xalqın taleyi, gələcəyi mədəni-tarixi tərəqqinin ən aktual məsələləri kimi qarşıda dururdu. Ölkədə maarifçilik ideyalarının yayılması ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətində demokratik fikirlər güclənir, ictimai-fəlsəfi fikirdə yeni sosial ideyalar qərarlaşırdı. Maarifçilik mənəvi mədəniyyətin bütün sahələrinin – ədəbiyyat, incəsənət, əxlaq və s. inkişafına yeni istiqamət verməklə mədəniyyətin strukturunda getdikcə radikal dəyişikliklər əmələ gətirmişdi. Mədəniyyət sistemində realist ədəbiyyat, demokratik ictimai fikir, elm və elmi biliklər ön plana keçməyə başladı. Bu mədəni inqilabın qabaqcıl ziyalı nümayəndələri Avropa, rus və Azərbaycan həyatına müqayisəli nəzər salır, vətənin sosial tərəqqi baxımından dövrün tarixi inkişaf səviyyəsindən geri qaldığını aydın görür və artıq «belə yaşamaq olmaz» qənaətinə gəlirdilər. Onlar milli həyatı, Azərbaycan cəmiyyətini iqtisadi, siyasi, mədəni gerilikdən xilas edib geniş sosial tərəqqi və maarif  yoluna çıxarmaq barədə düşünür, yollar arayıb axtarırdılar. Belə yollardan biri də Azərbaycanda ali təhsil müəssisəsi, darülfünün - universitet yaratmaq, bu yolla ölkəni bəşəri tərəqqi və inkişaf məcrasına yönəltmək zərurətinin həlli idi.  Milli mənəvi və mədəni yolların başlanğıcı olan təhsil probleminin əsasında məhz darülfünunun - universitetin açılması həlli vacib olan məsələ idi.  

Dünyanın sivil ölkələrində millətin kamillik yaşını onun ali məktəblərinin, ən əvvəl universitetlərinin yaranma tarixi ilə bağlayırlar.  M. Ə. Rəsulzadə 1914-cü ildə "Bəsirət” qəzetində Cənubi Qafqazda və Azərbaycanda ali təhsil müəssisələrinin yaradılması zərurətinə həsr etdiyi məqaləsində yazırdı: "Bu  vaxta qədər  Qafqazda təkcə inzibati mərkəz kimi deyil, həm də mənəvi, mədəni və mətbu mərkəz kimi tanınan Tiflislə yanaşı Bakının da mövcudluğu ön plana çəkildi. Həm də təkcə yenicə inkişaf yoluna qədəm qoyan nefti ilə deyil, həm də ilk milli qəzeti, milli teatrı, milli xeyriyyə cəmiyyətləri, qələm əhli ilə diqqəti cəlb etməyə başladı”. 

M. Ə. Rəsulzadə həmin ilin mayında  Tiflisdə, Naftuluq məhəlləsində Qafqasiya politexnikum ali məktəbinin açılmasını  "Qafqasiya ali məktəbi” adlı məqaləsində alqışlayaraq yazırdı: "Qafqasiyalıların çoxdan bəri ürəklərində bəslədikləri böyük arzularından biri, münasibət düşdükcə ağlayaraq, izhar dərd edərək istədikləri məqsədlərindən ümdəsi hüsula gəldi...Çoxdan gözlənilən arzu indi bir həqiqət şəklinə gürməkdədir. Avropanın bir neçə dövlətlərindən daha böyük bir ölkə təşkil edən Qafqasiya artıq ali məktəb yoxluğunun xəcalətindən bir dərəcə olsun özünü qurtarmış saya bilər”.  Bu  məqaləsində ədib sənaye və texnikaya mərkəz olmaq səlahiyyətinin Bakıya aid olduğunu xüsusi vurğulayır. Rəsulzadənin bu arzusu beş il sonra - 1919-cu ildə Azərbaycanın mərkəzində Universitetin açılması ilə reallaşdı. 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri M. B. Məhəmmədzadə yazırdı: "...milli hürriyyət və milli istiqlala malik olmayan millətlərin milli varlıq və milli mədəniyyətlərini qoruyub inkişaf etdirmələri imkan xaricindədir”. Müstəqillik əldə edən yeni Azərbaycan dövləti  öz siyasi mədəniyyətini demokratik  dövlət quruluşunda və parlamentin iclaslarında  qoyulan  məsələlərdə  göstərməyə başladı. Bu məsələlərdən biri, bəlkə də birincisi dövlət müstəqilliyini yeni elan etmiş bir dövlətin  dünya və Avropa təhsil forması ilə uyğunlaşan universitetin açılması idi. Dünya dövlətləri tərəfindən müstəqilliyin tanınması üçün də  tələb olunan şərtlərdən biri məhz bu idi. 

Azərbaycan hökuməti 1919-cu il mayında Xalq Maarif Nazirliyi nəzdində universitet komissiyasının yaradılması haqqında səkkiz maddədən ibarət əsasnaməni təsdiq edir. Komissiyanın sədri  professor V. İ. Razumovski olur. Professorlar N. A. Dubrovski, A. M. Levin, İ. S. Sitoviç və müəllim L. A. İşkovdan ibarət universitet komissiyası yaradılır. İyunun 16-da isə Nazirlər Şurası universitet komissiyasının  ştatlarını təsdiq edib maaşları müəyyənləşdirdi. Komissiyaya professorlarla yanaşı, Xalq Maarif Nazirliyindən V. İrzayev, sonra isə M. A. Şaxtaxtinski, şəhər özünüidarəsindən şəhər idarəsinin nümayəndəsi Əlicabbar Orucəliyev, Neft  Sənayeçilər Qurultayı Şurasından A. N. Sarapov, M. Sultanov, Bakının üç müalicəxanalarının baş həkimləri, kimyaçı L. Qureviç, zooloq K. Derjavin, əczaçılıq magistri İ. Qoldberq cəlb olunmuşdular.    

Azərbaycan ziyalıları mətbuatda çıxış edərək Bakıda milli darülfünunun açılmasını alqışlayır, bu məsələyə öz münasibətlərini bildirirdilər.  Universitet komissiyasına seçilmiş "Şərqi-rus” qəzetinin təsisçisi Məhəmməd ağa Şaxtaxtlı "Azərbaycan” qəzetində (1919, 28 iyul) dərc etdirdiyi "Azərbaycanda darülfünun” adlı məqaləsində "Darülfünun olmazsa, nolur?” sualını bir ziyalı-vətəndaş mövqeyindən cavablandırır: 

"Ürfani və ictimai həyatımıza səktə gəlir: Ümumi maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz  olmaz: Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas  alimlər bulamayız ki, mal və mülk üçün münaqişə edən vətəndaşlarımızı və ya cinayət törədən canilərimizi kim mühakimə etsin. Darülfünun olmazsa, Avropa və qonşu xristian millətlərinə məsəl olacaq mühərrirləri nərədən ala biləriz? Darülfünumuz olmazsa, ömrünün həpsini elm və fünuna vəqf edərək mücəssəm elm və fənn olan o möhtərəm vücudi-millətlərinin mədəniyyət üzrə həyat sürmək labüd  olan professorlar heyəti  millətimizin içindən nərədən çıxar, nərədən yetişər? ” 

Universitetin həm ictimai-siyasi, iqtisadi və mənəvi həyatımızın bütün sahələri üçün zəruri olan milli kadrların hazırlanmasında böyük roluna  qiymət verən politoloq-alim siyasi uzaqgörənliklə fikrinə davam edərək yazırdı:

"Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdən olmaqdır...Avropa  masştabında mütləq və qeyri-məhdud olan hürriyyəti-əfkar üzərinə müəssis bir darülfünun açmalıyız ki, bu darülfünunumuz hürriyyət əfkarçı  olduğumuzun dəlili-felisi olub bizim istiqlal siyasimizə toxunmaq üçün avropalıların əlindən "siz hürriyyəti-əfkarçı deyilsinz, sizə istiqlal verəməyiz” bəhanəsini alsın”.

Bakıda universitet açmaq məsələsi ətrafında iki cərəyan mövcud idi:  lehinə və əleyhinə olanlar. Universitet  açılmasının lehinə olan ziyalılarımız bu ali məbədin təsis edilməsinin vacibliyini zəruri sayır və məsələnin tezliklə həllini  parlamentdən təkidlə tələb edirdilər. Azərbaycan Parlamentinin 1919-cu il 21 avqust iclasında Bakıda darülfünun açmaq məsələsi ətrafında müzakirələr zamanı  bu məsələyə müxtəlif istiqamətdə münasibətlər özünü bir daha göstərir. Keşiş  Kravçenkovun darülfünunun açılması ilə rus mədəniyyətinin məmləkətdə daha da möhkəmlənəcəyi, rus elminin və rus mədəniyyətinin qalib çıxacağı kimi təxribat xarakterli fikirlərinə, M. Ə. Rəsulzadə sərt cavab verir: "Kravçenko tez-tez "rus-rus” deməklə bizi qorxudamaz. Özü dediyi kimi, elm beynəlmiləl bir şeydir. Biz onu Çində də oxuya biləriz. Azərbaycanda bir çinlidən də oxuyarız. Azərbaycanda darülfünun təmsil rolunu oynayamaz. Hətta Rusiyada təhsil ilə mübarizə edənlər darülfünunlarda yetişmişlərdir”. 

Azərbaycanda universitetin tezliklə açılmasına hazır olmadığımızı, elmi qüvvəmizin və mütəxəssislərimizin çatışmazlığını bildirməklə tələsməməyi məsləhət bilənlərə,  tədrisin  rus dilində aparılması nəticəsində  tələbələr arasında "çarın  siyasəti” kimi ruslaşdırma təbliğatının güclənəcəyi kimi  fikirlərə qarşı çıxan M. Ə. Rəsulzadə, çıxışlarında qətiyyətlə bildirir ki, bu məsələnin ən mühüm cəhəti professor heyətidir ki, onun da əsası hazırdır. Bu fənn ocağının, elm və mədəniyyət mənbəyinin türkcə olması, oradakı professor və müəllimlərin türkcə tərbiyə verməsi arzusunda olan ədib bildirirdi ki, hələlik bu  mümkün olmasa da,   universitetin açılmasında maneə yarada biləcək bir problem  deyildir. 

1919-cu ildə müstəqil bir elm mərkəzinin təşkili cümhuriyyətin mədəniyyət siyasətinin strateji istiqamətlərindən biri, mədəniyyət quruculuğu sahəsində atdığı addım kimi qiymətləndirilməlidir.  Maarif naziri Rəşid xan Kaplanovun parlamentin iclasındakı çıxışı bu cəhətdən də əhəmiyyət kəsb edir. Universitetin açılmasının zərurətini əsaslandıran Kaplanov çıxışını belə yekunlaşdırır: "Biz müsəlmanlar məscidə gedərkən onun müqəddəsliginə ehtiramən ayaqqabılarımızı çıxarıyoruz. Çox istərdim ki, darülfünunu da böylə təqdis edərək ona məbəd kimi baxaydıq”. 

 Bu fənn və elm məbədinin açılmasında ziyalılarımızın mübarizliyinin nəticəsi kimi, 1919-cu il sentyabrın 1-də Parlamentin 70-ci iclasında "Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında”  tarixi bir qanun qəbul edildi. Bu qanunla universitetdə dörd fakültənin - tarix-filologiya, hüquq, fizika-riyaziyyat və tibb fakültələrinin yaradıldı. Bu fakültələrə, ilk növbədə azərbaycanlı kişi və qadınların qəbulu nəzərdə tutulurdu. Universitetin Nizamnaməsinə  əsasən, azərbaycanlıların qəbulunu yüngülləşdirmək məqsədilə vaxtilə realnı məktəblərində oxuyub rus dilində imtahan verə bilmədiklərinə görə şəhadətnamə ala bilməyən azərbaycanlı oğlan və qızlara qəbulda üstünlük veriləcəyi vurğulandı.

Səhər iclasında təhsil sahəsinə dair üç məsələ müzakirə olunmuşdur: 191920-ci tədris ilində universitetdə onun təşkili, sahmana salınması və avadanlıqla təchiz olunması üçün 5 milyon manat, bütün saxlama xərcləri üçün 10 milyon 857,5 min manat məbləğində vəsait buraxılması nəzərdə tutulurdu. 

191920-ci tədris ilində 100 nəfər tələbə-gəncin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi  vəsaitindən Xalq Maarif Nazirinin sərəncamına yeddi milyon manat, türk dilində kitabların alınmasına isə bir milyon manat vəsait buraxılır.

1919-cu il sentyabrın 29-da isə "Bakı Dövlət Universitetinin Nizamnaməsi” Parlament tərəfindən qəbul edilir. Universitet onun haqqında Nizamnamənin 1-ci maddəsinə əsasən , müstəqil elmi-tədris müəssisəsi idi. 

Bu məqamda bir faktı qeyd etmək lazımdır ki, ilk dövrlər  universitetdə Tarix-filologiya fakültəsində türk dilində ilk mühazirələri M. Ə. Rəsulzadə  və xalq maarif naziri R.  Kaplanov Osmanlı ədəbiyyatından, Tük dilinin qrammatikasından isə M. A. Şahtaxtlı oxumuşlar. 

Dünya mədəniyyətinin və elminin qapılarını gənc azərbaycanlı balaların üzünə açan universitet milli dövlətçiliyimizin, milli intibahın, siyasi mədəniyyətimizin göstəricisi kimi uzun bir tarixi prosesdə siyasi imtahanların sınağında uğurla çıxdı.

Bu gün də 100 illik yubileyini  qeyd etdiyimiz  universitetimiz - "Azərbaycan xalqının milli sərvəti” (H. Əliyev)  dövlətçiliyə, xalqın, millətin amalına xidmət etməklə  dünya universitetləri sırasında uğurla addımlayır. Regionda ilk universitet, müsəlman Şərqində ilk Avropa tipli məktəb olan bu elm ocağı yüksək ixtisaslı kadrların hazırlanmasında, yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynadı. 

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı  bu elm ocağına verilən ən böyük qiymətdir. Sərəncamda  deyildiyi kimi: "Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir”.

Bu gün BDU-nun 100 illik yubileyinin Parisdə UNESCO-nun baş qərargahında beynəlxalq səviyyədə  qeyd olunması göstərir ki, bu elm məbədi nəinki Azərbaycanda, eləcə də daha geniş miqyasda elmi nailiyyətlərin əldə edilməsində böyük rol oynayıb.
 
Aygün Əzimova, 
BDU jurnalistika fakültəsinin dosent əvəzi,
Filologiya üzrə fəlsəfə doktoru