• bazar ertəsi, 05 may, 08:50
  • Baku Bakı 17°C

Müsəlman ölkələrində hökmdar qadınlar

21.05.14 10:03 1662
Müsəlman ölkələrində hökmdar qadınlar
VII yazı
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

XIV əsrdə Monqol imperatorolluğunun müsəlman elxanlı qoluna xan nəslindən olan Satı bəyim adlı bir qadın hökmdarlıq etmişdir. Onun hakimiyyətə gəlməsinə yardım edən hərbi və siyasi şəraiti yaxşı başa düşmək üçün elxanlı dövrünə qısa nəzər yetirək.
Tarixdən bəllidir ki, bir sıra dövlətləri özünə tabe etdirən, alınmaz sayılan qalalaların asanlıqla fəthinə nail olan Çingiz xanın nəticəsi Hülakünün qurduğu imperatorluq Amü - Dəryadan Ağ dənizə, Anadolu və Qafqazdan Hind okeanına qədər uzanırdı. Əminamanlıq dövrlərində Marağada məşhur bir rəsədxana, Aladağda saraylar, Xoyda məbədlər inşa etdirən Hülakü öz sərhədləri daxilində tam bir müstəqilliklə hökmranlıq etmişdir. Əvvəlki yazılarda Hülakü xanın xələflərindən və onların gördüyü işlərdən söz açmışdıq.
XIII əsrin sonlarında hakimiyyətə 24 yaşlı Qazan gəldi. Bu dövrdə Elxanilər imperatorluğunda böyük dəyişikliklər baş verdi. Qazan xanla birlikdə İrandakı monqolların çoxu sünni məzhəbini qəbul edərək müsəlman oldular. Hər hansı bir dövlət üçün çox mühüm olan bu hadisədən və məzhəb məsələlərində güzəşt monqollar arasında düşünüldüyündən də asan həyata keçdi. Monqolların buddistliyi atıb islamı, sünni məzhəbini qəbul etmələri ictimai həyatda qadınların sahib olduğu bir sıra hüquqları aradan qaldıra bilməmiş, əksinə qadınlara kişilər qədər siyasi hüquqlar tanıyan türklərlə monqolların qaynayıb qarışmalarına zəmin hazırlamışdır.
Buna görə də Təbriz, Marağa, Sultaniyyə kimi böyük şəhərlərin yerləşdiyi Azərbaycan ilə Orta Anadoluda 1307-ci ildən bəri davam edən bu təsirlərin izləri indiyə qədər də qalmaqdadır.
Sünni məzhəbini qəbul etməsinə baxmayaraq Qazan xan şiələrə də böyük diqqətlə yanaşmış, güzəştlərə getmiş, hətta onların müqəddəs yerlərini ziyarət etmiş və hədiyyələr paylamışdır. Bu səbəbdən də onun siyasəti müvəffəqiyyətli olmuşdur. Qazan xanın dövründə həm Qızıl Orda, həm də Misir və Suriya ətraf üçün təhlükə yaratmaqdan uzaq olub, ədalətli dövlət prinsiplərinə əməl etmişdilər. Qazan xanın hakimiyyəti zamanında bu imperatorluq ən parlaq dövrünə çatmışdır. 1304-cü ildə vəfat edən Qazan xanın yerinə qardaşı Xudabəndə Ölcaytü xan keçdi. O, qardaşının islahatlarını davam etdirə bilmədi. Xudabəndə şiyəliyi qəbul edərək sünnilərə qarşı ağır cəza tədbirlərinin tətbiqinə yol verməklə ölkəni fəlakətə saldı. Onun yerinə keçən oğlu Əbü Səid isə yenidən sünniliyi qəbul edərək növbəti qalmaqallara rəvac verdi. Təcrübəsizlik Əbü Səidin zəhərlənib ölməsilə nəticələndi. İmperatorluq qüvvətli əmirlərin təkidilə ayrı-ayrı hökmdarlara tabe olan əyalətlərə bölündü. Beləliklə də, əminamanlıq pozuldu. Hücum və təhlükələrin qarşısını almaq üçün əmirlər Arpa xanı hökmdar seçdilər. O, təhlükəli vəziyyəti aradan götürə bilsə də əmirlərə qarşı kobudluq etdi. Nəticədə yenidən əmirlərin hüzuru pozuldu. Taxt-tac əldən-ələ keçdi. Sonda imperatorluq iki bölgəyə ayrıldı. Uzun məşvərətdən sonra Əbü Səid xanın bacısı Satı bəyim 1338-ci ildə öz xanlığını elan etməyə təhrik edildi. İlhan Arpa şahzadəlikdən xanlığa keçib paytaxt Təbrizə gələrək xan nəslindən olan Satı bəyimlə evlənmişdi. Satı bəyimlə Arpanın evliliyi iki il çəkmişdi. O, döyüşdə həlak olduqdan sonra arvadı Satı bəyimin taxta çıxması aramsız olaraq təkid edildi . Nəhayət Satı bəyim Təbrizdə özünü hökmdar elan etdi. Vəziyyət yenə də düzəlmədi. İlhanlı torpağı anlaşmazlıqların, aldatmaların, müharibələrin, hiylə və suyiqəsdlərin alovlandığı bir yerə çevrildi. Satı bəyimi devirmək üçün müxtəlif planlar hazırlandı. Satı bəyimin tətəfdarları qurulan tuzaqlardan xəbər tutan da xatunu o torlardan xilas edə bilirdilər. Satı bəyin yerini gözaltı eləmiş Kiçik Həsən çox bic və hiyləgər idi. O, Satı bəyimi qorxutmaq üçün oğlunu edam etdirəcəyilə hədələyirdi. Həyatın sıxıntılarına və üzləşdiyi qansızlara qalib gəlmək üçün könülsüz də olsa Yusif şahın oğlu Süleymanla evlənməyə məcbur edilib. Bu izdivaca görə də taxtdan əl çəkməli olub.
Satı bəyimin hökmranlığı cəmi bir il davam edib. Vəziyyətin dəyişdiyini görən Süleyman şah da Diyarbəkirə - keçmiş sevgilisinin yanına qaçıb. Tarixçilər bu hadisələrin cövlan etdiyi vaxtda Satı bəyimin nə halda olduğunu yazmırlar. Onun xanlıq taxtını qalmaqallar nəticəsində tərk etməyə məcbur olduqdan sonrakı həyatı qaranlıq qalmışdır.
Əslində, Satı bəyim xatunun imperatriçə olmaq üçün heç bir şəxsi təşəbbüsü, arzusu və niyyəti yox idi . Satını hökmdar taxtına əyləşdirənlər onun işləməsinə də mane oldular. Onu ucaldanlar da elə yendirdilər. Mövqesiz və yumşaq xasiyyətə malik olması xatun Satı bəyimin faciəsinə səbəb olmuşdur. Çox qarışıq bir dövrdə, çox qarışıq bir ərazidə yaşaması və hadisələrdən nəticə çıxara bilməməsi onu ağır duruma saldı. Parçalanmaqda olan imperatorluğu qorumaq üçün iki amansız əmir ondan müvəqqəti qalxan kimi istifadə etdi. Hökmranlıq etdiyi dövrdə adına pul kəsilmişdi, xütbə də oxunmuşdu. Səssiz, sədasız taxt-tacdan geri çəkilsə də tarixin yaddaşında hökmdar qadın kimi adını yaşada bildi, xatun Satı bəyim xan...
banner

Oxşar Xəbərlər