Ömürlərə paylanmış ömür

Yunan əsatirində həqiqət və bilik fədaisinin
işi, əməli, əxlaqı, borcu barədə danışanda, bu, bəşər həyatına, dünyaya nur,
ziya gətirmək üçün başa düşülür. Bilici, alim idealı heç zaman işıq, gözəllik və
kamillik anlayışından kənarda təsəvvür edilmir. Ona görə də elmin möhkəmliyi və
ucalığı insanı həmişə yüksəldir, əzəmətini artırır. İstərsə bu işıqlı dünyada,
istərsə o qaranlıq dünyada, çünki qaranlıqları işıqlandıran elmin nurudur ki,
onu da insan yaradır.
Hər şeydən öncə müəllim idi
Yenicə,
2014-cü ilin iyununda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdi. "Zəng” etdim, salam vermədən, gülümsünərək (zarafatımız var idi)
dedi: "Bəs deyirdin səni seçməzlər, gördün, Allah qoysa akademikliyi də
alacağam, onda görərsən”. Sevinirdi. Onu da bilirdi ki, bu nikbinlik
qarşılıqlıdır. Yaşca məndən böyük olduğuna baxmayaraq, yaxın dost idik.
Qonşuluğumuz bu dostluğu daha da möhkəmlətmiş, ailə münasibətlərinin, xüsusilə
həyat yoldaşlarımızın və övladlarımızın qarşılıqlı anlaşmasına çevrilmişdi.
Bir-birimizi tez başa düşürdük. Nə dediyimizi, hətta nə yemək istədiyimizi təkrarsız
anlayırdıq. Xüsusilə axşamlar çay masası arxasında nərd oynayanda, yarızarafat,
yarıciddi sözlərindən və hərəkətlərindən doymaq olmazdı. Vay o günə ki, nərddə
udasan, tez deyərdi: "Bir günüm də var, sənə saxlamışam”. "Narahat olma, gələn
dəfə uduzaram əhvalın düzələr” deyib, ayrılardım. Yenidən görüşmək üçün. "Bəxş
edilmiş ömrü necə yaşamaq hər kəsin özündən asılıdır” deyirlər. Bu da bir həqiqətdir
ki, yalnız öz işi və əməlləri ilə cəmiyyətə fayda gətirməklə, ömrü daha da mənalandırmaq
mümkündür. Belə nəcib insanlardan biri də Adil Nəsib oğlu Bağırov idi. Adil
Bağırov hər şeydən öncə müəllim idi. Əmək fəaliyyətinə gənc yaşlarında müəllimliklə
başlamışdı. Dil-ədəbiyyat müəllimi kimi Naxçıvan Muxtar Respublikasında
tanınmış, Naxçıvan Müəllimləri Təkmilləşdirmə
İnstitutunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məsul vəzifələrinədək
yüksəlmişdi. Sonralar Respublikada dilçi-folklorşünas alim kimi şöhrət tapanda
müəllimlikdən üz döndərməmiş, bir müddət mənim təkidimlə Naxçıvan Özəl
Universitetində dərs vermiş və kafedra müdiri vəzifəsində çalışmışdır. Öz işinə, sənətinə (müəllimliyə peşə yox, sənət
kimi baxırdı) bütün varlığı ilə bağlanan, təəccüb doğuracaq dərəcədə işgüzar,
çalışqan, bir o qədər də sadə və təvazökar, hamıya qarşı mehriban və səmimi, əsil
ziyalı idi. Adil müəllim müəllimlik etalonu idi. Çoxları öz işində ona oxşamaq,
ona bənzəmək istəyirdi. Bu şərəfli işin dəyərini, qiymətini gözəl bilirdi Adil
müəllim. Bir dəfə zarafatla dedi ki, səndə az bilmirsən, əcdadlarımız lap qədimlərdən
müəllimlərə "Peyğəmbərlərin varisləri”
demişlər. Mən də demişdim ki, yəqin ona görə Qurani-Kərim nazil olarkən orada ilk
söz "oxu” olmuş və bu söz üç dəfə təkrar edilmişdir. Yenə də zarafata salıb "sən
də söz altında qalan deyilsən, istəsən, mənim kimi yaxşı müəllim ola bilərsən”
deyib, ürəkdən gülmüşdü.
Başa
düşürdüm ki, "ətirli” bir yenilik var
Ömrünün
50 ilə yaxınını Azərbaycan türkologiyasının Naxçıvan qolunun araşdırılması və tədqiqinə
həsr etmiş Adil Bağırovun son iş yeri Azərbaycan MEA Naxçıvan bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun onomostika şöbəsi idi. 10-a yaxın kitab yazmış və
çoxlu zəngin folklor nümunələri tapıb toplamışdı. "Naxçıvan oykonimləri”,
"Naxçıvanın hidronimləri”, "Onomostika
problemləri” (II cild), "Naxçıvan urbanonimləri” və s. kitabları uzun illərin
ağır, zəhmətli, gecə-gündüzü olmayan səfərlərin, görüşlərin nəticəsi idi. Adil müəllim hər bir toplayıcı və söyləyicidən
"qopardığı” folklor nümunəsini (əfsanə, rəvayət, nağıl, ibrətamiz hekayə,
deyim-duyum, tapmaca, bayatı, haxışta, lətifə) öz varlığı qədər qorumağa
çalışar və xalqın mənəvi sərvəti kimi qiymətləndirməklə, onu xalqın özünə
qaytarmaq arzusu ilə yaşayardı. Xüsusilə "Naxçıvanın hikmət xəzinəsindən” adlı
kitabında Azərbaycan mənəvi mədəniyyətinin ana axarlarından olan şifahi xalq ədəbiyyatının
nümunələri və bu nümunələrin ayrı-ayrı janrlar
üzrə qruplaşdırılması toplanmış, sinədəftər babalarımızın, ağbirçək nənələrimizin
söylədikləri folklor nümunələri, el-obada yaşayan adət-ənənələrin bir qismi öz əksini
tapmışdır. Toplanan hər bir folklor nümunəsində xalqın tarixi-etnik əxlaqının fəzilətlərini
axtarıb tapdıqca, ömür yaddaşının tellərini itiləyirdi bir az da Adil müəllim.
Çox vaxt axşamlar işdən sonra telefon zəngi gəlirdi, qızım Şəms (Adil müəllimin
kiçik qızı Kəmalə ilə rəfiqə idi) "Ata, Adil müəllim deyir ki, gəlsin bizə, Məlahətə
(həyat yoldaşı) kənddən yaxşı mürəbbə göndəriblər” deyirdi. O dəqiqə başa
düşürdüm ki, təzə, "ətirli” bir yenilik var. Yenicə əldə etdiyi Naxçıvanın Novruz
adətlərindən və lətifələrindən ağız dolusu danışar və ləzzətlə, ürəkdən gülərdi.
Söylədiklərindən: "Axır çərşənbədə bişirilən bayram şirniyyatlarından birinin
içinə duz qoyub onu yeyir və heç kimlə danışmadan yatanda, yuxuda qismət olacağın adamın adını eşidir,
ya da özünü görürsən.
Günlərin
bir günü bir oğlan yaşı bir az ötmüş dili şirin (pəltək) bir qızla sövdələşib,
onu qaçırdır. Qohumları bunu eşidib, qızı geri almaq üçün düşürlər onların arxasınca.
Oğlan qızı aparmağa yer tapa bilmir. Özlərini dəmiryol stansiyasında yerindən tərpənməkdə
olan qatara ancaq çatdırırlar. Qatara
minəndən sonra qız görür ki, budu ha, qohumları tökülüblər vağzala, anasının
hay-həşiri də aləmi alıb başına. Qorxudan həyəcanlanmış qız pəncərədən anasına
qışqırır: "Anan yansın Bibixanım, haya gəyiysiniz, qoy apaysın da, indi əy
tapılıy”. Bütün bu folklor nümunələri toplanıb, kitab halına salınıb nəşr
edildikdə uşaq kimi sevinərdi. Son vaxtlar daha çox türk dünyasının ayrı-ayrı
ölkələrində (Türkiyə, Kipr və s.) keçirilən elmi konfrans və simpoziumlarda
konseptual məruzələri ilə fərqlənərdi.
Haqsızlığa dözə bilmir, nifrət edirdi
Hər kəsə bir ömür verilib. Hərə də bir cür yaşayır bu ömrü. Elə buna görə də "mənalı
ömür”, "şərəfli ömür” ifadələri yaranıb. Faydalı, xeyirxah, insanların
inkişafına təkan verən, daim fəaliyyətdə keçən ömrə dəyərli ömür, örnək ömür
deyirlər. Cəsarətli, qeyrətli, sözübütöv, sədaqətli insanlar şərəfli ömür
sahibinə çevrilirlər. Belə mənalı və şərəfli ömür sahiblərindən biri də Adil Nəsib
oğlu Bağırov idi. Adil müəllimin həyatı çox narahat və qarmaqarışıq idi. Böyük
qardaşı İbrahim Bağırov Muxtar Respublikada tanınmış partiya və dövlət xadimi
olmaqla bərabər, elə-obaya bağlı, ağır təbiətli, ciddi, böyük nüfuza malik şəxsiyyət
həm də tarixçi alim idi. Naxçıvan Dövlət
Universitetində dərs deyərdi. Taleyin acı hökmü ilə "gözəgörünməz” qüvvələr tərəfindən
cəzalandırılmışdı. Mən canlı şahidiyəm ki, İbrahim Bağırovun itirdiyi həyat salnaməsinin
10 ilində Adil müəllim çox sarsıntılar keçirmişdi. Haqsızlığa dözə bilmir, nifrət
edirdi. Bu isə onun sağlamlığına ciddi xələl gətirirdi. Təskinlik verəndə deyərdi ki, axı sən yaxşı
bilirsən ki, dövlət o zaman sarsıla bilər ki, günahsız cəza alsın, bax, məni
yandıran budur. Mən də ona bir dəfə "bilirsən, yazıçı Sidni Porter yazıb ki, əgər cəmiyyət həbsxanaya
kimləri salacağını seçə bilsəydi, onda türmələr cəmiyyətə böyük xidmət göstərmiş
olardı” cavabını vermişdim. Tale elə gətirdi ki, İbrahim Bağırov günahsız cəzasını
bitirdikdən sonra bəraət qazanaraq, yenidən vaxtilə işlədiyi öz doğma
kollektivinə qayıtdı. Adil müəllim böyük qardaşının yubileyinə hədiyyə olaraq
"Xatirə kitabı” hazırlayanda mən də öz borcumu yerinə yetirib "Unudulmazları
unutmayaq!” adlı bir yazı yazdım (çünki, vaxtı ilə İ.Bağırov mənə universitetdə
dərs demişdi. Taleyin hökmünə bax, qardaşı üçün xatirə yazısı yazılandan bir
müddət sonra oğlu Elnur atası haqqında xatirə yazısı yazılmasını xahiş edir məndən).
Bir neçə il öncə Adil müəllim ürək nasazlığından xəstəxanada yatırdı. Tez-tez
yoluxmaq üçün yanına gedərdim. İlk dəfə kardioloji xəstəxananın palatasında
görüşəndə, gözləri doldu, hiss etdim ki, sözlü adama oxşayır. Nədənsə ətrafdakıları
görüb ürəyini boşalda bilmədi. Ancaq bir neçə gündən sonra o vaxt nə deyəcəyini
kövrək hisslərlə mənə söylədi: "Bilirsən sənə nə demək istəyirdim? İki
qardaşımı ürək narahatçılığından itirmişəm, xəstəxanaya düşəndə mənə elə gəldi
ki, vaxtım çatıb, deyəsən, gedirəm, ancaq Allah saxladı”. Ulu Tanrının köməyi ilə Adil müəllimin ömrü 10
il də uzandı. Nəvələrinin sayı artdı, elmi axtarışları sayəsində böyük nailiyyətlər
qazandı, Türk dünyasında tanındı və Azərbaycan Respublikasının elm sahəsində ən
yüksək mükafatlarından birinə layiq görülərək, səssiz-səmirsiz, 2016-cı il
aprelin 22-də dünyasını dəyişdi. Allah rəhmət etsin!
"Xalq müəllimi” titulunu qazanmışdı
Türk dünyasının böyük insanı və alimi Xudu Məmmədovdan
soruşurlar ki, əsl alim kimə deyilməlidir? Sakit, təmkinli Xudu müəllim
"bilirsiniz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona
qiymət verərkən, "o nə danışır, onun dedikləri elə mənim bildiklərimdir” desə,
deməli, əsl alim odur. Yox, əgər "o nə danışır, mən heç nə başa düşmədim” desə,
deməli, o, əsl alim deyil” cavabını vermişdi. Adil müəllim məhz birincilərdən
idi. Xalqın dilində danışardı. Ona görə də 90-cı illərin keçid dövründə
Naxçıvan televiziyasında uzun müddət "Ana dili” verilişini aparıb, latın əlifbasını
xalqın qan yaddaşına köçürəndə "xalq müəllimi” titulunu qazanmışdı. Adil müəllim
Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açmışdı, xalq şairi Məmməd
Araz yurdunun layiqli nümayəndəsi idi. Mən ona Məmməd Araz poeziyasının vurğunu
olmaqla, şairin fəlsəfi baxışlarının bilicisi və təbliğatçısı kimi baxırdım. M.Araz
poeziyasına hədsiz məhəbbətimi hiss edəndən sonra Adil müəllim bir neçə dəfə məni
Nursu kəndinə "ziyarətə” aparmış və kənd sakinlərinin - məktəblidən tutmuş
ağsaqqala qədər M.Arazın şeirlərini necə əzbər söylədiyini mənə sübut etməyə
çalışmışdı. Bir dəfə isə "Şairlər anadan irsən şair doğulurlar” kəlamının
sübutu üçün Məmməd Arazın anası Cahan xalanın hələ o vaxt çap edilməmiş bir neçə
şeirini mənə bağışlamışdı:
Oxşuyubdu
anasına
Göylərdəki
sonasına
Xəbər verin
bacısına
Oğlum Məmməd
şair olub...
Və yaxud:
Hər gün gözlərimi dikirəm yola
Baxıram gözlərim hey dola-dola
Deyirəm gələydi
indicə nola!?
Titrəyən
dodaqlarım isinə bir az.
İnsan
dünyaya göz açdığı gündən onun ömür kitabı da yaranır. Hər kəsin gördüyü işi,
acılı-şirinli həyat yolu bu kitabın səhifələrini yaradır. Bu ömür kitablarından
gözdən-könüldən uzaq düşüb məhv olanları, yaddaşlarda özünə yer tapmayanları da
olur, ürəklərdə əbədi yuva salıb sətir-sətir
oxunanları da. Adil Bağırovun ömür kitabı da müasir və gələcək nəsillərə örnək
ola biləcək bir kitabdır. Onun ömür kitabını vərəqləyəndə, keçmişdən bu günə doğru gələn yollara nur
saçmış bir məşəl də alovlanır. Bu, onun yandırıcı məşəlidir ki, onun işığından
çoxları pay götürüb, götürür və götürəcəkdir. Ruhun şad olsun!
Fizuli İbrahimzadə
Tarix
üzrə fəlsəfə doktoru, dosent
