Müqəddəs dağın görünməyən tərəfləri
Ekzotik görünüşü, geoloji yaşı və tektonik mövqeyi
ilə Beşbarmaq qayası mükəmməl bir təbiət abidəsi, turist cəlb edə biləcək möhtəşəm
geoturizm obyektidir
Dünyada
dağlar çoxdur, onların bəzilərini insanlar müqəddəs hesab edirlər. Dağları müqəddəs
yapan onların möhtəşəmliyi, ucalığı, məğrurluğu
və bir də Allaha yaxınlığıdır. Elə bu səbəbdəndir ki, Yer kürəsinin quru hissəsinin
24 faiz ərazisini əhatə edən dağlara dilindən, dinindən və irqindən asılı
olmayaraq? insanlar tərəfindən xüsusi rəğbət, sevgi və inam mövcuddur. İnsanlar
müqəddəs saydıqları dağlara öz dini inanclarına uyğun adlar vermiş və onları
sitayiş obyektinə çevirərək barələrində zaman-zaman müxtəlif miflər
yaratmışlar. Əksər dünya xalqları kimi biz də dağları sevirik, onlara hüsn-rəğbətimiz
var və bəzilərini də müqəddəs bilib ziyarət edirik. Babadağ, Qoşqar, Ocaqdağ,
Ziyarətdağ, Haçaqaya və adını çəkmədiyim daha bir neçə dağ bu kimi məkanlardan
sayılır.
Bir çox
soydaşımızın müqəddəs hesab etdiyi belə dağlardan biri də - Bakı-Quba yolunun
sol tərəfində, paytaxtdan cəmi 85 km məsafədə yerləşən və öz əzəmətli görünüşü
ilə istər-istəməz hər kəsin diqqətini cəlb edən - Beşbarmaq dağıdır. Onu görməmək,
sadəcə, mümkün deyil! Sanki uca Yaradan Qurani-Kərimin "Ğaşiyə” surəsinin 19-cu
ayəsində "Baxmırlarmı ki, dağlara, necə dikəldilmişdir” deyərkən, insanlara
dağların əzəmətini anlatmaq üçün nümunə kimi məhz bu dağ-qayanı nəzərdə
tutmuşdur. Hər dəfə ölkəmizin şimal bölgələrinə yolum düşəndə, onu yaxından seyr etmək, göylərə uzanan ucu şiş
"barmaqlarına” toxunmaq istəyirdim, imkan olmurdu. Nəhayət, istəyimi
reallaşdırmaq üбün bu günlərdə
geoloq həmkarım Ağamahmud Səmədovla ora yollandıq – dağı tədqiq etmək üçün.
Həftəarası,
isti payız günlərindən biri idi. Giləzi qəsəbəsini keçəndən sonra, magistral
yolun təxminən 70-ci km-dən etibarən, sol tərəfdə sıralanan alçaq, boz dağların
üzərində Beşbarmaq dağının (əslində qayasının) silueti aydın görünməyə
başlayır. Zarat kəndini də keçirik və budur, bu da məşhur Beşbarmaq piri -
eyniadlı qayanın düz ətəyində, yolun kənarında
tikilmiş günbəzli ağ bina. Ona el arasında Xıdır-Zində piri də deyirlər. Rəvayətə
görə, Xızır (xalq
tələffüzündə Xıdır) peyğəmbər bu dağda "dirilik suyu” içmiş və ölməzlik
qazanmışdır. Rəvayətlər, miflər öz yerində, amma bir geoloq kimi bizi
maraqlandıran Beşbarmaq qayasının ətraf
süxurlardan və laylardan fərqli litoloji tərkibə və struktur-tektonik quruluşa
malik olmasının səbəbləri idi. Təbii ki, geoloji ədəbiyyatlarda bu yöndə gərəkli
məlumatlara rast gəlmək mümkündür, amma bu qeyri-adi qaya ilə "təmas qurmaq”,
onun daşlarına "sığal çəkmək” və tarixini "vərəqləmək” imkanı bir geoloq üçün
önəmli şansdır. Sərt maili yamacda dik dayanmış qaya, pirin yanından, xüsusən şimal-şərq tərəfdən daha
möhtəşəm görünür. Aşağıdan baxanda o, kökləri yerin dərin qatlarına işləmiş nəhəng
bir ağacın qırılmış gövdəsini xatırladır. Onu "səhra aysberqi”nə bənzədənlər də
olub, arxa tərəfdən-qərbdən görünüşü, həqiqətən, adına layiqdir-yarıaçılmış
ovucun beş barmağına daha çox oxşayır.
Yoldan düzünə
iki kilometr məsafədə yerləşməsinə baxmayaraq, dağa dik yamacla qalxmaq o qədər
də asan deyil və bir qədər təhlükəlidir, belə ki, yuxarıdan hər an qaya parçası
qopub düşə bilər. Qayanın ətəyində qalaqlanmış daş yığınları belə deməyə imkan
verir. Maşınla isə bir xeyli tozlu-torpaqlı yol qət etmək lazımdır. Əsas
magistraldan sola ayrılıb, əvvəl yolüstü, sonra kanalüstü körpünü keçdik, üzü
yoxuşa təxminən 4-5 km gedəndən sonra gəlib çatdıq dağın arxa tərəfində nisbətən
çökək, geniş və düzən bir sahəyə. Bura pirin qurbangahıdır.
Qurbangahdan
sağ tərəfə uzanan torpaq yolla bir qədər də yuxarı qalxıb, sola buruluruq və gəlib
düz qayanın dibinə yaxın bir yerdə dayanırıq. Bura nisbətən geniş, 15-20 maşın
yerləşə bilən, düzləndirilmiş bir sahədir. Başqa iki maşın da vardı, yolda
tanış olduğumuz almanların ev-maşını da burada idi. Ər-arvad olan alman turistlər
dünya səyahətinə çıxmışdılar, buraya Qazaxıstandan gəldiklərini və Beşbarmağı
görmək istədiklərini söyləmişdilər. İşə baxın, mənbələrin yazdığına görə, hələ
XVII əsrdə Adam Oleari adlı bir alman səyyahı (bəlkə də bu almanların ulu
babası) bu yerlərə səyahət etmiş və tərtib etdiyi xəritəsində Beşbarmaq dağını
"Barmax” kimi göstərmişdir.
Dayandığımız
yer Beşbarmaq qayasının dikəldiyi silsilənin yalı, aşırımıdır və dəniz səviyyəsindən
477 m yüksəklikdə yerləşir. Qurbangahdan bura piyada qalxmaq üçün təxminən 500
pilləkən çıxmaq lazımdır. Buradan, qayanın cənub tərəfindən müdafiə səddinin
davamı olan qala divarlarının nisbətən salamat qalmış qalıqları çox aydın
müşahidə olunur. Qayanın özünə çatmaq üçün isə təxminən 60-70 pilləkən də çıxmaq lazımdır və alman
turistlərlə ora qalxırıq. Hər 10-15 metrdən bir pilləkənlərdə oturan qadın dilənçilərin
israrla nəzir istəməsi əhvalımızı tamam
korladı. Pilləkən yol, qədim qala divarlarının
yanından keçərək bizi qayanın arxasındakı geniş, bir qədər maili düzənliyə
gətirdi və budur, vertikal çatlarla bir-birindən ayrılmış, şiş ucları ilə göylərə
yüksələn beş div kimi nəhəng qayanın əsl görünüşü! Möhtəşəm görüntüdür, sanki təbiətin
yaratdığı "Alov qüllələri”dir. Yaxşı ki, qaya kompleksi bir qədər əks tərəfə
meyllidir, bu, onun təhlükəliliyini
xeyli azaltmış olur, amma səthindəki
aşınma izləri və çatlar, ərazinin tam təhlükəsiz
olmadığından xəbər verir. Ətrafda qala
divarlarından savayı heç bir tikili əlaməti gözə dəyməsə də, ehtimal ki, bu
geniş sahə qalanın iç ərazisi imiş.
Beşbarmaq
qayasının lap yuxarısına qalxmaq üçün ensiz daş və dəmir pilləkənlərlə, dar
cığırla, bəzən bir-birinə söykənmiş qayalar arasından sivişib keçərək son nöqtəyə
gəlib çatdıq. Klaustrofobiyası (dar, qapalı yer qorxusu) və ya akrofobiyası
(hündürlük qorxusu) olanların bura çıxması məsləhət deyil. Zirvəyə çatsaq da,
qayanın şiş ucları daha 15-20 m yüksəlir və ən yüksək nöqtəsi dəniz səviyyəsindən
555 m (rəqəmlərə fikir verirsinizmi!?) hündürlükdədir. 5-10 adamın güclə yerləşə
biləcəyi bu nahamar məkanda üstüörtülü kiçik bir otaq və yanında, iki qayanın
arasında namaz qılmaq üçün bir hücrə var və hər ikisinin döşəməsi xalça-palazla
örtülübdür. Otaqda divarlardan dini şəkil və əşyalar asılıb, girəcəkdə isə ağzı
qıfıllı nəzir qutusu qoyulubdur. İçəridə olan 40-45 yaşlı, qısa qarasaqqal,
ortaboylu, bir kişi özünü pirin nəzarətçisi kimi təqdim etdi. Yaşına görə xeyli
cavan görünən Mirsaleh adlı pir nəzarətçisi hər gün dağa qalxaraq bu məkana gəldiyini
bildirdi (yəqin ona görə belə sağlam və cavan görünür). Mənim ziyarətgahdakı təmizlik,
təhlükəsizlik, dilənçilərin çoxluğu və davranışları barədə etdiyim iradlarla
razılaşdı, eyni zamanda ziyarətgahın abadlaşdırılması üçün yığılan ianələrin, nəzirlərin yetərli olmadığını və
dilənçi qadınlarla bacarmadıqlarını dilə gətirdi və aşağıda, magistral yolun kənarındakı
əsas pirdən fərqli olaraq, bu məkanın Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində
olmadığını bildirdi.
Baxış bucağı
böyük olmasa da, buradan aşağılara - Xəzər dənizinə, onun üfüqə dirənən tünd
yaşıl sularına, ensiz sahil düzənliyinə və Bakı-Quba magistral yoluna heyrətamiz
bir mənzərə açılır və dəniz tərəfdən ilk görünən də bu qayadır. Ona görə,
Beşbarmaq dağı dənizçilər üçün uzun illərdir ki, təbii mayak rolunu oynayır.
Qayanın bu tərəfi sərt sıldırımdır, dibi görünməyən uçurumdur və etiraf edim
ki, təhlükəlidir. Pis hava şəraitində
buraya çıxmaq, xəbərdarlıq yox, ümumiyyətlə qadağan olunmalıdır.
Başqa bir məqam:
şimal-qərbə və cənub-şərqə doğru genişlənən Xəzərsahili düzənliyin ən ensiz,
dar yeri də bu nöqtədədir - dənizlə dağ arasındakı məsafə cəmi 2.5 km-dir, yəni
təbii sədd olan Böyük Qafqaz sıra dağları Xəzər dənizinə ən çox burada
yaxınlaşır. Bu səbəbdəndir ki, Sasanilər
imperiyasının sərhədlərini şimaldakı köçərilərin hücumundan qorumaq üçün IV-VII
əsrlərdə tikilmiş üç müdafiə səddindən
(Beşbarmaq, Gilgilçay və Dərbənd) birincisi məhz burada inşa edilmişdi. Təəssüf
ki, qala divarlarının salamat qalmış fraqmentlərindən başqa, o sədd zəmanəmizə
qədər gəlib çatmayıb.
Qayanı təşkil
edən süxurlar isə çox bərkdir, möhkəmdir, geoloji ədəbiyyatda mərmərləşmiş əhəngdaşı
kimi qəbul edilir, amma daha çox dolomitləşmiş əhəngdaşına oxşayır (analiz üçün
nümunələr götürmüşük). Beşbarmaq qayasının özəlliklərindən biri də onun geoloji
yaşı və ərazidə tektonik mövqeyidir. Təsəvvür edirsinizmi, bu süxurlar 150
milyon il öncə (Mezozoy erasının Üst Yura dövrü) dənizin dibində əmələ gəlmiş və
sonrakı tektonik proseslər nəticəsində sıxışdırılıb əmələ gəldiyi yerdən xeyli
uzaqlara sürüklənərək gətirilmiş və yaşı özündən daha cavan - 120 milyon il
olan (Alt Təbaşir dövrü) süxurların üstünü örtük kimi qapamışdır. Əvvəllər daha
massiv olsalar da, baş vermiş tektonik hərəkətlər nəticəsində çatlar yaranmış və
zaman-zaman bu çatlar ekzogen proseslərin (külək, qar, yağış, şaxta, isti) təsirindən
aşınaraq genişlənmişdir. Nəticədə müvazinətini itirən qaya parçaları aşağılara
yuvarlanmışdır. Proses indi də davam etməkdədir. Oxucuları elmi-geoloji
terminologiya ilə yormamaq üçün qısa olaraq demək istəyirəm ki, öz ekzotik
görünüşü, geoloji yaşı və tektonik mövqeyi ilə Beşbarmaq qayası mükəmməl bir təbiət
abidəsidir və özünə turist axını cəlb edə biləcək möhtəşəm geoturizm
obyektidir.
Vaxtilə Kiçik
Qafqaz dağlarında geoloq işləyərkən çox hündür, hətta 3000 m-dən yüksək dağlara
(Murov, Dəlidağ, Qoşqar) çıxardım. Oralardan aşağıları seyr etmək sözlə ifadə
edilə bilinməyəcək qədər bir hiss, bir həyəcandır.
Qəribədir ki, hündürlüyü həmin dağlara nisbətən xeyli az olan Beşbarmaq dağında
da həmin hissləri yaşadım, burda, bu yüksəklikdə də sanki bəşəri problemlərdən
uzaq bir yüngüllük, çəkisizlik hiss edirsən. Qaya daşlarına əl vurarkən elə bil
qəlbinə bir sakitlik, hüzur dolur və sanki qayaların "genetik yaddaşı”na hopmuş
qədim dənizlərin pıçıltısını duyursan.
Daha bir məqam:
söyüdyarpaq armuddan başqa heç bir ağac
bitməyən bu çöl-yarımsəhra ərazidə, qayanın başında bir neçə yerdə cır əncir
kolunun bitməsi məni xeyli təəccübləndirdi, hətta ən yuxarıda, qaya çatlarında
özünə yer eləmiş əncir kolları Beşbarmaq dağının ətrafdan fərqli mikroiqlimə, məxsusi
bir auraya malik olduğunun göstəricisidir.
Mən
insanların miflərə, rəvayətlərə inanmasının əleyhinə deyiləm. Bu, insanların
haqqıdır, hüququdur. Amma unutmamalıyıq ki, Beşbarmaq - öncə nadir
təbiət abidəsidir, sonra tarixi-etnoqrafiya abidəsidir və ondan sonra, həm də
insanların inanc yeri - ziyarətgahdır. Buranı dövlətin diqqətindən kənarda
qoymaq, onu bir qrup adamın yalnız gəlir mənbəyinə çevirmək yox, qayğısına
qalmaq, abadlaşdırmaq, turistləri cəlb etmək, milli-mənəvi dəyərlərimizi təbliğ
etmək lazımdır. Tanış olduğumuz alman
turistlərin təbiət abidəsi kimi Beşbarmağa necə heyranlıqla tamaşa etdiyinin
şahidi olduq. Və dilənçi qadınların bir-birlərinə aman vermədən əllərini açıb
"mani, mani” deyərək onlara hücum çəkdiklərinin də şahidi olduq. Bu acı mənzərənin
təəssüratını hələ də yaşamaqdayam. Beşbarmaq dağındakı vəziyyəti nizamlamaq
lazımdır, özü də nə qədər tez olsa, o qədər yaxşıdır, çünki dilənçilik,
onun-bunun hesabına yaşamaq, qazanmaq psixologiyası ətrafda getdikcə daha çox
adamı əhatə etməkdədir. Və bir də olduqca vacib olan təhlükəsizlik məsələsi
ciddi diqqətə alınmalıdır.
Beşbarmaq dağının tədqiqinə xoş xəyallarla getsək də,
dolu problemlərlə qayıtdıq və bu problemlərin həlli məqsədilə aşağıdakı təklifə
müvafiq qurumların diqqət yetirməsi məqsədəuyğun olardı.
Təklif: Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Turizm Agentliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Siyəzən rayon İcra
Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə AMEA-nın müvafiq
institutlarını cəlb etməklə, Beşbarmaq dağı ziyarətgahının gələcək fəaliyyətinin
nizamlanması və Beşbarmaq təbiət-tarixi
abidəsinin Azərbaycanın ildən-ilə artan turizm potensialına daha sıx
inteqrasiya edilməsi məqsədilə təkliflər paketi (layihə) hazırlayıb hökumətə təqdim
edilsin.
Təkliflər paketində (layihədə):
-
Beşbarmaq
dağının statusunun müəyyən edilməsi, onun birgə idarəçiliyinə dair müəyyən bir
qurumun yaradılması;
-
Əraziyə
normal yolun, su, işıq və kanalizasiya xətlərinin çəkilməsi və ərazinin müasir
səviyyədə abadlaşdırılması;
-
Dağa çıxan zəvvarların
və turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi;
-
Ərazidə
arxeoloji, geoloji və geomorfoloji tədqiqatların aparılması;
-
Qala
divarlarının bərpası və konservasiyası;
-
Beşbarmaq
dağının təbiət-tarixi abidəsi olaraq turizm obyekti kimi təbliği;
-
Ərazidə dilənçilik
edənlərin məşğulluq məsələləri və s. öz əksini
tapmalıdır.
Sonda bir
daha vurğulamaq istərdim: mən heç kimin inancına qarşı deyiləm və heç kimin
ziyarət hüququnun məhdudlaşdırılmasını da arzulamıram, amma bütün bunlar sivil,
yəni urvatlı şəkildə, səliqə-sahmanla və təhlükəsiz yerinə yetirilməlidir ki,
Allahın adına layiq olsun və edilən
mübarək dualar həyata keçsin, verilən nəzir-niyazlar qəbul edilsin.
Uzağa getmək lazım deyil, artıq nümunə də var - Naxçıvandakı Əshabi-Kəhf ziyarətgah
kompleksi. Və ancaq bu yolla təbiət və tarixi abidələrimizə turist axını cəlb
edə bilərik, onları və əsrlərin dərin qatlarından gələn milli-mənəvi dəyərlərimizi
dünyaya lazımı səviyyədə tanıda bilərik.
Rəşid Fətəliyev,
AMEA-nın akad. H.Əliyev ad. Coğrafiya İnstitutunun
Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi,
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru